Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 37
Bəqərə surəsi, 87-88-ci ayələr
Bəqərə surəsi, 87-88-ci ayələr
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ .٨٧
وَقَالُوا قُلُوبُنَا غُلْفٌ بَلْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَا يُؤْمِنُونَ .٨٨
Ayələrin tərcüməsi
87\. Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi?
88\. (Onlar istehza ilə) dedilər: "Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində,) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar.
Ayələrin təfsiri.
Örtülü qəlblər.
Bu ayələrdə də söhbətin Bəni-İsraildən getməsinə baxmayaraq, bir sıra ümumi meyarlar verilmişdir və bütün insanlara şamil ola bilər. Əvvəlcə belə deyilir: "Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik". Davud (ə), Süleyman (ə), Yuşə (ə), Zəkəriyya (ə) və Yəhya (ə) kimi peyğəmbərlər göndərdik. Sonra deyilir: "Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs ruhla qüvvətləndirdik”.
Lakin hər dəfə bu peyğəmbərlərdən biri gəldikdə onun dedikləri sizin nəfsinizin istəklərinə uyğun gəlmədiyi üçün ondan üz çevirdiniz: "Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi?”
Bundan əvvəlki #### Ayələrin təfsirini verərkən Allahın qanunlarının icrası zamanı ayrıseçkiliyə yol vermək məsələsində qeyd etdik ki, imanın meyarı bu və digər qanunun insanın şəxsi maraqları və istəyinə uyğun gəlmədiyi hallarda ona riayət etməkdir. Əgər qanun insanın şəxsi maraq və istəkləri ilə üst-üstə düşərsə, buna zatən imansız insan da əməl etmiş olur. Bunun elə bir dəyəri olmaz.
Bu ayədən o da başa düşülür ki, peyğəmbərlər öz vəzifələrini yerinə yetirərkən nəfsani istəklərin ardınca olan şəxslərin etirazına qətiyyən məhəl qoymamışlar. Belə də olmalıdır. Çünki düzgün rəhbərlik məhz bunu tələb edir. Əgər peyğəmbərlər öz göstərişlərini insanların nəfsani istəkləri ilə uyğunlaşdırmağa çalışsalar, onda bu, haqq yolunun yolçularının deyil, azğınların yolunu davam etdirmək sayılar.
Növbəti ayədə deyilir: "(Onlar istehza ilə) dedilər: "Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində,) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar”.
Bu ayǝ həm öz peyğəmbərlərini təkzib etmiş, bəzilərini isə qətlə yetirmiş yəhudilərin, həm də Həzrət Peyğəmbərin (s) dövründə yaşamış və o Həzrətin (s) dəvəti qarşısında olduqca inadkar mövqe tutmuş yəhudilərin barəsində ola bilər. İstənilən halda bu ayə onu göstərir ki, insan nəfsin istəklərinə uymaqla Allah dərgahından elə uzaqlaşır ki, axırda qəlbi də möhürlənir. Belə olduqda həqiqəti çox az anlayıb qəbul edər.
İncəliklər:
1\. Müxtəlif dövrlərdə peyğəmbərlərin vəzifələri.
Az öncə qeyd etdiyimiz kimi, nəfsinin istəklərinə uymuş kafirlər peyğəmbərlərin dəvətinin öz maraqları ilə uyğun gəlmədiyini görüb onlara qarşı çıxırdılar. Zaman keçdikcə peyğəmbərlərin təlimləri unudulurdu. Buna görə də bir-birinin ardınca peyğəmbərlər göndərilməli idi ki, bu təlimlər unudulmasın. "Muminun" surəsinin 44-cü ayəsində deyilir:
"Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik".
İmam Əli (ə) "Nəhcül-bəlağə" əsərindəki xütbələrindən birində peyğəmbərlərin göndərilməsinin hikmətini şərh edərkən belə buyurmuşdur:
"Allah-taala Öz peyğəmbərlərini insanlar üçün göndərmişdir ki, onlarla bağlanmış fitri ǝhd-peymanı və unutduqları nemətləri onlara xatırlatsınlar. Öz təbliğatları ilə höccəti tamamlasınlar və ağıllarda gizli qalmış xəzinələri üzə çıxarsınlar".
Deməli, müxtəlif dövrlərdə peyğəmbərlərin bir-birinin ardınca göndərilməsinin səbəbi o olmuşdur ki, onlar insanların fitri ǝhd- peymanını, unutduqları nemətləri onların yadına salsınlar, əvvəlki peyğəmbərlərin bu yolda çəkdiyi əziyyətlər puç olmasın.
İslam Peyğəmbərinin (s) sonuncu peyğəmbər olmasına və ondan sonra daha peyğəmbər olmayacağına gəldikdə isə, bu barədə, inşallah, "Əhzab” surəsinin 40-cı ayəsinin təfsirində ətraflı məlumat verəcəyik.
