Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 31
Ali-İmran surəsi, 48 və 49-cu ayələr
Ali-İmran surəsi, 48 və 49-cu ayələr
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ .٤٨
وَرَسُولًا إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَى بِإِذْنِ اللَّهِ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٤٩
Ayələrin tərcüməsi
48\. Ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək.
49\. Və (onu) İsrail övladına peyğəmbər (təyin edəcək). (İsa onlara deyəcək:) "Mən Rəbbiniz tərəfindən sizə nişanə gətirmişəm. Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar. Allahın iznilə anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm. Əgər imanınız olsa, heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır.
Ayələrin təfsiri.
Həzrət İsanın (ə) digər xüsusiyyətləri.
Həzrət İsanın (ə) əvvəlki ayələrdə bəyan edilən dörd xüsusiyyətinin (dünya və axirətdə şan-şöhrətli olmaq, Allah dərgahına yaxınlardan olmaq, beşikdə danışmaq, layiqli və əməlisalehlərdən olmaq) ardınca bu ayədə hər biri bir neçə sifəti özündə ehtiva edən digər iki xüsusiyyətinə işarə edilib.
Əvvəl buyurur: "Ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək".
Ayə əvvəlcə ümumi şəkildə kitab və hikmətin (elmin) öyrədilməsinə işarə edir, sonra kitab və hikmətin iki bariz nümunəsinin, yəni Tövrat və İncilin adını çəkir.
Allah tərəfindən bəşəriyyətə rəhbər təyin edilmiş şəxslər ilk növbədə kifayət qədər elmə malik olmalı, özləri ilə dinamik və qurucu din və qanunlar gətirməlidirlər.
Sonra özünün Allahla əlaqəsini sübut edən aydın dəlillər təqdim edir və bu iki vasitə ilə insanları doğru yola istiqamətləndirmək missiyasını təsbit edir. Sözügedən ayələrdə bu iki mənaya işarə edilib.
Birinci ayədə Həzrət İsanın (ə) elm, hikmət və səmavi kitabından danışılır, ikinci ayədə isə onun bir neçə möcüzəsinə işarə edilir.
Sonrakı ayədə belə buyurur: “Və (onu) İsrail övladına peyğəmbər (təyin edəcək).
İlk baxışda bu cümlədən Həzrət İsanın (ə) ancaq həmin vaxt müxtəlif xurafatlara, əxlaqi və etiqadi çirkinliklərə, kəskin ixtilaflara düçar olmuş İsrail övladlarını dəvət etmək üçün göndərildiyi nəticəsinə gəlmək olar. Bu, Həzrət İsanın “ulul-əzm” olması ilə ziddiyyət təşkil etmir. Çünki "ulul-əzm" peyğəmbər yeni dinə malik peyğəmbərdir və onun missiyasının cahanşümul olub-olmamasının fərqi yoxdur. ("Nurus- səqələyn” təfsirində də Həzrət İsanın (ə) missiyasının İsrail övladlarında məhdudlaşması barədə hədis nəql edilib.)
Lakin bəzi təfsirçilərin nəzərincə, Həzrət İsanın (ə) dəvəti ancaq İsrail övladlarına aid olmayıb, cahanşümul olub. Hərçənd ki İsrail oğulları onun hidayət etməli olduğu şəxslərin arasında ilk sırada olublar.
Mərhum Əllamə Məclisi "Biharul-ənvar" kitabında "ulul-ǝzm" termini barədə bəzi hədislər nəql edib. Onlardan həmin peyğəmbərlərin dəvətinin cahanşümul olması məlum olur!
Ayə daha sonra buyurur: "Mən Rəbbiniz tərəfindən sizə nişanə gətirmişəm”.
O, bir deyil, bir neçə nişanə gətirib. (Buna görə də (ayətin) sözündəki "tənvin" həmin nişanənin bir olmasını deyil, əzəmətli olmasını bəyan etmək üçündür.)
Sonra buyurur: "Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar”.
