Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 56
Ali-İmran surəsi, 102 və 103-cü ayələr
Ali-İmran surəsi, 102 və 103-cü ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ .١٠٢
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ .١٠٣
Ayələrin tərcüməsi
102\. Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun. Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın).
103\. Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir quyunun kənarında ikən O, sizi xilas etdi. Allah ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!
Ayələrin nazilolma səbəbi.
Bildiyimiz kimi, Mədinədə İslam Peyğəmbərindən (s) öncə Ovs və Xəzrǝc adlı yüz ildən çox bir-birinin qanına susayan, səbəbsiz yerə bir-birinə hücum edərək zərbələr vuran iki böyük tayfa yaşayırdı. Bu iki tayfanın müharibəsi ərəb tarixi səhifələrində ən qanlı müharibələr sırasında yer almışdır. İslam Peyğəmbərinin (s) hicrətdən sonra ən böyük uğurlarından biri də bu iki düşmən tayfanı barışdırıb aralarında sülh, səmimiyyət yaratması olub. Həmçinin bu iki tayfa vasitəsilə Mədinə şəhərində islami strategiya qurmuşdur. Amma buna baxmayaraq, onların arasındakı uzun illərin düşmənçiliyi ara-sıra müəyyən səbələrdən oyanır, yaddan çıxan ixtilaflar yenidən yada düşür və hər dəfə İslam Peyğəmbərinin (s) dəyərli təlim və tədbirindən sonra yenidən sabitlik bərqərar olurdu. Öncəki ayələrdə bu ixtilafın və kin-küdurətin səbəblərindən biri kimi düşmənlərin tədbirli hiylələrindən xəbər verilmişdir. Bu ayədə isə düşmən deyil, sadəlövh, düşünmədən əməl edən dostların və yersiz təəssübün nəticəsində yaranmış ixtilafdan xəbər verilir.
Tarixə əsasən, bir gün Ovs və Xəzrəc tayfalarında olan Sələbə ibn Qənəm və Əsəd ibn Zürarǝ adlı iki nəfər İslama gəldikdən sonra qazandıqları müvəffəqiyyətləri şöhrət naminə bir-birinə saymağı qərarlaşdırırlar. Sələbə dedi: "Xuzeymət ibn Sabit, Hənzələ, Asim ibn Sabit və Səid ibn Məaz bizim tayfadan olmaqla yanaşı həm də İslam dininin qəhrəmanlarıdırlar”.
Xəzrǝc tayfasından olan Zürarə onun sözlərinin qarşılığında dedi: "Bizim tayfadan dörd nəfər Quranın yazılması və təlimi üçün xidmət göstərirlər. Bunlar: Übǝyy ibn Kəb, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyddir. O cümlədən Səd ibn Übadə Mədinə xətiblərinin rəhbəridir". Bu minvalla mübahisə uzanaraq çıxılmaz bir vəziyyətə çevrilir. Hansı ki hər iki qəbilənin adamları bundan xəbərdar olaraq əllərini qılınclarına aparırlar. Bu mübahisədən daha qorxulusu onlarda yenidən düşmənçilik alovlarının şölələnməsi və qan davasının bərpa olunması idi. Nəhayət, xəbər Peyğəmbərə (s) çatır və Allahın Rəsulu (s) tez hadisə yerinə gələrək özünə xas olan təlim və tərbiyə metodları ilə onları sakitləşdirərək yenidən iki tayfa arasında səfa-səmimiyyəti bərpa edir. Yuxarıda qeyd olunan ayə bu zaman nazil olaraq ümumi bir hökmlə bütün müsəlmanları təkidlə vəhdətə və birliyə dəvət edir.
Ayələrin təfsiri.
Təqvaya dəvət.
