Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 47
Ali-İmran surəsi, 79 və 80-ci ayələr
Ali-İmran surəsi, 79 və 80-ci ayələr
مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ .٧٩
وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ .٨٠
Ayələrin tərcüməsi
79\. Heç bir insana yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə ibadət edin!" desin. Əksinə, o: "Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun!" - deyər.
80\. O, sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O, sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?!
Ayələrin naziloma səbəbi.
Bu iki ayə barəsində iki nazilolma səbəbi nəql edilib.
Birinci nazilolma səbəbinə görə, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlib belə deyir: Biz sənə başqaları kimi salam veririk, halbuki bu ehtiram kifayət deyil, xahiş edirik bizə əlavə imtiyaz və sənə səcdə etmək icazəsi verəsən.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan başqasına səcdə etmək olmaz. Siz öz peyğəmbərinizə bir insan kimi hörmət göstərin, onun haqqını dərk edin və ona tabe olun".
İkinci nazilolma səbəbi isə belədir: Əbu Rafe adlı bir yəhudi Nəcrandan göndərilmiş nümayəndə heyətinin başçısı ilə birlikdə Mədinədə Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir: "İstəyirsənmi sənə ibadət və tanrılıq məqamını aid edək?” (Bəlkə də, onlar elə düşünürdülər ki, Həzrət Peyğəmbərin (s) İsanın (ə) tanrı hesab edilməsinə qarşı çıxmasının səbəbi özünün belə bir statusa malik olmamasıdır və əgər ona da belə bir məqam aid etsələr, ona qarşı çıxmaqdan əl çəkəcək. Yaxud, ola bilər ki, onların bu təklifində məqsəd Həzrət Peyğəmbəri (s) rüsvay etmək və cəmiyyətdə ona qarşı mənfi fikir formalaşdırmaq olub.)
Həzrət Peyğəmbər (s) buyurur: “Tək olan Allahdan başqasına ibadət edilməsinə icazə verməkdən Allaha pənah aparıram! Allah məni əsla belə bir iş üçün göndərməyib”.'
Ayələrin təfsiri.
Allahdan qeyrisinə ibadətə dəvət etmək olmaz!
Bu ayələr də kitab əhlindən bir dəstənin batil fikirlərini inkar və islah edir. Xüsusilə də xaçpərəstlərə bildirir ki, İsa (ə) heç vaxt allahlıq iddiası etməyib və onun haqqında deyilənlərin hamısı sonradan uydurulmuş nalayiq iddialardır.
Həmçinin o, İslam Peyğəmbəri (s) barədə belə iddialar etmək istəyən şəxslərə qətiyyətlə cavab verərək buyurur: "Heç bir insana yaraşmaz (və heç kəsin belə bir haqqı olmayıb) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə ibadət edin! - desin.
Nə İslam Peyğəmbərinin (s), nə də başqa peyğəmbərlərin belə bir söz demək haqqları yoxdur. Peyğəmbərlərə isnad edilən bu cür fikirlərin hamısı nadanların və onların təlimlərindən uzaq düşmüş adamların uydurmasıdır.
Ola bilərmi ki, Allah tərəfindən belə yüksək məqam əldə etmiş şəxslər insanları Ona şərik qoşmağa dəvət etsinlər?!
Sonra buyurur: "Əksinə, o: “Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun (və heç vaxt Allahdan başqasına ibadət etməyin)!" - deyər.
Allah elçiləri heç vaxt bəndəlik və Allaha ibadət yolundan kənara çıxmayıblar və Allah qarşısında özlərini hamıdan çox kiçildiblər. Buna görə də onların tövhid yolundan çıxıb insanları şirkə dəvət etməsi mümkünsüzdür.
Ayənin ərəbcə orijinalında işlənmiş (rəbbaniyyin) sözü (rǝbbaniyy) sözünün cəmidir. Bu söz “Rəbb” ilə əlaqəsi güclü olan şəxs barəsində işlədilir. “Rəbb” sözü başqalarını tərbiyə və islah edən şəxslər barəsində işlədildiyi üçün sözügedən ayədə onun mənası peyğəmbərlərə insanları onlara ibadət etməyə dəvət etmək yaraşmaz olur. Onlara layiq olan iş Allahın ayələrini öyrətmək və dini həqiqətləri tədris etməklə insanlardan Rəbb ilə sıx ünsiyyətdə olan alimlər Allahdan başqa heç kəsə ibadət etməyən və insanları yalnız elmə dəvət edən şəxslər yetişdirməkdir. Peyğəmbərlərin məqsədi yalnız insanların tərbiyə edilməsi olmayıb. Onlar bundan əlavə, cəmiyyət üçün müəllim, tərbiyəçi və rəhbər, yəni mühiti öz elm və imanı ilə işıqlandıran insanlar yetişdirmək fikrində olublar.
Sözügedən ayədə əvvəlcə təlim və öyrətmək, sonra öyrənmək məsələsinə toxunulub. Bu iki ifadənin bir-birindən fərqi “təlim" sözünün mənasının daha geniş olması, onun həm söz, həm də əməl ilə savadlı və ya savadsız insanlara bir şey öyrətməyi əhatə etməsidir. Lakin ayədə qeyd edilən "öyrənmək” kitab-dəftər vasitəsi ilə olan öyrənməkdir və onların arasında məntiq elminin termini ilə desək, "uyuşan tabeli anlayış” əlaqəsi mövcuddur.
