Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 54
Ali-İmran surəsi, 96 və 97-ci ayələr
Ali-İmran surəsi, 96 və 97-ci ayələr
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ .٩٦
فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ .٩٧
Ayələrin tərcüməsi
96\. İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün insanlıq üçün bərəkət və hidayət mənbəyidir.
97\. Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq. Getməyə imkanı çatan hər bir kəsin Allah evini ziyarət etməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!
Ayələrin təfsiri.
İnsanların ilk evi.
Bundan öncəki ayələrdə yəhudilərin İslam Peyğəmbərinə (s) olan iradları ilə tanış olduq. Həmçinin, barəsində danışdığımız ayələrdə yəhudilərin ilk iradlarına cavab verilmişdir. Amma ikinci iradları, yəni Beytul-müqəddəsin daha fəzilətli olması və Kəbə evindən üstünlüyü barədə iddiaya isə yuxarıda qeyd etdiyimiz ayələrdə cavab verilmişdir. Ayədə buyurulur: "İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir”.
Yuxarıdakı ayəyə istinadən Kəbənin müsəlmanların qibləsi seçilməsi heç də təəccüblü deyil. Çünki Kəbə yer üzünün ilk tövhid evi və bənzəri olmayan ibadətgahıdır. Ondan öncə yer üzündə ibadət və itaət mərkəzi ünvanında heç bir tikili olmamışdır. O insanların və bəşəriyyətin faydalanacağı mərkəz olmaqla yanaşı, həm də onların bir yerǝ toplanması üçün inşa olunmuş bərəkət dolu tikilidir.
İslam tarixindəki mənbələr bu barədə yazır: “Kəbə evini Adəm peyğəmbər (ə) inşa etmiş, Nuh peyğəmbərin (ə) tufanı zamanı bir qədər dağılmış və İbrahim peyğəmbər (ə) tərəfindən yenidən təmir olunmuşdur. Buna əsasən də yer üzünün ən qədim tövhid evinin bəşəriyyət üçün qiblə təyin edilməsi daha münasibdir. Ayədə diqqəti cəlb edən əsas mətləblərdən biri də "Beytullah - Allahın evi" adlandırılan Kəbə evinin "xalqın evi" kimi tanıtdırılmasıdır. Bundan belə bir həqiqət üzə çıxır ki, "Allah adı ilə Allah üçün olan hər bir şey Onun bəndələrinin ixtiyarına verilib. Eyni zamanada da xalqın və Allah bəndələrinin ixtiyarına verilən hər bir şey Allaha məxsusdur".
Həmçinin, bu ayədən ilahi mətnlərin ən qədim tarixə istinad etdiyi anlaşılır. Çünki yuxarıdakı ayədə Kəbə evinin yer üzünün ən qədim ibadətgahı olması onun üçün fəzilət olaraq qeyd olunmuşdur. Buradan "qara daş"-a ehtiramın vacib olmasına tutulan iradlar da öz cavabını tapmış olur. Bəziləri "qara daş"a bu qədər ehtiram edilməsinə irad tutaraq: "Bir parça daşın nə dəyər və qiyməti vardır ki, il boyu milyonlarla insan ona əl sürtmək (istelam) üçün tələsir, bir-birindən önə keçmək istəyirlər? Həmçinin bu əməl Kəbə evinin zəvvarları üçün təkidlə tövsiyə olunmuş savab əməllərdən biri sayılır!"
