Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 53
Bəqərə surəsi, 118-119-cu ayələr
Bəqərə surəsi, 118-119-cu ayələr
وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ .١١٨
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ .١١٩
Ayələrin tərcüməsi
118\. Cahillər dedilər: "Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?" Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) bir-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi (kifayət qədər) aydınlaşdırdıq.
119\. Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik. Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhlinə (onların yolunu azmasına) cavabdeh deyilsən.
Ayələrin təfsiri.
Nə üçün Allah bizimlə danışmır?
Əvvəlki ayələrdə sadalanan yəhudilərin bəhanələrindən sonra bu ayələrdə başqa bir dəstənin bəhanələrindən danışılır. Çox güman ki, bu dəstə müşrik ərəblər olmuşdur. Əvvəlcə belə deyilir: "Cahillər dedilər: "Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?”
Quranın "cahillər" adlandırdığı bu dəstə iki məntiqsiz istək diləmişlər:
1) Nə üçün Allah bizimlə danışmır?
2) Nə üçün bizə bir ayə gəlmir?
Quran onların eqoistlik və inadkarlıqdan irəli gələn bu məntiqsiz arzularına cavab olaraq belə buyurur: "Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) bir-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi kifayat qədər aydınlaşdırdıq”.
Əgər onların məqsədi, doğrudan da, həqiqəti dərk etməkdirsə, Həzrət Peyğəmbərə (s) nazil olan bu ayələr onun sözlərinin doğruluğu üçün kifayət edər. Daha nə ehtiyac var ki, hər adama tək-tək nişanə gəlsin? Nə üçün hamı israr etməlidir ki, Allah şəxsən mənim özümlə danışsın? "Muddəssir" surəsinin 52-ci ayəsində də buna bənzər iddia edilmişdir:
"Onların hər biri onlara ayrı-ayrılıqda (Allah tərəfindən) məktub gəlməsini gözləyir".
Ümumiyyətlə, bu işə heç bir ehtiyac olmaması ilə yanaşı, həm də o, Allahın hikmətinə ziddir. Çünki əvvəla, bu və digər peyğəmbərin öz iddiasında doğru olub-olmadığını ona nazil olan nişanələrin vasitəsilə müəyyənləşdirmək mümkündür. İkincisi, hər adama nişanə gələ bilməz. Bunun üçün insanın mənəvi ləyaqət və hazırlığı olmalıdır. Bu, eynilə ona bənzəyir ki, şəhərin bütün elektrik naqillərinin yüksək gərginlikli şəbəkəyə qoşulmasını istəyək. Təbii ki, bu, olduqca yanlış bir istəkdir. Elektrik naqillərinin hər birini öz funksiyası üçün nəzərdə tutmuş mühəndis onların hansı işi görməli olduğunu da tənzimləmişdir. Buna görə də onların bəzisi bilavasitə yüksək gərginlikli şəbəkəyə, bəzisi isə elektrik ötürücülərinə qoşulmuşdur.
Növbəti ayədə Allah-taala Həzrət Peyğəmbərə (s) xitabən onun belə məntiqsiz istəklər qarşısındakı vəzifəsini müəyyən edərək buyurur: "Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik”.
Sənin vəzifən odur ki, Bizim göstərişlərimizi camaata çatdırıb möcüzələrini göstərəsən və həqiqəti məntiqli şəkildə onlara açıqlayasan.
Təbii ki, bu dəvət yaxşı insanları müjdələmək, pis insanları isə qorxutmaqla müşayiət edilməlidir: “Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhlinə (onların yolunu azmasına) cavabdeh deyilsən”.
İncəliklər:
1\. Onların qəlbi bir-birinə bənzəyir.
Haqqında danışdığımız ayələrdə Allah-taala müşriklərin gətirdiyi bəhanələrin təzə bir şey olmadığını, onlardan əvvəlkilərin də belə dediyini bildirmişdir. Sanki hamısının qəlbi bir-birinə bənzəyir. Bu ifadə həm də onu çatdırır ki, zamanın keçməsi və peyğəmbərlərin təlimləri nəticəsində gələcək nəsillər daha çox bilik və mərifət əldə etməli, həmçinin nadanlıqdan irəli gələn əsassız sözlər danışmamalı idilər. Lakin təəssüflər olsun ki, onlar bu təkamül proqramından heç nə əldə etməmiş, sanki min illər əvvəlin nadanları kimi öz yerlərində qalmışlar və bu qədər zaman keçməsinə baxmayaraq, onlar qətiyyən fərqlənməmişlər.
