Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 27
Bəqərə surəsi, 60-ci ayə
Bəqərə surəsi, 60-ci ayə
وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ .٦٠
Ayənin tərcüməsi
60\. (Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə Biz ona: "Əsanı həmin daşa vur!" - deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki (İsrail övladlarının on iki tayfasından) hər biri öz çeşməsini tanıdı. (Və dedik: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!"
Ayənin təfsiri.
Səhrada qaynayan bulaq.
Allah-taala bu ayədə Bəni-İsrailə bəxş etdiyi daha bir neməti onlara xatırladaraq buyurur: "(Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə Biz ona: "Əsanı həmin daşa vur!" - deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki (İsrail övladlarının on iki tayfasından hər biri öz çeşməsini tanıdı”.
Bu daşın necə bir daş olması, Musanın (ə) əsanı ona necə vurması, daşdan suyun necə axması haqqında müxtəlif açıqlamalar verilmişdir. Quran isə sadəcə olaraq bildirir ki, Musa (ə) əsasını daşa vurmaqla ondan on iki çeşmə fışqırdı. Bəzi təfsirçilər qeyd etmişlər ki, bu daş Tih səhrasına baxan dağlıq ərazidə bir qaya parçası olmuşdur. "Əraf" surəsinin 160-cı ayəsindəki (inbəcəsǝt) feilindən başa düşülür ki, əvvəlcə su zəif axmağa başlayır, sonra isə on iki tayfanın hamısı, hətta heyvanları da ondan içib doyur. Dağlıq ərazidə yerləşən bir qaya parçasından suyun axması elə də təəccüblü deyil. Lakin bütün bunlar bir möcüzə olmuşdur.
Bəzi təfsirçilərin fikrincə, bu daş xüsusi bir daş parçası olmuşdur. Bəni-İsrail hara gedirdisə, onu da özü ilə aparırdı. Suya ehtiyac duy- duqda daşı yerə qoyurdular. Musa (ə) əsasını həmin daşa vurmaqla ondan on iki çeşmə fışqırırdı. Quran ayələrində bu mülahizənin doğruluğuna dəlalət edəcək heç bir sübut olmasa da, bəzi hədislərdə bu məsələyə işarə edilmişdir. Tövratın "Çıxış" bölməsinin on yeddinci fəslində deyilir: "Allah Musaya dedi: "Bəni-İsrailin bir neçə ağsaqqalını götür, onlarla birlikdə qövmün qarşısına çıx. Dəryaya - Nil çayına vurduğun əsanı götür və yola çıx. Mən Hurib dağının kənarında sənin qarşında dayanacağam. Əsanı orada bir qayaya vur, qövmün içib doysun deyə, qayadan su axacaq". Musa bunu Bəni-İsrailin ağsaqqallarının qarşısında etdi".
Allah-taala bir tərəfdən Bəni-İsrailə "mǝnn" və "səlva" nazil edir, digər tərəfdən də onların ixtiyarına kifayət qədər su qoyaraq buyurur: "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!”
Əslində, bu cümlə ilə Allah-taala onlara demək istəyir ki, ən azından bu böyük nemətlərin qarşılığında şükür nişanəsi olaraq inadkarlıqdan, peyğəmbərləri incitməkdən əl çəksinlər.
İncəliklər:
1\. (təsəv) sözü ilə (mufsidin) sözünün fərqi.
“la təsəv" feili (əsa) kökündən olub, "güclü fəsad" mənasını bildirir. Bu söz adətən əxlaqi və mənəvi fəsad barəsində işlədilir. Onunla təxminən eyni mənanı ifadə edən (əys) kökü isə adətən empirik fəsad mənasında işlədilir. Bu baxımdan “təsəv” sözü ilə “mufsifinə" sözü təxminən eyni mənanı bildirir, sadəcə olaraq "təsəv" sözü bu mənanı bir qədər daha şiddətli şəkildə çatdırır. Belə bir ehtimal da mümkündür ki “وَلَاتَعْثَوْافِي الْأَرْض ِمُفْسِدِينَ” cümləsi ümumilikdə bu həqiqətə işarə edir.
"Fəsad əvvəlcə kiçik bir işdən başlayıb sonra daha geniş vüsət alır".
Ayədəki “مُفسدين” sözü fəsadın başlanğıcına “لاَتَعْثَوا” feili isə onun daha da artmasına işarə edir.
2\. Bəni-İsrailin həyatındakı qeyri-adi iş.
Möcüzə anlayışından xəbərdar olmayan insanlar adi daş parçasından çeşmənin fışqırmasını qeyri-mümkün hesab etmişlər. Halbuki peyğəmbərlərin möcüzələrinin böyük bir qismini təşkil edən bu kimi işlər heç də determinizm qanununda mümkünsüz sayılmır. Sadəcə olaraq bizim öyrəşdiyimiz determinizmə zidd görünür.
Məlum məsələdir ki, yeri, göyü, bütün kainatı yaratmış Allah üçün bizim öyrəşdiyimiz determinizmi dəyişmək mümkünsüz deyil. Əgər O, yaradılışın ilk günündən determinizmi başqa formada yaratsaydı, biz indi ona başqa cür adət edəcəkdik və bu gün bizə adi görünən işlər qeyri-adi görünəcəkdi. Bir sözlə, dünyanı yaratmış varlıq determinizmə məhkum deyil, onun da hakimidir. Adicə gündəlik həyatımızda da bir çox qeyri-adi işlərin şahidi oluruq. Möcüzə məsələsi də istər keçmişdə, istərsə də indi əqli və elmi problem sayılmamalıdır.
3\. “انفَجَرَتْ” feili ilə “البجست” feilinin fərqi.
Haqqında danışdığımız ayədə daşdan çeşmənin fışqırması (infəcǝrǝt) feili ilə ilə ifadə edilmişdir. "Əraf" surəsinin eyni əhvalatı özündə əks etdirən 160-cı ayəsində isə bu feilin əvəzinə "inbəcəsət" feilindən istifadə edilmişdir. Bu iki feil arasındakı məna fərqi ondan ibarətdir ki, (infǝcǝrǝt) suyun gur, (inbǝcəsət) isə nisbətən zəif axmasına deyilir. “Əraf” surəsinin 160-cı ayəsi, ola bilər ki, suyun axmağa başladığı ilk vaxtlara işarə edir. Çünki daşdan su əvvəlcə zəif şəkildə axmağa başlamışdır ki, Bəni-İsrail bunu görüb qorxmasın. Sözügedən ayə isə suyun axmasının son vaxtına daha gur şəkildə axdığı vaxta işarə edə bilər.