Lakin xüsusi olan bu daşın tarixçəsinə nəzər saldıqda, onun insanlar üçün nə qədər əhəmiyyətli olduğunun fərqində olarıq. Bu daş yer üzünün ilk ilahi ibadət mərkəzi olaraq peyğəmbər tərəfindən inşa olunmuş tikilinin əsas mərkəzində yerləşir. Yer üzündə inşa olunmuş bütün ibadət ocaqları, o cümlədən hətta Kəbə evi belə dəfələrlə təmir olunmuş, zahiri formaları dəyişdirilmiş, tikinti zamanı müxtəlif inşaat materiallarından istifadə olunmuşdur. Amma min illər keçməsinə baxmayaraq, ilk gündə olduğu kimi dəyişməz qalan məhz bu qara daşdır. Hansı ki yerin ilk ibadətgahının əsas simvolu sayılır. Məhz elə onun əhəmiyyəti də Allah yolunda insanlara ən çox xidmət göstərməsidir. Bu daş min illər və əsrlər öncə yaşamış möminlərin susmuş tarixidir. Bu daş ilahi peyğəmbərlərin və xalis bəndələrin ona əl sürtərək Allaha ibadət etməsinin xatirəsini yaşatmaqdadır.
Ayədə diqqət yetiriləcək digər mətləb isə Kəbə evinin bəşəriyyət üçün ilk inşa olunmuş ev kimi təqdim olunmasıdır: "İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir”. Ayədən açıq-aydın məlum olur ki, “İnsanlar üçün ilk inşa olunan ev” dedikdə yaşayış evi deyil, məhz insanların ilk ibadət ocağı nəzərdə tutulur. Çünki Kəbə evindən öncə yer üzündə yaşayan az sayda insanların özlərinin yaşaması üçün müəyyən tikililəri mövcud olub. Bu cümlədə eyni zamanda bəzilərinin iddialarına, o cümlədən “Əl-Mənar” təfsirində irəli sürülən iddaya cavab verilir. "Əl-Mənar" təfsirinin iddiasına əsasən, Kəbə evi İbrahim peyğəmbər (ə) tərəfindən tikilmiş, Kəbənin Adəm peyğəmbər (ə) tərəfindən inşa olunması fikri isə əfsanə adlandırılmışdır.
Bundan əlavə, tarixə nəzər saldıqda İbrahim peyğəmbərdən (ə) öncə yer üzündə ibadət ocaqlarının olduğu, həmçinin ilahi peyğəmbərlərin, o cümlədən Nuhun (ə) xüsusi ibadətgahda ibadət etməsinin şahidi oluruq. Belə olan halda, necə ola bilər ki, yer üzünün ilk ibadətgahı sayılan Kəbə evi İbrahim peyğəmbər (ə) tərəfindən inşa edilmiş olsun? Ayədə Kəbə evinin fəzilətini qeyd edərkən, onun insanlar üçün ilk ibadətgah olması faktını bildirməklə yanaşı, həm də o evin bəşəriyyət üçün bərəkətli və dünya insanlarının hidayət çeşməsi olması qeyd edilmişdir: "O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir”.
Növbəti ayədə isə daha iki fəzilət və üstünlük qeyd olunmuşdur. Birinci fəzilət və üstünlükdə deyilir: "Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var.
İkinci fəzilət və üstünlük isə bu tikilinin şəhər sakinlərinə əmin- amanlıq bəxş etməsidir: “Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq.
İkinci cümlədə bütün insanlara həcc mərasiminin vacibliyi vurğulanaraq buyurulur: "Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etso (həcci tərk etsə, özünü ziyana salmışdır)
Bu göstərişdə bütün insanların öhdəsində olan ilahi borcdan danışılır. Çünki ayədə "getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi" vacib edilmişdir. Ayadaki - həcc" sözü niyyət və bir şeyi qəsd etmək mənasındadır. Buna görə də yola vǝ cığıra "məhəccə (ərəb qramatikasına əsasən, “məvəddə" vəznindədir) deyilir. Dəlil və sübut əsasında insanları ilahi məqsədə çatdırdığı üçün bu sözdən istifadə olunmuşdur. Əlbəttə, gələcək mövzularda daha aydın izah olunacaq.
Nə üçün bu xüsusi ziyarət mərasimini “həcc” adlandırıblar?
