Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 3
Ali-İmran surəsi, 1-4-cü ayələr
Ali-İmran surəsi, 1-4-cü ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الم .١
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ .٢
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ .٣
مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ .٤
Ayələrin tərcüməsi
Rəhman və Rəhim olan Allahın adı ilə!
1\. Əlif, Lam, Mim.
2\. Allah Ondan başqa heç bir məbud yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar).
3\. (O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat və İncili –
4\. ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var. Allah (cinayətkarları və inadkar kafirləri cəzalandırmaq üçün) qüdrətlidir, intiqam sahibidir.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilərin nəzərincə, bu surənin səksəndən çox ayəsi Nəcran əhalisi tərəfindən İslam barədə araşdırma aparmaq üçün Mədinəyə gəlmiş xaçpərəst nümayəndələr barədə nazil olub. Həmin nümayəndə heyətinin tərkibində altmış nəfər olub. Onların on dörd nəfəri Nəcranın zadəgan və tanınmış şəxslərindən, həmin on dörd nəfərin də üç nəfəri rəhbər olub. Həmin bölgənin xaçpərəstləri iş və problemləri ilə əlaqədar onlara müraciət edirlərmiş. Onlardan birinin adı Aqib olub. Onu Əbdülməsih də adlandırırlarmış. Aqib öz tayfasının başçısı sayılıb və tayfası heç vaxt onun sözünə qarşı çıxmayıb.
Bir başqasının adı Seyyid olub. Onu Əyhəm də adlandırırmışlar. O, təşrifat rəhbəri, səfər proqramlarının nizamlayıcısı və xaçpərəstlərin inandığı şəxslərdən olub.
Üçüncü şəxsin adı Əbu Harisə olub. O, savadlı və nüfuzlu şəxslərdən sayılıb. Xaçpərəstlər onun adına çoxlu kilsə inşa etmişdilər. Əbu Harisə xaçpərəstlərin bütün dini kitablarını əzbər bilib.
Altmış nəfərdən ibarət olan bu dəstə Bəni-Kəb qəbiləsinin libasında Mədinəyə gələrək Peyğəmbər (s) məscidinə daxil olur. Həzrət Peyğəmbər (s) bu zaman müsəlmanlarla əsr namazını qılıb qurtarmışdı. Bu altmış nəfər çox gözəl, bər-bəzəkli və cəlbedici paltar geyinibmiş. Həzrət Peyğəmbərin (s) səhabələrindən birinin bu barədə belə deməsi nəql edilib: "Mən heç vaxt bu gözəllikdə nümayəndə görməmişəm”. Onlar məscidə daxil olarkən namazlarının vaxtı çatır. Onlar öz adət- lərinə uyğun olaraq zəng çalır və üzü şərqə dayanıb namaz qılırlar. Həzrət Peyğəmbərin (s) səhabələrinin bəzisi onlara mane olmaq istəyir. Lakin Peyğəmbər (s) buna icazə vermir.
Namazdan sonra Aqib ilə Seyyid Həzrət Peyğəmbərin (s) yanına gəlir və o Həzrətlə (s) söhbət edirlər. Peyğəmbər (s) onları İslamı qəbul etməyə və Allaha təslim olmağa dəvət edir. Aqib ilə Seyyid cavab verir ki, biz səndən əvvəl İslamı qəbul etmiş, Allaha təslim olmuşuq.
Həzrət Peyğəmbər (s) buyurur: "Siz necə haqq dindəsiniz ki, əməliniz Allaha təslim olmamağınızdan xəbər verir? Çünki Allaha övlad aid edirsiniz, İsanı (ə) Allahın oğlu sayırsınız, xaça ibadət edirsiniz, donuz əti yeyirsiniz. Halbuki bunların hamısı haqq dinə ziddir".
Aqib ilə Seyyid deyir: “Əgər İsa Allahın oğlu deyilsə, bəs onun atası kimdir?"
Həzrət Peyğəmbər (s) buyurur: “Siz hər bir oğulun öz atasına Oxşaması həqiqətini qəbul edirsinizmi?"
\- Bəli.
\- Məgər Allah hər şeyi əhatə etməyib, qəyyum deyil və varlıqların ruzisi Onun ixtiyarında deyil?
\- Bəli, elədir.
\- Məgər İsa bu sifətlərə malik olub?