Sözügedən ayədə Həzrət İsanın (ə) möcüzələrini izah edərkən əvvəlcə Allahın əmri ilə cansız varlıqlara həyat verilməsinə işarə edilib. Dünyada varlıqlara tədrici həyat vermək qeyri-adi iş deyil. Çünki hal- hazırda mövcud olan canlı varlıqların hamısı su və torpaqdan yaranıb.
Möcüzə Allah-taalanın min və ya milyon illər ərzində baş verən amilləri bir yerdə toplaması və quş şəklində olan bir heykəlin sürətlə canlı varlığa çevrilməsidir. Bu, həmin möcüzəni gətirən şəxsin təbiət xarici ilə əlaqədə olmaq iddiasının və Allahın sonsuz qüdrətinin nişanəsi ola bilər.
Sonra ikinci möcüzəyə, yəni adi halda çox çətin müalicə edilən və ya ümumiyyətlə əlacı olmayan xəstəliklərin müalicə edilməsinə toxunaraq buyurur: "Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldaram".
Bunlar həmin dövrün insanları, xüsusilə təbib və alimləri üçün inkaredilməz möcüzə olub.
Üçüncü mərhələdə başqa bir möcüzəyə işarə edərək buyurur: "Və Allahın iznilə ölüləri dirildərəm”.
Bu, bütün əsr və zamanlarda möcüzə və xariqüladə iş hesab edilir.
Dördüncü mərhələdə insanların gizli iş və sirlərindən xəbər vermək məsələsinə toxunur. Çünki hər bir kəsin şəxsi həyatında başqalarının bilmədiyi sirlər var. Əgər kimsə əvvəldən heç bir məlumatı olmadan insanların yediyi və ya evdə yığdığı şeylər barədə dəqiq məlumat versə, bu, onun qeyb aləmindən ilham almasının göstəricisidir. Həzrət İsa (ə) buyurur: "Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm”.
Sonra bu möcüzələrin hamısına işarə edərək buyurur: “Əgər imanınız olsa (və həqiqət axtarsanız), heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır.
İncəliklər:
1\. Həzrət İsanın (ə) möcüzələri qeyri-adi olubmu?
Bəzi təfsirçilər (məsələn, “Əl-Mənar” təfsirinin müəllifi) Quranın Həzrət İsa (ə) barəsində nəql etdiyi möcüzəvi işləri fərqli yozmaqda israrlıdırlar. Məsələn, onlar deyirlər ki, İsa (ə) Allahın əmri ilə belə işlər görə bilməsini iddia edib, amma heç vaxt həmin işləri görməyib. Lakin bu ayədə həmin ehtimalı verməyin mümkün olduğunu fərz etsək belə, “Maidə” surəsinin 110-cu ayəsi barədə - “palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdüyün.....” — əsla belə bir ehtimal vermək mümkün deyil. Çünki Allahın İsaya (ə) verdiyi nemətlərdən biri onun palçıqdan quş düzəltməsi, ona üfürməsi və Allahın izni ilə həmin quşun dirilməsi olub.
Bundan əlavə, bu kimi yozumlara təkid və israr etməyin heç bir dəlil və əsası yoxdur. Çünki məqsəd peyğəmbərlərin gördüyü qeyri- adi işləri inkar etməkdirsə, Quran bu məsələyə dəfələrlə təkid edib.
Tutaq ki, biz onların bir və ya bir neçəsini yozduq, bəs yerdə qalanlar nece olacaq?
Biz Allahı təbiət qanunlarına tabe deyil, hakim hesab edirik. Belǝ olan halda, adi təbiət qanunlarının istisnai hallarda Onun əmri ilə dəyişməsində və qeyri-adi yollarla bəzi hadisələrin baş verməsində nə problem ola bilər?
