Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 4
Bəqərə surəsi, 3-5-ci ayələr
Bəqərə surəsi, 3-5-ci ayələr
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ .٣
وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ .٤
أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ .٥
Ayələrin tərcüməsi
3\. (Təqvalılar) o kəslərdir ki, qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər.
4\. O kəslər ki sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar.
5\. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır.
Ayələrin təfsiri.
Təqvanın insanın ruh və cismində təsiri.
Quran bu surənin əvvəlində insanları İslam dininin qayda-qanunlarını qəbul etmək baxımından üç fərqli dəstəyə bölmüşdür:
1\. Təqvalılar - Onlar İslamı bütün cəhətləri baxımından qəbul etmişlər.
2\. Kafirlər - Onlar birinci dəstənin tam əksidir. Öz küfrlərini etiraf edir, İslama qarşı açıq şəkildə mübarizə aparırlar.
3\. Münafiqlər - Onlar ikiüzlü insanlardır. Üzdə müsəlmanlarla bir olsalar da, İslamın düşmənləri ilə əlbirdirlər. Əslində, onların həqiqi siması küfrdür, sadəcə olaraq özlərini müsəlman kimi göstərirlər. Şübhəsiz ki, onların İslama olan ziyanı ikinci dəstənin ziyanından daha çoxdur. Buna görə də Quran onlara qarşı daha sərt mövqe tutmuşdur.
Yuxarıdakı üç dəstə təkcə İslam dininə xas olan bir məsələ deyil. Bütün dinlər və cərəyanlarda bu üç dəstə ilə qarşılaşmaq mümkündür. Belə ki özlərini bu və digər dinə, cərəyana mənsub bilən şəxslər ya, həqiqətən də, ona bağlıdırlar, ya açıq şəkildə ona qarşı çıxırlar, ya da ikiüzlülük edərək həmin din və yaxud cǝrǝyanın əleyhinə olduqları halda, özlərini onun ardıcılı kimi göstərməyə çalışırlar. Bu, təkcə keçmiş dövrdə deyil, bütün dövrlərdə olmuş və indi də belədir.
Haqqında danışacağımız ilk ayə təqvalı insanları tanıtdıraraq buyurur ki, onlar qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər.
Burada onların beş (qeybə iman, namaz, onlara verilən nemətlərdən Allah yolunda infaq etmək, bütün peyğəmbərləri qəbul etmək və axirətə iman) xüsusiyyətindən üçünə işarə edilmişdir. Aşağıda bu xüsusiyyətləri nəzərdən keçirək:
1\. Qeybə iman.
Bu ayədə qeybə iman təqvalıların ilk xüsusiyyəti kimi göstərilmişdir. Qeyb və aşkar bir-birinin əksidir. Aşkar hissə qapalı olmayan, qeyb isə hissə qapalı olan aləmdir. "Qeyb" sözünün leksik mənası “örtülü, gizli olan" deməkdir. Hissə qapalı olan şeylər də hissiyyatımızdan gizli olduğu üçün qeyb aləmi adlanır. Quranda deyilir:
"O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O, rəhman və rəhimdir".
Qeybə iman mömini qeyri-mömindən fərqləndirən başlanğıc nöqtədir. Bu mənada səmavi dinlərin ardıcılları dini inkar edənlərdən seçilirlər. Möminlər maddi aləmi aşaraq özlərini bir növ onun dörd divarından çıxarırlar. Onlar bu geniş baxışları ilə bu dünyanın fövqündə duran daha böyük bir aləmlə ünsiyyət qururlar. Onlara qarşı çıxanlar isə insanı heyvan kimi yalnız bu dörd divar arasında saxlamağa çalışır və bu bataqlıqda çapalamağı sivilizasiya, inkişaf, tərəqqi adlandırırlar. Bu iki dəstənin baxış tərzini bir-biri ilə müqayisə etdikdə görürük ki, möminlər qeybə inanırlar. Onların fikrincə, dünya bizim hiss edib gördüklərimizdən daha böyükdür. Bu dünyanı yaradan Uca Allah sonsuz elm və qüdrətə malikdir, əbədi və əzəlidir. Dünyanı olduqca dəqiq hesablamalar üzərində yaratmışdır. İnsanlar aləmində ruh onları heyvanlardan tamamilə fərqləndirir. Ölüm heç də yox olmaq mənasına deyil. O, insanın təkamül prosesində keçəcəyi bir yol olub, insanı daha geniş bir dünyaya aparır. Materialist yönümlü insanlar isə dünyanı gözlə görə bildiyimiz və təbii elmlərin sübut etdiyi məhdud bir çərçivəyə sığışdırırlar. Onların fikrincə, dünya heç bir düşünülmüş plana əsaslanmayan təbiət qanunları tərəfindən yaradılmışdır. Dünyanı yaradan bu qüvvənin hətta körpə bir uşaq qədər də ağıl və şüuru yoxdur. Bəşər təbiətin bir parçasıdır. Ölüm hər şeyin sonudur. İnsan öldükdən sonra onun bədən üzvləri parçalanır, yenidən təbiət maddələrinə qarışır. İnsan üçün qətiyyən əbədilik anlayışı yoxdur. İnsanla heyvan bir- birindən elə də fərqlənmir.
