Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 23
Ali-İmran surəsi, 35 və 36-cı ayələr
Ali-İmran surəsi, 35 və 36-cı ayələr
إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ .٣٥
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَى وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنْثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ .٣٦
Ayələrin tərcüməsi
35\. (Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!".
36\. Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: "Ey Rəbbim! Mənim qızım oldu – Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi – oğlan qız kimi deyil. (Qız məbəddə oğlan kimi xidmətçilik edə bilməz.) Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş şeytandan (qorunmağı) Sənə həvalə edirəm".
Ayələrin təfsiri.
İmran və onun qızı Məryəm.
Əvvəlki ayədə İmran ailəsinin əzəmətinə işarə etdikdən sonra bu ayələrdə Həzrət İmran və onun qızı Məryəmdən söz açılıb və qısa şəkildə onun dünyaya gəlməsinə, tərbiyə edilməsinə və həyatında baş vermiş mühüm hadisələrə toxunulub.
Tarix, hədis və təfsirçilərin sözlərindən belə məlum olur ki, Hənnə və Əşya adlı iki bacı olub və onların birincisi Bəni-İsrailin böyük şəxsiyyətlərindən olan İmranla, ikincisi isə Allahın elçilərindən olan Zəkəriyya ilə ailə həyatı qurub.
İllər ötür, lakin İmranın həyat yoldaşı olan Hənnənin övladı olmur. O, bir gün ağacın altında oturarkən bir quşun öz balalarını yemlədiyini görür. Bu səhnə onun ürəyində övlad sevgisini yenidən alovlandırır va o, səmimi hisslərlə Allahdan övlad istəyir. Çox keçmədən onun bu səmimi duası qəbul olunur və o, hamilə qalır.
Allah-taala İmrana vəhy edir ki, ona əlacı olmayan xəstələrə şəfa verən, Allahın əmri ilə ölüləri dirildən və İsral oğullarına peyğəmbər göndəriləcək bərəkətli bir oğul verəcək. O, bunu həyat yoldaşı Hənnəyə deyir. Buna görə də o, hamilə qalanda hamilə qaldığı uşağın həmin uşaq olacağını düşünür. Lakin bətnində olan körpənin həmin uşağın anası (Məryəm) olacağını bilmirdi.
Buna görə də o, oğlunu Allahın evi olan Beytül-müqəddəsə xidmətçi edəcəyini nəzir edir. Lakin o, uşaq dünyaya gələndə onun qız olduğunu görür və nə edəcəyini bilmir. Çünki Beytül-müqəddəsin xidmətçiləri oğlanlar arasından seçilirdilər və o vaxta kimi bu iş üçün qız seçilməmişdi.
Ayənin təfsirinə gəldikdə:
İlk ayədə buyurur: “(Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: "Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!"
Bu ayədə İmranın zövcəsinin etdiyi nəzirə işarə edilib. O, (Allahın verdiyi müjdəni nəzərə alaraq) övladının oğlan olduğunu güman edirdi. Buna görə də o, qadın cinsinə dəlalət edən (muhərrǝrǝtən) sözündən deyil, kişi cinsinə dəlalət edən (muhərrǝrǝn) sözündən İstifadə edir və Allahdan duasını qəbul etməsini istəyir.
(muhərrərən) sözünün kökü (təhrir) sözüdür və onun mənası “azad etmək”dir. O, termindir və həmin dövrdə məbəd və Allah evində xidmətçiliyə verilən, orada təmizlik və digər işlərlə məşğul olan, bekar olanda da Allaha ibadət edən uşaqlar barəsində işlədilirdi. Həmin uşaqlar öz ata-analarına xidmət göstərməkdən tam azad edildikləri üçün onlara (muhərrǝr) (azad edilmiş) deyirdilər. Yaxud da onlara (muhərrər) deyilməsinin səbəbi onların dünyəvi işlər üçün çalışmaqdan tam uzaq olmaları olub.
Bəziləri qeyd edir ki, həmin uşaqlar bu xidmətləri yerinə yetirmək gücünə malik olandan həddi-büluğa çatana kimi ata-analarının nəzarəti altında öz vəzifələrini yerinə yetirirdilər. Həddi-büluğa çatdıqdan sonra müqəddəratlarının müəyyənləşdirilməsi öz əllərində olurdu. Əgər istəsəydilər, məbəddəki işlərinə son qoyub oradan uzaqlaşar, qalmaq istəsəydilər də, qalardılar.
Bəzilərinin nəzərincə, İmranın zövcəsinin nəzir etməsindən belə məlum olur ki, İmran o hamilə olan vaxt dünyadan köçüb. Əgər belə olmasaydı, onun təkbaşına nəzir etməsi elə də inandırıcı görünmür.
Daha sonra buyurur: "Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: "Ey Rəbbim! Mənim qızım oldu”.
Əlbəttə, “Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi”.
Sonra buyurur: “Oğlan qız kimi deyil”.
Yəni Sən Özün bilirsən ki, mən nəzir etdiyim məqsəd üçün qızla oğlan eyni deyil.
Qız həddi-büluğa çatandan sonra aybaşı olur və məsciddə qala bilməz. Bundan əlavə, onların fiziki gücü də eyni deyil. Həmçinin hicab, hamiləlik və dünyaya uşaq gətirmək kimi məsələlər qızın belə bir xidmət göstərməsində çətinlik yaradır. Buna görə də həmişə oğlanları nəzir edirdilər.
Ayədən və #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərdən belə məlum olur ki, "oğlan qız kimi deyil” cümləsini Həzrət Məryəmin anası deyib. Bəziləri də onun Allah tərəfindən deyilməsi ehtimalını veriblər. Lakin bu, elə də inandırıcı görünmür.
Nə üçün Həzrət Məryəmin anası dünyaya qız gətirdiyi üçün “qız oğlan kimi deyil" deməli olduğu halda, “oğlan qız kimi deyil" deyib?
Bəziləri burada söz yerdəyişməsinin baş verdiyini deyiblər. Belə hallar ərəblərin danışığında çox baş verir. Qəfil doğuşdan yaranan narahatlıq da onun həmin sözü belə deməsinə səbəb ola bilər. Çünki o, Beytül-müqəddəsdə xidmət etməsi üçün dünyaya oğlan gətirmək arzusunda idi. Onun bu arzusu ixtiyarsz olaraq “oğlan” sözünü əvvələ salmasına səbəb olub.
Daha sonra buyurur: "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.
"Məryəm" sözünün leksik mənası “ibadətkar və xidmətçi qadın”dır. Dünyaya gəldikdən sonra anası tərəfindən ona belə bir adın verilməsi bu imanlı ananın öz övladını Allaha bəndəlik və ibadət yoluna vəf etməyə böyük şövqünün olmasından xəbər verir.
Və elə həmin səbəbdən körpəyə bu adı verdikdən sonra onu və gələcəkdə ondan dünyaya gələcək övladlarını şeytanın vəsvəsələri müqabilində Allaha tapşırır.