Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 55
Ali-imran surəsi, 98-101-ci ayələr
Ali-imran surəsi, 98-101-ci ayələr
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ .٩٨
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .٩٩
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ .١٠٠
وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَنْ يَعْتَصِمْ بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ .١٠١
Ayələrin tərcüməsi
98\. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?!"
99\. De: "Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu əymək istəyirsiniz? Halbuki siz (bu yolun düzlüyünə) şahidsiniz və Allah sizin etdiklərinizdən xəbərsiz deyil."
100\. Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, sizi iman gətirdikdən sonra döndərib kafir edər.
101\. Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, necə kafir ola bilərsiniz? (Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir.
Ayələrin nazilolma səbəbi.
Şiə və sünni kitablarına istinad edərək yuxarıdakı ayələrin nazil olma səbəblərini qeyd edək: Bir gün öz inadkarlığı, qəlbiqaralığı və küfrü ilə tanınmış Şas ibn Qeys adlı qoca yəhudi müsəlmanların toplandığı yerdən keçərkən, uzun illər bir-birləri ilə düşmənçilik, qanlı müharibələr edən Ovs və Xəzrəc tayfalarını bir yerdə mehribanlıqla, səfa-səmimiyyət içində oturaraq söhbətləşdiyini gördü. Cahillik dövründə onlar arasında ərşə qalxan ixtilaf şölələrindən heç bir əsər- əlamət qalmamışdı. Bunu müşahidə edən qoca özünü olduqca narahat hiss edərək deyir: "Əgər bunlar Muhəmmədin rəhbərliyi altında belə davam etsələr bütün yəhudilik üçün təhlükəlidir”.
Odur ki, hiyləyə əl atır. Yəhudi cavanlarından birini onların toplaşdıqları yerə göndərərək Bǝasdan (Ovsla Xəzrəcin arasında baş vermiş ən qanlı müharibə) söz salmağı və qanlı xatirəni yadlarına salaraq təəssüfünü bildirməsini tapşırır.
Yəhudi cavanın məharətlə işlətdiyi hiylə baş tutur və artıq müsəlmanların arasında söz-söhbət, dedi-qodu dolaşmağa başlayır. İş o yerə çatır ki, Ovs və Xəzrəcin cavanları bir-birlərini Bǝas müharibəsini yenidən yaşadacaqları ilə təhdid edirlər. Tamamilə sönüb aradan getmiş ixtilaf yenidən alovlanmağa başlayır. Xəbər Peyğəmbərə (s) çatdıqda mühacirlərdən bəzilərini göndərərək orda təsirli və ibrətamiz söhbətlər etmələrini tapşırır. Hər iki tayfa Peyğəmbərin (s) nəsihətlərini eşitdikdən sonra peşman olurlar. Silahlarını yerə qoyub, peşmançılıqdan ağlayırlar. Nəhayət, bu söhbətin yəhudilər tərəfindən ixtilaf məqsədi ilə onların arasına atıldığı məlum olur. Odur ki, alovlanan kin-küdurət şöləsini yatırıb, yenidən əhd-peymanlarını təzələyib aralarında olan səfa-səmimiyyəti bərpa edirlər. Bu hadisədən sonra yuxarıdakı dörd ayə nazil oldu. İlk iki ayədə ixtilaf salan hiyləgər yəhudilər məzəmmət olunur. Növbəti iki ayədə isə müsəlmanların daha diqqətli olması üçün onlara xəbərdarlıq olunur.
Ayələrin təfsiri.
Nifaq salanlar.
İlk ayədə yuxarıda qeyd etdiyimiz hadisəyə işarə olunaraq kitab əhli (yəhudilər nəzərdə tutulur) barəsində danışılır. Ayədə Allah-taala Peyğəmbərə (s) onlardan minnət və danlaqla belə soruşmağını əmr edir: "Onların Allahın ayələrinə qarşı küfr etməkdə məqsədləri nədir? Axı Allahın onların bütün əməllərindən xəbəri var".
De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?”
Ayədəki "Allahın ayələri” sözündən məqsəd yəhudilərin kitabı olan Tövratda İslam Peyğəmbəri barəsində olan ayələr və ya peyğəmbərin haqq olmasını isbat edən ayə və möcüzələrin toplusudur. Daha sonra ayədə Allah tala onları məzəmmət edərək deyir: Siz özünüz haqqı qəbul etmədiyiniz təqdirdə nə üçün başqalarının haqqı qəbul etməsinə, Allahın yolunda qalmasına mane olmaqda israrlısınız? Nə üçün Onları Allahın yolundan sapdıraraq düz yolda olmalarına mane olur və onları əyriliyə dəvət edirsiniz? Quran buyurur: De: "Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu dəyişdirmək istəyirsiniz? Halbuki siz (bu yolun düzlüyünə) şahidsiniz”.
Hansı ki gǝrǝk siz özünüz ilk olaraq Allahın dəvətini qəbul edib Onun çağırışına cavab olaraq "hazırıq” deməlisiz. Çünki İslam Peyğəmbərinin (ə) gəlişi sizin kitabınızda ondan öncə yazılmış və siz də buna şahidsiniz. Nə üçün Allahın bəndələri arasında yatmış fitnə-fəsad, kin- küdurəti oyadaraq, onların zehinlərini zəhərləyir, aralarında şəkk-şübhə yaradır, onlara haqq yoldan sapmaları üçün vəsvəsələr edir və bu yolla hidayət yolundan azdırırsınız? Haqq yoldan azmanız az deyilmiş kimi hələ başqalarını da haqq yoldan azdırır və onların da məsuliyyətini öz üzərinizə götürürsünüz? Nə üçün?!
