Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 52
Ali-İmran surəsi, 92-ci ayə
Ali-İmran surəsi, 92-ci ayə
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ .٩٢
Ayənin tərcüməsi
92\. Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə, xeyirə çatmazsınız. Allah verdiyiniz sədəqədən xəbərdardır!
Ayənin təfsiri.
İmanın göstəricisi.
Bundan öncəki ayələrdə iman və küfr, onların əlamət və nişanələri, həmçinin peyğəmbərlərin əhvalatları barəsində xəbər verilmişdir. Bu ayədə isə imanın həqiqəti və yaxşılıq mərtəbəsinə (birr məqamı) yiyələnmək yollarının birindən danışılır. “Birr"- mərtəbəsi ən gözəl
şəxsiyyət nümunəsi, insanlıq hissi və təqva göstəricisidir. Ayədə Allah- taala buyurur: "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla kamil) yaxşılığa nail ola bilməyəcəksiniz).
(bərr) sözü ərəb mənşəli olub, lüğətdə “vüsət, geniş" mənasındadır. Ərəb dilində geniş ərazili səhralara - bər (fəthə "bə" hərfinin üzərində) deyilir. Eyni zamanda, digərlərinin də faydalanmasına səbəb olan, daha çox savabla nəticələnən yaxşılığa "birr" (kəsrə “bə” hərfinin altında) deyilir.
Ərəb dili lüğəti baxımından “xeyir” və (birr) kəlmələrinin fərqi ondan ibarətdir ki, məcburiyyət olmadan, xüsusi olaraq niyyət edərək həyata keçirilən yaxşılığa birr, niyyətdən asılı olmayaraq, istənilən yaxşılığa "xeyir" deyilir.
(birr) kəlməsində əsas məqsədin nə olması barəsində təfsirçilər arasında müzakirələr olmuş və müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi təfsirçilər bu sözü "behişt", bəziləri “təqva və pəhrizkarlıq”, bəziləri isə "gözəl mükafat" kimi mənalandırmışlar. Qurani-Kərimin ayəsində isə (birr) sözü bütün yaxşılıqları özündə ehtiva etməklə yanaşı, həm də gözəl iman və əmələ işarə edir. Yəni yuxarıdakı təfsirçilərin qeyd etdiklərindən daha geniş məna daşıyır. Qurani-Kərimin “Bəqərə" surəsinin 177-ci ayəsində buyurulan (Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənçilərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, bağladıqları əhdə sadiq olan, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən) şəxslər (əl-birr) kateqoriyasına aid edilir.
Bildiyimiz kimi, əsl yaxşıların məqamına yüksəlmək yolları çoxdur. Bu yollardan biri, insanın da rəğbət bəslədiyi əməllərdən olan Allah yolunda öz malından xərcləməkdir. İnsanın Allaha olan eşq və iman bağının möhkəmliyi, habelə əxlaq və insanlığa hörməti iki yol ayrıcına çatdıqda, özünü büruzə verir. Çünki bir tərəfdə zəhmətlə əldə etdiyi və eyni zamanda çox sevdiyi dünya sərvətləri, vəzifə və şan- şöhrət, digər tərəfdə isə ilahi eşq və insanlığın həqiqi siması olan xeyirxahlıq durur. Belə bir seçim qarşısında qalan hər bir kəsin Allaha və ya dünyaya olan məhəbbətinin ölçüsü bəlli olur. Əgər Allaha xatir dünya sərvətlərindən xərcləyərsə, bu onun imanında sadiq olmasını təsdiq edəcəkdir. Yox, əgər az bir miqdarda xərcləyərsə, onun ilahi eşq və mənəvi bağlılığının həddi məlum olacaqdır. Bu müqayisə insanın imanının və insanlıq keyfiyyətinin ölçülməsi üçün ən gözəl meyardır. Ayənin sonunda xeyriyyəçilərin diqqətini cəlb etmək üçün buyurulur: “Bütün etdiyiniz (az və çox, rəğbətiniz olan və olmayan mallardan) yaxşılıqlardan Allah-taala xəbərdardır".
