Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 36
Bəqərə surəsi, 83-86-cı ayələr
Bəqərə surəsi, 83-86-cı ayələr
وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ .٨٣
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ .٨٤
ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .٨٥
أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ .٨٦
Ayələrin tərcüməsi
83\. (Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" - deyə ǝhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız.
84\. (Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” - deyə əhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz.
85\. Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşı bu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır.) Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdən qafil deyil.
86\. Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz.
Ayələrin təfsiri.
Əhdini pozanlar.
Bu surənin əvvəlki (40-cı və 63-cü) ayələrində Bəni-İsrailin əhd- peymanından söhbət açılsa da, bu barədə ətraflı danışılmamışdı. İndiki ayələrdə isə Allah-taala həmin əhd-peymanın bəzi maddələrini qeyd etmişdir. Onların əksəriyyəti (bəlkə də, hamısı) Allahın göndərdiyi dinlərin əsas qanunlarından sayılacaq maddələrdir. Çünki həmin qanunlar bütün səmavi dinlərdə bu və digər formada mövcud olmuşdur.
Allah-taala bu ayələrdə Bəni-İsraili həmin əhd-peymanı pozduqlarına görə çox sərt şəkildə tənqid etmiş, buna görə dünyada rüsvay olacaqlarını, axirətdə isə ağır əzaba məruz qalacaqlarını bildirmişdir.
Bəni-İsrailin özünün də etiraf etdiyi kimi, bu əhd-peymanda aşağıdakı bəndlər mövcud olmuşdur:
1) Tövhid və tək olan Allaha pərəstiş.
Sözügedən ayələrin ilk cümləsində məhz buna işarə edilmişdir: "(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin!” – deyə əhd-peyman aldıq".
2) Ata-anaya yaxşılıq etmək.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Valideynlərinizə yaxşılıq edin!” – deyə əhd-peyman aldıq".
3) Yaxın qohumlara, yetimlərə və yoxsullara yaxşılıq etmək "(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Yaxın qohum- larınıza, yetimlərə, yoxsullara yaxşılıq edin!" - deyə əhd-peyman aldıq”.
4) İnsanlarla xoş danışmaq.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “İnsanlarla xoş danışın!” – deyə əhd-peyman aldıq”.
5) Namaz qılmaq.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Namaz qılın!" - deyə ǝhd-peyman aldıq".
6) Zəkat vermək.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Zəkat verin!" - deyə əhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız”.
7) Bir-birinin qanını tökməmək.
"(Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin!" - deyə əhd aldıq.
8) Bir-birini yurdundan çıxarmamaq: "(Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizi yurdunuzdan çıxarmayın!" - deyə əhd aldıq".
9) Birinin döyüşdə əsir düşdüyü təqdirdə hamının əlbir olub onun azadlığı üçün fidyə verməsi
"Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz”.
Bəni-İsrail hamılıqla bu ǝhd-peymana şahidlik edərək onu təsdiqləmişdi: "Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz.
Lakin təəssüflər olsun ki, sonradan bu ǝhd-peymanın bütün maddələrini ayaq altına alıb pozdular: “Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşı bu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır”.
Bu hərəkətlərin hamısı Allah-taala ilə bağladıqları əhd-peymanın əksinə idi. Kimsə döyüşdə əsir düşüb onların yanına gəlsəydi, fidyə verǝrǝk onu azad etsələr də, əslində, onları ev-eşiklərindən çıxarmaq əvvəlcədən haram edilmişdi. Necə ola bilər ki, Tövratın əsirləri azad etməklə bağlı əmrinə tabe olursunuz, ancaq digər əmrlərinə tabe olmursunuz: "Məgər, siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdan qafil deyil”.
Deməli, Allah-taala gördüyünüz hər bir işi dəqiqliyi ilə bilir və sizdən onların sorğu-sualını çəkəcək.
Nəhayət, son ayədə yəhudilərin bu yaramaz əməllərinin əsas səbəbi açıqlanır: "Onlar axirəti dünya həyatına satan kimsələrdir”. Bu səbəbdən axirətdə onlara veriləcək əzab heç vaxt yüngülləşməz və onların dadına çatan olmaz: "Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz”.
İncəliklər:
1\. Ayələrin tarixi izahı.
Bir çox tarixçilərin yazdığına görə, həm Bəni-Qüreyzə, həm də Bəni-Nəzir tayfası yəhudi tayfaları olmuşlar. Onlar bir-biri ilə yaxın münasibətdə olsalar da, dünya malından ötrü araları dəyir. Bəni-Nəzir Mədinə müşriklərindən olan Xəzrəc tayfası ilə, Bəni-Qüreyzə isə Ovs tayfası ilə müttəfiq olur. Mədinənin iki aparıcı qəbiləsi arasında baş verən döyüşlərdə bu iki yəhudi qəbiləsindən hər biri öz müttəfiqinə yardım edirdi. Döyüş başa çatdıqdan sonra isə hər iki yəhudi tayfası birləşib fidyə verərək əsir düşmüş üzvlərini azad edirdilər. Onlar bu işdə Tövratın hökmünə istinad edirdilər. Halbuki, əvvəla, həm Ovs, həm də Xəzrəc qəbiləsi müşrik olduğu üçün onlara kömək etmək düzgün deyildi. İkincisi, fidyə verib əsirləri azad etmək göstərişini vermiş Tövrat bir-birini öldürməmək göstərişini də vermişdi. Əvvəlki inadkar qövmlər kimi, yəhudilərin də bir-birinə zidd olan bu cür hərəkətləri kifayət qədər idi.