\- Xeyr!
– Bilirsinizmi ki, göydə və yerdə heç nə Allaha gizli deyil və Allah onların hamısından agahdır?
\- Bəli, bilirik.
\- İsa Allahın ona öyrətdiklərindən başqa özündən nəsə bilibmi? - Xeyr!
\- Bilirsinizmi ki, Rəbbimiz İsanı anasının bətnində istədiyi şəkildə yaradan kəsdir?
\- Elədir.
\- Məgər anası İsanı digər uşaqlar kimi bətnində gəzdirməyib və sonra digər analar kimi onu dünyaya gətirməyib? Məgər İsa digər uşaqlar kimi yemək yeməyib?
\- Bəli, elə olub.
Bəs İsa necə Allahın oğlu ola bilər ki, "ata"sına heç bir oxşarlığı yoxdur?!
Söhbət bura çatanda onların hamısı susub və həmin vaxt İslam təlim və proqramlarını izah edən səksəndən artıq ayə nazil olub.
Ayələrin təfsiri.
Quranın müqəttəə hərflərinin mənasının kompüter ilə tapılması Bu surənin də əvvəlində müqəttəə hərfləri ilə qarşılaşırıq: "Əlif Lam Mim".
Quranda mövcud olan müqəttəə hərfləri barədə "Bəqərə” surəsinin əvvəlində lazımi izahlar verildi və burada onları təkrar etməyə ehtiyac yoxdur. Sadəcə, burada bir məsələnin qeyd edilməsini lazım bilirik və o, son vaxtlarda misirli alimlərdən birinin ortaya qoyduğu nəzəriyyədir. Mövzu mühüm olduğu üçün müxtəsər şəkildə ona işarə edəcəyik.
Əlbəttə, onun düz və ya səhv olması barədə qərar vermək üçün daha çox araşdırma aparılmaldır və bunu etmək bəlkə də, gələcək nəsillərin öhdəsinə düşəcək. Biz onu burada, sadəcə, bir nəzər kimi qeyd edirik.
Bir müddət əvvəl Misirin ən böyük jurnallarından sayılan məşhur “Axəru saət" jurnalı misirli alimlərdən birinin Qurani-Kərimin müqəttəə hərfləri barəsində kompüter vasitəsi ilə apardığı araşdırma haqda dünyanın hər yerində hamını heyrətə salan məlumat dərc edib.
Biz bu təfsirin əvvəlki nəşrlərində doktor Rəşad Xəlifə tərəfindən aparılan həmin araşdırmanın nəticələrini yazmışdıq.
Lakin bir müddət sonra onun nəzəri bəzi tədqiqatçılar tərəfindən tənqid edildi və onun düz olması barədə şübhələr yarandı.
Bundan əlavə, təəssüf ki, həmin alim son vaxtlar ABŞ mühitindən doğan fəsadlar nəticəsində azğın firqələrin birinə meyil göstərərək müsəlmanlıqdan çıxıb.
Biz bu nəzəriyyənin doğruluğunu təsdiq və ya təkzib etmədən məsələnin keçdiyi tarixi yolu göstərmək üçün həmin nəzəri müxtəsər şəkildə nəql edəcəyik.
Rəşad Xəlifə belə deyir: "Bildiyimiz kimi, Qurani-Kərimin 114 surəsi var və onların 86-sı Məkkədə, 28-i isə Mədinədə nazil olub. Quran surələrinin 29-nun əvvəlində müqəttəə hərfləri var”.
Maraqlıdır ki, Quranda ərəb əlifbasında olan 28 hərfin düz yarısı müqəttə hərfi kimi işlədilib. Həmin müqəttəə hərfləri bunlardır: Əlif, ha, ra, sin, sad, ta, ayn, qaf, kaf, lam, mim, nun, ha, ya. Bəzən bu hərflərə "nurani hərflər" də deyirlər.
O deyir: "Mən uzun illər idi ki, Quran surələrinin əvvəlindəki zahirdə bir-birindən ayrılmış bu hərflərin mənasının nə olduğunu bilmək istəyirdim. Böyük təfsirçilərin təfsir kitablarına və bu barədə deyilmiş nəzərlərə müraciət etdim, lakin qane olmadım. Uca Allahdan yardım diləyərək araşdırma aparmağa başladım. Birdən zehnimə belə bir fikir gəldi ki, bəlkə, bu hərflərlə surələrin əvvəlində olan hərflər arasında hansısa bir əlaqə var?
