Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 25
Ali-imran surəsi, 38-40-ci ayələr
Ali-imran surəsi, 38-40-ci ayələr
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ .٣٨
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ .٤٠
قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ .٤١
Ayələrin tərcüməsi
38\. Elə oradaca (Məryəmdəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”.
39\. O, mehrabda durub dua edərkən mələklər onu çağırdılar: "Allah səni Yəhya ilə Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə müjdələyir”.
40\. O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda, mənim övladımın olması necə mümkündür?” (Allah) buyurdu: "Belədir, Allah hər istədiyini edər”.
Ayələrin təfsiri.
Zəkəriyyə və Məryəm (ə)
Bu ayələr Allahın elçilərindən olmuş Həzrət Zəkəriyyanın həyatının Həzrət Məryəmlə əlaqəli olan bir hissəsinə işarə edir.
Həzrət Zəkəriyyanın zövcəsi ilə Məryəmin anası bacı olublar. Bu bacıların hər ikisi əvvəl qısır olub. Məryəmin anası Allahın lütfü ilə belə bir ləyaqətli övlad sahibi olandan və Zəkəriyya onun ixlas və digər xüsusiyyətlərini müşahidə edəndən sonra o da Məryəm kimi pak və təqvalı bir övlad sahibi olmağı arzulayır. Həm özünün, həm də həyat yoldaşının yaşının çox olmasına və təbii meyarlar baxımından övladının olmasının elə də inandırıcı görünməməsinə baxmayaraq, Zəkəriyya siması Allahın əzəmət və calal nişanəsi olan bir övladının olmasını istəyir. Allahın qüdrətinə imanı, Məryəmin ibadət mehrabının kənarında təzə və qeyri-mövsüm meyvələrini görməsi Zəkəriyyanın qəlbini ümidlə doldurur. Buna görə də dua edərkən Allahdan ona övlad verməsini istəyir. Quran bunu belə nəql edir: “Elə oradaca (Məryəm- dəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”.
"O, mehrabda durub dua edərkən mələklər onu çağırdılar: “Allah səni Yəhya ilə – Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə mujdələyir”.
Allah-taala mələklər vasitəsi ilə onun duasının qəbul edilməsini xəbər verməkdən əlavə, həmin pak övladın beş sifətini də qeyd edir:
Birincisi, onun “Allahın kəlməsini”, yəni İsanı (ə) təsdiq edəcəyini və onun imanının və himayədarlığının Həzrət İsanın (ə) güclənməsinə səbəb olacağını buyurur. (Bu surənin 45-ci və "Nisa" surəsinin 171-ci ayəsini nəzərə aldıqda məlum olur ki, burada “kəlmə” deyəndə Həzrət İsa (ə) nəzərdə tutulur. Həzrət İsa (ə) barəsində bu ifadənin işlədilmə səbəbinə aydınlıq gətirəcəyik.)
Tarixin yazdığına görə, Yəhya Həzrət İsadan altı ay böyük olub və Həzrət İsanın (ə) peyğəmbərliyini ilk olaraq o təsdiqləyib və camaatı ona tərəf dəvət edib. O, insanlar arasında zahid və pəhrizkar şəxs kimi tanındığı üçün onun Həzrət İsaya (ə) meyil göstərməsi insanların diqqətinin Həzrət İsaya yönəlməsinə böyük təsir göstərib.
İkinci xüsusiyyət onun elm və əməl baxımından ağa və rəhbərlik məqamına malik olmasıdır. “Rəhbər olacaq..."
Üçüncü xüsusiyyət onun özünü üsyankar nəfsi istəklərdən və dünyapərəstlik çirkabından qorumasıdır. Bu məna ayənin ərəbcə orijinalında işlənmiş (həsurən) sözündən başa düşülür. (həsur) sözünün kökü (həsr) sözüdür və onun mənası “həbs”dir. Burada onun mənası “özünü nəfsi istəklərdən qoruyan şəxs"dir. Bu söz bəzən "evlənməkdən imtina edən şəxs" barəsində də işlədilir. Buna görə də bəzi təfsirçilər onu həmin mənaya yozublar. Buna bəzi hədislərdə də işarə edilib.
Dördüncü və beşinci xüsusiyyət onun peyğəmbərlərdən, əməli- saleh və ləyaqətlilərdən olmasıdır. (Ayənin ərəbcə orijinalında işlənmiş (nəbiyyǝn) sözü əzəmət ifadə etmək üçün qeyri-müəyyənlik halda işlədilib.)
Zəkəriyya mələklərin müjdəsini eşidib sevinir, lakin bununla yanaşı, öz təəccübünü də gizlədə bilmir: "O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda, mənim övladımın olması necə mümkündür?”
Allah-taala ona belə cavab verir: "buyurdu: "Belədir, Allah hər istədiyini edər”.
Zəkəriyya Allahın istək və iradəsini əks etdirən bu qısa cavabla qane olur.
İncəliklər:
1\. Evlənməmək fəzilətdirmi?
Əgər (həsurən) sözünün mənası “evlənməmək” olsa, bu halda Həzrət Yəhya barəsində işlədilmiş bu ifadə insan üçün bir üstünlük və ya fəzilət sayıla bilərmi?