Buna görə də peyğəmbərlərin məqsədi alim, ictimai islahatçı, savadlı, agah, tədbirli və düşüncəli insanlar yetişdirməkdir.
Sonrakı ayə özündən əvvəlki ayədə deyilənləri təkmilləşdirir buyurur ki, peyğəmbərlər insanları özlərinə ibadət etməyə dəvət etmədikləri kimi, mələk və digər peyğəmbərlərə ibadətə də dəvət etməyiblər. Buyurur: “O, sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz.
Bu cümlə bir tərəfdən mələkləri Allahın qızı hesab edən, onlara rübubiyyət məqamı aid edən və bununla yanaşı, həm də özlərini İbharim (ə) dininin davamçısı hesab edən ərəb müşriklərinə, digər tərəfdən özünü Həzrət Yəhyanın (ə) davamçısı hesab edən, lakin mələklərin məqamını ibadət həddinə qədər yüksəldən sabiilərə cavabdır. Həmçinin o, Üzeyir (ə) və ya İsanı (ə) Allahın oğlu hesab edən və rübubiyyətdə onlara da pay aid edən yəhudi və xaçpərəstlərə cavabdır.
Ayə onların hamısına cavab verərək buyurur ki, hər hansı bir peyğəmbərin həmin ilahi elm və agahlıqla insanları Allahdan qeyrisinin rübubiyyətinə inanmağa dəvət etməsi mümkün deyil.
Ayənin sonunda daha çox təkid edərək buyurur: "O, sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?!”
Allah elçisinin insanları küfrə dəvət etməsi, mələklərə və ya peyğəmbərlərə ibadət etməyə icazə verməsi mümkündürmü?
Burada da “İslam” deyilərkən onun geniş mənası, yəni Allahın əmri qarşısında təslim olmaq, iman və tövhid nəzərdə tutulur.
Yəni necə ola bilər ki, hər hansı bir peyğəmbər insanları əvvəl iman və tövhidə dəvət etsin, sonra onlara şirk yolunu göstərsin?!
Yaxud necə ola bilər ki, hansısa bir peyğəmbər digər peyğəmbərlərin İslama dəvət zəhmətlərini zay etsin və onları küfr və şirkə istiqamətləndirsin?!
Həmçinin bu ayə dolayısı ilə peyğəmbərlərin məsum olmasına və Allahın əmrindən çıxmamalarına işarə edir.
Sözügedən ayə tam qətiyyətlə Allahdan qeyrisinə, xüsusilə insan- lara pərəstiş etməyi pisləyir və insanda azadlıq və müstəqillik ruhu formalaşdırır.
Tarix boyu hansısa bir məqama çatmamışdan əvvəl məsum simaya malik olan, insanları haqqa, ədalətə, hürriyyətə, azadlığa, imana dəvət edən insanlar çox olublar. Lakin çoxları ictimai mövqeləri möhkəmləndikdən sonra yavaş-yavaş yollarını dəyişiblər və insanları şəxsiyyǝtpərəstliyə və özlərinə tərəf dəvət ediblər.
Əslində, haqq carçıları ilə batil carçılarını bir-birindən fərqləndirməyin yollarından biri də budur. Başında peyğəmbərlər və imamların dayandığı haqq carçıları ən güclü olduqları dövrdə də dəvətlərinin ilk günündəki kimi, insanları tövhid, təkallahlıq və azadlıq kimi müqəddəs dini və insani məqsədlərə tərəf dəvət ediblər. Lakin batil carçıların güc və qələbə əldə etdikdən sonra zehnlərinə gələn ilk şey insanları özlərinə tərəf dəvət etmək, bir növ özlərinə ibadətə çağırmaq olur.
Adətən o cür şəxslərin ətrafına yığılan simasız insanların yaltaqlıqları onların lovğalıq və "dayazlığ"ı ilə birləşərək belə bir fenomenin yaranmasına səbəb olur.
İmam Əlidən (ə) nəql edilmiş maraqlı bir hədis o Həzrətin həqiqi və mənəvi simasını təsvir edir və sözügedən məsələyə dəlalət edir.
İmam Əli (ə) Ənbara (İraqın sərhəd şəhərlərindən birinin adıdır) çatanda kəndçilərdən (kəndxudalardan) bir dəstəsi öz adət-ənənələrinə uyğun olaraq, minikdən düşüb sürətlə o Həzrətə tərəf qaçmağa (və hətta səcdə etməyə) başlayırlar. İmam (ə) onların bu işinə nəinki razı olmur, əksinə çox əsəbləşir və belə buyurur:
"Bu nə işdir görürsünüz?”
Onlar: “Bu, bizim adətimizdir, öz əmirlərimizə belə təzim edirik” – deyə cavab verirlər.
İmam (ə) buyurur: “And olsun Allaha, bu işin sizin əmirlərinizə bir xeyri yoxdur. Sadəcə, siz bununla özünüzü dünyada zəhmətə salır, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. Arxasınca Allahın əzabı gələn zəhmət necə də ziyanlıdır! Arxasınca Cəhənnəm odundan qurtuluş gələn aramlıq və azadlıq necə də xeyirlidir!"