Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 45
Ali-İmran surəsi, 77-ci ayə
Ali-İmran surəsi, 77-ci ayə
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ .٧٧
Ayənin tərcüməsi
77\. Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq. Allah Qiyamət günü onlarla danışmayacaq, onlara nəzər salmayacaq və onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir!
Ayənin nazilolma səbəbi.
Yəhudi alimlərindən bəziləri - Əbu Rafe, Hüyǝyy ibn Əxtəb və Kǝb ibn Əşrəf yəhudilər arasındakı nüfuzlarını təhlükədə görəndən sonra Tövratda sonuncu peyğəmbər barədə olan və öz əlləri ilə Tövratın nüsxələrində yazdıqları əlamətləri təhrif etməyə başladılar. Onlar hətta təhrif edilmiş həmin cümlələrin Allah tərəfindən olduğuna and içdilər. Bu səbəbdən sözügedən ayə nazil oldu və onlara ciddi xəbərdarlıq etdi.
Bəzi təfsirçilərin nəzərincə isə, bu ayə Əşəs ibn Qeys barəsində nazil olub. O, yalan iddia ilə başqasının torpağını mənimsəmək istəyirdi və öz iddiasını sübut etmək istəyərkən sözügedən ayə nazil oldu. Həmin vaxt Əşəs ibn Qeysin canına qorxu düşdü və o, həqiqəti etiraf edib torpağı öz sahibinə qaytardı.
Ayənin təfsiri.
Həqiqətləri təhrif edənlər.
Yəhudilərin və kitab əhlinin yanlış işlərindən bəhs edən əvvəlki ayələrin davamı olaraq bu ayədə onların bir başqa qisim yanlış işlərinə işarə edərək buyurur: "Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq”.
Bu ayə ilahi ǝhd-peyman və andları maddi gəlirlərlə dəyişən kitab əhlinin alimlərinin bir dəstəsi barəsində nazil olsa da, onun mənası ümumidir.
Quran bu ayədə onlar üçün beş cəza qeyd edib. Birincisi, onlar axirətin sonsuz nemətlərindən məhrum olacaqlar.
İkincisi, “Allah Qiyamət günü onlarla danışmayacaq”.
Üçüncüsü, Öz lütfünü onlardan kəsəcək və “onlara nəzər salmayacaq”.
Allah-taala həmin gün (birbaşa və ya mələklər vasitəsi ilə) Öz mömin bəndələri ilə danışacaq. Bu danışıq onların sevincinə səbəb olacaq və bu, onlara etina və diqqətin göstəricisidir. Həmçinin Allah-taalanın onlara baxması Onun həmin şəxslərə xüsusi diqqət və iltifatına işarədir. Əlbəttə, bu, bəzi nadanların düşündüyü kimi fiziki gözlə olan baxış deyil.
Lakin Allahın ayələrini maddi dəyərə dəyişənlər həm bu iltifatdan, həm də bu söhbətdən məhrum olacaqlar.
Allahın danışmasında məqsəd dil ilə danışmaq deyil. Çünki Allah cisim və cismanilikdən uzaqdır. Onda məqsəd qəlbə ilhamla və ya Həzrət Musanın (ə) Tur ağacından səs eşitməsi kimi, fəzada səs yaratmaqla danışmaqdır.
Ayənin ərəbcə orijinalında işlənmiş (xəlaq) sözünün kökü (xuluq) sözüdür və onun mənası “nəsib və pay"dır. Onun belə adlandırılmasının səbəbi insanın "pay"ı öz əxlaqı ilə əldə etməsidir. (Demək istəyir ki, onlar özlərinə bir pay əldə etmək üçün yaxşı əxlaq sahibi olmayıblar.)
"Ucuz qiymətə" ifadəsinin mənası ilahi əhdin baha qiymətə satılmasının yaxşı, ucuz qiymətə satılmasının isə pis olması deyil. Məqsəd bu günahlar qarşısında əldə edilən istənilən gəlirin - o hətta şahlıq və hökmdarlıq olsa belə, az və cüzi olmasıdır.
Onların dördüncü və beşinci cəzası "Onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir”dir.
Onların bu qədər mənəvi və fiziki cəzasının, Allahın lütf və iltifatından məhrumiyyətlə təhdid edilməsinin səbəbi Allahın ayələrini gizlətməyin, əhd-peymanı pozmağın və yalan andlardan istifadə etməyin günahının çox böyük olmasıdır.
İncəlik:
Ayədə əhdi pozmaq və yalan andlara görə qeyd edilən beş cəza Allaha "yaxınlıq və uzaqlığ”ın tədrici mərhələlərinə işarədir.
Allaha yaxınlaşan və Ona yaxınlıq meydanına qədəm basan şəxsə ilk öncə bir sıra mənəvi nemət və mərhəmətlər şamil olur. Allaha yaxınlaşandan sonra Allah onunla danışır, sonra bir az da yaxınlaşır, Allah ona lütf və mərhəmətlə nəzər salır. Bir az da yaxınlaşandan sonra onun günahını təmizləyir və nəticədə, o, ağrılı əzabdan nicat tapır, Onun nemətlərinə qərq olur. Lakin əhdlərini pozan, Allahın adından sui-istifadə edən şəxslər bu nemət və bərəkətlərin hamısından məhrum olur və mərhələ-mərhələ tənəzzül edirlər. Bəqərə surəsinin bəzi cəhət- lərdən bu ayəyə bənzəyən 174-cü ayəsinin təfsirində bu barədə bəzi izahlar verildi.