Lakin Quranın 114 surəsində bu nurani hərflərin hamısını araşdırmaq, onların arasındakı nisbəti müəyyənləşdirmək və bu barədə aparılması lazım olan digər çoxsaylı hesablamalar kompütersiz mümkün deyildi. Buna görə də (sonrakı hesablamaları aparmaq üçün) əvvəlcə ayrı-ayrılıqda həmin hərflərin 114 surədə işlənməsini, həmçinin hər surənin bütün hərflərinin sayını dəqiqliklə surəsinin öz nömrəsi ilə birlikdə kompüterə köçürdüm. Bu iş və müqəddimə xarakterli digər işlərin görülməsi iki il çəkdi.
Sonra qeyd edilən hesablamaları aparmaq üçün bir il kompüterlə işlədim. Bu hesablamaların nəticəsi çox parlaq oldu, İslam tarixində ilk dəfə heyrətamiz həqiqətləri üzə çıxardı və Quranın (digər cəhətlərlə yanaşı) riyazi baxımdan da möcüzə olmasına tam aydınlıq gətirdi.
Kompüter bizə həmin on dörd hərfin hər birinin Quranın 114 surəsində işlənməsinin həmin surənin ümumi hərfləri ilə müqayisədə neçə faiz olduğunu göstərdi.
Məsələn, Quranın nurani (müqəttəə) hərflərindən olan “qaf” hərfinin ən yüksək işlənmə faizi "Fələq” surəsindədir (6/700 faiz). O, bu baxımdan Quran surələri arasında birinci yerdə durur (əlbəttə, “Qaf”” surəsi istisna olmaqla). Ondan sonra "Qiyamət” surəsi gəlir. Ondakı “qaf” hərfinin digər hərflərlə müqayisədə sayı (3/907 faiz) təşkil edir. Ondan sonra da "Şəms” surəsi gəlir (3/906 faiz).
Gördüyünüz kimi, “Qiyamət” surəsi ilə “Şəms” surəsi arasındakı fərq mində bir faizdir.
Biz bu nisbəti Quranın 114 surəsinin hamısı barədə (və təkcə bu bir hərf deyil, on dörd nurani hərfin hamısı barədə) əldə edirik. Beləliklə, hər bir surənin ümumi hərfləri ilə bu hərflər arasındakı nisbət məlum olur.
İndi həmin hesablamadan əldə edilmiş maraqlı nəticələrə diqqət edin:
1\. Qaf surəsində “qaf” hərfinin nisbəti Quranın istisnasız olaraq bütün surələrindən çoxdur. Yəni Quranın nazil olduğu 23 il ərzində Quranın digər 113 surəsində nazil olan ayələrdə “qaf” hərfi az işlədilib. İnsanın 23 il ərzində danışarkən işlətdiyi hər bir hərfin sayına diqqət etməsi, lakin bununla yanaşı, öz fikrini heç bir çətinliyə düşmədən sərbəst şəkildə ifadə etməsi heyrətamizdir. Şübhəsiz, bu, insanın görə biləcəyi iş deyil. Onun kompüterdən istifadə etmədən hesablanması dünyanın ən böyük riyaziyyatçılarına belə çətindir.
Bütün bunlardan belə məlum olur ki, Quranın nəinki surə və ayələri, hətta hərfləri xüsusi riyazi hesab və sistemə malikdir və onu ancaq Allah-taala qoruya bilər.
Həmçinin "Sad" surəsində də "sad" hərfi qeyd edilən kimidir. Yəni onun surənin digər hərfləri ilə nisbəti Quranın digər surələri ilə müqayisədə çoxdur.
Eləcə də "nun" hərfinin "Qələm" surəsinə nisbəti Quranın 114 surəsi arasında ən yüksək faizi təşkil edir. Bu barədə mövcud olan yeganə istisna "Hicr" surəsidir və onda “nun” hərfinin nisbəti "Qələm” surəsindən çoxdur. Lakin "Hicr" surəsi "Əlif Lam Ra" ilə başlayan surələrdəndir və əvvəlində "Əlif Lam Ra" olan surələrin hamısı bir surə hökmündədir. Əgər belə olsa, ortaya maraqlı nəticə çıxacaq. Yəni "nun" hərfinin həmin surələrin hərflərinin ümumi sayına nisbəti "Qələm” surəsindən az olacaq.