2\. İki mühüm tərbiyəvi cəhət.
Müjdə və təhdid ictimai hərəkatlarda olduqca böyük təsirə malik iki tərbiyəvi cəhət hesab edilir. İnsan həm yaxşı işlərə görə alqışlanmalı, həm də pis işlərə görə qınanmalıdır ki, getdiyi yolda daha da irəli addımlaya bilsin.
Təkcə alqış fərd və ya cəmiyyətin təkamülə çatması üçün yetərli deyil. Çünki belə olan halda insan günah edəcəyi təqdirdə özü üçün heç bir təhlükə, qorxu hiss etmir. Məsələn, hazırda xaçpərəstlər İsanın (ə) özünü bütün ardıcılları üçün fəda etdiyini düşünürlər. Hətta zaman- zaman kilsə tərəfindən insanlara Cənnət qəbzləri satılmışdır. Ara-sıra kilsəyə getməklə keşişə günahlarını "bağışlatdırırlar". Belə düşüncənin hökm sürdüyü cəmiyyətdə, təbii ki, asanlıqla günah edilər. "Müqəddəs kitabın ensiklopediyası" əsərində deyilir: "Fəda olmaq İsanın (ə) müqəddəs qanına işarədir ki, o, bizim hamımızın günahını öz öhdəsinə götürməklə çarmıxda onların acısını çəkmişdir".
Məlum məsələdir ki, bu cür yanlış məntiq insanları günah etməyə cəsarətləndirir. Deməli, cəmiyyətin (böyüklü-kiçikli) islahı üçün alqışın kifayət etdiyini və təhdiddən uzaq durmağı düşünənlər tamamilə yanlış fikirdədirlər. Bunun əks tərəfi də doğru deyil. Yəni cəmiyyəti yalnız hədə-qorxu ilə də nəzarət altında saxlamaq olmaz. Arı-sıra, mütləq, alqış, təşviq olmalıdır. Təkcə alqışın və ya təkcə təhdidin yetərli olduğunu düşünənlərin hər ikisi yanlış fikirdədirlər. Unutmaq olmaz ki, insan qorxu ilə ümidin qarışığından ibarət bir varlıqdır. Onda özünə və həyata sevgi, yoxluğa nifrət hissi vardır. O, daim mənfəəti cəlb, zərəri isə dəf etmək arasında var-gəl edir. Ruhuna bu iki cəhətin hakim kəsildiyi insanı onlardan yalnız birinin vasitəsilə tərbiyə etmək mümkündürmü? Özü də nəzərə almaq lazımdır ki, bu iki cəhət arasındakı müvazinət həmişə qorunub-saxlanılmalıdır. Əgər həddən artıq təşviq olarsa, onda insanda günaha cəsarət hissi artar. Yox, əgər həddən artıq təhdid olunarsa, onda tamamilə ümidsizliyə qapılar. Məhz buna görə də Quranın bir çox ayələrində müjdə ilə qorxu birlikdə işlədilmiş, hətta sözügedən ayədə olduğu kimi, bəzi hallarda müjdə qorxudan da əvvəl verilmişdir. Bəzi hallarda isə bunun əksinin şahidi oluruq. Məsələn, "Əraf" surəsinin 188-ci ayəsində qorxu müjdədən əvvəl gəlmişdir:
"Mən iman gətirən (haqqı qəbul etməyə hazır olan) bir tayfanı ancaq qorxudan və müjdələyənəm!"
Quranın əksər ayələrində müjdənin qorxudan əvvəl verilməsi Allah-taalanın rəhmətinin qəzəbini üstələməsi ilə əlaqədar ola bilər. Necə ki bəzi dualarda belə deyilmişdir:
"Ey rəhməti qəzəbini üstələyən!"