Yəni Allaha xatir edilən yaxşılıq heç vaxt itməyəcək və Ona gizlin qalmayacaqdır. Çünki O, hər şeydən xəbərdardır.
Quran ayələrinin müsəlmanların qəlblərinə nüfuz etməsi Quran ayələri müsəlmanların qəlblərinə o qədər tez və dərin təsir edirdi ki, ayə nazil olduqdan dərhal sonra onun əlamətləri artıq insanların əməllərində özünü büruzə verirdi.
Misal üçün yuxarıdakı ayə barəsində İslam tarixi və təfsirlərindən oxuyuruq:
1\. Peyğəmbərin (s) Əbu Təlhə Ənsari adlı yaxın səhabəsinin Mədinə şəhərində çox gözəl və səfalı xurma bağı var idi. Bu bağ o qədər gözəl idi ki, hamı ondan danışır və Peyğəmbər (s) ora gedərkən bağda olan saf bulaqdan su içər və dəstəmaz alardı. Bütün bu gözəlliklərdən əlavə, Əbu Təlhə Ənsari bağdan böyük məbləğdə gəlir əldə edirdi. Amma yuxarıda qeyd etdiyimiz ayə nazil olduqdan sonra Peyğəmbərin (s) hüzuruna gələrək deyir:
"Bilirsiniz ki, əmlakım içərisində mən bu bağı daha çox sevirəm. Amma bu bağı Qiyamət günündə mənim üçün azuqə olsun deyə Allah yolunda xərcləmək istəyirəm. Peyğəmbər (s) buyurdu:
"Afərin sənə! Afərin! Bu sənin üçün daha faydalı olacaq bir sərvətdir!"
Daha sonra isə davam etdi: "Mən o bağı qohumlarından ehtiyacı olanlar arasında bölməyi məsləhət bilirəm”. Əbu Təlhə Ənsari Peyğəmbərin (s) dediyi kimi, bağı ehtiyacı olan qohumları arasında böldü.
2\. Günlərin birində Abuzərin qonağı gəlir. Əbuzər sadə həyat tərzi sürdüyündən qonaqdan üzr istəyərək deyir: “Kifayət qədər məşğul olduğumdan sənə xüsusi olaraq xidmət göstərə bilməyəcəm. Amma filan məntəqədə bir neçə dəvəm var. Zəhmət olmasa, get onlardan bəyəndiyini seç gətir, sənin üçün qurban kəsim. Qonaq gedib arıq bir dəvə ilə qayıtdı.
Əbuzər dedi: Sən mənə xəyanət etdin. Nə üçün belə bir dəvə gətirdin? Qonaq dedi: “Düşündüm ki, bir gün o dəvələrə ehtiyacın olar".
Əbuzər dedi: "Mənim ehtiyaclı olduğum gün, gözlərimi əbədi yumduğum gün olacaqdır (nə gözəl ki, o gün üçün azuqəm ola). Allah-taala buyurur: Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyirə çatmazsınız”.
Abbasi xəlifəsi Harun ər-Rəşidin arvadı Zübeydənin olduqca qiymətli, çox sevdiyi daş-qaş və ləl-cəvahiratla bəzədilmiş Quranı var idi. Bir gün o Quranı oxuyarkən bu ayəyə gözü sataşdı: "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyirə çatmazsınız” - Ayəni oxuya-oxuya fikrə getdi və dedi: “Heç bir şey mənim üçün bu Qurandan qiymətli deyil. Odur ki, gərək bunu Allaha xatir kiməsə bağışlayım. Qəti qərara gələrək adam göndərib zərgəri dəvət etdi. O, zərgərə Quranın üzərində olan bütün qiymətli əşyaların, daş-qaşın qiymətini hesablatdırdı. Daha sonra o pula Hicazın səhralığında yaşayan və susuzluqdan əziyyət çəkən bədəvi ərəblərin su ehtiyacını ödəmək üçün quyu qazdırdı. Deyilənlərə görə, bu gün də o quyu mövcuddur və Zübeydənin adını daşıyır.