2\. Allahın hökmləri arasında fərq qoymaq və onun səbəbi Quran yəhudiləri Allahın hökmləri arasında fərq qoyduqları üçün çox sərt şəkildə tənqid edərək onları ən şiddətli cəza ilə hədələmişdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, yəhudilər Tövratın ikinci kiçik hökmlərinə əməl etdiyi halda, bir-birini öldürməmək, yurd-yuvalarından qovmamaq kimi mühüm hökmlərinə əməl etmirdilər. Onlar yalnız dünyəvi maraqlarına uyğun gələn hökmlərə əməl edirdilər. Öz mənafeləri naminə bir-birinin qanını tökməyə razı olurdular, lakin gələcəkdə bütünlüklə əsarət altında yaşamasınlar deyə, əsir düşmüş üzvlərini fidyə verməklə azad edirdilər.
İnsanın öz mənafeyinə xidmət edən göstərişlərə əməl etmək, əslində, Allahın əmrinə tabe olmaq demək deyil. Çünki bu işə əməl etməkdə məqsəd heç də Allaha itaət olmamışdır, sırf şəxsi mənafe güdülmüşdür. Müti ilə asi o vaxt tanınar ki, verilmiş əmr insanın şəxsi mənafeyinə zidd olsun. Məhz belə bir vəziyyətdə əmrə tabe olan insan mömin sayılar. Şəxsi mənafeyinə uyğun gəldikdə əmrə tabe olan, uyğun gəlmədikdə isə tabe olmayan şəxs həqiqi mömin deyil. Deməli, əmrlərin icrasında fərq qoymaq itaətsizlik, hətta bəzi hallarda imansızlıq deməkdir. Başqa sözlə desək, imanın təsiri o vaxt özünü göstərər ki, verilmiş əmr şəxsi mənafeyə zidd olduğu halda, insan ona əməl etsin. İnsanın şəxsi mənafeyinə uyğun olan dini göstərişlərə əməl etmək isə nə iftixar sayılar, nə də iman göstəricisi. Mömini münafiqdən məhz bu vasitə ilə ayırd etmək olar.
Quranın da qeyd etdiyi kimi, bu işin nəticəsi rüsvayçılıq, bədbəxtlik və zillətdir. Dinin yalnız maddi tərəfinə, o da şəxsi mənafeyinə uyğun gəldiyi təqdirdə əməl edən qövm gec-tez daha güclü bir qövmün əsarəti altına düşməli, şərəfini əldən verib rüsvay olmalıdır. Bu, məsələnin dünyəvi tərəfidir. Axirət cəhətinə gəldikdə isə Quran bildirir ki, belə insanları ən acınacaqlı əzab gözləyir. Əlbəttə, onu da vurğulamalıyıq ki, bu, təkcə Bəni-İsrailə xas olan bir cəhət deyil. Bütün insanlara, hətta bu gün biz müsəlmanlara da şamil olur. Dini göstərişlərə yalnız öz şəxsi maraqları çərçivəsində əməl edən o qədər insan var ki! Onların hamısını dünyada rüsvayçılıq, axirətdə isə ağır cəza gözləyir.
3\. Xalqların yaşamasına yönəlmiş proqram.
Bu ayələr Bəni-İsrailin barəsində nazil olsa da, əslində, bütün millətlər üçün önəmli olan bir sıra qanunları özündə əks etdirir. Burada millətlərin yaşaması, başını dik tuta bilməsi və məğlubiyyətə düçar olma amilləri qeyd edilmişdir. Quran baxımından millətlər yalnız o vaxt ayaq üstdə qala bilər ki, özünü ən böyük qüvvəyə aid etsin. Hər bir vəziyyətdə həmin qüvvədən kömək alsın. Bu qüdrət elə bir qüdrət olmalıdır ki, onda yoxluq mənası olmasın, həmişə var olsun. Yalnız onun qarşısında baş ǝysinlər. Əgər belə olarsa, həmin millət heç kimdən, heç nədən, heç bir qüvvədən qorxmayacaq. Bu qüvvə isə yalnız və yalnız Allahdır. (Allahdan qeyrisinə ibadət etməyin!)
Digər tərəfdən millətlərin əbədi yaşaması üçün cəmiyyətdəki fərdlərin bir-biri ilə sıx əlaqədə olması lazımdır. Bu isə o vaxt mümkün olar ki, insan ilk növbədə ona ən yaxın adamlar olan ata-anasına, sonrakı mərhələdə isə qohum-əqrəbasına, daha sonra cəmiyyətin bütün fərdlərinə qarşı yaxşı davransın. Belə olduqda hamı bir-birinə qol-qanad vermiş olacaq. Zəif və aztəminatlı şəxslərə daha çox qayğı göstərilməlidir ki, düşmənin hiylələrinə aldanıb onun tərəfinə keçməsinlər. "Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın!”
Hər hansı bir millətin yaşaması üçün zəruri sayılan işlərdən biri də maliyyə dayaqlarını gücləndirmək və təbəqələşməni aradan qaldırmaqdır. Bunun yollarından biri də zəkat ödəməkdir. (Zəkat verin!)
Xalqların süquta uğramasının amilləri.
Quran xalqların süquta uğramasının əsas səbəbini fərdlər arasındakı bağlılığın qırılması, keşməkeş və daxili ziddiyyətlərin əmələ gəlməsində görür. Bir-birinə dəstək olmaq əvəzinə bir-birinin qanını tökən, bir- birinin mal-dövlətinə, ev-eşiyinə sahib çıxmaq istəyən millət gec-tez süquta uğramalıdır. "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!”
Xalqların süquta uğramasının digər bir səbəbi isə qanunların icrasında ayrıseçkiliyə yol verilməsidir. Belə ki şəxsi mənafe ilə uyğun gələn qanuna əməl edilsin, uyğun gəlməyəninə isə əməl edilməsin, bu hal yolverilməzdir. "Məgər siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?”