Ayədə vəhdət əmr olunduğu üçün ilk olaraq hamı təqvalı olmağa dəvət edilmişdir. Sözün əsl mənasında vəhdətə dəvət fundamental əxlaq və əqidə əsaslarına söykənməsə dəvət effektsiz və ya daha az təsirə malik olacaqdır. Bu dəlilə əsasən, ayədə ixtilafın və pərakəndəliyin kökündə iman və təqvanın zəifləməsini önə çəkərək deyir: "Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun”.
Bu ayədə “İlahi təqvaya layiq şəkildə” sözündən məqsəd nədir? Bu barədə təfsirçilərin çox sayda fikirləri mövcuddur. Amma “İlahi təqvaya layiq şəkildə Ondan qorxmanın” təqvanın ən ali mərtəbəsi olmasında şəkk-şübhə yoxdur. Təqvanın ən ali mərtəbəsi dedikdə, hər növ günahdan, asilikdən, azğınlıqdan uzaq olmaq nəzərdə tutulur. "İlahi təqvaya layiq şəkildə” qorxmaq barəsində “Əd-Durrul-mənsur” təfsirində Peyğəmbərdən (s), "Əyyaşi" və "Məanül-əxbar” təfsirində isə İmam Sadiqdən (ə) belə nəql olunur:
"Daim ilahi əmrlərə tabe olmaq, qətiyyən günah etməmək və günah fikrinə düşməmək, Allahı zikr etmək və heç vaxt ondan qafil olmamaq, Onun nemətlərinin qarşılığında layiqli şükr etmək və küfr etməmək "İlahi təqvaya layiq şəkildə" əməl etmək sayılır.
Təbii ki, bu göstərişlərə əməl etmək üçün Allahın digər əmrləri kimi insanın bacarığı nəzərə alınır. Necə ki, "Təğabun" surəsinin 16-cı ayəsində buyurur: "Bacardığınız qədər təqvalı olun". Həmçinin burada ayələrin arasında heç bir ziddiyyət mövcud deyil və bir ayə digərinin hökmünü qətiyyən qüvvədən salmır. Əlbəttə, növbəti ayə özündən əvvəlki ayəyə qeyd olaraq onun insanın qüdrəti çatacağı təqdirdə baş verməsini izah edir. Bütün bunlara rəğmən nəticə bundan ibarətdir ki, ayənin sonunda Ovs və Xəzrəc tayfaları başda olmaqla bütün İslam dünyasının diqqətinə çatdırır ki, təkcə iman gətirmək kifayət deyil. Daha mühüm olan, iman gətirdikdən sonra iman və dinlərini ömürlərinin sonuna qədər qoruyub saxlamalı, keçmişdə olan kin-küdurət, ixtilaf alovları ilə əməllərini puç etməməli, ömürlərini bədbəxlik və ümidsizliklə bitirməməlidirlər. Necə ki, ayənin sonunda buyurur: "Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın).
Vəhdətə dəvət.
Növbəti ayədə vəhdət mövzusu önə çəkilərək bütün ixtilaf yaradan amillərdən və vəhdətə xələl gətirəcək səbəblərdən uzaq olmaq tövsiyə edilir: "Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və ayrılmayın”.
Ayədə qeyd olunan "Allahın ipi"nin nə olması barəsində təfsirçi- lərin müxtəlif rəyləri var. Bəziləri Allahın "ipi” sözünü Quran, bəziləri İslam, bəziləri isə Allah rəsulunun ailəsi (Əhli-beyt (ə) və digər məsumlar (ə) kimi təfsir etmişlər. İslam Peyğəmbəri (s) və digər məsumlara istinad edərək söylənilən hədislərdə də bu ayə barəsində fərqli təfsirlər qeyd olunub. O cümlədən "Əd-Durrul-mənsur" təfsirində Peyğəmbərdən (s) və "Məanül Əxbar" kitabında isə İmam Səccaddan (ə) nəql olunan hədisdə "Allahın ipi” sözünün təfsiri Quran olaraq qeyd olunmuşdur. Əyyaşinin təfsirində isə İmam Baqirdən (ə) nəql olunan hədisdə deyilir: "Allahın ipi sözündən məqsəd Muhəmməd (s) ailəsidir, hansı ki insanların vəzifəsi onların ətrafında birləşməkdir”.
