Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 24

Ali-imran surəsi, 37-ci ayə

Ali-imran surəsi, 37-ci ayə



فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ .٣٧


Ayənin tərcüməsi



37\. Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi) və onun qəyyumluğunu Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi. Ondan: "Məryəm, bunu haradan gətirmisən?” - deyə soruşduqda 0: "Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər” – deyə cavab verərdi.

Ayənin təfsiri.



Məryəmin Allahın xüsusi mərhəməti sayəsində böyüyüb boya- başa çatması.

Bu ayə Həzrət Məryəm barəsindəki bəhsin davamıdır. Buyurur: "Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi).

Məryəmin anası onun Allah evinin (Beytül-müqəddəsin) xidmətçisi kimi qəbul ediləcəyinə inanmırdı. Buna görə də o, övladının oğlan olmasını arzulayırdı. Çünki həmin vaxta kimi bu iş üçün qız uşağı seçilməmişdi. Lakin Allah-taala ilk dəfə olaraq bu pak qızı bu mənəvi xidmət üçün qəbul edir.

Bəzi təfsirçilərin nəzərincə, Məryəmin bu xidmətə qəbul edilməsinin nişanəsi onun həddi-büluğa çatandan sonra Beytül-müqəddəsdə xidmət etdiyi müddət ərzində bu mənəvi mərkəzdən uzaqlaşmaması üçün heç vaxt aybaşı olmaması olub.

Yaxud da onun qəbul edilməsinin nişanəsi mehrabın qarşısında Cənnət yeməklərinin hazır olması olub.

Bu nəzirin və Məryəmin xidmətə qəbul edilməsinin onun anasına ilham yolu ilə bildirilməsi ehtimalı da var.

Ayənin ərəbcə orijinalında işlənmiş (ənbətǝha) sözünün kökü (inbat) sözüdür və onun mənası “yetişdirmək”dir. Həzrət Məryəmin böyüdülməsi və tərbiyə edilməsi barədə belə bir ifadənin işlədilməsi onun mənəvi, ruhani və əxlaqi təkamülünün müxtəlif cəhətlərinə işarədir.

Həmçinin bu ifadə Allah-taalanın işinin yetişdirmək olması kimi incə bir məqama da işarə edir. Yəni gül və bitkilər toxum halında olanda onların istedadları gizli olduğu və bağbanın nəzarəti altında onların qabiliyyətləri inkişaf edib üzə çıxıdığı kimi, insanın vücudunun dərinliklərində, ruh və fitrətində də ülvi istedadlar yatır. Əgər insan öz tərbiyəsini insanlıq dünyasının bağbanları olan ilahi tərbiyəçilərə həvalə etsə, çox sürətlə inkişaf edər, həmin ilahi istedadlar üzə çıxar və sözün həqiqi mənasında (inbat) (yetişmək) baş verər.

Ayənin davamında buyurur: “Və onun qəyyumluğunu Zəkəriyyaya tapşırdı”.

Ayənin ərəbcə orijinalında işlənmiş (kəffələha) sözünün kökü (kəfalət) sözüdür və onun mənası "bir şeyə başqa bir şey qoşmaq"dır. Buna görə hər hansı bir uşağın qəyyumluğunu öhdəsinə götürən şəxslərə (kafil) və ya (kəfil) deyirlər. Çünki onlar uşağı öz vücudlarına qoşurlar.

Bu söz tərkibində üç kök hərfi olan feil kimi (təşdidsiz (kəfələ) kimi) işləndikdə “qəyyumluğu öhdəyə götürmək” mənası verir. Lakin o, əsas kök hərflərinə başqa hərflər də əlavə edilmiş feil (təşdidlə) kimi işləndikdə "başqasına qəyyum təyin etmək” mənası verir.

Tarixdə yazılanlara görə, Məryəmin atası (İmran) Məryəm dünyaya gəlməmişdən əvvəl vəfat edib. Anası dünyaya gələndən sonra onu Beytül-müqəddəsə yəhudi alimlərinin yanına gətirərək deyib: "Bu uşaq Beytül-müqəddəsə hədiyyədir. Sizlərdən biriniz onun qəyymluğunu öhdəsinə götürsün”. Onun üzündə əzəmət nişanələri olduğu və o, ləyaqətli ailədə dünyaya gəldiyi üçün Bəni-İsrail alimləri arasında mübahisə yaranır və onların hər biri Məryəmin qəyyumluğu şərəfinə nail olmaq istəyir. Nəhayət, bu surənin 44-cü ayəsində izah edəcəyimiz mərasimdə Zəkəriyya onun qəyyumluğunu öz öhdəsinə götürür.

Məryəmin yaşı artdıqca onun əzəmət və calal nişanələri daha çox aşkar olur. Quran bu ayənin davamında onun barəsində belə buyurur: “Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi”.

Ayənin ərəbcə orijinalında işlənmiş (mehrab) sözünün mənası məbəddə oranın başçısı və ya xas adamları üçün nəzərdə tutulmuş yerdir. Həmin yerin belə adlandırılması barədə müxtəlif ehtimallar irəli sürülüb, lakin onların arasından daha münasibi aşağıda qeyd edilən üç ehtimaldır:

Bir ehtimal onun kökünün "müharibə” mənasında olan (hǝrb) sözü olmasıdır. Möminlər həmin yerdə şeytan və nəfsi istəklərlə mübarizə apardıqları üçün ora belə adlandırılıb.

İkinci ehtimal "mehrab" sözünün mənasının “məclisin yuxarısı" olmasıdır. Mehrabın yeri məbədin yuxarısında olduğu üçün ora belə adlandırlıb.