Belə fərqli düşüncələrə malik iki insanı bir-biri ilə müqayisə etmək olarmı? Onların həyatı və cəmiyyətdəki davranışı eyni ola bilərmi? Birincisi haqq, ədalət, xeyirxahlıq və başqalarına yaxşılıqdan vaz keçə bilməz. İkincisi isə sadalanan işlər üçün heç bir əsas görmür. O, bütün diqqətini yalnız bu dünya həyatına yönəldir. Buna görə də həqiqi möminlər arasında təmizlik, paklıq və qardaşlıq, materialist düşüncələrin hakim kəsildiyi aləmdə isə imperializm, istismar, qarət hökm sürür. Sözügedən ayədə qeybə imanın təqvanın başlanğıc nöqtəsi kimi göstə- rilməsinin səbəbi də məhz budur. “Qeybə iman” dedikdə bunun yalnız Allah-taalanın müqəddəs zatına, yoxsa daha geniş məfhum kəsb edərək vəhy, axirət aləmi, mələklər, ümumiyyətlə, hissə qapalı olan hər şeyə şamil olması təfsirçilər arasında mübahisəli məsələlərdəndir. Qeybə iman təqvalı insanlarla kafirləri bir-birindən fərqləndirən başlanğıc nöqtə olduğundan belə başa düşülür ki, burada qeyb daha geniş mənada nəzərdə tutulmuşdur. Üstəlik, ayədə bu söz mütləq - heç bir qeyd-şərti olmadan verilmişdir. Əhli-beytdən (ə) nəql edilmiş bəzi hədislərdə sözügedən ayədəki "qeyb" kəlməsinin indi də sağ olan və qeybdə yaşayan on ikinci İmama (ə.f) aid olması fikrinə gəlincə, bunun yuxarıda dediyimizlə heç bir ziddiyyəti yoxdur. Çünki bir qədər sonra qeyd edəcəyimiz kimi, hədislərdə qeybin müxtəlif mənalara yozulması onun ayrı-ayrı nümunələrinə işarə edir. Bu, o demək deyil ki, qeyb yalnız konkret bir hədisdə deyilən mənadadır. Həmin hədislər sadəcə olaraq qeybə imanın necə geniş məna kəsb etdiyini açıqlamaqla yanaşı, hətta qeybdə olan İmama (ə.f) inanmağa da şamil olunur. O da istisna edilmir ki, qeybin geniş mənaya malik olması gələcəkdə onun digər nümunələrini də meydana çıxartsın.
2\. Allah-taala ilə ünsiyyət.
Haqqında danışılan ayənin ikinci cümləsi təqvalı insanların başqa bir xüsusiyyətinin namaz qılmaq olduğunu bildirir. Allah-taala ilə ünsiyyət sayılan namaz qeyb aləminə inanan təqvalı insanları yaradılışın mənbəyi ilə daimi əlaqədə saxlayır. Onlar yalnız Allah qarşısında baş əyir, yalnız Ona təslim olurlar. Buna görə də bütlərin, istismarçıların, hegemonların qarşısında əyilmək onlara yaddır. Belə insanlar mənəvi cəhətdən bütün məxluqatdan daha yuxarı qalxdığını hiss edib Allah- taala ilə ünsiyyət qurmaq şərəfinə layiq olurlar. Bu, onların yetişdirilməsində önəmli rol oynayır. Belə ki gün ərzində ən azı on dəfə Allahın hüzurunda dayanıb Onunla razü-niyaz edən şəxsin düşüncəsi də, danışığı da, əməli də Allaha xas olur. Belə bir insan (təbii ki, Allah- taala ilə səmimi-qəlbdən razü-niyaz etdiyi halda) necə Onun istəyinə qarşı çıxa bilər?
