Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 50

Ali-İmran surəsi, 86-89-cu ayələr

Ali-İmran surəsi, 86-89-cu ayələr



كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ .٨٦


أُولَئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ .٨٧


خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ .٨٨


إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .٨٩


Ayələrin tərcüməsi



86\. İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz!

87\. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

88\. Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək.

89\. Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edəndir!

Ayələrin nazilolma səbəbi.



Ənsardan (Mədinə müsəlmanlarından) Haris ibn Süveyd adlı bir şəxsin əli Mühzir ibn Ziyad adlı günahsız bir müsəlmanın qanına bulaşır və o cəzalandırılmaq qorxusundan İslamdan çıxaraq Məkkəyə qaçır. (Onun tərəfdarlarından on bir nəfər də dindən çıxır.) O, Məkkəyə daxil olandan sonra çox peşman olur və bu hadisəyə görə nə edəcəyini bilmir. Nəhayət, belə qərara gəlir ki, Mədinəyə bir adam göndərsin və Həzrət Peyğəmbərdən (s) onun geri dönmək icazəsinin olub-olmadığını soruşsun.

Həmin vaxt sözügedən ayə nazil olur və xüsusi şərtlər çərçivəsində onun tövbəsinin qəbul edilməsini elan edir. Haris ibn Süveyd Həzrət Peyğəmbərin (s) yanına gəlir, yenidən İslamı qəbul edir və son nəfəsinə kimi İslama sadiq qalır. (Lakin onun İslamdan çıxan on bir tərəfdarı öz halında qalır).

"Əd-Durrul-mənsur" və digər təfsirlərdə sözügedən ayələr barədə başqa nazilolma səbəbləri nəql edilib və onlar bizim nəql etdiyimiz nazilolma səbəbindən elə də çox fərqlənmir.

Ayələrin təfsiri.



Dindən çıxmağın cəzası.

Əvvəlki ayələrdə Allahın qəbul etdiyi yeganə dinin İslam dini olmasından danışıldı. Bu ayələrdə isə İslamı qəbul edib sonra ondan çıxan şəxslərdən danışılır. Dini terminologiyada həmin şəxs “mürtəd” adlanır.

Buyurur: "İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz!”

Allah-taalanın onları hidayət etməməsinin səbəbi aydındır. Çünki onlar Peyğəmbəri aydın nişanələrlə tanıyıblar və onun peyğəmbərliyinə şəhadət veriblər. Buna görə də İslamdan dönməklə zalım olublar. Şüurlu surətdə zülm edən kəs ilahi hidayətə layiq deyil. O, öz vücudunda hidayət üçün lazım olan zəmini məhv edib.

Sözügedən ayədəki “aşkar dəlillər”də məqsəd Qurani-Kərim və İslam Peyğəmbərinin (s) digər möcüzələridir. Burada "zalım" sözündə məqsəd ilk növbədə özünə zülm edib dindən çıxan, sonra isə başqalarının yolunu azmasına səbəb olanlardır.

Daha sonra buyurur: “Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!”

(lən) (lənət) sözünün əsl mənası “hər hansı bir şeyi qəzəblə dəf etmək, özündən uzaqlaşdırmaq"dır. Allahın lənət etməsinin mənası "Allahın həmin şəxsi Öz mərhəmətindən uzaqlaşdırması”dır. Mələklər və insanların lənətinin mənası isə qəzəb və nifrət bildirmək, mənəvi uzaqlaşdırma və Allahdan həmin şəxsləri Öz mərhəmətindən uzaqlaşdırmasını istəməkdir.

Şüurlu şəkildə bu yolla gedən zalım mürtədlər günah və fəsada elə bulaşıblar ki, aləmdə olan bütün ağıl və şüur sahiblərinin – mələk və insanların nifrətinə, hətta Allahın qəzəbinə səbəb olublar.

Sonrakı ayədə həmin əzabın necəliyinə və müddətinə işarə edərək buyurur: “Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək”.

Əgər bu lənət əbədi olmasaydı və ya əbədi olsaydı, lakin tədricən azalsaydı və ya onlara möhlət verilsəydi, dözmək asan olardı. Lakin bunların heç biri olmayacaq, əzabları ağrılı və əbədi olacaq, yüngülləşməyəcək və onlara heç bir möhlət verilməyəcək. Yəni onun nə əvvəlindən, nə sonundan, nə də şiddətindən kəsiləcək.