Çünki ilk olaraq bu mərasimi yerinə yetirmək istəyən hər bir şəxsin niyyəti ayədə buyurulduğu kimi, “Allahın evinin ziyarəti” olur. Buna əsasən də ayədə "beyt - Allahın evi" sözü həcc sözünə əlavə olunmuşdur. Keçmiş mövzularımızda da qeyd etdiyimiz kimi, Kəbə evinin ziyarətini ilk dəfə İbrahim peyğəmbər (ə) icra etmiş və daha sonra tarix boyunca bu sünnəyə əməl olunmuşdur. Hətta cahil və büt-pərəst ərəblər belə bu mərasimi adət şəklində yaşatmışlar. İslam dini gəldikdən sonra isə əməllər kamil, hər növ xurafatdan təmizlənmiş şəkildə əməl edilmiş və günümüzə kimi də davam etməkdədir.
Əlbəttə, Nəhcül-bəlağə (Qasiə xütbəsi) və bəzi hədislərə əsasən deyə bilərik ki, həcc əməlləri Adəm peyğəmbərin (ə) zamanında da olmuşdur. Amma İbrahim peyğəmbərin (ə) zamanında qətiləşmiş və ilahi sünnə olaraq insanların yaddaşlarına hopmuşdur. Yuxarıdakı ayəyə əsasən, həcc mərasimi bu səfərə getmək imkanı olan hər bir kəsə ömründə bir dəfə vacibdir. Əgər kimsə ömründə bir dəfə vacib həcc ərəfəsində Kəbə evini həccin əhkamına uyğun olaraq əməlləri yerinə yetirməklə ziyarət etmiş olarsa, o artıq boynunda olan vacib həcc ziyarətini yerinə yetirmiş sayılır. Ayədə həcc mərasimində iştirak etməmək üçün yalnız imkansız şəxslər istisna edilmişdir: “Getməyə imkanı çatan hər bir kəsə.
Burada (istitaə) sözündən istifadə olunmuşdur. Yəni piyada yol getmək qüdrətinə malik olan insanlara vacib edilmişdir. Hədislərə və fiqh elminə əsasən, (istitaə) sözü həcc mərasimində iştirak etmək üçün fiziki və maddi imkanın olmasını nəzərdə tutur. O cümlədǝn, gedib-qayıtmaq üçün minik vasitələrinin olması, səfər xərclərini ödəmək imkanı, yolun açıq olması, cismi və fiziki sağlamlığın yerində olması, qayıtdıqdan sonra gündəlik işlərində çətinliyə düşməmək kimi şərtlər nəzərdə tutulur. Sözün əsl mənasında yuxarıdakı ayədə istifadə olunmuş "istitaə" sözü bütün nəzərdə tutulmuş imkanları özündə ehtiva edir. Bunu da qeyd edək ki, ayədəki həcc mərasimi yalnız müsəlmanlara deyil, bütün bəşəriyyətə vacib edilmişdir. Yəni, dünyanın bütün imkanlı şəxslərinə ömürlərində bir dəfə Kəbə evini ziyarət etmək vacib edilmişdir. Həccin hətta qeyri-müsəlmanlara da vacib edilməsi "əl-kuffaru mukəlləfunə bilfurui kəma ənnəhum mukǝl- lǝfunə bil usul - Kafirlər üsulidinin qarşısında vəzifə və məsuliyyət daşıdıqları kimi firuiddinin də qarşısında məsuliyyət daşıyırlar” qaydasına əsasəndir. Ayədə buyrulan ilahi əhkama əməl etmək və ibadətlərin əsas düzgünlük meyarlarından birinin İslam dinini qəbulu olmasına baxmayaraq, İslam dinini qəbul etməmək qeyri-müsəlmanları həcc məsuliyyətindən azad etmir.
Həcc mərasiminin mahiyyəti, fərdi və ictimai faydaları, onun bəşəriyyətin hidayət olmasına təsirləri barəsində "Bəqərə" surəsinin 196-203-cü ayələrinin təfsirində geniş şəkildə danışmışıq. Ayənin sonunda həcc mərasiminin əhəmiyyətini bir daha xatırlatmaq üçün Allah-taala buyurur: "Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!”.
