65\. Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var. Biz də onlara: "Qovulmuş meymunlar olun!" - dedik.
66\. Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik.
Ayələrin təfsiri.
Şənbə gününün günahkarları.
Bu iki ayə də əvvəlki ayələrdə olduğu kimi, yəhudilərin günah və itaətdən boyun qaçırmaq ruhiyyəsində olduğunu, maddiyyata həddən artıq bağlandığını göstərir. İlk öncə belə deyilir: "Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var. Biz də onlara: "Qovulmuş meymunlar olun!" - dedik". Ardınca isə belə buyurulur: "Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik”.
Burada söylənilən əhvalatın xülasəsi ondan ibarətdir ki, Allah- taala yəhudilərə şənbə günü tətil edərək iş görməməyi tapşırmışdı. Onların bir qisminə dəniz kənarında yaşadığına görə şənbə günü balıq ovlamamaq göstərişi verilmişdi. Lakin şənbə günü balıqlar digər günlərlə müqayisədə suyun üzünə daha çox çıxırdı. Bunu görən yəhudilər hiyləyə əl atıb şənbə günü balıq ovlayırlar. Allah-taala da onları bu itaətsizliyə görə cəzalandırıb meymunlara döndərdi.
Onların metomorfoz cəzasına məruz qalmasının (insan şəklindən çıxıb meymuna çevrilməsi) fizioloji, yoxsa mənəvi xarakter daşıması, bu qövmün harada yaşaması və hansı hiyləyə əl atması kimi məsələlər haqqında, inşallah, kitabın altıncı cildində - "Əraf" surəsinin 163-166-cı ayələrində ətraflı məlumat verəcəyik.
Ayədəki "Qovulmuş meymunlar olun!" cümləsi bu prosesin dərhal baş verdiyinə işarədir. Yəni onlar bir andaca insan şəklindən çıxıb meymuna çevrilmişlər.
Burada diqqətçəkən məqamlardan biri həm İmam Muhəmməd Baqir (ə), həm də İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdir. Həmin hədisdə deyilir ki, ayədəki "ma bəynə yədəyhə" ifadəsində o dövrdə yaşamış insanlar, "mə xəlfəhə" ifadəsində isə biz müsəlmanlar nəzərdə tutulmuşuq. Yəni bu əhvalat təkcə Bəni-İsrail üçün deyil, bütün insanlar üçün bir ibrət dərsi olmuşdur.