Son ayədə həmin şəxslərin üzünə qayıdış qapısı açaraq onlara tövbə etmək icazəsi verilir. Çünki bütün hallarda Quranın məqsədi tərbiyədir. İslam və tərbiyənin ən mühüm səbəblərindən biri islahat və pis iş görmüş və günaha bulaşmış şəxslərin üzünə geri qayıtmaq qapısının açılmasıdır. Buyurur: "Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edandir!

Bu ayə də Quranın digər ayələri kimi, tövbəni önə çıxarandan sonra "islah etmək” məsələsini qeyd edir. Yəni tövbə yalnız keçmişdən peşman olmaqdan və gələcəkdə günahı tərk etmək qərarından ibarət deyil. Tövbənin qəbul olma şərti keçmişdə yol verilən nöqsanların gələcəkdə yaxşı əməllərlə aradan qaldırılmasıdır. Buna görə də Quranın bəzi ayələrində tövbə məsələsinə toxunulandan sonra iman və saleh əmələ işarə edilib. Buna sözügedən ayəni və "Məryəm" surəsinin 60- cı ayəsini - "ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlər istisnadır" misal göstərmək olar. Əks halda, tövbə kamil tövbə deyil.

Günah insanın imanında naqislik yaradır və buna görə də tövbə edəndən sonra həmin nöqsanın aradan qalxması üçün iman yenilənməlidir.

İncəlik:



Mürtədin tövbəsi qəbuldurmu?

"Mürtəd" sözünün mənası İslamı qəbul edib sonra ondan dönən şəxsdir.

Mürtǝd iki cür olur: Fitri mürtəd və milli mürtǝd.

"Fitri mürtǝd" ata və ya anası müsəlman olan, bəziləri demişkən, ana bətnində mayalanma baş verərkən ata və ya anası müsəlman olan, özü də İslamı qəbul edən və sonra ondan dönən şəxsdir.

Lakin "milli mürtəd” ata-anası müsəlman olmayan, özü həddi- büluğa çatandan sonra İslamı qəbul edən və sonra ondan dönən şəxsdir.

"Milli mürtəd"in tövbəsi qəbul edilir və onun cəzası yüngüldür. Çünki o, müsəlman övladı deyil. Lakin “fitri mürtəd”in hökmü ondan daha ağır və kəskindir. Yəni İslam məhkəməsində onun mürtəd olması sübuta yetsə, barəsində edam hökmü çıxarılır, onun malı irs olaraq müsəlman varislərinə çatır və həyat yoldaşı ondan ayrılır. Hətta onun tövbə etməsi belə bu ağır hökmlərin qarşısını almır. Hərçənd ki həqiqətən tövbə etmiş olsa, tövbəsi Allah dərgahında qəbul edilər və axirətinə faydalı olar.

Bu ağır hökm yalnız fitri mürtədə, o da həmin şəxsin kişi olduğu hala aiddir.

Ola bilər ki, kimlərsə bu ağır cəzaya təəccüblənsin və onu sərt və İslamın ruhuna zidd hesab etsin. Lakin bu hökmün tutarlı fəlsəfəsi var və o, İslam ölkəsinin daxili cəbhəsinin qorunması, onun dağılmasının, yad və münafiqlərin ona nüfuz etməsinin qarşısının alınmasıdır. Çünki mürtədlik İslam hökumətinə qarşı bir növ qiyamdır və müasir dünyanın bir çox yerində onun cəzası edamdır.

Əgər insanlara istədikləri vaxt özərini müsəlman kimi təqdim etmək, istədikləri vaxt ondan çıxmaq icazəsi verilsə, İslamın daxili cəbhəsi dağılar, düşmənin və onların əlaltılarının müsəlmanların içinə nüfuz etməsinə yol açılar və bütün İslam cəmiyyətində hərc-mərclik hökm sürər. Buna görə də həmin hökm hökuməti və İslam cəmiyyətini qorumaq və yad ünsürlərlə mübarizə məqsədi daşıyan siyasi hökmdür.

Bundan əlavə, İslam kimi bir dini araşdırma aparıb qəbul edəndən sonra tərk edən və başqa dinə üz tutan şəxs adətən düzgün və əsaslı dəlilə malik olmur. Buna görə də o, ağır cəzaya layiqdir. Bu hökmün qadınlar barədə yüngül olmasının səbəbi onlar barəsində ümumilikdə bütün hökmlərin yüngül olmasıdır.