2\. "Oraf" surəsinin əvvəlində "Əlif Lam Mim Sad" hərfləri var. Əgər biz bu surədə olan "əlif", "mim" və "sad" hərflərini bir yerə toplasaq və onunla surəninin digər hərfləri arasındakı nisbəti müəyyənləşdirsək, onun sayı Quranın digər surələrinin hamısındakından çox olacaq.
"Rǝd" surəsinin əvvəlindəki “Əlif Lam Mim Ra" hərfləri də belədir. Həmçinin "Məryəm" surəsinin əvvəlindəki beş hərf - "Kaf Ha Ya Ayn Sad" üst-üstə hesablansa, həmin beş hərfin burada Quranın digər surələri ilə müqayisədə daha çox istifadə edildiyini görəcəyik.
Biz burada məsələnin yeni bir tərəfi ilə qarşılaşırıq və aydın olur ki, bu səma kitabının yalnız bir hərfi xüsusi hesab və sistemə əsaslanmır, bir neçə hərfi də həmin heyrətamiz xüsusiyyətə malikdir. (Diqqət edin!)
3\. Bura kimi söhbət Quranın yalnız bir surəsinin əvvəlində olan hərflərdən gedirdi. Məsələ bir neçə surənin əvvəlində olan hərflər (məsələn, Əlif Lam Mim Ra, yaxud Əlif Lam Mim) barəsində fərqlidir. Belə ki kompüter hesablamalarına əsasən, əgər "Əlif Lam Mim" ilə başlayan surələrdə bu üç hərf (Əlif Lam Mim) nəzərə alınsa və onların sayı surənin digər hərflərilə müqayisə edilsə, həmin surələrdə bu üç hərfin daha çox olduğunu görərik.
Burada məsələnin daha bir maraqalı cəhəti üzə çıxır: Quran surələrinin yalnız birinin hərfləri deyil, bənzər surələrin hərfləri də müəyyən qayda və sistemə əsaslanır.
Həmçinin Quranın bir neçə müxtəlif surəsinin "Əlif Lam Mim" və ya "Əlif, Lam, Mim Ra" ilə başlamasının səbəbi, bunun təsadüfi və əsassız bir iş olmaması məlum olur.
(Doktor Rəşad Xəlifə sonra "Ha Mim" ilə başlayan surələr üzərində daha mürəkǝb hesablamalar aparıb. Lakin biz uzunçuluq olmaması üçün onlara toxunmuruq.)
O, araşdırma zamanı başqa yeniliklər də əldə edib. Biz onları yeni məqamları da əlavə edərək əziz oxuculara təqdim edirik:
1\. Quranın əsl yazı xəttini qoruyun.
O deyir ki, bu hesablamaların hamısı bizim Quranın əsl və qədimi yazı xəttini qoruyub saxlayacağımız təqdirdə düz olur. (Yəni (İshaq), (zəkat) və (sǝlat) sözlərinin yazılışı elə bu cür saxlanılmalıdır və onlar "İshaq", "zəkat" va "səlat" kimi yazılmamalıdır.) Əks-təqdirdə, qeyd edilən hesablama pozulacaq.
2\. Quranın təhrif edilməməsinin başqa bir dəlili.
Həmin araşdırmadan Qurani-Kərimin hətta bir hərfinin bela artıb-azalmadığı məlum olur. Əks-təqdirdə, mövcud Quran üzərindəki hesablamalarımız düz çıxmayacaq.
3\. Dolğun işarələr.
Quranın müqəttəə hərfləri ilə başlayan surələrinin çoxunda həmin hərflərdən sonra Quranın həqiqət və əzəmətinə işarə edilib. Məsələn, buyurur: "Əlim Lam Mim. Bu, heç bir şəkk-şübhə olmayan bir kitabdır"! Bu, həmin hərflərlə Quranın möcüzə olması arasında əlaqə olmasına incə işarədir.
Nəticə: Bütün bu deyilənlərdən belə məlum olur ki, Quranın 23 il ərzində Həzrət Peyğəmbərə (s) nazil olan hərfləri çox dəqiq hesaba əsaslanıb və əlifba hərflərinin hər biri ilə hər bir surənin hərfləri arasında tam dəqiq riyazi əlaqə mövcuddur. İnsan bu nisbəti kompüterdən istifadə etmədən qoruyub saxlaya bilməz.