"Küfr" sözünün lüğətdəki mənası “örtmək” deməkdir. Amma terminoloji mənaya gəldikdə isə bu sözün mənası olduqca çoxdur. O cümlədən, haqqa qarşı olan hər bir kəsə (istər etidaq, istərsə də fiqh və şəriət məsələlərində) şamil edilir. Əgər diqqət yetirsək, “küfr” sözü, əsasən, etiqadi məsələlərlə müxalif olanlar barəsində işlədilir. Amma bu o demək deyil ki, hansısa əməl qəsdən tərk olunduqda “küfr” sözündən istifadə olunmalıdır. O cümlədən, yuxarıdakı ayədə də “həccin tərk olunması” sözünü oxuyuruq. Həmçinin, İmam Sadiqdən (ə) nəql olunan hədisdə İmamın "küfr" sözünü "tərk” sözü kimi mənalandırdığını oxuyuruq. Başqa sözlə desək, küfr etmək və ya haqdan üz çevirməyin müəyyən mərhələ və dərəcələri olmaqla yanaşı, xüsusi hökmləri də vardır. Buna əsasən də, ayə və hədislərdə çətinliklə başa düşülən küfr və iman sözlərinin mənası anlaşılır. Hər halda, yuxarıdakı ayədən iki əsas mətləb başa düşülür: Birinci mətləbdə həcc mərasiminin olduqca əhəmiyyətli olması başa düşülür. Eyni zamanda bu əməlin tərk olunması küfr sayılır. Mərhum Səduq "Mən la yəhzuruhul fəqih" kitabında Peyğəmbərdən (s) belə nəql edir:
Peyğəmbər (s) Əliyə (ə) buyurdu:
"Ey Əli! Həcci (imkanı olduğu təqdirdə) tərk edən şəxs kafir sayılır. Çünki Allah-taala buyurur: Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!
Ey Əli! Həcci (imkanı olduğu təqdirdə) təxirə salan şəxs dünyadan (həccə getməmiş) gedərsə yəhudi və xristian kimi ölmüşdür”.
Digər tərəfdən, həcc mərasiminin yerinə yetirilməsi Allahın vacib buyurduğu başqa şəriət hökmləri kimi yalnız insanların özləri üçün mühüm və faydalıdır. Çünki Allahın insanlar üçün təyin etdiyi bütün proqramlar yalnız onların özü üçün xeyirli və tərbiyəvi əhəmiyyətlidir.
İncəliklər:
1\. "Bəkkə" sözünün açıqlaması.
"Bəkkə - " sözü “bək” kökündən götürülüb. “Fək” vəzninə daxil olan bu söz kütlə və toplum mənasını verir. Kəbə evinin daimi ziyarət- çiləri olduğu üçün Məkkə şəhərinə və Kəbə evinin yerləşdiyi məkana "bəkkə" deyilir. Əlbəttə, ilk vaxtlarda Kəbə evinin yerləşdiyi ərazi "Bəkkə" adlanmamışdır. Amma Kəbə evi insanların ibadətgahı kimi məşhurlaşdıqdan sonra izdihamın artması nəticəsində artıq insanların zehnində "Bəkkə" kimi formalaşmışdır. Yəni ora elə bir məkandır ki, daim orada insanlar kütlə şəklində ibadətlə məşğul olurlar. İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: Məkkə şəhərin yerləşdiyi ǝrazi, “Bəkkə" isə Allahın evinin yerləşdiyi məkana deyilir. Bəzi təfsirçilərin fikrinə əsasən, Məkkə ilə Bəkkə arasında heç bir fərq yoxdur. Lakin bu sözlərdə "mim" hərfi "bə" hərfinə çevrilmişdir. Məsələn, ərəb dili lüğətində lazım və lazıb sözlərinin arasında heç bir fərq mövcud deyil və hər iki ifadə düzgündür.