Onu da qeyd edək ki, ayədəki “Allahın ipi" barəsində olan hədis və təfsirlərin heç birinin digəri ilə ziddiyyəti yoxdur. Çünki “Allahın ipi" sözündən əsas məqsəd insanları Allahın pak zatı ətrafında birliyə sövq edən hər bir vasitədir. Bu vasitə Quran, İslam, Peyğəmbər (s) və onun pak əhli-beytidir (ə). Bir sözlə, Allahla rabitə yaradacaq hər bir vasitə Onun "ipi" sayılır.
Dünənin düşməni bu günün qardaşları.
Quran müsəlmanları böyük ilahi nemət olan vəhdətə və birliyə dəvət etdikdə onları bu barədə dərindən düşünməyə dəvət edir. Həmçinin müsəlmanlara pərakəndəliklə vəhdəti müqayisə etməyi tövsiyə edir: "Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz”.
Ayədə diqqəti cəlb edən məqamlardan biri də "nemət” sözünün iki dəfə işlənməsidir. Bununla da Allah-taala təkidlə vəhdət və qardaşlığın necə bir nemət olduğunu çatdırır.
İkinci məsələ isə ondan ibarətdir ki, Allah-taala Özünü möminlərin qəlblərinin sahibi ünvanında qeyd edərək buyurur: “O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz”. Bununla da Allah dini-ictimai bir möcüzəyə imza atmış olur. Dünənə qədər düşmən olanların qəlblərini yaxınlaşdıraraq onları biri-birinə qardaş edir. Əgər ərəblərin uzun illər, bəlkə də əsrlər boyu davam edən kin-küdurət və qan düşmənçiliyini həll edərək onları bir-birinə mehriban etməsinə diqqət yetirsək, İslamın ictimai möcüzəsini dərk edərik. Xüsusi ilə də nadan, yeni iman gətirmiş, imanları möhkəmlənməmiş, kiçik bir xətanı hətta yaxınlarına belə bağışlamayan, uzun illər qəlblərində düşmənlərinə qarşı kin bəsləyən cahil ərəblər bütün olanları unudub İslam naminə qardaşlıq edirlər. Bu İslam dininin aşkar möcüzəsi deyilmi? Bununla da İslam dini sübut edir ki, uzun illər bir-birlərindən xəbərsiz, pərakəndə, barışmaları qeyri-mümkün olan kinli ərəbləri barışdıraraq vahid ümmət yaratmaq mümkündür. Daha sonra Quran deyir: "Siz oddan olan bir quyunun kənarında ikən O, sizi oradan xilas etdi".
Yəni Allah-taala belə bir vəhdəti əta etməklə sizə nicat vermiş və sizi əmin-əmanlıq, qardaşlıq bol olan yerə hidayət etmişdir. Lüğətdə quyunun və ya xəndəyin kənarına “şəfa” deyilir. Ola bilsin “şəfe- dodaq" sözü də buna əsaslansın. Həmçinin xəstələr barəsində dua edərkən bu sözdən istifadə olunması xəstənin xəstəlikdən kənarda qalması anlamına gəlir. Yəni xəstəliyin içində deyil, ətrafında qalsın. Amma ayədəki “od” ifadəsi barəsində təfsirçilərin müxtəlif rəyləri mövcuddur. Bəzi rəylərə əsasən, ayədəki od sözündə bu dünya, bəzilərinə görə isə Cəhənnəm odu nəzərdə tutulur. Amma ayənin məzmunundan belə nəticəyə gəlinir ki, "od” kəlməsi məcazi mənada işlədilərək ərəblər arasında daim alovlanmaq potensialı olan ixtilaf, müharibə və nifrəti nəzərdə tutur. Həmçinin Qurani-Kərimin ərəblərin cahillik zamanına baş vuraraq xatırlatmasında məqsəd onların hər an kiçik bir bəhanə ilə yenidən cahillik zamanına qayıtmaq ehtimalını doğrulamasıdır. Bununla Quran ərəblərin cahillik dövrünün necə təhlükəli olduğunu göstərir və daim qanlı müharibələrin astanasında olduqlarını bir daha xatırladır. Bütün bunlara rəğmən Allah-taala İslam dini vasitəsilə onlara nicat verməklə, eyni zamanda onları axirətdə də Cəhənnəm odundan sığortalayır. Çünki dünya odundan İslam dini vasitəsi ilə nicat tapmaq, axirətin yandırıcı odundan nicat tapmaq deməkdir. Ayənin sonunda bir daha təkidlə buyurur: “Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönələsiniz.”