3\. İnsanlarla ünsiyyət.
Sözügedən ayənin üçüncü cümləsi təqvalı insanların Allah-taala ilə daimi ünsiyyətlə yanaşı, bəndələrlə də mütəmadi olaraq əlaqə qurduğunu açıqlayır. Buna görə də Quran onların üçüncü xüsusiyyəti barədə belə buyurur: "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər”.
Diqqətçəkən məqamlardan biri də məhz budur: Quran buyurmur ki, onlar öz mallarından infaq edirlər, buyurur ki, onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən infaq edirlər. "Nemətlər"in bu cür ümumiləşdirilməsi həm maddi, həm də mənəvi nemətlərə şamil olur. Bu nöqteyi-nəzərdən təqvalı insanlar o şəxslərdir ki, təkcə mal-dövlətləri ilə deyil, eyni zamanda elm, ağıl, fiziki güc, ictimai mövqeləri ilə də başqalarına fayda verirlər. Özü də bu işlərinə görə heç kimdən heç nə ummurlar.
İnfaq etmək yaradılış aləmində, xüsusilə də hər bir canlının bədənində ümumi bir qanundur. İnsanın ürəyi təkcə özü üçün döyünmür. Özündə olandan bədəninin bütün hüceyrələrinə paylayır. Eləcə də beyin, ağciyər və digər üzvlər də öz funksiyasından başqa orqanlara infaq edir. Ümumiyyətlə, kollektiv yaşayışda infaqsız həyat mümkün deyil.
İnsanlarla ünsiyyət Allah-taala ilə ünsiyyətin nəticəsidir. Allahla ünsiyyət qurmuş və "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər" cümləsinin tələbinə uyğun olaraq bütün nemətlərin Allah tərəfindən ona verildiyini bilən insan yaxşı başa düşür ki, Allah-taala bu nemətləri müvəqqəti olaraq ona əmanət vermişdir. Belə düşüncəyə malik insan həmin nemətlərdən başqalarına da sərf etməkdən nəinki narahat olmur, əksinə, sevinir. Çünki Allahın nemətlərini Onun Öz bəndələrinə verməklə bu işin maddi və mənəvi nəticələrini əldə edir. Bu düşüncə tərzi insanın ruhunu xəsislik və paxıllıqdan təmizləyir, ona həmkarlıq duyğusunu aşılayır. Belə olan halda hamı çalışır ki, Allahın verdiyi nemətlərdən ehtiyacı olanlara sərf etsin. Necə ki günəş heç nə ummadan öz işığından hamıya pay verir. Maraqlıdır ki, İmam Sadiq (ə) hədislərindən birində "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər" cümləsini belə izah etmişdir: "Bunun mənası odur ki, onlara öyrətdiyi- miz elmləri başqalarına öyrətməklə onu yayırlar".? Bu hədisin mənası o demək deyil ki, infaq təkcə elmə aiddir. Sadəcə olaraq "infaq" deyilərkən insanlar əsasən maddi yardımları başa düşdüyündən İmam Sadiq (ə) bu hədisdə mənəvi infaqı da qeyd etməklə onun daha geniş məna kəsb etdiyini nəzərə çatdırmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən ayədə infaq təkcə vacib və ya həm vacib, həm də müstəhəb zəkata şamil olmur. Ümumiyyətlə, heç bir qarşılıq ummadan edilən bütün infaqlar bura aiddir.
3\. Bütün peyğəmbərlərə iman.
Növbəti ayədə təqvalı insanların daha iki xüsusiyyətinə toxunulmuşdur. Bunlardan biri bütün peyğəmbərlərə imandır. Ayədə deyilir ki, "onlar sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar.”