Bu sualın cavabında deyə bilərik ki, birincisi, (həsur) sözünün mənasının “evlənməmək” olmasına heç bir dəlil yoxdur. Bu barədə nəql edilmiş hədislər də sənəd baxımından əsaslı deyil. Ayədəki (həsur) sözünün “şəhvəti, nəfsi istəkləri və dünyapərəstliyi tərk etmək" mənasında - zahidlik kimi bir sifət olması ehtimalı da var.
İkincisi, Yəhyanın (ə) da Həzrət İsa (ə) kimi özünəməxsus həyat şəraiti olub və Allahın dinini təbliğ etmək üçün çoxsaylı səfərlərə gedib. Buna görə də, ola bilər ki, subay yaşamaq məcburiyyətində qalıb.
Bu, hamı üçün ümumi qanun hesab edilə bilməz. Allah-taalanın onu bu sifətlə tərifləməsinin səbəbi onun özünəməxsus həyat şəraitinə malik olduğu üçün evlənməməsi, lakin buna baxmayaraq, özünü günahdan qorumasıdır.
Ümumiyyətlə, evlənmək fitri bir qanundur və heç bir dinin fitrətə zidd qanun təyin etməsi mümkün deyil. Buna görə də nə İslam dinində, nə də başqa dinlərdə evlənməyin tərk edilməsi yaxşı iş hesab edilməyib.
2\. Yəhya və İsa (ə).
(Yəhya) sözünün kökü (həyat) sözüdür və onun mənası “yaşayacaq, diri qalacaq"dır. O, bu böyük peyğəmbərin adı olub. “Həyat və yaşamaq" deyiləndə iman, peyğəmbərlik və Allahla əlaqə sayəsində həm maddi, həm də mənəvi həyatda diri qalmaq nəzərdə tutulur. Bu və “Məryəm” surəsinin 7-ci ayəsindən belə məlum olur ki, bu adı Allah-taala onun üçün o, hələ dünyaya gəlməmişdən əvvəl seçib. “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq. Həmçinin bu cümlədən həmin adın əvvəllər mövcud olmadığı da məlum olur.
Zəkəriyya Məryəmin sürətlə artan mənəvi yüksəlişini müşahidə etdikdən sonra Allahdan övlad - Yəhyanın olmasını istəyir. Allah-taala bu duaya görə Zəkəriyyaya bir çox cəhətdən Məryəmin övladı İsaya bənzəyən bir övlad bəxş edir.
O, həm uşaq ikən peyğəmbər olmaq, həm adının mənası (leksik baxımdan həm İsa, həm də Yəhya adlarının mənası “diri qalacaq, yaşayacaq"dır), həm də Allahın üç mərhələdə (dünyaya gəlmək, ölüm və Məhşər) salam göndərməsi baxımından İsaya (ə) oxşar olub.
3\. Üzü qocalığa getmək, yoxsa...
Sözügedən ayələrdə Zəkəriyya öz qocalığını belə təsvir edir: "Qocalıq məni haqladığı...” Lakin "Məryəm” surəsinin 8-ci ayəsində onun belə deməsini oxuyuruq: "...qocalıb əldən düşdüyüm halda...”
İfadələrdəki bu fərqin səbəbi insan qocalığa tərəf getdiyi kimi, sanki qocalığın da qarşıdan ona tərəf gəlməsidir. İmam Əli (ə) buyurur: "Sən ömrün sonuna tərəf getdiyin, ölüm də sənə tərəf gəldiyi üçün çox tez bir zamanda bir-birinizə qovuşacaqsınız ".!
4\. Ayənin ərəbcə orijinalında işlənmiş (ğulam) sözünün leksik mənası “gənc oğlan”dır. (aqir) sözünün kökü (uqr) sözüdür və onun mənası "kök və əsas", yaxud da "həbs"dir. Qısır qadınlara (aqir) deyilməsinin səbəbi ya onların işinin sona çatması, ya da dünyaya uşaq gətirmək baxımından "həbs olunmaları” (belə bir imkana malik olmamaları)dır.
5\. Zəkəriyyanın təəccüblənməsinin səbəbi nə idi?
Allah sonsuz qüdrət sahibi olduğu halda, Zəkəriyyanın təəccüblənməsinin səbəbi nə idi?
Quranın digər ayələrini nəzərə alanda bu sualın cavabı aydın olur. Əslində, o, klimaks dövrü illər öncədən başlamış qısır qadının dünyaya uşaq gətirməsinin necə mümkün olduğunu, onun vücudunda hansı dəyişikliklərin baş verdiyini, onun gənc və orta yaşlı qadınlar kimi aybaşı olduğunu, yoxsa onun dünyaya uşaq gətirmək üçün başqa cür olacağını bilmək istəyirdi.
Bundan əlavə, Allahın qüdrətinə iman bəsləmək əyani müşahidədən fərqlidir. O, burada imanın əyani müşahidə mərhələsinə çatmasını istəyirdi. Bu, məada imanı olan, lakin ölülərin dirilməsini əyani müşahidə etmək istəyən Həzrət İbrahimin (ə) istəyi kimidir. İnsanın təbiət qanunlarına zidd qanunlarla qarşılaşanda fikrə dalması və ona hissi və fiziki bir nişanə tapmaq istəməsi təbii haldır.