56\. "Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlǝrǝ) gəldikdə onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur!"
57\. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevmaz!
58\. Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır.
Ayələrin təfsiri.
Həzrət İsanın (ə) davamçılarının və düşmənlərinin aqibəti Birinci və ikinci ayələr Həzrət İsaya (ə) əvvəlki ayələrdə davamçı və düşmənləri barəsində edilmiş xitabın davamıdır.Üçüncü ayə isə Həzrət Peyğəmbərə (s) xitabdır.
Birinci ayədə insanların Allahın hüzuruna dönəndən və Allah insanların arasında hökm çıxarandan sonra cərgələrin ayrılacağı buyurulur: “Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlərə) gəldikdə onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur!”
Bu ayədə onlara axirət əzabından əlavə, bu dünyada da şiddətli əzab verilməsinə işarə edilmişdir. Bu əzab kafirləri, haqq-ədalət düşmənlərini əhatə edəcək və heç kəs onları himayə etmək qüdrətinə malik olmayacaq.
Sonra ikinci dəstəyə işarə edərək buyurur: “İman gətirib yaxşı İşlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tamamilə verəcəkdir”.
Sonra bir daha təkid edir: “Allah zülm edənləri sevməz!"
Kafirlərin aqibətinin möminlərdən əvvəl qeyd edilməsinin səbəbi Həzrət İsaya (ə) kafir olanların çoxluq təşkil etməsidir.
Həmçinin birinci ayədə dünya əzabına işarə edilməsindən kafirlərin (burada məqsəd yəhudilərdir) elə bu dünyada da şiddətli cəzalara düçar olacaqları məlum olur. Yəhudi xalqının tarixi bu iddianın canlı şahididir.
Birinci ayədə onların ancaq küfrünə işarə edilib, lakin ikinci ayədə imanla saleh əməl birlikdə qeyd edilib. Bu, küfrün təklikdə ilahi ǝzaba səbəb olmasına, imanın isə təklikdə ilahi nemətlərdən kamil bəhrələnmək üçün yetərli olmamasına, saleh əməlin də lazım olmasına işarədir. Həmçinin “Allah zülm edənləri sevməz!" cümləsi sanki geniş mənada “zülm” sözünün küfr və pis əməllərin bütün növlərini ehtiva etməsinə işarədir. Şübhəsiz, zalımları sevməyən Allah bəndələrinə əsla zülm etməyəcək və onların əməlinin qarşılığını kamil şəkildə verəcək.
Əvvəlki ayələrdə Həzrət İsanın (ə) hekayətini və onun macəralı tarixçəsinin bir hissəsini nəql edəndən sonra sonuncu ayədə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır".
Quran ayələri olaraq sənə nazil olan bu sözlər puçluq və xurafatdan tam uzaqdır. Halbuki başqaları bu böyük peyğəmbərin hekayətini uydurma əfsanə, xurafat və bidətlə qarışdırıblar.