113\. Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: "Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)". Halbuki onların hər ikisi səmavi kitab oxuyur (və bu növ təəssüblərdən uzaq durmalıdırlar). Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar. Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər İbn Abbasdan belə nəql etmişlər: "Nǝcran xaçpərəstlərindən bir qrupu Həzrət Peyğəmbərin (s) yanına gəldikdə bəzi yəhudi alimləri də orada idi. Onların (xaçpərəstlərlə yəhudilərin) arasında mübahisə baş verdi. Yəhudilərdən olan Rafe ibn Hərmələ üzünü xaçpərəstlərə tutaraq: "Sizin dininizin heç bir əsası yoxdur" - deməklə İsa (ə) peyğəmbəri və onun səmavi kitabı olan İncili inkar edir. Nəcran xaçpərəstlərindən biri də qalxıb eyni sözü ona deyərək Musa (ə) peyğəmbəri və onun səmavi kitabı olan Tövratı inkar etməklə onun cavabını verir. Bu hadisə ilə əlaqədar sözügedən "Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: "Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)..." ayəsi nazil olaraq hər iki dəstəni yanlış danışdıqları üçün tənqid edir".
Ayənin təfsiri.
İnhisarçılıqdan irəli gələn təzadlar.
Bundan əvvəlki ayələrdə bəzi yəhudi və xaçpərəstlərin bir sıra əsassız iddialarından söz açılmışdı. Bu ayədə isə bildirilir ki, əsassız iddialar ortaya atıldıqda bunun axırı inhisarçılığa, daha sonra isə təzadlara gedib çıxır. Ayədə deyilir: "Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: “Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)".
Bu cümlə ilə tərəflərdən hər biri qarşı tərəfin dininin əsassız olduğunu və ya Allah dərgahında heç bir dəyərə malik olmadığını iddia edir. Ayənin davamında Allah-taala bildirir ki, əslində, hər iki dəstə kitab əhli olmuşdur: "Halbuki onların hər ikisi səmavi kitab oxuyur”.
Yəni onların ixtiyarında bütün çətinliklərini həll edəcək səmavi kitab olduğu halda, bir-birilərini inadkarcasına ittiham etməsi olduqca təəccüblüdür. Bunun ardınca Allah-taala müşriklərin də onların dediyi kimi sözlər danışdığını bildirir: "Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar”.
Bu ayə təəssübkeşlik və inadkarlığın əsas səbəbinin nadanlıq olduğunu bildirir. İnadkar insanlar yalnız öz çevrələri ilə kifayətlənir, başqa heç nəyi qəbul etmirlər. Uşaqlıqdan göz açıb gördükləri din xurafat olsa belə, ondan qeyrisini heç bir vəchlə qəbul etmirlər.
Nəhayət, ayənin sonunda deyilir: "Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək".
Qiyamət günündə artıq bütün həqiqətlər üzə çıxacaq. Onda daha heç kim haqqı inkar edə bilməyəcək. Bununla da bütün ixtilaflara, mübahisələrə son qoyulacaq. Qiyamətin özəlliklərindən biri də məhz bütün mübahisələrə son qoyulmasıdır.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, haqqında danışdığımız ayə müsəlmanlara təskinlik verərək bildirir ki, qeyri-müsəlmanların onların dinini inkar etməsindən qətiyyən narahat olmasınlar. Onlar heç bir-birinin də dinini qəbul etmirlər. Çünki nadandırlar. Nadan olduqları üçün də inadkarlıq edir, yalnız özlərini haqlı görürlər.