Kəbə evinin yerləşdiyi əraziyə nədən “Bəkkə” deyilməsi barəsində digər versiyalar da irəli sürülmüşdür ki, onlardan birini nümunə olaraq qeyd edəcəyik. Yuxarıda qeyd olunan “bəkkə” sözünün digər mənası təkəbbürü aradan qaldırmaq və qüruru sındırmaqdır. Bu məkanda da hamı bərabərləşir, təkkəbbürlər aradan gedir, qürur sınır və kiminsə digərindən üstün olduğu qətiyyən bilinmir. Bütün insanlar hamılıqla eyni libasda olmaqla yanaşı, bir Allaha ibadət və pərəstiş edirlər. Mənz burada bütün qürurlar sınır və məğrur insanların qürrələnmək üçün dəlilləri qalmır.
2\. Məscidül-həramın vüsət tapması.
Peyğəmbər (s) zamanından başlayaraq müsəlmanların sayı artdıqca Kəbə evi ziyarətçilərinin də sayı çoxalmağa başlamışdır. Odur ki, Məscidül-həramın ərazisi zamanının xəlifələri tərəfindən genişləndiril- məyə başlamışdır. Əyyaşinin təfsirinə əsasən, Abbasi xəlifəsi Mənsur hacıların sayının çoxalması səbəbindən Məscidül-həramın ərazisini genişlətmək qərarına gəlir. Mənsur Məscidül-həramı genişləndirmək üçün Kəbə ətrafında olan evləri sahiblərindən pulla almaq istəsə də, onlar buna razı olmurlar. Mənsur çıxılmaz vəziyətə düşür. Çünki insanların evlərini zorla əllərindən almaq istəmirdi. Əlbəttə, zorla alsaydı, bunun nəticəsi yaxşı olmayacaqdı. Çünki onlar evlərini vermək istəmirdilər. İmam Sadiqdən (ə) bu barədə soruşduqda, İmam (ə) buyurmuşdur: Bunun üçün istinad ediləcək açıq-aşkar dəlil vardır. "Hansı dəlil" deyə soruşduqda İmam (ə) buyurdu:
\- Allahın kitabı.
\- Allahın kitabında buyurulan hansı kəlam?
İmam (ə) buyurdu: “Çünki Allah-taala bu ayədə buyurur:
"İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir". Əgər burda yaşayanlar Kəbə evindən öncə orada məskən salsaydılar o zaman mülk onların sayılacaqdı. Amma Quran ayəsinə istinad etdikdə, Kəbə evinin ilk tikili olduğunun şahidi oluruq. Bu zaman onların yaşadıqları ərazi Məscidül-həramın mülkü və ərazisi sayılır. İmamın bu dəlilindən sonra Mənsur Kəbənin ərazisində yaşayan insanları toplayaraq imamın dəlillərini onlara dedi. Mülk sahiblərinin artıq danışmağa sözləri olmadığı üçün dedilər: Necǝ məsləhət bilirsinizsə, elə də olsun.
Əyyaşinin təfsirində oxşar hadisənin Mehdi Abbasinin dövründə də yaşandığı yazılır. Mehdi Abbasi fəqihlərdən bu barədə soruşduqda onlar cavabında “mülkün sahibləri razı olmadıqları təqdirdə biz mülkü onların əlindən ala bilmərik. Əks halda ərazi qəsbi sayıldığı üçün sahəni Məscidül-həramın ərazisinə qatmaq olmaz”. Əli ibn Yəqtin İmam Musa ibn Cəfərdən (ə) bu məsələni soruşmaq üçün icazə istəyir. Mehdi Abbasi də Mədinənin hakiminə məsələni İmam Musa ibn Cəfərdən (ə) soruşması haqqında göstəriş verir.
İmam (ə) buyurur: "Yaz! Bismillǝhir-rahmənir rahim. Kəbə evi ilk tikili olmuş və insanlar evlərini onun ətrafında tikmişlər. Buna əsasən də onların yaşadıqları ərazi Kəbə evinin sahəsinə daxildir. Əgər mülkün sahibləri evlərini Kəbə evindən öncə tiksəydilər, o zaman mülk onların olacaqdı”.