Bəni-İsrailin mehrabı bizim mehrablardan fərqli olub. Onlar mehrabı yerdən bir neçə pillə hündür düzəldərdilər və onun ətrafında otaq divarları kimi divar olardı. Buna görə də mehrabda olan şəxslər kənardan çox az görünərdilər.

Üçüncü ehtimal "mehrab”ın mənası nəfsi istək və şeytanla mübarizə yeri olan məbədin hər yeridir.

Məryəm Zəkəriyyanın himayəsi altında böyüyüb. O, İbn Abbasın sözlərinə əsasən, doqquz yaşına çatanda gündüzləri oruc tutar, gecələri ibadətlə məşğul olardı. O, təqva, Allahı tanımaq və dərk etmək barədə hətta dövrünün təqvalı ravvin və alimlərini belə qabaqlamışdı.

Zəkəriyya onu görmək üçün mehrabın yanına gələndə mehrabin yanında xüsusi yeməklər görər və təəccüb edərdi. Bir gün “ondan: “Məryəm, bunu haradan gətirmisən?” - deyə soruşduqda Məryəm dedi: "Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”.

Ayə həmin yeməklərin nə olmasına və Məryəmə haradan gəlməsinə aydınlıq gətirməyib. Lakin “Təfsiri-Əyyaşi”də, həmçinin digər sünni və şiə mənbələrində nəql edilmiş çoxsaylı hədislərdən belə məlum olur ki, onlar bir növ Cənnət meyvələri olub və mövsümü olmadığı halda, Allahın əmri ilə Məryəmin mehrabının kənarında hazır olurmuş. Allahın Öz təqvalı bəndəsinə belə ziyafət verməsi elə də təəccüblü deyil.

Ayənin ərəbcə orijinalında işlənmiş (rizqən) sözünün “Cənnət yeməyi" mənasında olmasını ayədə olan bəzi nişanələrdən də başa düşmək mümkündür. Çünki birincisi, (rizqən) sözünün qeyri- müəyyənlik halda işlənməsi onun xüsusi və Zəkəriyyaya tanış olmayan yemək olmasının nişanəsidir.

İkincisi, Məryəmin "bu, Allah tərəfindəndir" ifadəsi də onun nişanəsidir.

Üçüncüsü, Zəkəriyyanın həyəcanlanması və öz Rəbbindən övlad istəməsi həmin məsələnin digər bir nişanəsi sayılır.

Lakin bəzi təfsirçilərin (məsələn, “Əl-Mənar” təfsirinin müəllifinin) nəzərincə, (rizqən) sözündə məqsəd dünyanın adi yeməkləridir. Çünki İbn Cərirdən belə nəql edilib: "Bəni-İsrail qıtlığa düçar oldu və Zəkəriyya Məryəmin dolanışığını təmin edə bilmədi. Həmin vaxt püşk atdılar və püşkdən bir dülgərin adı çıxdı. O, böyük fəxrlə öz gəlirindən Məryəmin yeməyini təmin edərdi. Zəkəriyya Məryəmin mehrabının yanına gələndə həmin çətin şəraitdə belə yeməklərin olduğunu görüb təəccüb edir və Məryəm "bu, Allah tərəfindəndir" deyir. Yəni Allah həmin çətin şəraitdə imanlı bir şəxsdə bu işi görmək marağı yaradıb.

Lakin bu təfsir nə ayədə mövcud olan nişanələrlə, nə də həmin ayə barəsində nəql edilmiş hədislərlə uyğun gəlir. Həmin hədislərdən birində İmam Baqirdən (ə) belə nəql edilmişdir: Ev işləri Əli ilə Fatimə (ə) arasında bölüşdürülmüşdü. Çöl işləri Əlinin (ə), ev işləri isə Fatimənin (ə) öhdəsində idi.

Bir gün Əli (ə) Fatimədən (ə) soruşdu: "Evdə yemək var?” Həzrət Fatimə (ə) buyurdu: “Üç gündür evdə yemək yoxdur. Nə var idisə sənə vermişik və səni özümüzdən qabağa salmışıq”.

Əli (ə) buyurdu: “Bəs nə üçün mənə xəbər verməmisən?” Həzrət Fatimə (ə) dedi: “Bunu Həzrət Peyğəmbər (s) tapşırıb”. Əli (ə) evdən çıxır və yemək almaq üçün bir az borc alır. O, yolda Miqdadla rastlaşır. Miqdaddan soruşur: "Bu vaxt nə əcəb evdən çıxmısan?"

O deyir: "Aclıqdan".

Əli (ə) buyurur: "Mən bir az borc almışam, amma səni özümdən qabağa salıram".

Əli (ə) evə əliboş qayıdır və Həzrət Peyğəmbərin (s) onlarda olduğunu görür. O, Fatimənin (ə) namaz qıldığını və Həzrət Peyğəmbərin (s) qarşısında da üstü örtülü bir qabın olduğunu görür. Qabın üstündəki örtüyü götürəndə onun içində çoxlu miqdarda xüsusi yeməyin olduğu məlum olur. Fatimədən (ə) soruşur: "Bu yemək haradan gəlib?"

Həzrət Fatimə (ə) buyurur: "O, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər".

Həmin vaxt Həzrət Peyğəmbər (s) buyurur: “Bu, eyni ilə Zəkəriyyanın hekayəti kimidir. O da Məryəmin mehrabının kənarına gəlib orada xüsusi yemək görür və soruşur: "Ey Məryəm, bu yemək haradan gəlib?" Məryəm cavab verir: "Allah tərəfindəndir!"

"Saysız-hesabsız" ifadəsi barədə “Bəqərə” surəninin 212-ci v bu surənin 27-ci ayəsinin təfsirində bəhs edildi.