Onlar peyğəmbərlər və peyğəmbərlərin təlimləri arasında qətiyyən fərq qoymur, peyğəmbərlərin hamısını bir-birinin ardınca gələrək bəşəriyyətin təkamülü yolunda insanları məqsədə çatdırmağa çalışan bələdçilər kimi qəbul edirlər. Səmavi dinlərin hamısının əsas prinsiplərinin məhz insanlar arasında bağlılıq olduğunu gördükləri üçün dinləri təfriqə vasitəsi hesab etmirlər. Bu düşüncəyə malik insan ruhunu hər cür təəssübkeşlikdən təmizləyir və bütün peyğəmbərlərin insanların hidayəti üçün gətirdiklərini qəbul edir, tövhid yolunun bələdçilərinin hamısına hörmətlə yanaşır. Əvvəlki peyğəmbərlərin göstərişlərinə iman gətirməklə dinlərin təkamül silsiləsinin sonuncu halqası sayılan Həzrət Muhəmmədə (s) iman gətirmək heç də ziddiyyət təşkil etmir. Əks təqdirdə təkamül yolunda geriyə addım atılmış olacaq.
5\. Axirətə iman.
Axirətə iman təqvalıların bu ayələrdə verilmiş sonuncu xüsusiyyəti kimi göstərilmişdir. Onlar tam əminliklə inanırlar ki, insan əbəs yerə yaradılmamışdır. Həyat ölümlə başa çata bilməz. Əgər həyat yalnız bir neçə günlük bu dünyadan ibarət olarsa, onda bu insanın yaşayışı mənasız olar.
Təqvalı insan etiraf edir ki, Allah-taalanın mütləq ədaləti hamını gözləyir və bu dünyadakı əməllərimiz nəticəsiz (mükafatsız və ya cəzasız) qala bilməz. Bu düşüncə ona rahatlıq verir. Öhdəsinə düşən məsuliyyətləri yerinə yetirmək yolunda çəkdiyi əziyyətlər onu nəinki narahat etmir, əksinə, daha da xoş gəlir. Hadisələr qarşısında möhkəm dağ kimi dayanır. Haqsızlıqlara qarşı mübarizə aparır. Bütün varlığı ilə inanır ki, ən kiçik yaxşı və ya pis əməl də əvəzsiz qalmayacaq. Öldükdən sonra zərrə qədər də haqsızlıq olmayan daha böyük bir dünyaya gedərək Allah-taalanın sonsuz mərhəmətindən bəhrələnəcək.
Axirətə iman maddi aləmi aşıb daha böyük bir aləmə qədəm qoymaqdır. Sanki bu dünya həmin aləmin əkin tarlasıdır. İnsan orada necə davranacağını bu dünyada öyrənir. Bu dünya insanın son məqsədi deyil, son məqsəd qarşıdadır. Bura sadəcə həmin məqsədə çatmaq üçün bir müqəddimədir. Bu dünya həyatı, sanki körpənin ana bətnində keçirdiyi müddətə bənzəyir. Həmin müddət heç də insanın əsas məqsədi deyil. Körpənin əsas məqsədi bu dünyaya gəlməkdir. Ana bətnindəki müddət isə bu dünyaya gəlmək üçün bir müqəddimə, keçid dövrüdür. Lakin həmin dövrü salamat şəkildə başa vurmasa, bu dünyada istədiyi kimi xoşbəxt yaşaya bilməz.
Axirətə iman insanların tərbiyəsində olduqca böyük rola malikdir. Bu iman insana dözüm, iradə, ruh yüksəkliyi bəxş edir. Çünki axirətə inanan şəxs üçün iftixarın ən uca zirvəsi müqəddəs bir amal uğrunda şəhid olmaqdır. O, imanlı şəxsin əbədi həyatı üçün bir başlanğıcdır.
Axirətə iman insanı günahlardan uzaq olmağa səsləyir. Başqa ifadə ilə desək, günahlarımızla Allaha və axirətə iman tərs mütənasibdir. İman nə qədər güclü olarsa, günahlar bir o qədər azalar. "Sad" surəsinin 26-cı ayəsində Allah-taala Davud (ə) peyğəmbərə xitabən belə buyurmuşdur:
“...Nəfsin istəyinə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir".
Hesablaşma (axirət) gününü unutmaq bütün günahların mənbəyi, günahlar isə şiddətli əzabın səbəbidir.
