Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 42
Bəqərə surəsi, 99-101-ci ayələr
Bəqərə surəsi, 99-101-ci ayələr
وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ .٩٩
أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ .١٠٠
وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ .١٠١
Ayələrin tərcüməsi
99\. Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
100\. (Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz.
101\. Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
Ayələrin nazilolma səbəbi.
İlk ayənin nazilolma səbəbi haqqında İbn Abbasdan belə nəql edilmişdir: "Yəhudi alimi İbn Suriya inadkarlıq edərək Peyğəmbərə (s) deyir: "Sənin gətirdiyini biz başa düşə bilmirik. Bizim sənə itaət etməyimiz üçün Allah sənə aydın bir dəlil nazil etməmişdir". Bu ayə nazil olaraq onun cavabını verir".
Ayələrin təfsiri.
Əhdini pozan yəhudilər.
Haqqında danışacağımız ilk ayədə Quran bildirir ki, Rəsuləllahın (s) ixtiyarında öz peyğəmbərliyini sübut etmək üçün qaneedici dəlillər, açıq-aşkar nişanələr olmuşdur. Bu nişanələri inkar edənlər, əslində, o Həzrətin (s) haqq olduğunu bilirdilər, sadəcə şəxsi maraqlarına görə ona qarşı çıxmışlar. Buna görə də ilk ayədə Allah-taala buyurur: "Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər”.
Quran ayələri barədə düşünmək haqq axtarışında olan istənilən şəxsə doğru yolu göstərir. Bu ayələri oxuduqda Quranın əzəməti və Həzrət Peyğəmbərin (s) öz dəvətində haqq olduğu üzə çıxır. Ancaq bu həqiqəti yalnız qəlbi günahlar nəticəsində zülmətə çevrilməyən insanlar dərk edə bilərlər. Buna görə də fasiqlərin, günah girdabında çapalayan- ların, Allaha itaətdən boyun qaçıranların Peyğəmbərə (s) iman gətirməməsi heç də təəccüblü deyil.
Növbəti ayədə yəhudilərin ən pis xüsusiyyətlərindən birinə - sanki tarixən onların ayrılmaz bir özəlliyi olan əhdi pozmaq kimi xüsusiyyətinə toxunularaq deyilir: "(Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz”.
Allah-taala Musa (ə) peyğəmbərin dövründə Tövratın göstərişlərinə əməl edəcəkləri ilə bağlı Tur dağında yəhudilərdən əhd-peyman aldı. Lakin onlar öz əhdlərini pozub Tövratın göstərişlərinə əməl etmədilər. Onlarla daha bir əhd bağlanmışdı ki, gəlişinə vəd verilmiş peyğəmbərə (nişanələrini Tövratda oxuduqları İslam Peyğəmbərinə (s)) iman gətirsinlər. Lakin onlar bu əhdə də sadiq qalmadılar. Habelə Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra orada yaşayan Bəni- Nəzir və Bəni-Qüreyzə yəhudiləri İslam düşmənlərinə kömək etməyəcəkləri barədə əhd-peyman bağladılar. Lakin onlar bu əhdi də pozaraq Məkkə müşrikləri ilə əlbir olub müsəlmanlara qarşı hərəkətə keçdilər. Ümumiyyətlə, bağladığı əhdi pozmaq yəhudilərin köhnə adəti olmuşdur. İndi də yəhudilər şəxsi maraqları təhlükə altına düşdükdə bütün anlaşmaları bir kənara qoyub yalnız öz mənafelərini düşünürlər.
Sonuncu ayədə bu məsələyə daha açıq şəkildə toxunulur: "Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi”.
Həzrət Muhəmməd (s) peyğəmbər seçilənə qədər yəhudi alimləri o Həzrətin (s) gəlişi barədə insanlara müjdə verərək onun nişanələrini söyləyirdilər. Lakin o Həzrət (s) peyğəmbər seçildikdən sonra həmin yəhudi alimləri Tövratın dediklərindən elə üz çevirdilər ki, sanki heç onlardan xəbərləri olmamışdı. Bütün bunlar dünyapərəstlik və eqoistliyin nəticəsidir. Əvvəldə haqqın carçıları olan bu şəxslər haqq gəldikdə isə ona qarşı çıxaraq düşmən sıralarına qoşulurlar.
İncəliklər:
1\. Quranın barəsində "nazilolma" və "naziletmə" ifadələri işlədildikdə elə başa düşülməməlidir ki, guya Allahın göydə müəyyən bir yeri var və Quranı da məhz oradan endirmişdir. Bu ifadələr sadəcə Allah-taalanın məqamının əzəmətinə işarə edir.
2\. (fasiq) sözü (fisq) kökündən olub, hərfi mənası “təzə xurmanın çəyirdəyinin xurmadan çıxması" deməkdir. Bəzi vaxtlar təzə yetişmiş xurma ağacdan qırılıb düşərkən çəyirdəyi ayrılıb çölə çıxır. Bunu ərəblər (xurmanın tumu ayrıldı) kimi ifadə edirlər. Sonradan Allaha itaət libasını əynindən çıxarıb itaətsizlik libası geyinən şəxslərə də (fasiq) deyilmişdir. Xurmanın çəyirdəyi şirin, dadlı və kalorili hissəsindən ayrıldığı kimi, insan da öz çirkin əməlləri ilə, sanki şəxsiyyətindən, insanlığından uzaqlaşır.
3\. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də Quran əksəriyyətin günahı ucbatından bütün bir qövmü danlamamışdır. Son ayədəki "bir qismi” və “onların çoxu” ifadələri mömin dəstəni günahkarlardan ayırır. Haqq axtarışında olmaq da məhz bunu tələb edir.