Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 45
Bəqərə surəsi, 106-107-ci ayələr
Bəqərə surəsi, 106-107-ci ayələr
مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٠٦
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ .١٠٧
Ayələrin tərcüməsi
106\. Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?!
107\. Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur (Öz hökmlərində məsləhətə uyğun olaraq hər növ dəyişiklik aparmaqda haqlıdır)? Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur. (Sizin məsləhətinizi bilən də, təyin edən də Odur.)
Ayələrin təfsiri.
Hökmün ləğv edilməsində məqsəd.
Bu ayələrdə də yəhudilərin müsəlmanlara qarşı əks təbliğatından danışılır. Onlar ara-sıra müsəlmanlara deyirdilər ki, din yalnız yəhudilik dini, qiblə də yalnız yəhudilərin qibləsidir. Buna görə sizin peyğəmbəriniz də məhz bizim qibləyə (Beytül-müqəddəsə) doğru namaz qılır. Lakin elə bu surənin 144-cü ayəsində qiblənin dəyişdirilməsi hökmü nazil olduqdan sonra yəhudilərin əli bu bəhanədən kəsilir, başqa bir məsələni bəhanə edərək deyirlər ki, əgər birinci qiblə düzgün idisə, daha ikinci qiblə hökmü nəyə görə verilmişdir? Yox, əgər ikinci qiblə düzgündürsə, deməli, sizin bu vaxta qədər etdiyiniz əməllər batildir.
Quran haqqında danışacağımız ayələrdə yəhudilərin bu iradlarına cavab verməklə möminlərin ürəyini rahatladır. İlk olaraq belə deyilir: "Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?!”
Növbəti ayədə deyilir: "Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur”.
Onun Öz hökmlərində məsləhətə uyğun olaraq, hər növ dəyişiklik aparmaqda haqqı var. Bəndələrin məsləhətini bilən də, təyin edən də Odur. Ayənin davamında belə deyilir: "Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur”.
Bu ayənin ilk cümləsi, əslində, Allah-taalanın şəriət hökmləri üzərindəki hakimiyyətinə və bəndələrin məsləhətini bilib onu təyin etməkdə ixtiyar sahibi olmasına işarə edir. Çünki göylərin və yerin sahibi olan varlıq, heç şübhəsiz, onların sirlərindən daha agahdır. Onların sirlərindən agah olan varlıq məxluqatın tərkib hissəsi olan insanların da məsləhətlərindən daha agah olar. Buna görə də müsəlmanlar bu və digər şəriət hökmünün nəsx (ləğv) edilməsi ilə bağlı bir sıra qərəzli insanların yersiz sözlərinə məhəl qoymamalıdırlar. Ayənin ikinci cümləsi isə özləri üçün Allahdan başqa hami və yardımçı seçə biləcəyini düşünən insanlara bir xəbərdarlıqdır. Halbuki dünyada Allahdan başqa heç bir hami, heç bir yardımçı yoxdur.
İncəliklər:
1\. Şəriət hökmlərində nəsx ola bilərmi?
(nəsx) sözünün leksik mənası "ləğv etmək”dir. Dini terminologiyada isə bu, şəriətin bir qaydasını başqa bir qayda ilə dəyişməyə deyilir. Məsələn:
1-Müsəlmanlar Mədinəyə hicrət etdikdən on altı ay sonrayadək namazda üzü Beytül-müqəddəsə doğru dayanırdılar. Sonra isə qiblənin Kəbə istiqamətinə dəyişməsi haqqında yeni göstəriş nazil olur. Bundan sonra müsəlmanlar namaz qılarkən üzü Kəbəyə doğru dayanmalı idilər.
2-"Nisa" surəsinin 15-ci ayəsində Allah-taala zinakar qadınlarla bağlı göstəriş vermişdir ki, onların bu yaramaz işi barədə dörd nəfər şahidlik etdiyi təqdirdə həmin qadınlar ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edilsinlər. Bu ayədə deyilmiş hökm "Nur" surəsinin 2-ci ayəsi tərəfindən ləğv edilərək "yüz şallaq zərbəsi" cəzası ilə dəyişdirilmişdir.
Nəsx məsələsi ilə bağlı edilən irad ondan ibarətdir ki, əgər birinci hökm məsləhət idisə, bəs nəyə görə sonradan ləğv edilmişdir? Yox, əgər həmin hökm məsləhət deyildisə, nə üçün şəriətdə nəzərdə tutulmuşdur? Başqa sözlə desək, olmazdımı ki, əvvəlcədən yalnız bir hökm verilsin? Elə bir hökm ki sonradan dəyişdirilməsinə ehtiyac qalmasın?
