Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 53
Ali-İmran surəsi, 93-95 -ci ayələr
Ali-İmran surəsi, 93-95 -ci ayələr
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ .٩٣
فَمَنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَلِكَ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ .٩٤
قُلْ صَدَقَ اللَّهُ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ .٩٥
Ayələrin tərcüməsi
93\. Tövrat göndərilməmişdən əvvəl, İsrailin (Yǝqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi. De: "Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!" (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur).
94\. Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər.)
95\. De: "Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”.
Ayələrin nazilolma səbəbi.
Hədislərə və təfsirçilərə görə, yəhudilər İslam Peyğəmbəri (ə) ilə dialoq zamanı iki irad bildirmişlər. Birinci irad bundan ibarət idi ki, İbarihimin (ə) dinində dəvə əti və südü haram olduğu halda İslam Peyğəmbəri (s) onu necə halal elan edib? Çünki yəhudilər dəvə südünü və ətini İbarahimin (ə) dinində haram olduğunu əsas gətirərək özlərinə haram etmişdilər. İbrahim (ə) peyğəmbərlə yanaşı, hətta Nuh (ə) peyğəmbər də dəvə əti və südünü haram etmişdir. Buna əsasən, dəvə südünü və ətini halal bilən şəxs necə İbarihimin dininin ardıcılı olduğunun iddiasını edə bilər?!
İkincisi isə İslam Peyğəmbəri (s) necə özünü Allahın böyük peyğəmbərləri, o cümlədən İbrahimin (ə) dininə sadiq və Onun ardıcılı bilir ki, onlar Beytül-müqəddəsə ehtiramla yanaşmış, üzlərini ona tərəf tutaraq ibadət etmişlər, amma İslam Peyğəmbəri (s) üzünü Kəbəyə tərəf çevirərək Kəbəni özü üçün qiblə seçmişdir?! Yuxarıda qeyd olunan 93-cü ayədə onların birinci iradlarına cavab verilərək yalanları üzə çıxarılmışdır, həmçinin sonrakı ayələrdə də növbəti iradlarına cavab verilmişdir.
Ayələrin təfsiri.
Yəhudilərin İslam Peyğəmbərinə (s) iradı.
Ayənin nazil olma səbəbində yəhudilərin İslam Peyğəmbərinə (s) dəvə südünün və ətinin halal olmasını irad tutduqlarını oxuduq. Mövzu ilə əlaqədar qeyd olunmuş ilk ayədə yəhudilərin iradlarına birbaşa cavab verilərək dəvə südü və ətinin haram olması fikri rədd olunaraq buyurulur: "Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yǝqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi.
İsrailin (Yǝqub peyğəmbərin adlarından biri) hansı yeməyi özünə haram etməsi və bunun səbəbləri ayədə izah olunmur. Amma hədislərə əsasən, Yǝqub peyğəmbər (ə) dəvə əti yedikdən sonra “ərəqun-nəsa” xəstəliyinin ağrıları çoxalırmış. Odur ki, dəvə ətindən birdəfəlik imtina edir. Həmçinin onun ardıcılları da dəvə ətindən imtina edərək onu özlərinə qadağan ediblər. Zaman keçdikcə, artıq insanlar dəvə ətinin ilahi hökmlə qadağan olunduğunu düşünərək onu yeməkdən çəkinmişlər.
Allah-taala Qurani-Kərim vasitəsilə onların səhv etdiklərini izah edir və belə bir hökmü Allaha aid etməyin böhtan olduğunu bildirir. Tövratdan öncə Bəni-İsrail övladlarına heç bir pak qidanın haram olmadığı yuxarıdakı (min qəbli ən tunəzzələt təvrat) ayədə xatırladılır. Amma onu da qeyd edək ki, Musa peyğəmbər(ə) gəldikdən və Tövrat nazil olduqdan sonra bəni-İsrailin etdikləri zülmün qarşılığında onları cəzalandırmaq üçün bəzi qidalar haram edilmişdir. Odur ki, Allah-taala yuxarıdakı ayə vasitəsi ilə yəhudiləri Tövratı oxumağa dəvət edir və onlardan hansısa pak qidanın haram olma dəlilinin Tövratda olduğunu isbat etmələrini tələb edir. Quran deyir: De: "Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!" (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur.
Amma Tövratda belə yazının olmadığını bildikləri üçün yəhudilərdən heç kəs Tövratı açıb oxumur. Növbəti ayədə Allah-taala yəhudilərin Tövratı oxumadıqlarını, açıq-aşkar yalan danışdıqlarını və bu yalanla Allaha böhtan atdıqlarını irəli sürərək deyir: Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər).
Onlar bu əməllərlə sözün əsil mənasında özlərini əzab-əziyyətə salır, başqalarını haqq yoldan sapdırır və İlahi əzaba tuş gəlirlər.
Bugünkü Tövratda bəzi heyvan ətlərinin haram olması.
Tövratda "Lavilər" bölümü, 11-ci fəsildə əti halal və haram olan heyvanlardan söz açarkən yazır: "Ancaq gövşəyən, yaxud dırnağı ikiyə bölünmüş heyvanlardan dəvənin ətini yemək haramdır, çünki gövşəsə də, dırnağı tam bölünməyib. O, sizin üçün pak sayılmır”.
Yuxarıdakı cümləyə əsasən, yəhudilərin dəvə və onun kimi cüt- dırnaqlıların ətini nəcis və haram bilmələri aydın olur. Amma bu, dəvə ətinin İbrahim (ə) və Nuh (ə) peyğəmbərin də dinində haram olduğuna dəlalət etmir. Əksinə, Tövratın bu ayəsinin yəhudilərin cəzalandırılması zamanına təsadüf etdiyi ehtimal olunur. Ayənin sonunda Allah-taala diqqəti İslam Peyğəmbərinə (s) yönəldərək deyir: De: "Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”.
İndi görürsünüz ki, mən öz dəvətimdə sadiq və düzdanışanam. Onda İbrahimin (ə) də pak dini olan mənim dinimə iman gətirin. İbrahimin (ə) dini “hənif”dir. Yəni O, batil olan dinlərdən üz çevirərək haqq dinə sarılmışdır. Onun göstərişlərində hətta yeməklərin haram olması barəsində olsa belə, bir dənə də olsun dəlilsiz və insanı azdıran hökm yoxdur. O heç vaxt Allaha şərik qoşaraq müşrik olmadı. Halbuki ərəb müşriklərinin onun dinində olduqlarını iddia etmələri tam mənasızdır. Bütpərəstlik hara, büt sındırmaq hara? Bu məsələ də diqqətdən yayınmamalıdır ki, Qurani-Kərim dəfələrlə İbrahimin (ə) heç vaxt Allaha şərik qoşmadığını təkidlə qeyd edir.
Yuxarıda toxunduğumuz mövzunun davamı olaraq qeyd edirik ki, cahil ərəblər özləri İbrahim peyğəmbərin (ə) ardıcılı bilməkdə o qədər israr etmişdilər ki, artıq başqaları onları "Hənifə" - yəni İbrahimin (ə) – ardıcılları adlandırırdılar. Odur ki, Quran bu kimi mövzuları dəfələrlə təkidlə rədd edir.