Məktubun cavabı Mehdi Abbasinin əlinə çatdıqdan sonra o qədər sevinir ki, hətta məktubu öpür və evlərin uçurulması haqqında göstəriş verir. Evlərin sahibləri imam Musa ibn Cəfərin (ə) yanına gələrək xəlifənin uçurulmuş evlərinin qarşılığında onlara pul verməsində yardımçı olmasını xahiş edirlər. Bunun üçün İmamdan onlar üçün xəlifəyə məktub yazmasını istəyirlər. İmam da onların xahişini nəzərə alaraq Mehdi Abbasiyə yazır: “Onlara bir miqdar əta et”. Mehdi Abbasi məktubu aldıqdan sonra onları razı salır.
Yuxarıda qeyd olunan iki hədisdə olduqca lətif istidlal mövcuddur. Həmçinin hüquq və mülkiyyət baxımından da kamil şəkildə tətbiq ediləcək dəlillərdir. Çünki həmin ərazidə ilk olaraq Kəbə evi tikilibsə və digər evlərin də orada salınması məhz Kəbəyə görədirsə, təbii ki, hər ehtiyacdan öncə Kəbənin ehtiyacları ödənməlidir. Əlbəttə, bunu da əlavə etmək lazımdır ki, qeyd olunan ehtiyac yaranmadıqca digərləri həmin ərazilərdən istifadə edə bilərlər. Ehtiyac yarandıqda isə Kəbə evi ərazi və digər cəhətlərdən üstünlük hüququndan istifadə edə bilər.
3\. Kəbə evinin üstünlükləri.
Yuxarıdakı iki ayədə Kəbə evinin ilk ibadətgah olması ilə yanaşı daha dörd üstünlüyü də qeyd olunmuşdur.
a) Çox faydalı və bərəkətli olması (mübarək).
Mübarək kəlməsindən məqsəd Kəbə evinin daha faydalı və bərəkətli olmasıdır. Kəbə evi yer üzündə bəşəriyyət üçün maddi və mənəvi cəhətdən ən bərəkətli yerdir. Bu yerin mənəvi bərəkəti, ilahi cazibəsi, xüsusən həcc mərasimi ərəfəsində ilahi bir vəhdət hərəkatının yaranması heç kəsə gizlin deyil. Əgər həcc mərasiminin zahiri görünüşü ilə kifayətlənməsək, Kəbənin ruhu və fəlsəfəsi dirçəlsə və izah olunsa, o zaman onun əsl bərəkəti daha da aşkara çıxaraq bəşəriyyət üçün kəşf olunar. Məkkə yaşayış üçün münasib təbiəti olmayan, quraq, susuz, yaşıllıqsız, ot-ələfsiz bir ərazidə yerləşən şəhərdir. Amma buna bax- mayaraq, dünyanın digər şəhərləri ilə müqayisədə ən çox hərəkət və canlanma, yaşamaq üçün can atılan, hətta ticarət əlaqələri bol olan bir yerdir. Bu da onun maddi baxımdan bərəkətli olması üçün növbəti dəlildir.
b) Bəşəriyyətin hidayət olması (hidayət mənbəyidir).
Kəbə evi bütün bəşəriyyət üçün hidayət evidir. Çünki dünyanın hər yerindən səhralar, dəryalar keçərək, yaxından-uzaqdan onun ziyarətinə gəlir və burada ibadətə toplanırlar. Həmçinin İbrahim pey- ğəmbərin (ə) zamanında ilk əsası qoyulan izdihamlı həcc mərasimində iştirak etməyə can atırlar. Hətta cahil və müşrik ərəblər belə Kəbə evinin hörmətini daim saxlamış, həcc mərasimini xurafatlarla olsa belə, "İbrahim peyğəmbərin ayinidir" deyə yerinə yetirmişlər. Həmçinin həcc mərasimi ərəfəsində öz naqis və günah saydıqları əməlləri tərk edərək Kəbənin hörmətini saxlamışlar. Bu minvalla hətta müşrik ərəblər belə Kəbə evinin hidayət çırağından bəhrələnmişdilər. Bu yerin və evin mənəvi cazibəsi o qədər cəlbedicidir ki, hamını öz təsirinə salmışdır.
c) İbrahim (ə) məqamı. Orada aydın nişanələr, İbrahimin məqamı var.
