Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 46
Bəqərə surəsi, 108-ci ayə
Bəqərə surəsi, 108-ci ayə
أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِنْ قَبْلُ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ .١٠٨
Ayənin tərcüməsi
108\. Yoxsa siz də Peyğəmbərinizdən (Muhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz? İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır.
Ayənin nazilolma səbəbi.
Təfsir kitablarında müfəssirlər bu ayə barədə müxtəlif izahlar qeyd etmişlər ki, demək olar, hamısının nəticəsi eynidir. Aşağıda həmin təfsirləri diqqətinizə çatdırırıq.
İbn Abbasdan belə nəql edilmişdir: "Vəhəb ibn Zeyd ilə Rafe ibn Hərmələ Həzrət Peyğəmbərin (s) yanına gəlib deyirlər ki, Allah tərəfindən bizə bir məktub gətir, onu oxuyub iman gətirək. Ya da bizim üçün yerdən bulaqlar axıt, sənə tabe olaq".
Bəzi təfsirçilər qeyd etmişlər ki, yəhudilər Həzrət Musadan (ə) Allahı onlara göstərməsini istədiyi kimi, bir qrup ərəb də iman gətirmələri üçün Həzrət Peyğəmbərdən (s) eyni tələbi etmişdi.
Digər bir qrup təfsirçi isə belə yazır: "Yəhudilər Musa (ə) peyğəmbǝrǝ: "Ya Musa! Bizə də onların tanrıları kimi bir tanrı düzəlt!" dediyi kimi, bir qrup ərəb də Həzrət Peyğəmbərə (s) deyir ki, bizim üçün "zati-ənvat" ağacından bir büt düzəlt, ona ibadət edək!"
Bununla əlaqədar yuxarıdakı ayə nazil olub onların cavabını verir.
Ayənin təfsiri.
Əsassız bəhanələr.
Bu ayə yəhudilərə deyil, imanı zəif olan bəzi müsəlmanlara və ya müşriklərə xitab olsa da, bir qədər sonra görəcəyik ki, yəhudilərlə də əlaqəsiz deyil. Bəlkə də, qiblənin dəyişdirilməsindən sonra bəzi müsəlmanlar, eləcə də müşriklər yəhudilərin vəsvəsələrindən sonra Həzrət Peyğəmbərdən (s) yuxarıda nümunələrini qeyd etdiyimiz yersiz tələblər edirlər. Allah-taala bu ayəni nazil edərək onları belə tələblərdən çəkindirir: "Yoxsa siz də Peyğəmbərinizdən (Muhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz?”
Bu cür tələblər etmək, sanki imanı küfrə dəyişmək olduğuna görə ayənin sonunda belə deyilir: "İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır”.
İslam dini heç vaxt elmi, məntiqi suallara və ya peyğəmbərin haqq olduğuna inanmaq üçün insanların ondan möcüzə tələb etməsinə qarşı çıxmamışdır. Çünki dərketmənin, imanın yolu da məhz budur. Lakin bəzi insanlar var idi ki, onlar Həzrət Peyğəmbərin (s) dəvətindən boyun qaçırmaq üçün yersiz suallar verir, cavab gəlmədikdə isə bunu əldə bəhanə edirdilər. Peyğəmbər (s) onlar üçün kifayət qədər dəlil-sübut, möcüzə gətirsə də, yenə də möcüzə göstərməsini tələb edirdilər. Halbuki möcüzə onun-bunun əlində oyuncağa çevrilməməlidir. Möcüzədən yalnız zərurət yarandığı təqdirdə, o da lazımi miqdarda istifadə edilir. Peyğəmbərin (s) iş-gücü yalnız möcüzə göstərməkdən ibarət deyildi ki, hər yoldan keçən üçün onun öz istəyinə uyğun bir möcüzə göstərsin. Digər tərəfdən o Həzrətdən (s) bəzi vaxtlar Allahı gözlə görmək və ya büt düzəltmək kimi ağılsız tələblər də edilmişdir. Bu ayə ilə, əslində, Allah-taala insanlara xəbərdarlıq edir ki, əgər belə ağılsız tələblərin ardınca getsəniz, Musanın (ə) qövmünün başına gələnlər axırda sizin də başınıza gələr.