78\. Onların (yəhudilərin) arasında elələri var ki, (Allahın) kitab(ın) oxuyan zaman siz onların oxuduqlarını (Allahın) kitab(in)dan güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki o, (Allahın) kitab(in)dan deyil. Allah tərəfindən olmadığı halda, onlar: "Bu, Allah tərəfindəndir” – deyir və bilə-bilə Allaha böhtan atırlar.
Ayənin nazilolma səbəbi.
Mərhum Təbərsi "Məcməül-bəyan” kitabında bu ayənin də yəhudi alimlərinin bir dəstəsi barəsində nazil olduğunu bəzilərindən nəql edib. Onlar öz əlləri ilə Tövratda İslam Peyğəmbərinin (s) sifətləri barədə nazil olanlara zidd şeylər yazar və onları Allaha isnad edərdilər (və dilləri ilə də həqiqətləri təhrif edərdilər). Əbülfütuh Razi bu barədə yəhudi alimlərindən Kəb ibn Əşrəf, Hüyǝyy ibn Əxtəǝb və başqalarının adını xüsusi qeyd edib.
Ayənin təfsiri.
Təhrifçilərin rüsvayçılığı.
Bu ayədə də kitab əhlinin bəzi alimlərinin əyri əməllərindən söz açılıb. Buyurur: "Onların (yəhudilərin) arasında elələri var ki, (Allahın) kitab(ını) oxuyan zaman siz onların oxuduqlarını (Allahın) kitab(ın)dan güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki o, (Allahın) kitabın)dan deyil”.
Ayənin ərəbcə orijinalında işlənmiş (yəlvunə) sözünün kökü (ləyy) sözüdür və onun mənası “əymək”dir. Burada o, Allahın sözlərinin təhrif edilməsi barədə məcazdır. Onlar Tövratı oxuyarkən İslam Peyğəmbərinin (s) zühur müjdəsi verilmiş və sifətləri bəyan edilmiş ayələrinə çatanda onları dəyişdirər və bunu elə məharətlə edərdilər ki, dinləyici eşitdiyinin Allahın ayəsi olduğunu güman edərdi.
Onlar bununla da kifayətlənmir və “Allah tərəfindən olmadığı halda, onlar: "Bu, Allah tərəfindəndir" - deyirlər”. Bu iş səhv üzündən baş vermir, əksinə, “bilə-bilə Allaha böhtan atırlar".
Bütün bunların səbəbi onların öz maddi mənafelərini təhlükədə görmələri və bu səbəbdən hər günaha əl atmaları olub. Halbuki əgər öz düşüncə üfüqlərini yüksəltsəydilər və niyyətlərində ixlas göstərsəydilər, hər şeyə qadir olan uca Allah onların həm mənəvi, həm də maddi həyatını təmin edərdi.
Həmçinin bu və bundan əvvəlki ayələrdən yolunu azmış alimlərin ümmət və xalqlar üçün böyük təhlükə olduğu məlum olur. Çünki bu cəzaların ağır olması alimlərin mövqeyinin mühüm olmasına və onların sapmalarından doğan təhlükələrin böyüklüyünə dəlalət edir.