Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 41
Bəqərə surəsi, 97-98-ci ayələr
Bəqərə surəsi, 97-98-ci ayələr
قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ .٩٧
مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ .٩٨
Ayələrin tərcüməsi
97\. (Onlar deyirlər: "Sənə vəhyi nazil edən mələk Cəbrail olduğuna görə və biz onunla düşmən olduğumuza görə sənə iman gətirmirik".) De: "Cəbrailə düşmən olan (əslində, Allaha düşməndir). (Çünki) o, Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir".
98\. Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir.
Ayələrin nazilolma səbəbi.
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra (yəhudi alimlərindən olan) İbn Suriya Fədək yəhudilərindən bir neçə nəfərlə birlikdə o Həzrətin (s) yanına gəlib müxtəlif suallar verir, onun peyğəmbərliyinə dəlalət edən nişanələr istəyirlər. Onun verdiyi suallardan biri də o Həzrətin (s) yatması ilə bağlı idi. Soruşurlar ki, ey Muhəmməd, sən necə yatırsan? Bizim gəlişinə vəd verilmiş peyğəmbərin necə yatması barədə müəyyən məlumatlarımız var. Həzrət Peyğəmbər (s) onların cavabında buyurur: "Gözlərim yuxuya getsə də, qəlbim oyaq qalır". Yəhudilər deyirlər ki, doğru deyirsən, ey Muhəmməd. Bir neçə sual verdikdən sonra İbn Suriya deyir ki, bircə sual qaldı, əgər ona da doğru cavab versən, sənə iman gətirəcəyik. De görək, sənə nazil olan vəhy mələyinin adı nədir? Həzrət Peyğəmbər (s) cavab verir ki, onun adı Cəbraildir. İbn Suriya bunu eşitdikdə deyir ki, o, cihad haqqında çətin göstərişlər gətirdiyi üçün bizim düşmənimizdir. Mikail isə həmişə asan göstərişlər gətirmişdir. Əgər sənə nazil olan vəhy mələyi Mikail olsaydı, iman gətirərdik.
Ayələrin təfsiri.
Bəhanə axtarışında olan millət.
Yuxarıdakı ayələrin nazilolma səbəbini araşdırdıqda yəhudilərin bəhanə axtarışında olduğu bir daha göz önündə canlanır. Onlar Musa (ǝ) peyğəmbərin dövründən başlayaraq Həzrət Muhəmmədin (s) də dövrü daxil olmaqla bütün zamanlarda öhdələrinə düşən məsuliyyət yükündən azad olmaqdan ötrü bəhanə axtarmaqda davam etmişlər.
nin Diqqət yetirdiyiniz kimi, bu ayələrdə yəhudilər yeganə bəhanə kimi Həzrət Peyğəmbərə (s) nazil olan vəhy mələyinin Cəbrail (ə) olmasını və onun çox çətin göstərişlər gətirdiyi üçün yəhudilərin düşməni olduğunu göstərmişlər. Guya vəhy mələyi Mikail (ə) olsaydı, onda Həzrət Peyğəmbərə (s) iman gətirəcəkdilər. Onlardan soruşmaq lazımdır ki, məgər Allahın mələkləri öz vəzifələrini yerinə yetirməkdə bir-birindən fərqlənirlər? Ümumiyyətlə, məgər onlar öz istəklərinə əsasən davranırlar, yaxud özlərindən hər hansı bir söz deyirlər? Quranın da buyurduğu kimi, onlar yalnız Allahın göstərişlərini yerinə yetirirlər:
"Allahın verdiyi əmrlərə (heç vaxt) asi olmayan (əmrindən əsla çıxmayan), buyurulanları yerinə yetirən ... mələklər..."
Quran yəhudilərin bu bəhanəsinə cavab olaraq belə buyurmuşdur: "Cəbrailə düşmən olan (əslində, Allaha düşməndir). (Çünki) o, Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir".
Bu ayədə yəhudilərin bəhanəsinə üç cavab verilmişdir:
1) Cəbrail özündən heç bir göstəriş gətirmir. O, nə gətirirsə, hamısı Allah tərəfindən və Onun izni ilədir.
2) Onun gətirdiyi əvvəlki kitablarda olanlarla da tam uyğundur.