2\. Ruhul-qudus nədir və ya kimdir?
Böyük təfsirçilər Ruhul-qudus barəsində müxtəlif mülahizələr irəli sürmüşlər. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1) "Ruhul-qudus" dedikdə Həzrət Cəbrail (ə) nəzərdə tutulur. "Nəhl" surəsinin 102-ci ayəsi də bu ehtimalı təsdiqləyir:
"De: "Ruhul-qudus onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə, Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir".
Həzrət Cəbrailin (ə) "Ruhul-qudus" adlandırılmasının səbəbinə gəlincə isə, bunu bir tərəfdən, ümumiyyətlə, mələklərin ruhani bir varlıq olmaları ilə, digər tərəfdən də Cəbrailin (ə) müqəddəs bir mələk olması ilə əlaqələndirmək olar.
2) "Ruhul-qudus" İsanı dəstəkləyən qeybi bir qüvvə olmuşdur. O Həzrət (ə) Allahın izni ilə məhz həmin qeybi qüvvənin köməyi sayəsində ölüləri dirildərmiş. Ümumiyyətlə, bu qeybi qüvvə dərəcəsinin fərqi ilə azacıq da olsa, bütün möminlərdə vardır. Çətin anlarda, ibadətlərin yerinə yetirilməsində və günahdan uzaqlaşmaqda insanın dadına çatan məhz həmin qüvvədir. Təsadüfi deyil ki, bəzi şairlər öz şeirlərini məsum imamlar üçün oxuduqdan sonra İmam belə buyurmuşdur:
"Ruhul-qudus sənin dilinlə danışdı".
3) "Ruhul-qudus" dedikdə İncil nəzərdə tutulur.
Bu sətirlərin müəllifi olaraq ilk iki ehtimalın daha məqsədəuyğun olduğunu hesab edirik.
3\. Ruhul-qudus barəsində xaçpərəstlərin etiqadı "Müqəddəs kitab ensiklopediyası" əsərində deyilir: "Ruhul-qudus üç üqnumdan üçüncüsüdür. Onun "Ruh" adlandırılması həyatverici olması ilə, "qudus" adlandırılması isə əsas işlərindən birinin möminlərin qəlblərini təmizləmək (müqəddəsləşdirmək) olması ilə əlaqədardır. Onu Allaha və İsaya olan sonsuz bağlılığına görə Ruhullah və Ruhul-məsih də adlandırırlar".
Həmin kitabda Ruhul-qudus haqqında verilmiş digər bir izahda belə deyilir: "Bizə təskinlik verən Ruhul-qudusa gəlincə, o, həmişə bizi iman, düzgünlük və itaətə rəğbətləndirir. Günah və xəta içərisində çapalayan şəxsləri də məhz o dirçəldib müqəddəsləşdirərək Allah dərgahına layiq edir".
Diqqəti cəlb edən məqam bundan ibarətdir ki, "Müqəddəs kitab ensiklopediyası" əsərində iki mühüm mənaya işarə edilmişdir. Biri odur ki, Ruhul-qudus xaçpərəstlərin etiqadına müvafiq olaraq üç üqnumdan biri kimi təqdim edilmişdir. Digəri isə yuxarıda ikinci təfsirdə qeyd etdiyimiz kimi, Ruhul-qudus qeybi bir qüvvə mənasında verilmişdir.
4\. Xəbərsiz və örtülü qəlblər.
Mədinə yəhudiləri Həzrət Peyğəmbərin (s) təbliğatlarına qarşı çıxaraq onun dəvətini qəbul etməkdən boyun qaçırırdılar. İslamı qəbul etməmək üçün hər dəfə bir bəhanə gətirirdilər. Haqqında danışdığımız ayələrdə həmin bəhanələrdən birinə işarə edilmişdir. Yəhudilər deyirdilər ki, bizim qəlblərimiz örtülüdür, sənin dediklərini anlamırıq. Təbii ki, onlar bunu istehza ilə deyirdilər. Quran isə bildirir ki, küfr və nifaq nəticəsində onların qəlbi günah və zülmət pərdələri ilə örtülmüşdür. Allah-taala onları Öz mərhəmətindən uzaq salmışdır. Buna görə də onlardan çox az insan iman gətirər. Bu məsələyə "Nisa" surəsinin 155-ci ayəsində də toxunulmuşdur:
"Qəlblərimiz pərdə ilə örtülüb! (Peyğəmbərin söylədiklərini başa düşmürük!)" - dedikləri üçün (Allah dərgahından qovuldular). Bəli, küfrləri ucbatından Allah onların qəlblərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər".