Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 40
Ali-İmran surəsi, 65-68-ci ayələr
Ali-İmran surəsi, 65-68-ci ayələr
يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ أَفَلَا تَعْقِلُونَ .٦٥
هَا أَنْتُمْ هَؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ .٦٦
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ .٦٧
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ .٦٨
Ayələrin tərcüməsi
65\. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərir (hər biriniz onu öz dininin davamçısı kimi təqdim edir)siniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir, məgər düşünmürsünüz?
66\. Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?! Allah bilir, siz bilməzsiniz!
67\. İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis tǝkallahlı müsəlman idi və şərik qoşanlardan deyildi.
68\. İnsanların İbrahimə ən layiq olanı ona tabe olanlar, bu Peyğəmbər və ona iman gətirənlərdir. (Onlar hər kəsdən layiqlidirlər.) Allah möminlərin vəlisi və hamisidir!
Ayələrin nazilolma səbəbi.
Yəhudi alimləri və Nəcran xaçpərəstləri Həzrət Peyğəmbərin (s) yanında Həzrət İbrahim (ə) barəsində mübahisə edir, yəhudilər onun yalnız yəhudi, xaçpərəstlər isə onun ancaq xaçpərəst olduğunu deyirdilər. (Onların hər biri özünə böyük imtiyaz qazanmaq üçün Həzrət İbrahimin (ə) onlardan olduğunu iddia edirdi. Çünki Allahın əzəmətli peyğəmbərlərindən olan Həzrət İbrahim (ə) bütün dinlərin davamçıları arasında əzəmətli şəxsiyyət kimi tanınırdı.) Həmin vaxt sözügedən ayələr nazil oldu və onların əsassız iddialarını təkzib etdi.
Ayələrin təfsiri.
Kitab əhlinin Həzrət İbrahim (ə) barəsindəki söhbətləri Əvvəlki ayələrin davamı olaraq bu ayələrdə kitab əhlinə xitab edərək buyurur: "Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərirsiniz? (Hər biriniz onu öz dininin davamçısı kimi təqdim edirsiniz?) Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir (o, Musa (ə) və İsadan (ə) əvvəl yaşayıb), məgər düşünmürsünüz?”
Heç əvvəl yaşamış peyğəmbərin özündən sonrakı dinə tabe olması ağlabatandırmı?
Sonrakı ayədə onları başqa yolla məzəmmət edərək buyurur: “Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?”
Yəni siz məlumatınız olan dininiz barədə danışıb mübahisə etdiniz, hətta həmin bəhslərdə necə böyük səhvlərə yol verdiyinizin, həqiqətdən nə qədər uzaq düşdüyünüzün şahidi oldunuz. (Əslində, sizin elminiz mürəkkəb cəhalət idi.) Belə olan halda, məlumatınız olmayan şey barəsində necə mübahisə edir, tarixlə uzlaşmayan sözlər danışırsınız?! Sonra öncə qeyd edilən məsələyə təkid etmək və onları sonrakı bəhslərə hazırlamaq üçün buyurur: “Allah bilir, siz bilməzsiniz!”.
Əlbəttə, Öz dinini İbrahimə (ə) nə vaxt nazil etdiyini O bilir, sonrakı dövrlərdə yaranmış, məlumatı və sübutu olmadan bu barədə hökm çıxaran sizlər isə yox!
Sonra həmin iddiaçılara tam təkidlə cavab verərək buyurur: "İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis təkallahlı müsəlman idi”.
Ayənin ərəbcə orijinalında işlənmiş (hənifən) sözünün kökü (hənəf) sözüdür və onun mənası "bir şeyə meyil göstərən şəxs və ya şey"dir. Quran terminologiyasında onun mənası “batil dinlərdən haqq dinə meyil göstərən şəxs"dir.
Allah-taala burada Həzrət İbrahimi (ə) “hənif” sifəti ilə vəsf edir. Çünki o, təqlid və təəssübkeşlik pərdələrini yırtaraq bütpərəstliyə qərq olmuş zaman və mühitdə heç vaxt bütə səcdə etməyib. Cahiliyyət dövrünün bütpərəstləri də özlərini İbrahimin hənif dininə mənsub hesab edirdilər. Hətta yəhudi və xaçprəstlər onlara “hünəfa” (həniflər) deyirdilər. (Beləcə, bu söz əsl mənasına tam əks olan mənada işlədilmiş və bütpərəstliyin sinoniminə çevrilmişdi.) Allah-taala Həzrət İbrahimi (ə) “hənif və müsəlman” adlandırdıqdan sonra “o, şərik qoşanlardan deyildi” ifadəsini işlədir ki, İbrahimlə (ə) bütpərəstlər arasında hər hansı əlaqənin olmasını inkar etmiş olsun.