Haqqında danışılan sonuncu ayə qeyd etdiyimiz beş xüsusiyyətə malik təqvalı insanların aqibətinə işarə edərək buyurur: "Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır". Bu, o deməkdir ki, onların hidayət olunması və səadətə qovuşacağına Allah-taala tərəfindən zəmanət verilmişdir. Ayənin orijinalındakı (öz Rəbbi tərəfindən) ifadəsi də məhz buna işarə edir." (öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar) ifadəsi onu çatdırır ki, sanki ilahi hidayət onları məqsədə doğru aparan rahat bir minikdir. (Bunu "əla" ön qoşmasının "üzərində olmaq" mənasını verməsindən də başa düşmək olar.) Üstəlik, (hüdən) sözünün qeyri-müəyyənlikdə verilməsi Allah tərəfindən olan hidayətin həddən artıq əzəmətini çatdırır, yəni onlar həddən artıq böyük hidayətə qovuşmuşlar. (Nicat tapanlar da onlardır) cümləsinə gəldikdə isə ərəb dilinin üslubiyyatından xəbəri olanlar başa düşürlər ki, burada inhisar mənası nəzərdə tutulmuşdur. Yəni səadətə çatmağın yeganə yolu məhz beş xüsusiyyəti özündə cəmləmiş bu dəstənin tutduğu yoldur.
İncəliklər:
1\. İman və əməldə sabitqədəm olmaq.
Təfsirini verdiyimiz ayələrdə işlədilmiş feillərin hamısı “ويُقِيمُون َوَيُؤْمِنُونَ” feilləri) indiki zamanda verilmişdir. İndiki zaman feilinin adətən işin davamlı olmasını çatdırmasından belə başa düşülür ki, təqvalı insanlar gördüyü işlərdə sabitqədəmdirlər. Həyatın eniş-yoxuşları onların ruhiyyəsinə, düşüncəsinə təsir etmir. Onlar işin başlanğıcında haqqı sevmək ruhiyyəsinə malik olduğu üçün Quranın dəvətini qəbul edir. Quranın ardınca getmək isə sadalanan beş xüsusiyyəti onlarda formalaşdırır.
2\. Təqva nədir?
“təqva” sözü “viqayəh” kökündən olub, “qorumaq” mənasını bildirir. Başqa sözlə desək, təqva insanı nəfsani istəklərin qarşısında qoruyan, nəzarətdə saxlayan daxili bir qüvvədir. O, sanki insanı uçuruma düşməkdən qoruyan əyləc rolunu oynayır. Buna görə də Əmirəlmöminin Əli (ə) təqvanı günahlar qarşısında möhkəm bir qalaya bənzətmişdir: "Ey Allahın bəndələri, bilin ki, təqva alınmaz bir qaladır". Hədislərdə və eləcə də alimlərin kəlamlarında təqva üçün müxtəlif bənzətmələr qeyd edilmişdir. Başqa bir yerdə Əmirəlmöminin Əli (ə) belə buyurmuşdur:
"Təqva - sahibinin minib yüyənini əlində saxladığı və onu Cənnətə aparan bir minikdir". Bəziləri təqvanı tikanlıqdan keçərkən tikanlar batmasın deyə, ətəyini qaldıran və ayaqlarını yerə yavaşca qoyan şəxsin vəziyyətinə bənzətmişlər. Abdullah ibn Mötəzz bunu nəzmə çəkmişdir. Şeirin məzmunu belədir:
Günahın həm böyüyündən, həm də kiçiyindən uzaq dur. Budur təqva!
Tikanlıqdan keçərkən addımlarını ehtiyatla atan şəxs kimi ol! Kiçik günahlara kiçik gözlə baxma, unutma ki, dağlar da xırda daşlardan ibarətdir.
Bu bənzətmədən o da məlum olur ki, təqva insanın özünü bir kənara çəkərək guşənişinlik etməsi demək deyil, cəmiyyətin içində olub günahlardan qorunmaqdır. İstənilən halda təqva Allaha və axirətə imanın ən gözəl nəticəsi olub, İslamda insanın üstünlük meyarı hesab edilir. Təsadüfi deyil ki, Quranın buyurduğu "Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır)" cümləsi İslamın şüarına çevrilmişdir. İmam Əli (ə) buyurmuşdur: "Təqva hər bir bağlı qapının açarı, axirət azuqəsi, şeytanın köləliyindən azadlıq və bütün bədbəxtliklərdən qurtuluşdur"? Onu da nəzərə almalıyıq ki, təqvanın maddi, iqtisadi, cinsi, ictimai, siyasi və bu kimi müxtəlif növləri vardır.