Həmçinin ayənin sonunda onları təhdid edərək buyurur: "Allah sizin etdiklərinizdən xəbərsiz deyil.
Ola bilsin ayədəki “Allah sizin əməllərinizdən xəbərsiz deyil" sözündən məqsəd yəhudilərin gizlində olan hiylələrinin qarşısını almaqdır. Çünki yəhudilər adətən gizlində müsəlmanların haqq yoldan sapmaları üçün planlar hazırlayır, hiylələr qurur, məlumatsız gənclərə vəsvəsə edərək onları çaşqınlığa salır və sadəlövh insanları şəkkə salırdılar. Odur ki, ayədə buyurur: Xəbərsiz və sadə insanları hiyləgərliklə haqq yoldan sapdırmağa çalışsanız da, Allahın gördüyünüz işlərdən xəbəri var. Allah gizlində olan bütün sirlərdən xəbərdardır. İlahinin sizi cəzalandıracağı günü gözləyin! Daha sonra isə diqqəti qəflətə düşmüş müsəlmanlara yönəldərək onlara xəbərdarlıq edir: "Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, iman gətirdikdən sonra sizi döndərib kafir edər”.
Bu minvalla müsəlmanlara xəbərdarlıq edir ki, əgər onların müsəlmanların arasına nüfuz etmələrinə icazə versələr, zehinləri zəhərləyəcək və qəlblərə vəsvəsə salacaq sözlərinə qulaq assalar, çox keçməyəcək ki, imanlarının kökünü qazıyacaq və onları yenidən əvvəlki kimi küfrə qaytaracaqlar. Amma düşmən ilk olaraq onların arasında kin-küdurət və ixtilaf atəşini alovlandıraraq müsəlmanları bir-birinə qarşı qoyacaqlar. Onlar bununla kifayətlənməyəcək, hiylə- lərini davam etdirəcək və nəhayət müxtəlif vəsvəsələrlə sizi İslam dinindən döndərəcəklər. Bura kimi deyilənlərdən belə məlum olur ki, yuxarıdakı ayələrdəki küfr və imandan əsas məqsəd "həqiqi küfr və imana biganəlik"dir. Yəni onlar öz hiylələrini davam etdirsələr insanlar öz imanlarından dönməklə İslamdan üz döndərəcəklər. Həmçinin küfr sözündə məqsədin cahillik dövründəki düşmənçiliklər olduğu da ehtimal edilir. Yəni cahillik zamanındakı kin-küdurətə qayıtmaq da küfrün bir növü sayılır. Çünki iman mehr-məhəbbətin açarı olduğu kimi, küfr də kin-küdurətin və pərakəndəliyin əsas amillərindən sayılır. Belə bir müzakirədən sonra ayənin sonunda təəccüblə möminlərdən soruşur: "Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, necə kafir ola bilərsiniz?
(Buna görə də Allaha sığının).
Burada ayənin məğzi bundan ibarətdir ki, Peyğəmbəri (s) görməyən, vəhylə heç bir vasitə ilə əlaqəsi olmayan kimsənin şəkkə düşməsi, haqq yoldan sapması, daim peyğəmbəri görə bilən, onunla ünsiyyətdə olan, vəhyi birbaşa mənbəyindən əxz edən şəxslərin haqdan üz çevirməsindən daha az təəccüb doğurur. Yəni nübüvvət evi ilə daim rabitədə olan şəxslərin haqq yoldan sapmaları necə mümkündür? Həqiqətən, belə bir şəraitdən kimsə şəkkə düşərək yolunu azırsa əlbəttə ki, təqsirkar özüdür və ağır bir əzaba düçar olacaqdır.
Odur ki, ayənin sonunda müsəlmanlara bir sıra tövsiyələr olunaraq buyurulur: Düşmənin vəsvəsələrindən amanda qalmaq və daim hidayət yolunda sabitqədəm olmaq üçün hər zaman Allahın lütf və mərhəmətinə, Onun pak və münəzzəh olan tövhid sifətlərinə və Quranın ayələrinə sığının. Qurani-Kərim ayənin sonunda müsəlmanlara xitab edərək buyurur: "(Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir.
Burada diqqəti cəlb edən mətləb bundan ibarətdir ki, ilk iki ayədə Allah-taala peyğəmbər vasitəsi ilə sözünü yəhudilərə çatdırır. Çünki ayədən göründüyü kimi, peyğəmbərə "de" əmrini verərək ayəni (qul) (de) sözü ilə başlayır. Amma sonuncu iki ayədə möminlərə müraciət edilməsinə baxmayaraq, Allah-taala burada (qul) (de) sözündən istifadə edərək möminlərlə peyğəmbər vasitəsilə danışmır. Əksinə, möminlərə vasitəsiz olaraq xitab edir. Bu da İlahinin möminlərə xüsusi lütf, diqqət və sayğısının sonsuzluğunun göstəricisidir.