Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 27
Ali-İmran surəsi, 42 və 43-cü ayələr
Ali-İmran surəsi, 42 və 43-cü ayələr
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ .٤٢
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ .٤٣
Ayələrin tərcüməsi
42\. (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni seçmiş, paklaşdırmış və dünyanın bütün qadınlarından üstün etmişdi.
43\. Ey Məryəm! (Bu nemətə görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!"
Ayələrin təfsiri.
Bu ayələrdə yenidən Həzrət Məryəmdən danışılır, onun inkişaf və yetkinlik dövründən söz açılır, uca məqamları sadalanır.
Əvvəlcə mələklərin Məryəmlə danışmasından söz açaraq buyurur: "(Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni seçmiş, paklaşdırmış və dünyanın bütün qadınlarından üstün etmişdi”.
İnsanın mələklərlə həmsöhbət olmasından – özü də əgər həmin söhbət onun Allah tərəfindən seçilməsi, paklaşdırılması və dünyanın bütün qadınlarından üstün olması müjdəsindən ibarətdirsə – böyük iftixar ola bilərmi?! Bunun yeganə səbəbi onun təqvası, pəhrizkarlığı, imanı və ibadəti olub. Bəli, o seçildi ki, dünyaya İsa (ə) kimi bir peyğəmbər gətirsin.
Maraqlı məqamlardan biri ayənin ərəbcə orijinalında (istəfaki) (səni seçdi) ifadəsinin iki dəfə təkrar edilməsidir. Birincisi Həzrət Məryəmin ümumilikdə seçilməsini, ikincisi isə onun dünyanın bütün qadınları arasından seçilib üstün edilməsini ifadə edir.
Bu ayə Məryəmin həmin dövrdə dünyanın ən böyük qadın şəxsiyyəti olmasına dəlalət edir. Bu, İslamın böyük qadın siması Həzrət Fatimə (ə) barəsində nəql edilənlərlə – onun dünyanın ən üstün qadını olması ilə ziddiyyət təşkil etmir. Çünki Həzrət Peyğəmbər (s) və İmam Sadiqdən (ə) nəql edilmiş çoxsaylı hədislərdə belə qeyd edilib: "Məryəm öz zəmanəsinin qadınlarından üstün olub. Allah-taala səni öz zəmanənin, Məryəmin zəmanəsinin və dünyanın əvvəlindən sonuna kimi olan bütün zamanların qadınlarından üstün edib”.
Ayənin ərəbcə orijinalında işlənmiş (əl-aləmin) sözü deyilənlərlə ziddiyyət təşkil etmir. Çünki bu söz Quranda və adi danışıqda bir əsr və zamanda yaşayan insanlar barəsində işlədilir. Bəni-İsrail barəsində də buna bənzər ifadə işlədilib: "Mən sizi bütün aləmdəkilərdən üstün etdim". Şübhəsiz, burada məqsəd Bəni-İsrail möminlərinin öz zəmanələrinin insanlarından üstün olmasıdır.
Sonrakı ayə mələklərin Məryəmə xitabıdır. Onlar deyirlər: "Ey Məryəm! (Bu nemətə Allah tərəfindən seçildiyinə, öz zəmanənin qadınlarından üstün edildiyinə və bütün cəhətlərdən pak-pakizə olunduğuna görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!”
Burada mələklər Həzrət Məryəmə üç göstəriş verirlər:
Birinci göstəriş Allaha itaət göstərməkdir. Ayənin ərəbcə oriji- nalında işlənmiş (uqnuti) sözünün kökü (qunut) sözüdür və onun mənası “özünü kiçiltmək və davamlı itaət etmək”dir.
İkinci göstəriş səcdə etməkdir ki, o da Allah qarşısında özünü kiçiltməyin bir növüdür.
Üçüncü göstəriş rüku etməkdir və o da özünü kiçiltməyin bir növüdür.
Ola bilər ki, "rükuya gedənlərlə birlikdə rükuya get!" cümləsi camaat namazına işarə olsun. Ola da bilər ki, məqsəd namaz qılan və Allah qarşısında özünü kiçildən cəmiyyətə qoşulmaqdır. Yəni Allahın digər ixlaslı bəndələri Ona rüku etdiyi kimi, sən də rüku et.
Bu ayədə əvvəl səcdəyə, sonra rükuya işarə edilmişdir. Bunun səbəbi onların namazında səcdənin rükudan əvvəl olması deyil, məqsəd hər iki ibadətin yerinə yetirilməsidir. Burada onların sıralığı nəzərdə tutulmayıb. Bu bizim birinə “namaz qıl, dəstəmaz al, pak ol" deməyimiz kimidir. Burada məqsəd qeyd edilən işlərin hamısının yerinə yetirilməsidir. Çünki "vav" (və) bağlaycısı sıralığa dəlalət etmir. Bundan əlavə, rüku və səcdənin mənası təvazökarlıq və özünü kiçiltməkdir və adi rüku və səcdə onun nümunələrindən biri sayılır.