Bu suala hələ orta əsr müsəlman alimləri öz əsərlərində lazımı cavabı vermişdir ki, onun xülasəsini aşağıda sizlərə təqdim edirik:
Məlum olduğu kimi, insanın ehtiyacları bəzi hallarda zaman və məkanın tələblərinə görə dəyişir, bəzi hallarda isə dəyişmir. Bu və digər proqram bəzi hallarda insanın səadətini təmin etdiyi halda, bəzi hallarda şəraitin dəyişməsi nəticəsində nəinki onun səadətini təmin etmir, əksinə, səadət yolunda böyük maneəyə çevrilir. Nə vaxtsa hansısa dərman xəstə üçün faydalıdırsa, başqa vaxt nisbi sağlamlığa malik olduğu üçün həmin dərman onun ziyanınadır. Hansısa bir dərs bu il şagird üçün faydalı olduğu halda, növbəti il həmin dərs faydasız ola bilər. Buna görə də yaxşı müəllim proqramı elə tənzimləməlidir ki, hər il şagirdə yalnız faydalı olan dərslər keçirilsin.
İnsanın və cəmiyyətin mütəmadi təkamül yolunda irəlilədiyini nəzərə aldıqda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Belə ki təkamül prosesində bəzi proqramlar insan üçün faydalı olur, bir qədər sonra isə həmin proqram insanın təkamülünün qarşısını aldığı üçün dəyişikliyə ehtiyac duyulur. Xüsusilə də ictimai və ideoloji çevrilişlərdə müxtəlif zamanlarda proqramlarda dəyişikliyə ehtiyac duyulur.
Qeyd etmək lazımdır ki, təməl prinsiplərini təşkil edən ilahi hökmlər və əsaslar həmişə və hər yerdə yeksandır. Məsələn, tövhid, yaxud ictimai ədalət və ya bu qəbildən olan yüzlərlə digər hökm heç vaxt dəyişməz. Dəyişiklik yalnız ikinci dərəcəli və daha kiçik məsələlərdə baş verir. Onu da unutmamalıyıq ki, dinlərin təkamülü nəticəsində müəyyən bir din "sonuncu din" olaraq nazil ola bilər. Belə olan halda, həmin dinin hökmlərində daha dəyişiklik edilməz. ("Əhzab” surəsinin 40-ci ayəsinin təfsirində bu mövzu haqqında daha ətraflı məlumat verəcəyik.)
Yəhudilər nəsx məsələsini müsəlmanlara irad tutaraq onu, ümumiyyətlə, inkar etsələr də, dini mənbələrinə əsasən bu məsələni qəbul etmək məcburiyyətindədirlər. Çünki Tövratın verdiyi məlumata görə, Nuh (ə) peyğəmbər tufandan sonra gəmidən yerə endikdə Allah-taala bütün heyvanları ona halal etmişdi. Halbuki bu hökm (bütün heyvan- ların halal olması) Musanın (ə) dinində nəsx və beləliklə də, bəzi heyvanlar haram edilmişdi. Tövratın "Yaradılış" bölməsinin 9-cu fǝslində deyilir: "Diri olan bütün heyvanlar sənin yeməyin olacaq. Onları ot (göyərti) kimi sizə halal etdim". Bu hökmün ümumiliyi yəhudilik dinində sonradan nəsx edilmişdir.
2\. "Ayǝ" dedikdə nə başa düşülür?
"Ayə" sözünün leksik mənası "nişanə, əlamət"dir. Bu söz Quranda aşağıda qeyd edəcəyimiz müxtəlif mənalarda işlədilmişdir:
1-Quran ayələri - Məsələn, aşağıdakı ayədə bu məna nəzərdə tutulur:
\-“Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq”.
2-Möcüzələr - Bəzi ayələrdə möcüzələr də ayə olaraq təqdim edilmişdir. Məsələn, aşağıdakı ayədə Musa (ə) peyğəmbərin parıldayan əlinin bir ayə olduğu bildirilmişdir:
"Əlini qoynuna sal ki, qüsursuz, bəmbəyaz çıxsın. Bu, başqa bir möcüzədir".