Allah-taala sonda buyurur: Bütün bunlardan məqsəd sizin hidayət olmanız və çətinliklərdən nicat tapmanız üçündür. Sizin taleyiniz həll olunduğu üçün ilahi ayələrə daha diqqətlə qulaq asmalı və əhəmiyyət verməlisiniz.
İncəliklər:
1\. “Allahın ipi” sözündən məqsəd nədir?
Təəccüblüdür. Ayədəki “Allahın ipi” çox mühüm bir həqiqətdən xəbər verir. İnsan adi şəraitdə, bələdçi və müəllimsiz qalarsa, təbiətin dərinliklərində, ram etmək çətin olan daxili istəklərin quyusunda cahillik və nadanlıqda yaşayaraq ömrünü başa vuracaq. Sadalanan bu quyu və dərinlikdən nicat taparaq aydınlığa çıxmaq üçün mütləq hər kəsə aydınlığa qədər uzanacaq “ip” lazımdır. Bu, kökləri olduqca sağlam və nicat vermək üçün daha etibarlı olan, Quranın göstərişləri və onun haqq canişinlərinin yolu əsasında Allahla rabitədir. Yəni bu qaranlıqların aydın səhəri ilahi rabitədən qaynaqlanır. Bu yol ən aşağı mərtəbədə olan insanları ən üstün mərtəbələrə qaldıraraq onları maddi və mənəvi kamilliyə çatdırmışdır. Əks halda isə qaranlıq davam edəcəkdi.
2\. Tarixçi və alimlərin etirafları.
Yuxarıdakı mövzunun əhəmiyyəti (ərəb qəbilələri arasındakı düşmənçiliyə son qoyulması və müsəlmanların vəhdəti) təkcə müsəlman alimlərinin deyil, hətta qeyri-müsəlman alimlərinin və tarixçilərinin də diqqətindən yayınmamış, ayənin mesajları heç kəsə məxfi qalmamış və tarix boyunca mövzu ilə əlaqədar müxtəlif bir sıra söylənmişdir.
Məşhur ingilis yazıçısı Jan Diun Port yazır:
"Muhəmməd bir sadə ərəb olmasına baxmayaraq, ölkəsinin ac-yalavac, hər növ mədəniyyət və sivilizasiyadan uzaq olmaqla yanaşı, pərakəndə və səpələnmiş kiçik qəbilələrini toplayaraq, intizamlı bir cəmiyyət qurdu. Yer üzünün millətləri arasında onları tam yeni bir Əxlaq simasında tanıtdırdı. Daha sonra yeni qurulmuş bir dövlət olaraq 30 ildən az bir müddətdə Bizans İmperiyasını məğlub etdi. Daha sonra İran padşahlarını bir-bir məğlub edərək Suriya, Misir və Mərakeş torpaqlarını nəzarət altına aldı. Daha sonra isə Atlantik okeanın sahillərindən tutmuş Xəzər dənizinə, oradan da Amudərya çayının kənarına qədər öz hakimiyyətini genişləndirdi”.
