Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 24
Bəqərə surəsi, 55-56-cı ayələr
Bəqərə surəsi, 55-56-cı ayələr
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ .٥٥
ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ .٥٦
Ayələrin tərcüməsi
55\. (Yadınıza salın ki:) "Ya Musa, Allahı açıq-aşkar görməyincə sənə əsla iman gətirməyəcəyik" - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurdu.
56\. Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə, (Onun nemətlərinə) şükür edəsiniz.
Ayələrin təfsiri.
Qəribə bir tələb.
Allah-taalanın Bəni-İsrailə daha bir nemətini xatırladan bu iki ayə onların necə inadkar, tərs və bəhanə axtaran insanlar olduğunu göstərir. Ayələrdə bəlaya tuş gəldikdən sonra yenidən Allahın mərhəmətinin onlara şamil olduğu bildirilir. Birinci ayədə deyilir: "(Yadınıza salın ki:) "Ya Musa, Allahı açıq-aşkar görməyincə sənə əsla iman gətirməyəcəyik” – dediyiniz zaman...”
Bu istək, çox güman ki, onların nadanlığı ucbatından edilmişdir. Çünki nadan insanların düşüncəsi öz hissiyyatından o tərəfə keçmir, hətta Allahı əyani şəkildə, öz gözləri ilə görmək istəyirlər. Ya da inadkarlıq və yəhudilərə xas olan bəhanə axtarmaq üzündən belə bir istəklə çıxış etmişlər. Bir sözlə, onlar Musaya (ə) açıq-aşkar bildirirlər ki, Allahı öz gözləri ilə görməyincə iman gətirməyəcəklər. Belə olduqda onlara Allah-taalanın məxluqlarından elə birisini göstərmək lazım idi ki, onu görməyə tab gətirə bilməsinlər. Yalnız bundan sonra onlar başa düşərdilər ki, nəinki Allahı, heç Onun bəzi məxluqlarını da adi gözlə görmək mümkün deyil. Beləliklə, güclü titrəyişlə müşayiət olunan dəhşətli bir ildırım onların hamısını huşsuz hala salıb yerǝ yıxdı. Quran həmin anı belə ifadə edir: “Gözünüz görə-görə sizi ildırım vurdu”.
Musa (ə) bu hadisədən çox narahat oldu. Çünki Bəni-İsraildən yetmiş nəfər sayılıb-seçilən adamın ölməsi bəhanə axtarışında olan yəhudilərə Musanın (ə) güzəranını qara etmək üçün böyük fürsət idi. Buna görə də Allah-taaladan istəyir ki, onları yenidən həyata qaytarsın. Allah-taala onun bu istəyini reallaşdırır. Növbəti ayədə bu barədə belə deyilir: "Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə, (Onun nemətlərinə) şükür edəsiniz”.
Bu iki ayədə qısaca olaraq qeyd edilmiş əhvalat "Nisa" surəsinin 153 və "Əraf" surəsinin 155-ci ayələrində daha təfsilatlı şəkildə verilmişdir.
Bu hadisə peyğəmbərlərin inadkar insanları haqqa dəvət etmək uğrunda hansı çətinliklərlə qarşılaşdığını bizə göstərir. Bu cür insanlar peyğəmbərlərdən gah ağlasığmaz möcüzələr göstərməyi tələb edir, gah da daha irəli gedərək Allahı öz gözləri ilə görmək istəyir və bu istək gerçəkləşməyincə iman gətirməyəcəklərini bildirirdilər. Allah tərəfindən sərt reaksiya ilə qarşılaşdıqda isə peyğəmbərlər üçün başqa bir problem yaranırdı. Allah-taalanın mərhəməti olmasaydı, bu bəhanələrin qarşısında tab gətirmək mümkün olmazdı. Yeri gəlmişkən, bu ayə insanın öldükdən sonra yenidən bu dünyaya qayıda biləcəyini göstərən ayələrdəndir. Hər hansı bir işin bir dəfə baş verməsi sonradan onun yenə də baş verə bilməsinə sübutdur.
Rəcəti (dünyaya yenidən qayıdışı) qəbul etməyən bəzi sünni təfsirçilər bu ayəni başqa mənaya yozaraq demişlər: “Öldükdən sonra dirilməyin mənası odur ki, bir dəstəniz ildırım vurması nəticəsində öldükdən sonra Allah-taala sizə çoxlu övladlar verdi ki, nəsliniz kəsilməsin". Qeyd etməliyik ki, bu izah tamamilə yanlış olub, ayənin zahiri ilə ziddiyyət təşkil edir. Çünki “Sizi ölümünüzdən sonra yenidən diriltdik” cümləsi qətiyyən bu mənanı çatdırmır.