3-Allahıtanıma və ya məada dair nişanə, əlamət, dəlil - Aşağıdakı ayəyə nəzər salaq:
"Biz gecə və gündüzü (allahıtanıma üçün) iki əlamət etdik".! Mǝada dəlalət edən nişanə haqqında isə deyilir:
"Yer üzünü qupquru görməyin də Onun nişanələrindəndir. Ancaq Biz onun üzərinə su endirdikdə o, hərəkətə gəlib artır. Onu dirildən ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir".
4-Hündür, yüksək bina kimi gözəçarpan bir əşya - Məsələn, aşağıdakı ayədə məhz bu məna nəzərdə tutulur:
"Siz hər bir hündürlükdə əbəs yerə bir əlamətmi qurursunuz?”
Bu dörd mənanın, əslində, ortaq bir məxrəci var ki, o da "nişanə" mənasıdır. Sözügedən ayəyə gəldikdə isə burada "ayə" dedikdə “şəriət hökmü” nəzərdə tutulmuşdur. Hər hansı bir şəriət hökmü nəsx edilərək ləğv olunarsa, mütləq, ondan daha yaxşı və ya onun kimi başqa bir hökm gələr. Və ya əgər hər hansı bir peyğəmbərin möcüzəsi qüvvədən düşərsə, sonrakı peyğəmbərə ondan daha güclü bir möcüzə verilər.
Bu #### Ayənin təfsiri ilə bağlı nəql edilmiş bəzi hədislərdə “ayənin nəsx edilməsi" dedikdə bir imamın vəfat etməsi, növbəti imamın onun yerinə keçməsinin nəzərdə tutulduğu bildirilmişdir. Bunu ayənin əhatə dairəsini daraltmaq kimi başa düşməməli, ayənin müxtəlif məna çalarlarından biri kimi qəbul etməliyik.
3\. "Onu təxirə salırıqsa" ifadəsinin izahı.
Haqqında danışdığımız ayədə işlədilmiş "onu təxirə salırıqsa" ifadəsinin ərəbcə mətnindəki "nunsihə" feili "təxirə salmaq" və ya "unutdurmaq" mənasını bildirən "insa" kökündən alınmışdır.
Burada belə bir sual meydana çıxır ki, ayədəki "ləğv ediriksə" ifadəsini də nəzərə aldıqda "onu təxirə salırıqsa" ifadəsi nə məna verir? Bu suala cavab olaraq sözügedən ayəyə bir daha diqqət yetirək. Ayə onu demək istəyir ki, əgər hər hansı bir hökmü ləğv ediriksə və yaxud onun ləğv edilməsini müəyyən müddətədək təxirə salırıqsa, deməli, ondan daha yaxşısını və ya ən azı onun kimisini göndərərik. Bu mənaya əsasən "ləğv ediriksə" ifadəsi qısa müddət ərzində ləğv edilməyə, "onu təxirə salırıqsa" ifadəsi isə uzun müddətdən sonra ləğv edilməyə işarə edir. (Diqqət edin!)
Bəzi təfsirçilər ayəyə başqa izahlar da vermişlər, lakin həmin izahlar verdiyimiz açıqlama ilə uyğun gəlmədiyi üçün onları burada qeyd etmirik.
4\. "Yaxud ona bənzərini" ifadəsinin izahı.
Burada digər bir sual yaranır ki, "yaxud ona bənzərini" dedikdə nə başa düşülür? Əgər yeni gələn hökm əvvəlki kimidirsə, onda bu dəyişdirilmə faydasız sayılar. Bir hökmü ləğv edib eynilə onun kimisini gətirməyin nə mənası var ki?! Dəyişdirilmək o vaxt məntiqli sayılar ki, yeni gələn hökm əvvəlkindən daha üstün olsun.
Bu suala cavab olaraq qeyd etməliyik ki, "yaxud ona bənzərini" dedikdə yeni göndəriləcək hökmün də əvvəlki hökm kimi öz müsbət təsirini qoyacağı başa düşülür. Yəni əvvəlki hökm bu vaxtadək necə müsbət təsir qoymuşdusa, yeni gələcək hökm də bundan sonra o cür müsbət təsir qoyacaq. Ola bilər, hər hansı bir hökm bu günədək müsbət təsirini qoysun, lakin bundan sonra öz təsirini itirsin. Belə olan halda həmin hökm, mütləq, təzəsi ilə dəyişdirilməli, onun əvəzinə başqa bir hökm göndərilməlidir. Yeni hökm əvvəlkindən daha yaxşı olmasa da, ən azından onun kimi təsir gücünə malik olmalıdır.