Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 29
Ali-İmran surəsi, 45 və 46-cı ayələr
Ali-İmran surəsi, 45 və 46-cı ayələr
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ .٤٥
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ .٤٦
Ayələrin tərcüməsi
45\. (Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir. O, bu dünyada və axirətdə şan- şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır.
46\. O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır".
Ayələrin təfsiri.
Məsihin təvəllüd müjdəsi.
Bu ayədə Məryəmin həyatının digər mühüm bir hissəsinə, yəni oğlu Həzrət Məsihin (ə) təvəllüdünə işarə edilib və bu barədə mühüm məqamlara toxunulub. Əvvəlcə buyurur: "(Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir”.
"O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır”.
Aşağıda qeyd edilən məqamlara diqqət etmək #### Ayənin təfsirinin təkmilləşməsi üçün faydalı ola bilər.
1\. Bundan başqa iki ayədə də Məsih barəsində "kəlmə" sözü işlədilib. Bu ifadəyə Əhdi-Cədid kitablarında da rast gəlinir.
Həzrət İsaya (ə) “kəlmə” deyilməsinin səbəbi barədə təfsirçilər arasında çoxlu fikirlər mövcuddur. Lakin çox ehtimal ki, onun səbəbi Məsihin (ə) "Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: "Ol!" deyər, o da dərhal olar” ayəsinin şamil olduğu qeyri-adi təvəllüdü, yaxud təvəllüdündən əvvəl Allahın onu bir kəlmə ilə anasına müjdə verməsidir.
Bəlkə də, bu ifadənin işlədilməsinin səbəbi “kəlmə” sözünün Quran terminologiyasında "yaradılmış” mənasında işlədilməsidir. Məsələn, buyurur:
"De: "Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədər də ona əlavə etsək belə, Rəbbimin kəlmələri qurtarmadan dənizlər qurtarardı"
Bu ayədə "Rəbbimin kəlmələri" ifadəsində məqsəd Onun yaratdıqlarıdır. Məsih (ə) Allahın yaratdığı ən böyük varlıqlardan olduğu üçün ona “kəlmə” deyilib. Bu ifadə həm də dolayısı ilə İsanın (ə) tanrı olmasını iddia edənlərə cavabdır.
2\. Ola bilər ki, İsaya (ə) mənası “məsh edən (əl sürtən)” və ya “məsh edilən (əl sürtülən)" olan "Məsih" deyilməsinin səbəbi onun ǝlacsız xəstələrə əl çəkərək Allahın əmri ilə şəfa verməsi olsun. Onun belə bir şərəfə nail olması əvvəlcədən müəyyənləşdirildiyi üçün Allah- taala onun adını təvəllüdündən əvvəl "Məsih" qoyub.
Ola da bilər ki, onun belə adlandırılmasının səbəbi Allah-taalanın onu günah və çirkablardan pak etməsi olsun.
3\. Quran bu və digər ayələrdə aşkar şəkildə İsanı (ə) Məryəmin oğlu adlandırıb ki, bu da İsanın (ə) tanrı olmasını iddia edənlərə tutarlı cavabdır. Anadan doğulan, ana bətnində rüşeymlik dövrünün və maddi aləmin bütün dəyişikliklərinə məruz qalan kəs necə tanrı ola bilər?! Axı Allah bütün dəyişikliklərdən uzaqdır!
Sonrakı ayədə Həzrət Məsihin (ə) fəzilət və möcüzələrindən birinə işarə edərək buyurur: “O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır”.
"Məryəm” surəsində də qeyd edəcəyimiz kimi, Məryəm dünyaya atasız övlad gətirdiyi üçün məruz qaldığı ittihamları özündən dəf etmək məqsədi ilə Allahın əmri əsasında İsanın (ə) beşiyinə işarə edib, o da dərhal danışmağa başlayıb və fəsahətli və dolğun dil ilə özünün Allah qarşısındakı məqamını, həmçinin peyğəmbərlik məqamını bəyan edib. Belə bir əzəmətli peyğəmbərin napak bətndən dünyaya gəlməsi qeyri- mümkündür. O, bu möcüzə ilə anasının pak və ismətli olmasını sübut edib.
Ayənin ərəbcə orijinalında işlənmiş (məhd) sözünün mənası "körpənin yatması və istirahət etməsi üçün yer"dir. Onun mənası “beşik” mənasına yaxındır. Beşiyin mənasında “yırğalanmaq” da var, lakin (məhd)in mənası ümumidir və o, körpə üçün hazırlanan hər bir yerə şamil olur.
"Məryəm" surəsinin ayələrinin zahirindən məlum olur ki, o, təvəllüdünün ilk günlərindən dil açıb danışmağa başlayıb. Bu uşaqlar üçün ənənəvi hal deyil və möcüzədir. Lakin orta yaşda və yaşa dolduqdan sonra danışmaq tamamilə adi haldır. Ola bilər ki, sözügedən ayədə bu iki halın qeyd edilməsi onun beşikdə olan uşaq kimi deyil, ömrünün kamal həddinə çatdığı vaxt danışdığı kimi dolğun danışmasına işarə olsun.
Onun Məsihin (ə) doğulandan yaşa dolana kimi həmişə haqq söz danışmasına və xalqın doğru yola istiqamətləndirilməsi üçün çalışmasına işarə olması ehtimalı da var.
Bundan əlavə, o, həm də İsa (ə) barəsində proqnoz və onun gələcək ömrünə işarədir. Çünki tarixi məlumatlara görə, Həzrət İsa (ə) bu dünyada yaşa dolmayıb, 33 yaşında olarkən insanların arasından qeybə çəkilib və çoxsaylı hədislərə əsasən, Həzrət Məhdi (ə) zühur edəndə insanların arasına qayıdacaq (və ömrünün əvvəlində olduğu kimi, onlarla danışacaq).
"Layiqli insanlardan olacaqdır" ifadəsindən məlum olur ki, əməlisaleh və ləyaqətli olmaq insana nəsib olan ən böyük iftixardır və sanki bütün insani dəyərlər onda toplanıb.