Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 40
Bəqərə surəsi, 94-96-cı ayələr
Bəqərə surəsi, 94-96-cı ayələr
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ .٩٤
وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ .٩٥
وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ .٩٦
Ayələrin tərcüməsi
94\. (Onlara) de: "Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!"
95\. Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları tanıyır.
96\. Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən. (Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (ilahi) əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür.
Ayələrin təfsiri.
Özündənrazı dəstə.
Quranda yəhudilərin barəsində deyilənlərdən əlavə, tarixi mənbələrdən də belə məlum olur ki, onlar özlərini digər xalqlardan üstün hesab etmişlər. Elə təsəvvür etmişlər ki, Cənnət də məhz onlar üçün yaradılıb, Cəhənnəm odu onlara elə də təsir etməyəcək. Onlar özlərini Allahın övladları və yaxın dostları hesab etmişlər. Bir sözlə, yaxşı insanların sahib ola biləcəyi hər şeyi özlərinə aid etmişlər. Dediklərimiz yəhudilər barəsindəki bir çox ayələrdə öz əksini tapmışdır. "Maidə" surəsinin 18-ci ayəsində onların dilindən belə deyilir:
"Biz Allahın övladları və (xüsusi) dostlarıyıq". "Bəqərə" surəsinin 111-ci ayəsində deyilir:
"(Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək".
Həmin surənin 80-ci ayəsi isə belədir:
"(Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" - dedilər".
Bu cür yanlış təsəvvürlər bir tərəfdən onları zülm, haqsızlıq və digər günahlara cəsarətləndirir, digər tərəfdən isə onları özündən razı salırdı.
Haqqında danışacağımız ayələrdə Allah-taala yəhudilərə çox qəti cavab verǝrǝk buyurur: "(Onlara) de: "Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!"
Məgər siz yəhudilər Allahın dərgahına qovuşub Onun tükənməz nemətlərindən faydalanmaq istəmirsiniz? Məgər öz məhbubunuzun görüşünə tələsmirsiniz? Yəhudilər "Cənnət bizə məxsusdur”, “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" kimi sözləri ilə müsəlmanları İslam dininə qarşı pessimist olmağa səsləyirdilər. Quran isə onların bu cür yalan iddialarının üzərindən pərdəni götürür. Onlar heç vaxt dünyadan əl çəkməyə razı olmazlar. Bu isə onların öz iddialarında yalançı olduğunu göstərən ən aşkar sübutdur. Əgər, doğrudan da, insan axirət dünyasına bağlı olarsa, daha nə üçün dünyaya bu qədər rəğbəti olmalı, dünya malından ötrü bu qədər günahlar etməlidir?
Allah-taala növbəti ayədə əlavə edərək buyurur: "Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalimları tanıyır”.
Bəli, yəhudilər əməl dəftərlərində hansı əməllərin olduğunu çox yaxşı bilirdilər. Təbii ki, Allah da onların əməllərindən xəbərdar idi. Yəhudilər axirət dünyasının onlar üçün, əslində, əzab-əziyyət yurdu olacağını bildiklərinə görə heç vaxt oranı arzulamazdılar.
Sonuncu ayədə yəhudilərin dünyaya həddən artıq hərisliyinə toxunularaq deyilir: "Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən”.
Yəhudilər həm sərvət toplamağa, həm dünyanı əldə etməyə, həm də hər şeyin yalnız onların olmaq istəyinə hərisdirlər. Onlar hətta sərvət toplamaqda heç nədən çəkinməyən müşriklərdən də daha hərisdirlər. Dünyaya və dünya malına o qədər hərisdirlər ki, hər biri min il yaşamaq istər. Lakin nə qədər uzun ömür sürsələr də, yenə Allahın əzabından qurtara bilməyəcəklər: "(Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (ilahi) əzabdan uzaqlaşdırmaz". Əgər Allahın onların əməllərindən xəbərsiz olduğunu düşünürlərsə, səhv edirlər, çünki Allah onların nə etdiyini görür: “Allah onların nə etdiklərini görür."
İncəliklər:
1\. "Min il" ifadəsi.
