Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 30
Bəqərə surəsi, 63-64-cü ayələr
Bəqərə surəsi, 63-64-cü ayələr
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ .٦٣
ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَلِكَ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ .٦٤
Ayələrin tərcüməsi
63\. (Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik:) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”.
64\. Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız.
Ayələrin təfsiri.
Allahın ayələrini möhkəm tutun!
Bu ayələrdə Tövratdakı göstərişlərə əməl edəcəkləri ilə bağlı Bəni- İsraildən əhd-peyman alınması, ardınca isə onların öz əhdlərini pozması məsələsinə toxunulmuşdur. Əvvəlcə belə deyilir: "(Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik:) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”.
Növbəti ayədə Bəni-İsrailin öz əhdini pozmasına toxunularaq deyilir: "Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız”.
İncəliklər:
1\. Bəni-İsrailin əhd-peymanı.
Burada "ǝhd-peyman" dedikdə elə bu surənin 40-cı ayəsində deyilmiş, habelə 83-84-cü ayələrdə qeyd ediləcək əhd-peyman nəzərdə tutulur. Həmin əhd-peymana Allahdan qeyrisinə ibadət etməmək, ata-anaya, yaxın qohumlara, yetimlərə, yoxsullara yaxşılıq etmək, insanlarla xoş danışmaq, namaz qılmaq, zəkat vermək, başqalarını incitməmək və qan tökməmək kimi məsələlər daxil idi. Bu, Tövratda da öz əksini tapmışdır.
"Maidə” surəsinin 12-ci ayəsindən də belə məlum olur ki, Allah- taala Bəni-İsraildən bütün peyğəmbərlərə iman gətirib onları dəstəkləyəcəklərinə, Allah yolunda sədəqə verib mallarından sərf etmələrinə dair əhd-peyman almışdır. Həmin ayənin davamında Allah-taala öz əhdlərinə sadiq qalacaqları təqdirdə onları Cənnətə aparacağını vəd vermişdir.
2\. Tur dağı Bəni-İsrailin başı üzərində necə dayandı?
Böyük müfəssir mərhum Təbərsi Əbu Zeyddən belə nəql etmişdir: "Musa (ǝ) Tur dağından qayıtdıqdan sonra qövmünə belə dedi: "Allah tərəfindən Tövrat adlı səmavi bir kitab göndərilmişdir. Bu kitabda dini göstərişlər, halal-haram göstərilmiş, Allah-taala onu sizin həyat proqramınız təyin etmişdir. Ona əməl edin".
Yəhudilər onlara çətin və dözülməz göstərişlər verilməsi bəhanəsi ilə itaətdən boyun qaçırdılar. Buna görə də Allah-taala mələklərə əmr edir ki, Tur dağının böyük bir hissəsini qaldırıb onların başı üzərində saxlasınlar. Musa (ə) onlara deyir ki, əgər Allahın əmrlərinə əməl edəcəyinizə, əmrindən çıxmayacağınıza dair söz versəniz, bu bəla sizdən sovuşacaq. Əks təqdirdə hamınız həlak olacaqsınız.
Yəhudilər Musanın (ə) dediyi ilə razılaşıb Tövratı qəbul edərək Allah qarşısında səcdəyə düşdülər. Tur dağının hər an onların üstünə düşəcəyi təhlükəsi tövbə nəticəsində aradan qalxdı. Beləliklə, Allahın əzabı onlardan sovuşdu".
Bu əhvalat "Bəqərə” surəsinin 93 və 54-cü ayələrində, “Nisa” surəsinin 171-ci ayəsində, eləcə də "Əraf” surəsində azacıq fərqlə verilmişdir.
Tur dağının Bəni-İsrailin başı üzərində necə dayanması məsələsinə gəlincə isə, onu qeyd etməliyik ki, bu barədə bir neçə ehtimal verilmişdir. Bəzi təfsirçilərin fikrincə, Allahın əmri ilə dağ yerindən qoparaq, sanki bir kölgəlik kimi onların başı üzərində qalmışdır. Başqa bir qrup təfsirçinin fikrincə, baş vermiş güclü zəlzələ nəticəsində Tur dağı elə lərzəyə gəlmişdir ki, dağın aşağısında olanlar onun yuxarı hissəsinin kölgəsini öz başları üzərində görmüş və elə bilmişlər ki, dağ istənilən an onların başına düşə bilər. Lakin Allahın lütfü sayəsində zəlzələ dayanmış, dağ öz yerində qalmışdır.
Belə bir ehtimal da verilmişdir ki, güclü zəlzələ və ildırım nəticəsində Allahın əmri ilə dağın böyük bir hissəsi yerindən qoparaq onların başının üstündən keçmişdir. Dağ parçasını bir neçə anlıq başları üzərində görüb başlarına düşəcəyini düşünmüşlər.
3\. Məcburi ǝhd-peymanın nə faydası var?
Bəzi təfsirçilər bu sualın cavabında qeyd etmişlər ki, Tur dağını Bəni-İsrailin başı üzərində saxlamaq onlarla məcburi şəkildə əhd- peyman bağlamaq üçün deyil, onları hədələmək məqsədi güdmüşdür. Lakin bu sətirlərin müəllifi olaraq hesab edirik ki, inadkar insanları haqqa boyun əyməyə məcbur etmək üçün hədələməyin heç bir eybi yoxdur. Müvəqqəti olan bu təhdid onların təkəbbürünü sındırıb onları düzgün düşünməyə, Allahın qoyduğu yolu ixtiyari şəkildə getməyə vadar edir. Bir sözlə, bu təhdid əhd-peymanın praktiki yönünə aid olmuşdur. Onun etiqadi yönünə gəldikdə isə bunda məcburiyyətin heç bir faydası olmaz.
4\. Tur dağı.
Burada Tur dağının xüsusi bir isim, yoxsa "dağ” mənasını bildirən ümumi isim olması barədə iki fikir mövcuddur. Bəzi təfsirçilərin fikrincə, Tur Musanın (ə) vəhyi qəbul etdiyi dağın adıdır. Bəziləri isə bu sözün xüsusi bir dağ deyil, ümumiyyətlə, dağ mənasını bildirdiyini qeyd etmişlər. Necə ki “Əraf” surəsinin 171-ci ayəsində eyni məzmunu ifadə edən ayədə "Tur" sözünün əvəzinə (dağ) sözü verilmişdir:
((Xatırlayın) dağı onların başı üstünə kölgəlik kimi qaldırdığımız zaman...)
5\. (Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun!
"İmam Sadiq (ə) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun!" cümləsinin təfsiri ilə əlaqədar olaraq verilmiş "Möhkəm deyildikdə fiziki cəhətdən nəzərdə tutulmuşdur, yoxsa mənəvi cəhətdən?" sualının cavabında belə buyurmuşdur: "Hər ikisi".
Bu, bütün səmavi dinlərin ardıcılları üçün, həm də bütün dövrlərə aid bir göstərişdir. Belə ki dini ayinlərin öyrənilməsi və qorunması üçün həm fiziki, həm də mənəvi cəhətdən səfərbər olmaq lazımdır.