Bu evdə çox sayda mənəviyyat, allahpərəstlik və tövhid əlamətləri mövcuddur. O cümlədən tarix boyunca bu günə kimi mövcudluğunu qoruyub saxlaması, din düşmənlərinin qarşısında müqavimət göstərməsi və xüsusən Kəbə evini dağıtmaq istəyən qüdrətli düşmənlərinin qarşısında davam gətirməsi də o ilahi əlamətlərdən biridir. Ulul-əzm peyğəmbərlərdən sayılan İbrahimin (ə) Kəbə evində və ətrafında çox sayda əlamətləri vardır. O cümlədən Zəmzəm, Səfa, Mərvə, Rukn, Hətim, Qara daş, Hicr-İsmail böyük bir memarlıq əsəri olaraq uzun illərin və əsrlərin əbədi yaşayacaq nişanələrindəndir. Açıq-aşkar əlamətlərin arasında İbrahim məqamı xüsusi ilə qeyd olunmuşdur. Bu məqam barəsində bir neçə fikir mövcuddur. Onlardan birincisi bundan ibarətdir ki, İbrahim peyğəmbər kəbə evinin təmiri üçün orada dayanmışdır. İkinci fikir isə bundan fərqli olaraq İbrahimin (ə) həcc mərasimini yerinə yetirməsinə işarə olması haqdadır. Üçüncü fikirdə isə İbrahim peyğəmbərin (ə) insanları həcc mərasiminə dəvət etməsi qeyd olunur. Hər halda olduqca mühüm əlamətlərdən biri sayılır. Bu məqam ixlası, fədakarlığı və bunlarla birlikdə cəmiyyətləri dirildir. Çünki hal-hazırda İbrahim məqamı Kəbə evinin bir neçə metrliyində daşın üzərində həkk olunmuş ayaq izləri ilə xüsusi olaraq yaddaşlardadır. Bununla yanaşı bu məqam hacıların təvaflarının dayaq nöqtəsidir. Həmçinin alimlərin mövzu ilə əlaqədar fikirlərindən əlavə “Əl-Kafi” kitabında İmam Sadiqdən də (ə) bu barədə hədis nəql olunmuşdur.
d) Əmin-amanlıq (Oraya daxil olan şəxs əmin-amanlıqda olacaq).
İbrahim peyğəmbər (ə) Kəbə evini inşa etdikdən sonra belə dua etdi. İbrahim dedi: “İlahi! Bu torpaqları əmin-amanlıqda qərar ver”.
Allah-taala İbrahimin (ə) duasını qəbul edərək oranı insanlar üçün əmin-amanlıq mərkəzi etdi. Oraya toplaşan insanlar Allahın əmin- amanlıq verdiyi məkandan mənəvi qida alaraq ibadətlərini yerinə yetirirlər. Bundan əlavə məzhəb ayrı-seçkiliyini də nəzərə alsaq Kəbə evi hamı üçün möhtərəmdir. Buna əsasən də orada müharibə və ixtilafa səbəb olacaq əməllərdən hamı çəkinir. Xüsusilə də Kəbə evi müsəlman- ların təsəvvüründə sığınacaq yeri ünvanında formalaşmışdır. Hətta heyvanlar belə əgər Məscidül-hərama daxil olarsa, onlara kiminsə əziy- yət etməsi qadağandır və onların canı amanda hesab olunur. Həmçinin, hətta günahkar və cinayət törətmiş biri Kəbə evinə sığınarsa, orada ona kimsənin toxunması qadağandır. Amma gərək Kəbə evinə olunan bu xüsusi ehtiramdan sui-istifadə olunmasın. Kimsə məzlumlara zülm edərək Kəbə evinə sığınıbsa, orada qalması üçün şərait yaradılmamalıdır. Bayıra çıxması üçün cinayətkara su, çörək və orada qalmasına səbəb olacaq vasitələr verilməməlidir. Əks halda o layiq olduğu cəzadan yayına bilər.