Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 26
Bəqərə surəsi, 58-59-cu ayələr
Bəqərə surəsi, 58-59-cu ayələr
وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ .٥٨
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ .٥٩
Ayələrin tərcüməsi
58\. (Yadınıza salın ki,) o zaman dedik: "Bu şəhərə (Beytül- müqəddəsə) girin, onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və “(Ya Rəbb!) günahlarımızı tök!" - deyin ki, xətalarınızı bağışlayaq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq.
59\. Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik.
Ayələrin təfsiri.
Bəni-İsrailin inadkarlığı.
Bu ayələrdə Bəni-İsrailin həyatından digər məqamlara müqəddəs torpaqlara girişləri ilə bağlı bəzi məsələlərə toxunulur. İlk olaraq belə deyilir: "(Yadınıza salın ki,) o zaman dedik: "Bu şəhərə (Beytül-müqəddəsə) girin”.
Ərəb dilində “qəryəh” sözü əsasən "kənd" mənasını bildirsə də, Quran terminologiyasında isə şəhər və ya kənd olmasından asılı olmayaraq, "insanların toplaşdığı yer" mənasında işlədilmişdir. Burada birmənalı olaraq Beytül-müqəddəs nəzərdə tutulmuşdur.
Ayənin davamında Allah-taala belə buyurmuşdur: “Onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və “(Ya Rəbb!) günah- larımızı tök!” – deyin ki, xətalarınızı bağışlayaq”.
(hittǝtun) sözünün leksik mənası “tökülmək, aşağı gətirmək”dir. Burada isə "İlahi, günahlarımızı bağışla!" mənasını verir. Allah-taala onlara göstəriş verir ki, günahlarının bağışlanması üçün bu sözü səmimi-qəlbdən desinlər. Məhz belə edəcəkləri təqdirdə Allah onları bağışlayacağını vəd edir. Bəlkə də, elə buna görə Beytül-müqəddəsin qapılarından biri "Hittǝ" qapısı adlandırılmışdır. Əbu Həyyan Əndəlusi qeyd etmişdir ki, ayədəki "qapı" sözündə Beytül-müqəddəsin qapılarından olan Hittə qapısı nəzərdə tutulmuşdur.
Ayənin sonunda isə deyilir: "Və Biz yaxşı əməl edənlərin savabını artıracağıq”.
Allah-taala Bǝni-İsrailə günahlarının bağışlanması üçün "hittə" sözünü səmimi-qəlbdən demələrini, belə edəcəkləri təqdirdə onları bağışlayacağını, hətta yaxşı əməl sahiblərinin savabını artıracağını vəd versə də, onların bəzisi inadkarlıq edərək sadəcə bu sözü deməkdən boyun qaçırdı. Onun əvəzinə kinayə ilə başqa söz dedi. Növbəti ayədə bu məsələyə toxunaraq belə buyurur: "Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik”.
Rağib İsfahaninin “Mufrǝdatul-Quran” əsərində yazdığına görə, ayənin ərəbcə mətnindəki (ricz) sözü “narahatlıq, azğınlıq, intizamsızlıq" mənalarını bildirir. Bu söz xüsusilə dəvənin yorğunluq zəiflik nəticəsində addımlarını bir-birinə çox yaxın atmasına deyilir.
Böyük təfsirçi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində yazır: "Hicaz ləhcəsində “rics” sözü “əzab” mənasını verir”. O, daha sonra Həzrət Peyğəmbərdən (s) taun xəstəliyi barədə belə bir hədis nəql edir:
(O, əvvəlki qövmlərin bəzisinin məruz qaldığı bir əzab növü olmuşdur.)
Haqqında danışdığımız bəzi hədislərdə də “rics” sözü "Bəni-İsraildə sürətlə yayılaraq bir dəstəni həlak etmiş taun kimi izah edilmişdir.
Sual yarana bilər ki, axı taun xəstəliyi göydən nazil olmuş bir əzab deyil. Halbuki ayədə “... göydən əzab göndərdik" ifadəsi işlədilmişdir. Belə bir ehtimal verilə bilər ki, Bəni-İsraildə yaranmış taun xəstəliyinin Əsas səbəbi çirkli toz-torpaq olmuşdur və Allah-taala bu xəstəliyi külək vasitəsilə onların arasında yaymışdır. Çox qəribədir ki, taun xəstəliyinə yoluxmanın əlamətlərindən biri də bu xəstəliyə yoluxmuş şəxsin danışıq və yerişində narahatlıq və intizamsızlığın müşahidə edilməsidir. Bu isə "rics" sözünün etimologiyası ilə tamamilə uyğun gəlir.
Ayədə diqqətçəkən məqamlardan biri də odur ki, burada "onlara" ifadəsinin əvəzinə “zülm edənlərə" ifadəsi işlədilmişdir. Bununla da Allah-taala bildirmək istəmişdir ki, bu əzab bütün Bəni-İsrailə deyil, yalnız zülm edənlərə şamil olmuşdur. Bir qədər obrazlı şəkildə desək, qurunun oduna yaş yanmamışdır. Ayənin sonundakı "bu itaətsizliyə görə" ifadəsi bir daha bu mənaya təkid edir.
Haqqında danışdığımız ayədəki ifadələrin Bəni-İsraildən olan zülmkarların bu itaətsizlikdə israrlı olmasına dəlalət etməsindən belə nəticə əldə edilir ki, cəmiyyətdə günah və itaətsizlik adət halını aldıqda Allah tərəfindən əzabın göndərilmə ehtimalı həddən artıq çoxalır.