Tomas Karlayl deyir:
Allah-taala ərəbləri İslam dini vasitəsilə zülmətdən işığa çıxardı. Bu elə bir zamanda baş verdi ki, sükuta qərq olmuş bir millətdən nə bir səs çıxırdı, nə də ki, hansısa bir ictimai, sivilizasiya yönündə addımları hiss olunurdu. İslam dini belə bir sönmüş milləti azğınlıqdan hidayətə, süstlükdən oyanışa, alçaqlıqdan ucalığa və acizlikdən qüdrətə sövq etdi. Bu dirçəlişlə də İslam dini sürətlə dünyanın dörd bir yanına yayılmağa başladı.
İslamın elan olunmasından bir əsr keçməmiş müsəlmanların bir ayağı Hindistan, digər ayağı isə Əndəlus (İspaniya) torpaqlarında oldu. Xülasə, az bir müddətdə İslam dini dünyanın yarısında parlamağa başladı".
Doktor Qustav Lebon həqiqətləri belə etiraf edirdi:
\- İslam dininin elan olunması ilə heyrətamiz hadisə baş verdi. O tamamilə inkişaf və tərəqqidən uzaq olan, millətpərəstlikdə tayı-bərabəri olmayan Ərəbistan yarımadasına birdən-birə (tez bir zamanda) xeyirxahlıq paltarı geydirdi. Bu hadisə dünya sivilizasiyasında heç bir rolu və əhəmiyyəti olmayan, elm və inkişafdan uzaq olan ərəb tayfaları arasında baş verdi.
Hindistanın məşhur alim və siyasətçisi Nehru bu mövzuda yazır:
"Ərəblərin talelərinin dəyişməsi və necə oldu ki, ərəblər (din və ideologiya baxımından) sürətlə Asiya, Avropa və Afrika ölkələrinə yayıldılar? Geniş mədənəyyətə malik olmaqla yanaşı, həm də bununla dünya tarixində böyük bir dirçəlişə imza atmış oldular? Və hansı fikir ərəblərə yeni ideya, oyanış, özlərinə güvən və qüdrət əta etdi" suallarının cavabı bir kəlmədir: İslam!
3\. Vəhdətin millətlərin yaşamasındakı rolu.
Bura kimi vəhdətin heyrətamiz ictimai təsir və əhəmiyyətindən, həmçinin hər bir millətin inkişaf və tərəqqisində istisnasız rolundan danışsaq da, qətiyyətlə deyə bilərik ki, bu vaxta kimi dünyada əsl vəhdət olduğu kimi tanınmamışdır.
Bu gün vəhdətin sayəsində dünyanın müxtəlif yerlərində yüzlərlə böyük sənayelər ayaqda qalaraq inkişaf edir və bir çox ölkələri öz faydalı ideoloji dəstəyi ilə bəsləyir. Dünyada baş verən bütün inkişaflar tərəqqi yollarında ictimai birliyə borcludurlar.
Diqqətlə baxsaq, bütün bu əldə olunmuş tərəqqinin bir yerə toplanmış yağış dənələrindən savayı bir şey olmadığını müşahidə edərik. Bu zaman vəhdət və insanların ictimai birliklərinin hansı gücə malik olduğu aydın olar.
Peyğəmbərdən (s) və böyük İslam dininin öncüllərindən vəhdətin zərurəti barəsində müxtəlif, lakin oxşar məzmunlu hədislər söylənmişdir. O cümlədən İslam Peyğəmbəri (s) buyurub:
"Mömin insanlar birlikdə möhkəm binaya bənzəyirlər. Hansı ki o binanın hər bir daşı onun möhkəmliyini təmin edir”.
Həmçinin digər hədisdə buyurur:
"Möminlər bir ruh kimidirlər".
Həmçinin digər bir hədisdə buyurur:
“Möminlər bir bədən kimidirlər. Hansı ki o bədənin bir yeri ağrıyan zaman digər əzalar da narahat olar və aram olmazlar".