Sual:
Əgər biz İbrahimi (ə) Musa (ə) və İsanın (ə) davamçısı hesab edə bilməsək, şübhəsiz, müsəlman da hesab edə bilmərik. Çünki o, İslamın və Həzrət Peyğəmbərin (s) zühurundan min illər əvvəl yaşayıb. Belə olan halda, nə üçün Quran onu “müsəlman” kimi təqdim edib?
Bu sualın cavabı öncə qeyd etdiyimiz məqama diqqət edəndə aydın olur. Belə ki Quran terminologiyasında (muslim) sözü məxsus olaraq İslam Peyğəmbərinin (s) davamçıları mənasında işlədilmir. "İslam" geniş mənada Haqqın əmri müqablində təslim olmaq, kamil tövhid və hər hansı şirk və bütpərəstlikdən uzaq olmaqdır. İbrahim (ə) də bunun bayraqdarı olub.
Beləliklə, İbrahim (ə) bu dinlərin heç birinin davamçısı olmayıb. Görəsən, kimlər İbrahimin (ə) məktəbi ilə əlaqə və bağlılıqlarını özləri üçün iftixar mənbəyi saya bilərlər? Başqa sözlə desək, insan özünü necə bütün ilahi din davamçılarının əzəmətlə yad etdiyi bu böyük peyğəmbərin davamçısı hesab edə bilər?
Sözügedən ayələrin sonuncusunda bu mənaya işarə edərək buyurur: "İnsanların İbrahimə ən layiq olanı ona tabe olanlar, bu Peyğəmbər və ona iman gətirənlərdir”.
Buna görə də müxtəlif din mənsublarının Həzrət İbrahimlə (ə) əlaqələrinin olmasını sübut etmək üçün qeyd etdiyi qohumluq və ya etnik yaxınlıq heç bir dəyərə malik deyil. Peyğəmbərləri sevmək və onlara yaxınlıq yalnız Allaha iman və onların əqidə məktəbinin ardınca getməklə olur. Həqiqi bağlılıq da əqidə vasitəsi ilə olan bağlılıqdır və bu məsələdə həmin şəxslərin onunla eyni zamanda yaşamaları ilə ("ona tabe olan") sonra yaşayıb ("bu Peyğəmbər və ona iman gətirənlər”) sədaqət nümayiş etdirmələrinin fərqi yoxdur.
Kitab əhli özünün şirk etiqadı ilə Həzrət İbrahimin (s) dəvətinin ən əsas prinsipini, yəni tövhidi ayaq altına atmışdı. Həmçinin ərəb büt- pərəstlər Həzrət İbrahimin (ə) dininin tam əks qütbündə dayanmışdı. Belə olan halda, onlar özlərini necə Həzrət İbrahimin (ə) davamçısı hesab edə bilərlər?!
Həzrət İbrahimə (ə) ən yaxın şəxs İslam Peyğəmbəri (s) və o Həzrətin İslamın əsas prinsipləri və əməli göstərişlərinə sadiq qalan davamçılarıdır.
Ayənin sonunda Allah böyük peyğəmbərlərin həqiqi davamçılarına müjdə verərək buyurur: “Allah möminlərin vəlisi və hamisidir!”.
İncəlik:
Ən mühüm bağlılıq əqidə bağlılığıdır.
Sözügedən ayədə dolayısı ilə insanların arasında ən üstün bağlılığın əqidə bağlılığı olması bəyan edilib. Çünki Allahın övliyaları ilə ancaq bu yolla əlaqə yaratmaq mümkündür. Buna görə də heç kəs bu yoldan başqa yolla İslam Peyğəmbəri (s) və məsum İmamlarla (ə) əlaqə yaratdığını iddia edə bilməz.
Bu məsələyə hədislərdə də toxunulub. İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində belə oxuyuruq:
"İnsanların peyğəmbərlərə ən layiqlisi onların göstərişlərinə ən çox əməl edənlərdir”. İmam (ə) daha sonra sözügedən ayəni oxuyaraq buyurub: "Muhəmmədin (s) dostu Allahın əmrinə tabe olandır, hətta əsil-nəsəb baxımından ondan uzaq olsa belə; Muhəmmədin (s) düşməni Onun itaətindən çıxandır, hətta onun yaxın qohumu olsa belə”.