Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 26
Ali-İmran surəsi, 41-ci ayə
Ali-İmran surəsi, 41-ci ayə
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ .٤١
Ayənin tərcüməsi
41\. (Zəkəriyya) dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq. (Dilin heç bir səbəb olmadan tutulacaq.) (Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de!"
Ayənin təfsiri.
Yəhyanın təvəllüd müjdəsi.
Əvvəlki ayələrin mövzusu Həzrət Zəkəriyya (ə), onun Allahdan övlad istəməsi və Yəhyanın (ə) təvəllüd müjdəsi idi.
Bu ayədə isə Zəkəriyya Allahdan bu böyük müjdəyə görə əlamət istəyir. Bunun səbəbi onun Allahın vədlərinə inanmaması deyil, təkid və imanının əyani müşahidə mərhələsinə çatması üçün olub. O, bunu qəlbinin bütünlüklə xatircəmlik hissi ilə dolması üçün istəyib, necə ki İbrahim (ə) qəlbinin daha çox rahatlıq tapması üçün məad səhnəsini müşahidə etmək istəyi ilə çıxış etmişdi.
"(Zəkəriyya) dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”.
Allah-taala onun cavabında belə buyurur: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq”.
Yəni dilin heç bir nöqsan yaranmadan və səbəb olmadan tutulacaq və insanlarla danışa bilməyəcəksən.
"(Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de”.
Bu cümlədən onun dilinin insanlarla danışmaq üçün müvəqqəti tutulmasına baxmayaraq, Allahı zikr etməyə qadir olduğu məlum olur. Beləliklə, o, həm Allahın ona əta etdiyi bu böyük nemətin şükrünü yerinə yetirə bilib, həm də əzəmət sahibi olan Allahın həllolunmaz müşküllərin düyününü açmağa qadir olmasının aydın nişanəsi olub. Başqa sözlə desək, məqsəd həmin üç gün ərzində insanlardan uzaqlaşıb Allaha daha da yaxınlaşması olub.
Ayənin ərəbcə orijinalında işlənmiş (rəmz) sözünün mənası "dodaq ilə işarə etmək”dir. Asta səsə də (rəmz) deyilir. Bu söz gündəlik danışıqda daha geniş mənada işlədilir. Gizli və üstüörtülü deyilən istənilən söz, işarə və nişanəyə (rəmz) deyilir.
Allah-taala Zəkəriyyanın istəyini qəbul edir və onun dili üç gecə- gündüz heç bir təbii səbəb olmadan tutulur və o, insanlarla danışa bilmir, lakin Allahı zikr edir.
Bu qeyri-adi vəziyyət Allahın hər şeyə qadir olmasının nişanəsidir. Tutulmuş dili Onu zikr etmək üçün açan Allah qısır uşaqlıqda Allahı zikr etmək simvolu olan imanlı övlad yaratmağa da qadirdir. Buradan da Zəkəriyyanın istəyi ilə bu əlamət arasında hansı bağlılığın olması məlum olur.
Bəzi təfsirçilərin ehtimalına görə, insanlarla danışmaqdan çəkinmək ixtiyari olub və Zəkəriyyaya həmin üç gün ərzində ağzını Allaha həmd-səna etməkdən başqa heç nəyə açmaması əmr edilib. O, bəzi keçmiş ümmətlərdə olan sükut orucu tutmaq vəzifəsi daşıyıb.
Fəxr Razi bu nəzəri Əbu Müslimdən nəql edib və onu gözəl və məntiqi təfsir sayıb.
Lakin bu təfsir ayənin məzmunu ilə uyğun gəlmir. Çünki Zəkəriyya bu ilahi müjdə üçün bir nişanə və əlamət göstərilməsini və ixtiyari sükut əsla bu mənaya dəlalət edə bilməz. istəyir
Ayənin ərəbcə orijinalında işlənmiş (əşiyy) sözü adətən "günün son saatları", (ibkar) sözü isə "günün başlanğıcı" mənasında işlədilir.
Bəzilərinin nəzərincə, günortanın əvvəlindən gün doğana kimi olan vaxta (əşiyy), dan yeri söküləndən günortaya kimi olan vaxta isə (ibkar) deyilir.
Lakin Rağib İsfahani “Müfrədat” kitabında belə yazıb: (əşiyy) sözü günortadan səhəri günün səhərinə kimi olan vaxt, (ibkar) isə gün doğandan günortaya kimi olan vaxtdır. Buna görə də (əşiyy) və (ibkar) bütün gecə-gündüzü ehtiva edir". Lakin bu iki söz adətən ilk iki mənada işlədilir.
İncəlik:
Təbliğat məqamı ilə sükut arasında uyğunluq.
Peyğəmbərin dilinin tutulması onun nübuvvət məqamı və təbliğat vəzifəsi ilə uyğun gəlirmi?
Bu sualın cavabı elə də çətin deyil. Çünki bu, uzun müddət davam edəcəyi təqdirdə, nübuvvət vəzifəsi ilə ziddiyyət təşkil edə bilər. Lakin onun qısa müddət – peyğəmbərin öz qövm və cəmiyyətindən uzaqlaşıb ibadətlə məşğul olmasının caiz olduğu qədər olmasının eybi yoxdur.
Bundan əlavə, o, həmin müddət ərzində həqiqətləri onlara işarə ilə və ya ayələr oxumaqla çatdıra bilərdi. O da həmin işi görüb və işarə ilə insanları Allahı zikr etməyə dəvət edib.