Şübhəsiz, bu alimin araşdırması hələ ilk addım olduğu üçün nöqsansız deyil. Buna görə də biz onun düz və ya səhv olmasına zəmanət vermirik və onun üzərində daha çox araşdırmalar aparılmalıdır. Qul İndi #### Ayələrin təfsirini davam etdirəcəyik.
Allah-taala bu surənin ikinci ayəsində belə buyurur: "Allah Ondan başqa heç bir məbud yoxdur, Hǝyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zati ilə ayaqdadırlar).
Bu ayə barədə “Bəqərə” surəsinin 255-ci ayəsinin təfsirində geniş izah verildi.
Sonra Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat ve İncili.
Həmçinin buyurur: “ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi".
Bütün dəlil-sübutlar təqdim edildikdən, Allah tərəfindən ayə və nişanələr nazil olduqdan, fitrət və ağıl peyğəmbərlərin doğruçuluğuna şəhadət verdikdən sonra kafirləri cəzalandırmaqdan başqa yol qalmır. Buna görə də sözügedən ayədə Həzrət Peyğəmbərin (s) və Qurani- Kərimin haqq olmasına işarə etdikdən sonra buyurur: “Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var”.
Allah etdiyi təhdidlərə qadir olması barədə tərəddüd olmaması üçün buyurur: “Allah qüdrətlidir, intiqam sahibidir".
Ayənin ərəbcə orijinalında işlənmiş (əziz) sözünün mənası "nüfuz edilməsi mümkün olmayan çətin şey" və "qalib"dir. Buna görə də ərəblər keçilməsi çətin olan yerə (ǝzaz), həmçinin az tapıldığı üçün əldə edilməsi çətin olan şeyə (əziz) deyirlər.
Eləcə də qalib gəlmək çətin və qeyri-mümkün olan şəxslərə (əziz) deyilir. (əziz) sözü Allah barədə harada işlədilsə, bu məna nəzərdə tutulur, yəni heç kəs Ona qalib gəlmək və Onu məğlub etmək gücündə deyil və Onun iradə və istəyi qarşısında hamı məğlubdur.
Kafirlərin bu təhdidin ciddi olduğunu başa düşmələri üçün yuxarıdakı cümlədə buyurur ki, Allah qüdrətlidir və heç kəs Onun təhdidləri qarşısında müqavimət göstərmək gücündə deyil. O, olduqca rəhmli və mehriban olduğu kimi, mərhəmətə layiq olmayanlar qarşısında da böyük əzab və ağrılı intiqam sahibidir.
Bu gün (intiqam) sözü əksər hallarda insanın başqalarının səhvlərini bağışlamayıb ondan əvəz çıxdığı, əfv etmək və bağışlamaq barədə öz xeyrini belə düşünmədiyi yerlərdə işlədilir. Şübhəsiz, bu, bəyənilən sifət deyil. İnsan çox vaxt əfv edib bağışlamağa üstünlük verməlidir.
Əslində, (intiqam) sözünün əsl leksik mənası “günahkarı cəzalandırmaq”dır. Özbaşına və zalım günahkarları cəzalandırmaq nəinki pis deyil, əksinə, onların əməllərinə göz yummaq ədalət və hikmətə ziddir.
İncəliklər:
1\. Haqq nədir?
"Haqq" sözünün mənası “üst-üstə düşmək, uyğun gəlmək”dir. Buna görə də mövcud gerçəkliklə üst-üstə düşən şeyə "haqq" deyilir. Allah-taalaya "Haqq" deyilməsinin səbəbi də Onun müqəddəs zatının varlıq aləminin ən böyük inkaredilməz həqiqəti olmasıdır. Başqa sözlə desək, "haqq"ın mənası batilin yol tapa bilmədiyi sabit məsələdir.
Sözügedən ayənin ərəbcə orijinalında işlənmiş (bil-həqq) ifadəsindəki (ba) hərfi "birgəlik" mənasını verir. Buna görə də həmin cümlənin mənası belə olur: Ey Peyğəmbər, Allah-taala həqiqət nişanələri ilə birgə olan Quranı sənə nazil etdi.
2\. Tövratın təqdimatı.
