Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 48
Bəqərə surəsi, 111-112-ci ayələr
Bəqərə surəsi, 111-112-ci ayələr
وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ .١١١
بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .١١٢
Ayələrin tərcüməsi
111\. (Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək". Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin".
112\. Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil.)
Ayələrin təfsiri.
Cənnət inhisarçıları.
Bu ayələrdə Quran bəzi yəhudi və xaçpərəstlərin daha bir əsassız iddiasına toxunaraq onlara kəskin cavab verir: "(Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
Yəhudi və xaçpərəstlərin bu iddiasının əsassız olduğu, Cənnətin yalnız onlara məxsus olmasının xam xəyaldan başqa bir şey olmadığı bildirildikdən sonra Cənnətə getməyin əsas meyarı ümumi bir qanun şəklində təqdim olunur: "Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil).
Nə Cənnət, nə Allahın mükafatı, nə də əbədi səadətə qovuşmaq heç bir qrupun inhisarında deyil. Aşağıdakı iki şərtə malik olan istənilən şəxs bunlara nail ola bilər:
1-Allahın əmrləri qarşısında boyun əyib ilahi əmrləri bir-birindən fərqləndirməmək lazımdır. Belə olmamalıdır ki, kimsə öz şəxsi maraqlarına uyğun gələn əmrlərə tabe olub, şəxsi mənafeyinə uyğun gəlməyən əmrlərə tabe olmasın. Xeyr, istər şəxsi maraqlarına uyğun olsun, istərsə də uyğun olmasın, Allahın bütün əmrlərinə cani-dildən tabe olmaq lazımdır.
2-Bu imanın təsiri özünü əməldə də göstərməlidir. Belə ki Allahın bütün əmrlərinə tabe olan insan yaxşı işlər görməklə, bütün işlərdə hamıya eyni gözlə baxmaqla imanının təsirini hiss etdirməlidir. Quran yersiz təəssübkeşlik və irqçiliyi birmənalı olaraq pisləyir. Xoşbəxtlik və səadətin yalnız bir millətə xas olmadığını bildirir. Xoşbəxtliyin əsas meyarının is isə iman və və saleh əməl olduğunu açıqlayır.
İncəliklər:
1\. (ǝmaniyyə) sözü (umniyyə) kəlməsinin cəmi olub, "insanın çata bilmədiyi arzu" mənasını bildirir. Sözügedən ayədə, əslində, kitab əhlindən olan şəxslərin yalnız bircə arzusu olduğu bildirilir. O da Cənnəti yalnız özlərinə arzulamalarıdır. Lakin bu arzudan digər arzular da doğduğu üçün (arzu) sözü cəm şəklində verilmişdir.
2\. Haqqında danışdığımız ayələrdə (təslim etmək) feili “vəch” (lüğəvi mənası “üz” deməkdir) sözünə aid edilmişdir. Bu, ondan irəli gəlir ki, nəyəsə təslim olmağın ən gözəl forması insanın üzünü tam olaraq ona tərəf çevirməsidir. Belə ehtimal da oluna bilər ki, "vəch" sözü "varlıq” mənasında nəzərdə tutulmuşdur. Yəni möminlər bütün varlıqları ilə Allahın əmrinə tabe olurlar.
3\. Bu ayələr müsəlmanlara həm də onu öyrədir ki, heç vaxt əsassız sözlərə əhəmiyyət verməyin. Kim nəyisə iddia edərsə, öz iddiasını əsaslandırmaq üçün ondan sübut tələb edin. Bu yolla kor-koranə təqlidlərin qarşısı alınar, cəmiyyətdə məntiqi təfəkkür hökm sürər.
4\. Sonuncu ayədə təslim olmaq məsələsindən sonra (yaxşı işlər görərək) tərzi-hərəkət zərfinin qeyd edilməsi onu göstərir ki, insanın imanı möhkəmlənməyincə yaxşılıq tam anlamı ilə baş tutan deyil.
Bu ifadə həm də onu çatdırır ki, yaxşı iş görmək xüsusiyyəti mömin insanlarda ötəri bir xüsusiyyət deyil, bu, onların canına, qanına hopmuşdur.
Nəhayət, ayənin sonunda tövhid yolunun yolçularının axirətdə heç bir qorxu və narahatçılığının olmaması bildirilir. Bunun da səbəbi odur ki, möminlər yalnız Allahdan qorxur, Ondan başqa heç nədən qorxmurlar. Müşriklər isə hər şeydən onun-bunun sözündən, xurafat əməllərdən və s.-dən qorxurlar.