Əgər onlar bunun Allahın “feili tövhid” sifəti, yaradan olması və şərikinin olmaması ilə ziddiyyət təşkil etdiyini güman edirlərsə, Quran bunun cavabını verib. Çünki bu hadisələrin hamısı hər yerdə Allahın izni ilə şərtlənib. Yəni heç kəs öz gücünə arxalanaraq və Allahın əmri və Onun sonsuz qüdrətindən yardım diləmədən belə işlər görə bilməz. Bu, şirk deyil, tövhidin özüdür.
2\. "Tǝkvini vilayət”.
Sözügedən ayədən və ona bənzər digər ayələrdən belə məlum olur ki, Allahın elçiləri və övliyaları Onun əmri və izni ilə yaradılış aləminə müdaxilə edə və ənənəvi hal və təbii qaydaya zidd işlər görə bilərlər. Çünki birinci şəxsin təkində qeyd edilmiş “sağaldıram” və "ölüləri dirildirəm" kimi ifadələr bu işlərin peyğəmbərlərin özü tərəfindən edilməsinə dəlalət edir. Onları peyğəmbərlərin duası kimi yozmaq və onların işinin başqa şey deyil, yalnız həmin işlərin gerçəkləşməsi üçün dua etməkdən ibarət olduğunu demək əsassız yozumdur. Çünki həmin ifadələrin zahirindən onların yaradılış aləminə müdaxilə etdikləri və həmin işləri gördükləri məlum olur.
Lakin kiminsə peyğəmbərlərin və Allah övliyalarının həmin işləri görməkdə müstəqil olmasını, yaradılış sistemi qarşısında “dəsgah qurmalarını” təsəvvür etməməsi, yaradılışda hər hansı şirk ehtimalının aradan qalxması üçün bu ayələrin bir neçə yerində “Allahın iznilə” ifadəsi işlədilib. (Sözügedən ayədə iki dəfə, “Maidə” surəsinin 110-cu ayəsində dörd dəfə "Mənim iznim ilə” ifadəsi təkrar edilib.) Dini terminologiyada işlənən “təkvini vilayət”in də mənası budur. Yəni peyğəmbərlər və imamlar lazım və zərurət olanda Allahın izni ilə yaradılış aləminə müdaxilə edirlər. Bu, “təşrii vilayət”dən, yəni insanlara rəhbərlik etməkdən, qanunların icra edilməsindən, insanların doğru yola dəvət edilməsi və istiqamətləndirilməsindən üstün bir mərhələdir.
Allah adamlarının “təkvini vilayət”ini inkar edənlərin və onu bir növ şirk sayanların cavabı da deyilənlərdən məlum olur. Çünki heç kəs peyğəmbər və imamların Allah qarşısında müstəqil işgörmə qabiliyyətinə inanmır. Onlar bu işlərin hamısını Allahın əmri va icazəsi ilə həyata keçirirlər.
"Təkvini vilayət”i inkar edənlər: “Peyğəmbərlərin işi ancaq Allahın hökmlərini təbliğ etmək və insanları Allaha tərəf dəvət etməkdir; peyğəmbərlər bəzən də yaradılışa aid işlər barəsində duadan istifadə ediblər; onların əlindən bundan artıq iş gəlmir" deyirlər. Halbuki sözü-gedən ayə və digər ayələr bundan başqa şey deyir.
Həmçinin peyğəmbərlərin möcüzələri Allahın əmri və istəyi ilə gerçəkləşsə də, onların çoxu peyğəmbərlərin özü tərəfindən yerinə yetirilib. Əslində, belə demək olar ki, möcüzə həm peyğəmbərlərin işidir (çünki onların özü tərəfindən yerinə yetirilir), həm də Allahın işi. Çünki onlar Allahın qüdrətindən yardım almaqla və Onun izni ilə gerçəkləşir.
3\. Bu ayədə "Allahın izni” ifadəsi bir neçə dəfə təkrar edilib ki, İsanın (ə) tanrı olması iddiası edənlərin bəhanəsi qalmasın və insanlar onu tanrı hesab etməsinlər. Həmin ifadənin qeybdən xəbər vermək məsələsində təkrar edilməməsinin səbəbi məsələnin aydınlığına görədir.