3) Onun gətirdiyinin mahiyyəti də haqq olduğuna bir sübutdur. Növbəti ayədə bu məsələ daha təkidlə, eyni zamanda bir qədər təhdidlə bəyan edilərək deyilir: "Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir”.
Bu ayədən məlum olur ki, Allah, mələklər, peyğəmbərlər, Cəbrail, Mikail və digər bütün mələklər bir-birindən ayrılmaz. Yəni onlardan hər hansı biri ilə düşmənçilik digərləri ilə də düşmənçilik deməkdir. Başqa sözlə desək, Allah-taalanın insanları təkamülə doğru aparan göstərişləri Allah tərəfindən məhz mələklərin vasitəsilə peyğəmbərlərə nazil olur. Əgər onların öhdəsinə düşən məsuliyyətdə bir fərq varsa, bu, yalnız həmin məsuliyyətin formasında ola bilər. Məsuliyyətin mahiyyətinə gəldikdə isə onların hamısı eyni məqsədə xidmət edir. Deməli, onlardan biri ilə düşmənçilik Allahın Özü ilə düşmənçilik deməkdir.
Cəbrail və Mikail.
Həzrət Cəbrailin adı Quranda üç dəfə, Həzrət Mikailin adı isə yalnız bir dəfə çəkilmişdir. Bu ayələrdən belə məlum olur ki, onların hər ikisi Allahın ən böyük və ən yaxın mələkləridir. Müsəlmanlar arasında bu iki mələk "Cəbrail" və "Mikail" kimi tələffüz edilsə də, Quranda (Cibril) və (Mikal) kimi gəlmişdir. Bəzi tədqiqatçılar (Cəbrail) sözünün ibri mənşəli və əslində, “Allah adamı” və ya “Allahın gücü" mənasını verən "cibril" olduğu qənaətindədirlər. (“cibr” “adam” və ya “güc”, “il” isə “Allah” mənasını bildirir.)
Haqqında danışdığımız ayələrə əsasən Cəbrail Allahın Həzrət Peyğəmbərə (s) vəhy gətirən və Quranı o Həzrətin (s) mübarək qəlbinə nazil edən mələyi olmuşdur. "Nəhl" surəsinin 102-ci ayəsində Allah tərəfindən Həzrət Peyğəmbərə (s) vəhy çatdıran vasitəçinin Ruhul- qudus olduğu bildirilmişdir:
"De: "Ruhul-qudus onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə, Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir".
"Şuǝra" surəsinin 192-193-cü ayələrində isə Rəsulǝllaha (s) Quranı nazil edənin Ruhul-əmin olduğu göstərilmişdir:
“Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu Ruhul-əmin endirib".
Bəzi hədislərdə Cəbrailin (ə) Həzrət Muhəmmədə (s) müxtəlif surətlərdə nazil olduğu nəql edilmişdir. Mədinədə o, adətən çox gözəl görünüşü olan Dehyətül-Kəlbi adlı bir nəfərin surətində nazil olurmuş. "Nəcm" surəsindən belə başa düşülür ki, Həzrət Peyğəmbər (s) Cəbraili iki dəfə əsl surətində görmüşdür. İslami mənbələrdə Cəbrail, Mikail, İsrafil və Əzrailin Allahın dörd ən yaxın mələyi, onların arasından isə Cəbrailin hamıdan üstün olduğu bildirilmişdir. Yəhudi mənbələrində də Cəbrail və Mikail haqqında danışılmışdır. O cümlədən Həzrət Daniyalın (ə) kitabında Cəbrailin şeytanların başçısını məğlub edən, Mikailin isə İsrail qövmünü himayə edən mələk olduğu qeyd edilmişdir. Tədqiqatçılar bildirirlər ki, yəhudilərin kitablarında Cəbrailin onların düşməni olması haqqında heç bir məlumat gözə dəymir. Bu isə onu göstərir ki, Rəsuləllahın (s) dövründə yaşamış yəhudilərin Cəbrailin onların düşməni olduğunu söyləməsi İslamı qəbul etməkdən boyun qaçırmaq üçün bəhanədən başqa bir şey olmamışdır. Çünki onların bu sözü əsla dini mənbələrinə əsaslanmamışdır.