Qeyd etmək lazımdır ki, ayədəki “min il” ifadəsində konkret olaraq min il nəzərdə tutulmayıb. Bu ifadə sadəcə uzun müddət yaşamaq istəyini bildirən qeyri-müəyyən bir rəqəm kimi nəzərdə tutulmuşdur. Bəzi təfsirçilərin fikrincə, bu ayələrin nazil olduğu dövrdə min rəqəmi ərəblərin fikrində ən böyük rəqəm sayılırmış. Mindən daha böyük rəqəmlərin isə müəyyən bir adı olmamışdır. Buna görə də min rəqəmi çoxluğu bildirən ən böyük rəqəm olmuşdur.
2\. "Yaşamaq" ifadəsi.
Bəzi təfsirçilərin fikrincə, ayənin ərəbcə orijinalındakı (yaşamağa) ifadəsinin qeyri-müəyyənlikdə verilməsi alçaltma məqsədi güdür. Yəni yəhudilər bu dünyaya o qədər hərisdirlər ki, hətta bu dünyadakı ən bədbəxt həyatı da axirət həyatından üstün tuturlar.
3\. İrqçilərin cinayətləri.
Şübhə yoxdur ki, dünyada baş vermiş bir çox müharibələrin, qırğınların kökündə irqi baxımdan üstünlük qazanmaq dayanmışdır. Xüsusilə də ən çox insan tələfatı ilə nəticələnmiş birinci və ikinci dünya müharibələrinin əsas səbəbi almanların (və ya nasistlərin) irqçilik ideologiyası olmuşdur.
Dünyadakı irqçi millətlərin cədvəlini tərtib etməli olsaq, şübhəsiz, yəhudilər ilk sıralarda yer alacaqlar. Onlar hətta Musa (ə) peyğəmbərin dinini də yalnız özlərinə məxsus hesab edirlər. Qeyri-yəhudi xalqının hər hansı bir nümayəndəsi bu dini qəbul edərsə, bu, onlar üçün elə də maraqlı olmayacaq. Buna görə də öz millətindən başqa millətlərin arasında dini təbliğatla məşğul olmurlar. Yəhudilərin bu tərzi-təfəkkürü dünya xalqlarında onlara qarşı nifrət hissi yaratmışdır. Çünki insanlar özlərini başqa xalqlardan üstün hesab edən milləti sevmirlər. Ümumiyyətlə, irqçilik də şirkin bir qoludur. Buna görə də İslam dini irqçiliyə qarşı çıxmış, bütün insanların bir atadan, bir anadan (Adəm ilə Həvvadan) yaradıldığını söyləyərək üstünlük meyarının yalnız təqva olduğunu bildirmişdir.
4\. Ölümdən qorxmağın səbəbləri.
İnsanların böyük əksəriyyəti ölümdən qorxur. Görəsən, bunun səbəbi nədir? Araşdırdıqda məlum olur ki, ölümdən qorxmaq aşağıdakı iki amildən biri ilə bağlıdır:
1-Bir çoxları ölümü puç olmaq kimi başa düşürlər. Məlum məsələdir ki, insanda puçluğa qarşı qorxu hissi olur. Ölümü də yoxluq kimi qəbul etsək, insan ölümdən də qorxacaq. Hətta həyatın ən şirin anlarında belə nə vaxtsa bu dünya həyatının sona çatacağı barədə düşünmək dünyanın şirinliyini zəhərə çevirir.
2-Ölümü yoxluq kimi deyil, yeni və əbədi bir həyatın başlanğıcı hesab edən insanlar etdikləri günahlara görə ondan qorxurlar. Çünki ölüm onları öz pis əməllərinin cəzasına yaxınlaşdırır. Buna görə də cəzadan bacardıqları qədər uzaq olmağa çalışırlar. Haqqında danışdığımız ayə məhz ikinci dəstəyə işarə edir.
Allahın göndərdiyi peyğəmbərlər bir tərəfdən insanların qəlbində ölümdən sonrakı əbədi həyata iman yaratmış, digər tərəfdən isə onlardan ölümdən qorxu hissini uzaqlaşdırmış, ölümü onların gözündə əsl anlamında - axirət həyatına bir müqəddimə kimi göstərmişlər. Üçüncü bir tərəfdən isə insanları yaxşı əməllər görməyə dəvət etmişlər ki, pis əməllərin ucbatından ölümdən qorxmaq fikri də onların ağlından çıxsın. Buna görə də imanlı insanlar bu dünya həyatının başa çatmasından qətiyyən qorxmurlar.