69\. Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırmaq istəyirdi (arzulayırdı). Onlar özlərindən başqa heç kəsi sapdırmırlar və bunu dərk etmirlər.
Ayənin nazilolma səbəbi.
Bəzi yəhudilər müsəlmanlardan Məaz, Əmmar və sairə kimi pak, tanınmış və mübariz şəxslərin bir qismini öz dinlərinə dəvət etməyə və onları şeytani vəsvəsələrlə İslamdan döndərməyə çalışırdılar. Həmin vaxt sözügedən ayə nazil oldu və bu barədə bütün müsəlmanlara xəbərdarlıq etdi.
Ayənin təfsiri.
Yəhudilərin vəsvəsələri.
İslam düşmənləri, xüsusilə yəhudilər müsəlmanları İslamdan döndərmək üçün əllərindən gələni edirdilər, hətta tamahlarını Həzrət Peyğəmbərin (s) məxsus səhabələrinə belə salmışdılar. Şübhəsiz, Həzrət Peyğəmbərin (s) yaxın səhabələrindən bir neçəsinə nüfuz edə bilsəydilər, İslama böyük zərbə vurmuş olardılar və bu, başqalarının da imanında süstlük yaranmasına zəmin yaratmış olardı.
Bu nazilolma səbəbi cüzi fərqlə "Təfsiri-Əbülfutuh", "Ruhul-mǝani", "Təfsiri-kəbir", "Təfsiri-Qurtubi", "Bəhrul-mühit", "Təfsiri-Fəxr Razi" və sairədə sözügedən #### Ayənin təfsirində nəql edilib.
Sözügedən ayə düşmənlərin bu planını ifşa edərək buyurur: "Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırmaq istəyirdi (arzulayırdı).
Lakin Peyğəmbər (s) məktəbində müsəlmanların çox dəqiq və şüurlu tərbiyə edildiklərini və onların İslamdan dönmə ehtimalının olmadıqlarını unudurdular. Onlar İslamı bütün vücudları ilə dərk etmişdilər və ona eşq bəsləyirdilər. Buna görə də düşmənlər onları yolundan sapdıra bilməzdilər.
"Onlar özlərindən başqa heç kəsi sapdırmırlar və bunu dərk etmirlər”.
Onlar şübhə yaratmaqla, İslam və Peyğəmbərə (s) böhtanlar atmaqla özlərində bədbinlik ruhu yaradırdılar. Çünki birindən nöqsan və irad tutan şəxs onda olan müsbət cəhətləri görmür, tərslik və inadkarlıq səbəbindən işıqlı və müsbət cəhətlər onun gözündə qaranlıq və mənfi görünür və buna görə də haqdan gündən-günə daha çox uzaqlaşır. Bəlkə də, "bunu dərk etmirlər" ifadəsi həmin psixoloji nöqtəyə insanın özü də bilmədən öz sözlərinin təsiri altına düşməsinə işarədir.
O, səfsətəçilik, yalan və azdırıcı böhtanla başqalarını azdırmağa çalışanda bu, onun özünə də təsir edir, həmin yalanlar getdikcə onun öz ruhuna da təsir göstərir və həmin şeylər onun inkaredilməz etiqadına çevrilir, onlara inanır və yolunu həmişəlik olaraq azır.