Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 39
Bəqərə surəsi, 91-93-cü ayələr
Bəqərə surəsi, 91-93-cü ayələr
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٩١
وَلَقَدْ جَاءَكُمْ مُوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ .٩٢
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٩٣
Ayələrin tərcüməsi
91\. Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə, onlar: "Biz özümüzə göndərilənə inanırıq" - deyir, ondan başqasını inkar edirlər. Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir. (Onlara) söylə: "Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?"
92\. Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz.
93\. (Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): "Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!" Onlar isə: "Eşitdik, amma qarşı çıxdıq" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Onlara) de: "Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir!"
Ayələrin təfsiri.
Yəhudilərin irqi təəssübkeşliyi.
Bundan əvvəlki ayələrdə yəhudilərin Tövratda gələcəyinə vəd verilmiş peyğəmbərə qovuşmaq üçün çəkdiyi əziyyətlər, habelə paxıllıqları üzündən, yaxud həmin peyğəmbərin Bəni-İsraildən olmadığına və onların şəxsi mənafeyini təhlükə altına saldığına görə ona iman gətirməkdən boyun qaçırdığını oxuduq. Bu ayələrdə isə yəhudilərin bütün dünyada tanınan irqi təəssübkeşlik məsələsinə toxunularaq deyilir: "Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə onlar: "Biz özümüzə göndərilənə inanırıq" - deyir, ondan başqasını inkar edirlər”.
Yəhudilər nə İncilə, nə də Qurana iman gətirdilər. Onları yalnız öz irqi maraqları düşündürürdü. Halbuki bir haqq kitab olaraq Quranın nişanələri onların öz kitablarında da mövcuddur: "Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir”.
Bunun ardınca yəhudilərin yalanının üstü açılaraq deyilir ki, əgər sizin iman gətirməməyinizin səbəbi Həzrət Muhəmmədin (s) Bəni- İsraildən olmamasıdırsa, bəs nə üçün ondan əvvəlki peyğəmbərlərə iman gətirmir, onları öldürürdünüz? "Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz”.
Əgər yəhudilər, həqiqətən də, Tövrata inanırdılarsa, onda gǝrǝk peyğəmbərləri öldürməyəydilər. Çünki Tövrat insan öldürməyi haram bilmişdir. Ümumiyyətlə, onların "Biz özümüzə göndərilənə inanırıq" deməsi tövhid yolundan sapmadır. Bu da onların eqoistliyindən irəli gəlir. Bu, sadəcə olaraq şəxsi deyil, irqi eqoistlikdir. Tövhid dini məhz bu cür bəyənilməz xislətləri aradan qaldırmaq üçün gəlmişdir ki, insanlar bu və digər göstərişi sırf Allahın əmri olduğuna görə qəbul etsinlər. Başqa sözlə desək, Allahın göstərişlərini qəbul etməkdə yalnız özümüzə nazil olması şərt edilərsə, bu, iman deyil, şirk sayılar. Maraqlısı budur ki, sözügedən ayədə "Allahın nazil etdiklərinə inanın" deyilir. Burada nə Həzrət Muhəmmədin (ə), nə İsanın (ə), nə də Musanın (ə) adı çəkilmir.
Quran yəhudilərin yalanını tamamilə üzə çıxarmaq üçün növbəti ayədə onların əleyhinə daha bir faktı açıb ortaya qoyur: "Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz”.
Əgər siz yəhudilər "Biz özümüzə göndərilənə inanırıq" söyləməklə doğru deyirsinizsə, bəs onda nə üçün tövhidə dəlalət edəcək o qədər nişanə və möcüzə gəldikdən sonra buzova sitayiş etdiniz? Bu, necə imandır ki, Musa (ə) Tur dağına gedən kimi qəlbinizdən çıxır və Allahın əvəzinə buzova sitayiş etməklə siz yenidən şirkə üz tutursunuz? Siz bu işinizlə həm özünüzə, həm nəslinizə, həm də cəmiyyətinizə zülm etdiniz.
Nəhayət, bu hissənin son ayəsində yəhudilərin bu iddiasının yalan olduğuna dair əhd-peyman məsələsi bir daha qabardılaraq deyilir: "(Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): "Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!" Onlar isə: "Eşitdik, amma qarşı çıxdıq" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü”.
Şirk və dünyapərəstliyin nişanələrindən olan Samirinin qızılı buzovuna sevgi, sanki onların canına hopmuşdu. Buna görə də Allahı unutmuşdular. Axı bu, necə imandır ki, həm peyğəmbərləri öldürməyə, həm buzova sitayiş etməyə, həm də Allah-taala ilə bağlanmış əhd- peymanı pozmağa icazə verir? "(Onlara) de: "Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir”.
İncəliklər:
1\. “Eşitdik, amma qarşı çıxdıq" cümləsi yəhudilərin dildə dediyi bir cümlə olmamışdır. Onlar bunu öz əməlləri ilə də göstərmişlər. Bu, gündəlik həyatımızda da işlədilən gözəl kinayə üslubudur.
2\. "Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü" cümləsi də yəhudilərin vəziyyətini əks etdirən gözəl bir kinayədir. Rağib İsfahani "Mufrǝdatul-Quran” əsərində yazır: (əşrəbə) feili həm "dəvənin boynuna ip salmaq", həm də "suvarmaq" və ya "kiməsə su vermək" mənasında işlədilir. Birinci mənaya əsaslansaq, ayədən belə aydın olacaq ki, onların qəlbini möhkəm bir ip buzova bağlamışdı. İkinci mənaya əsaslansaq, onda (hubb-sevgi) sözü nəzərdə tutulacaq və ayənin mənası belə olacaq ki, Bəni-İsrail öz qəlbini Samirinin buzovunun sevgisi ilə suvarmışdı".
Ərəblərdə belə bir adət olmuşdur ki, nəyəsə həddən artıq sevgi və ya nifrət bildirmək istədikdə yuxarıdakı ifadəni işlədirdilər. Yeri gəlmişkən, bu ifadədən o da başa düşülür ki, Bəni-İsrailin belə yaramaz işlərinə təəccüb edilməməlidir. Çünki bu əməllərin hamısı onların şirk suyu ilə suvarılmış qəlbinin məhsuludur. Şirk suyu ilə suvarılmış qəlb isə, təbii ki, xəyanət, peyğəmbər öldürmək, günah və zülmdən başqa bir iş görməz. Bu işin əhəmiyyəti özünü o vaxt daha qabarıq şəkildə göstərir ki, yəhudilikdə insan qətlinin necə pis əməl sayıldığına diqqət yetirək. Yəhudilik dini bu işi o qədər böyük cinayət hesab etmişdir ki, nəyin bahasına olursa-olsun, qətl törədən şəxsə qarşı qisas tətbiq edilməli imiş. "Müqəddəs kitab ensiklopediyası" əsərində (səh.687) deyilir: "Yəhudilərdə qəsdən törədilmiş qətl o dərəcədə böyük cinayət sayılırmış ki, qatil müqəddəs ocaqlara da sığınsaydı, canını qurtara bilməzdi. O tutularaq qisas hökmü icra edilərdi”. Tövrata əsasən adi insanı öldürməyin əhəmiyyəti bu qədər böyük olmuşdur. İndi görün, Allahın göndərdiyi peyğəmbəri öldürməyin əhəmiyyəti nə dərəcədədir!