Əslində, “Tövrat" sözü ivrit sözüdür və onun mənası “şəriət və qanun"'dur. Lakin sonradan o, Allah tərəfindən Musa ibn İmrana nazil edilmiş kitaba deyilib. Bəzən o, Əhdi-Ətiq kitablarının hamısına, bəzən də Müqəddəs Yazıların ilk 5 kitabına deyilir.
Yəhudilərin Əhdi-Ətiq adlanan kitabları Tövrat və bir neçə digər kitabdan ibarətdir. Tövrat beş hissədən ibarətdir: "Təkvin", "Çıxış", və "Təsniyə". Əhdi-Ətiq kitablarının bu hissəsi "Levit", "Rəqəmlər” dünya, insan və digər varlıqların yaranmasının, keçmiş peyğəmbərlərin, Musa ibn İmranın və İsrail oğullarının həyatının bir hissəsinin və bu dinin hökmlərinin izahından ibarətdir.
Həmin toplunun Musadan (ə) sonrakı tarixçilər tərəfindən yazılmış digər kitabları Musadan sonrakı peyğəmbərlərin, hökmdarların, padşahların və qövmlərin vəziyyətini izah edir.
Tövratın həmin beş kitabından başqa heç bir kitab səma kitabı deyil və yəhudilər özləri də belə bir iddia irəli sürmürlər. Hətta Davudun (ə) Zǝburu - onlar onu "Məzamir” adlandırırlar – Davudun (ə) minacat və öyüdlərinin şərhidir.
Tövratın həmin beş kitabında olan bəzi aydın nişanələr onların səma kitabı olmamasına və Musa ibn İmrandan sonra (ə) yazılmış tarixi kitablar olmasına dəlalət edir. Çünki onlarda Həzrət Musanın (ə) necə vəfat etməsi, necə dəfn edilməsi və onun vəfatından sonra baş vermiş bəzi hadisələrin şərhi verilmişdir. Xüsusilə beşinci kitabın (“Təsniyə") otuz dördüncü fəsli həmin kitabın Musa ibn İmranın (ə) vəfatından bir müddət sonra qələmə alınmasını təsdiq edir.
Bundan əlavə, həmin kitabların məzmunu da - onda olan çoxsaylı xurafatlar, Allah elçilərinə xoşagəlməz şeylərin isnad edilməsi, bəzi primitiv məsələlər onların uydurma olmasının dəlillərindəndir.
Tarixi dəlillərdən də həqiqi Tövratın məhv olduğu və həmin kitabların Musa ibn İmranın (ə) davamçıları tərəfindən sonradan qələmə alındığı məlum olur.
3\. İncilin təqdimatı
"İncil" yunan sözüdür və onun mənası "müjdə” və ya “yeni təlim"dir. Həmçinin o, Həzrət İsaya (ə) nazil olmuş kitabın adıdır. Quran sözügedən ayədə, həmçinin Həzrət İsaya (ə) nazil olmuş kitabdan söz açdığı digər ayələrdə "İncil" sözünü tək şəkildə işlətmiş və onu Allah tərəfindən nazil edilmiş kitab kimi təqdim etmişdir. Buna görə də xaçpərəstlərin arasında yayılmış incillər, hətta onların ən məşhuru, yəni dörd İncil (Luka, Mark, Matvey və İohan) Allah tǝrǝ- findən gəlmiş vəhy deyil. Mövcud incillərin Həzrət İsadan (ə) sonra onun şagirdləri və ya şagirdlərinin şagirdləri tərəfindən yazılmasını xaçpərəstlərin özləri də inkar etmir. Sadəcə, onlar həmin incillərin İsanın (ə) şagirdləri tərəfindən ilahi ilhamla yazıldığını iddia edirlər.
Burada Əhdi-Cǝdid və İncil kitabları barədə qısa araşdırma aparmağımız və onların müəllifləri ilə tanış olmağımız yerinə düşər.
Xaçpərəstlərin bütün firqələrinin istinad etdiyi və səma kitabı kimi əsaslandığı ən mühüm dini kitabı Əhdi-Cǝdid adlanan kitablar toplusudur.
Ümumi həcmi Əhdi-Ətiqin üçdə birindən çox olmayan Əhdi- Cǝdid tam fərqli 27 kitab və kitabçadan ibarətdir:
1-Matvey incili: Bu İncil Həzrət İsanın (ə) on iki şagirdindən biri olmuş Matvey tərəfindən milad təqvimi ilə 38-ci ildə, bəzilərinin nəzərincə isə, 50-60-cı illər arasında yazılıb.
2-Mark incili: "Qamuse kitabe müqəddəs” kitabında (səh.792) yazılanlara əsasən, Mark həvarilərdən olmayıb, lakin öz İncilini Müqəddəs Pyotrın nəzarəti altında yazıb.
Mark milad təqvimi ilə 68-ci ildə öldürülüb. ular gibrils concep 3-Luka incili: Müqəddəs həvari Pavelin dostu olub. Həvari Pavel Həzrət İsanın (ə) zamanında təəssübkeş yəhudilərdən olub və Həzrət İsadan (ə) bir müddət sonra xaçpərəstliyi qəbul edib. Lukanın təxminən 70-ci ildə vəfat etdiyi qeyd edilir. "Qamuse kitabe müqəddəs" kitabında (səh.772) yazılanlara əsasən, Luka incili təxminən 63-cü ildə yazılıb.
4-İohan incili: İohan Həzrət İsanın (ə) dostlarından və həvari Pavelin səfər yoldaşlarından olub. Qeyd edilən müəllifın yazdığına görə, əksər tədqiqatçıların nəzərincə, İohan incilinin yazılması birinci əsrin sonlarında baş verib.
Həzrət İsanın (ə) dar ağacından asılması və ondan sonrakı hadisələri izah edən bu incillərin mətnlərindən məlum olur ki, bu incillərin hamısı Həzrət İsadan (ə) illər sonra yazılıb və onların heç biri Həzrət İsaya (ə) nazil olan səma kitabı deyil.
5-Elçilərin əməlləri (həvarilərin və erkən dövr təbliğatçılarının əməlləri).
6-On dörd kitab. Pavelin müxtəlif qövm və şəxslərə məktublarından ibarətdir.
7-Yaqubun kitabı (Əhdi-Cǝdidin iyirmi yeddi kitabının iyirmincisidir).
8-Müqəddəs Pyotrın məktubları (Əhdi-Cǝdidin 21 və 22-ci kitabları).
9-İohanın məktubları (Əhdi-Cədidin 23, 24 və 25-ci kitabları)
10-Yǝhudanın məktubu (Əhdi-Cǝdidin 26-cı kitabı)
11-İohana nazil olan Vǝhy (Əhdi-Cǝdidin son hissəsidir).
Xaçpərəst tarixçilərin sözlərinə, həmçinin incillərin, Əhdi-Cǝdidin digər kitab və məktublarının mətnlərinə əsasən, onların heç biri səma kitabı deyil və onların hamısı Həzrət İsadan (ə) sonra yazılan kitablardır. Səma kitabı olan İncil məhv olub və bu gün mövcud deyil. Onun yalnız bəzi hissələrini Həzrət İsanın (ə) şagirdləri öz incillərində nəql ediblər və təəssüf ki, onlara da xurafatlar qatılıb.
Bəzilərinin “müsəlmanlar İncil və Tövratın səhih olmasına şübhə ilə yanaşmamalıdırlar, çünki Qurani-Kərim onların səhihliyini təsdiqləyib” kimi sözlərinə gəldikdə biz bu barədə bu kitabın birinci cildində “Bəqərə” surəsinin 41-ci ayəsinin təfsirində geniş izah vermişik.
4\. "Furqan" deyəndə nə nəzərdə tutulur?
Ayədə Tövrat və İncildən sonra Quranın nazil olmasına işarə edilib, lakin "Furqan" adı ilə. Görəsən, Quran nə üçün “Furqan” adlandırılıb? "Furqan" sözünün leksik mənası "haqqı batildən ayıran”dır. Ümumiyyətlə, haqqı batildən ayıran istənilən şeyə “furqan” deyilir. Elə bu səbəbdən Quranda Bədr müharibəsinin baş verdiyi gün “Furqan günü” adlandırılıb. Çünki həmin gün elə də döyüş ləvazımatına malik olmayan kiçik bir dəstə bütün cəhətlərdən onlardan üstün olan böyük və təchizatlı orduya qalib gəlmişdi. Həmçinin Həzrət Musanın (ə) on möcüzəsinə də “Furqan” deyilib.