Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 34

Ali-İmran surəsi, 55-ci ayə

Ali-İmran surəsi, 55-ci ayə



إِذْ قَالَ اللَّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ .٥٥


Ayənin tərcüməsi



55\. (Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram və səni kafirlərdən pak edirəm. Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm. Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm!"

Ayənin təfsiri.



İsanın Allaha tərəf qayıtması.

Bu ayə də Həzrət İsanın (ə) həyatına aid ayələrin davamıdır. İslam təfsirçiləri arasında "Nisa" surəsinin 157-ci ayəsinə istinad edilərək məşhur olan nəzər Həzrət İsanın (ə) əsla öldürülmədiyi və (yəhudilərin bəzi xəyanətkar xaçpərəstlərlə birlikdə hazırladığı məkrli plandan xilas olaraq) Allah tərəfindən qeybə çəkilməsidir.

Hərçənd ki xaçpərəstlər mövcud incillərə istinad edərək onun öldürüldüyünü, dəfn edildiyini, sonra ölülərin arasından qalxıb bir müddət yer üzündə yaşadığını və sonra da göyə qalxdığını deyirlər.

Sözügedən ayə də bunu bəyan edərək buyurur: “(Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram”.

Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (mutəvəffikǝ) sözünün kökünün (vəfat) sözü olduğunu güman edirlər. Buna görə də onlar bu ayənin müsəlmanlar arasında Həzrət İsanın (ə) ölməməsi və diri olması barəsindəki məşhur nəzərlə ziddiyyət təşkil etdiyini düşünürlər.

Lakin bu, onların güman etdiyi kimi deyil. Çünki ərəb dilində (faut) sözünün mənası “əldən çıxmaq"dır. Lakin (təvəffa) sözünün kökü (vəfa) sözüdür və onun mənası bir şeyi “təkmilləşdirmək”dir. Əhd-peymana əməl edilməsinə (vəfa) deyilməsinin səbəbi də verilən vədin təkmilləşdirilməsi və sona çatdırılmasıdır. Həmçinin ərəblər alacağı olan şəxsin qarşı tərəfdən alacağını tam almasına (təvəffa dəynəhu) deyirlər. (təvəffa) sözü Quran ayələrində də dəfələrlə “almaq” mənasında işlədilmişdir. Məsələn, buyurur:

"Gecə (yuxuda) ikən sizi (sizin ruhunuzu, canınızı) alan, gündüz isə nə etdiyinizdən xəbərdar olan Odur".

Bu ayədə yuxu barəsində (təvəffa) sözü “ruh və canın alınması" mənasında işlədilmişdir. Bu məna "Zumǝr" surəsinin 42-ci, həmçinin Quranın digər ayələrində də işlədilmişdir. (təvəffa) sözü bəzən “ölüm” mənasında da işlədilib və (mutəvəffa) sözünün mənası “ölü"dür. Lakin həmin yerlərdə də o, “ölüm” mənasında deyil, “ruhun təhvil alınması” mənasındadır. Ümumiyyətlə, (təvəffa) sözündə “ölüm” mənası yoxdur və (faut) sözü ilə (vəfa) sözü bir-birindən tam fərqlidir.

Deyilənləri nəzərə aldıqda sözügedən ayənin və Allah-taalanın “ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram” kəlamının mənası tam aydın olur. (Əgər (təvəffa) sözünün mənası yalnız “ruhun alınması” olsa, o, fiziki ölüm ilə nəticələnir.)

Sonra buyurur: “Və səni kafirlərdən pak edirəm". Bu paklıqda məqsəd ya murdar və imansız insanların əlindən, ya da onun dininin qalib gəlməsindən sonra yaranan nalayiq böhtan və məkrli planlardan xilas olmaqdır. “Fəth" surəsinin 1 və 2-ci ayələrində İslam Peyğəmbəri (s) barəsində belə oxuyuruq:

"Biz sənə aydın bir qələbə verdik ki, Allah sənə aid edilən əvvəlki və sonrakı günahları bağışlasın”.

Yəni səni keçmişdə nisbət verdikləri və gələcək üçün də zəmin yaratdıqları günahlardan pak etsin.

Ola da bilər ki, onun pak edilməsində məqsəd Həzrət İsanın (ə) həmin kirli mühitdən çıxarılması olsun.

Daha sonra buyurur: "Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm”.

Bu, Allah tərəfindən Həzrət İsaya (ə) və onun davamçılarına verilən müjdədir. Allah-taala bu müjdəni onların tutduqları yola inamlarının artması üçün verir. Bu ayə Quranın möcüzəvi və qeyb xəbəri verən ayələrindəndir. Buyurur ki, İsanın (ə) davamçıları həmişə, o Həzrətə qarşı çıxan yəhudilərdən üstün olacaqlar.

Biz bunun canlı şahidiyik. Yəhudi və sionistlər xaçpərəstlərin dəstəyi olmadan öz siyasi-ictimai həyatlarını hətta bir gün belə davam etdirə bilməzlər. Burada "kafirlərdən" deyilərkən Həzrət İsaya (ə) kafir olmuş yəhudilər nəzərdə tutulur.

Ayənin sonunda buyurur: "Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm!”

Yəni deyilən qələbələr bu dünyaya aiddir, son mühakimə və əməllərin nəticəsinin əldə edilməsi isə axirətdə olacaq.

İncəlik:



İsanın (ə) dini dünyanın sonuna kimi qalacaqmı?

Bu ayədən yəhudilərlə xaçpərəstlərin Qiyamətə kimi dünyada mövcud olacaqları və bu iki dinin həmişə öz həyatını davam etdirəcəyi məlum olur. Halbuki biz Həzrət Məhdinin (ə) zühuru barəsindəki hədislərdən o Həzrətin bütün dinləri öz nüfuzu altına alacağını oxuyuruq. (Bu iki mənanı bir-biri ilə necə uzlaşdırmaq olar?)

Əslində, həmin hədislərə diqqət etsək, bu sualın cavabı aydın olar. Çünki biz Həzrət Məhdinin (ə) zühuruna aid hədislərdə oxuyuruq ki, şəhər və çöllərdə tövhidin daxil olmadığı bir ev qalmayacaq. Yəni İslam rəsmi din olaraq bütün dünyanı əhatə edəcək və hakimiyyət vahid İslam hökuməti olacaq, dünyada İslam qanunlarından başqa qanunlar işləməyəcək. Buna baxmayaraq, Həzrət Məhdinin (ə) hakimiyyəti altında azlıq təşkil edən yəhudi və xaçpərəstlərin “zimmə əhli” şərtləri çərçivəsində yaşamasında bir problem yoxdur. Çünki Həzrət Məhdi (ə) insanları zorla İslama sövq etməyəcək, əksinə, məntiqlə hərəkət edəcək. O, güc və silahdan ədalətin bərqərar olunması, zalım hökumətləri devirmək və dünyanı İslamın ədalət bayrağı altına daxil etmək üçün istifadə edəcək, bu dini məcbur qəbul etdirmək üçün yox. Əgər belə olmasa, azadlıq və ixtiyarın mənası olmaz.