Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 57
Bəqərə surəsi, 125-ci ayə
Bəqərə surəsi, 125-ci ayə
وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ .١٢٥
Ayənin tərcüməsi
125\. (Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik. (Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin! İbrahimə və İsmailə də: "Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin" - deyə əmr etdik.
Ayənin təfsiri.
Allah evinin əzəməti.
Əvvəlki ayədə İbrahim (ə) peyğəmbərin şəxsiyyətinə işarə edildikdən sonra bu ayədə o Həzrətin (ə) tərəfindən inşa edilmiş Kəbə evinin əzəməti açıqlanaraq deyilir: "(Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik”.
Ayənin ərəbcə orijinalında işlədilmiş (məsabətən) sözü (sǝvb) kökündən olub, lüğəvi mənası “hər hansı bir şeyin əvvəlki vəziyyətinə dönüşü” deməkdir. Kəbə evi də təkallahlı insanların hər il üz tutduğu bir mərkəz olduğu üçün burada o, "dönüş yeri" kimi təqdim edilmişdir. Ora toplaşan insanlar təkcə cismani cəhətdən deyil, ruhani baxımdan da əvvəlki fitrətlərinə qayıdırlar. İnsanın öz evi onun rahatlıq yeri olduğu və "məsabəh" sözünün də içində bir arxayınlıq, rahatlıq mənası gizləndiyi üçün ayədə bu sözün ardınca (əmin-amanlıq yeri) kəlməsinin işlədilməsi mənanı bir qədər də təkidləndirir. Xüsusilə də (insanlar üçün) ifadəsi onu göstərir ki, bu tövhid mərkəzi dünyanın bütün insanları üçün bir əmin-amanlıq yurdudur. Bu cümlə, əslində, İbrahim (ə) peyğəmbərin bir qədər sonra qeyd edəcəyimiz dualarından birinin qəbul olduğuna işarədir.
Ayənin davamında deyilir: "(Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin”.
İbrahimin (ə) durduğu yerin (İbrahim (ə) məqamının) hansı yer olması barədə təfsirçilər arasında fikirayrılığı vardır. Bəziləri həcc ayinlərinin icra edildiyi bütün ərazinin, bəziləri Ərəfat, Məşərül-həram və şeytana daş atılan üç yerin, bəziləri isə bütünlüklə Məkkə hərəminin İbrahim (ə) məqamı olduğunu bildirmişlər. Lakin bəzi təfsirçilərin də qeyd etdiyi kimi, ayənin zahirindən və bəzi hədislərdən belə başa düşülür ki, “İbrahimin (ə) durduğu yer" dedikdə bu gün Kəbənin kənarında "İbrahim məqamı" kimi tanınan yer nəzərdə tutulur. Hacılar Kəbə evini təvaf etdikdən sonra "İbrahim məqamı”na yaxınlaşıb orada təvaf namazı qılırlar. Bu baxımdan ayədəki (musəlla) sözündən də məhz "namaz qılınan yer" mənası anlaşılır.
Daha sonra Həzrət İbrahim (ə) ilə İsmaildən (ə) Kəbə evini tikmələri ilə bağlı alınmış əhdə toxunularaq deyilir: "İbrahimə və İsmailə də: "Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin" - deyə əmr etdik”.
Burada "təmizləmək" dedikdə nəyin nəzərdə tutulduğuna gəlincə, bu barədə təfsirçilər fərqli mülahizələr yürütmüşlər. Bəziləri bütlərdən, bəziləri zahiri çirkinlikdən təmizləmək, xüsusilə də qurbanlıq üçün kəsilən heyvanların qarnındakı natəmiz şeylərdən təmizlənməsi, bəziləri isə Kəbə evini tikərkən təmiz niyyətlə tikilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Lakin burada "təmizləmək" sözünün əhatə dairəsini kiçiltmək üçün heç bir dəlil yoxdur. Deməli, Kəbə evinin həm zahiri, həm də batini təmizliyi nəzərdə tutulmuşdur. Buna görə də bəzi hədislərdə Kəbə evinin müşriklərdən təmizlənməsinin, digər hədislərdə isə Kəbə evini ziyarət edən şəxsin bədənini təmizləməsinin nəzərdə tutulduğunu görürük.
İncəliklər:
Kəbə evinin ictimai və tərbiyəvi təsiri.
Bu ayəyə əsasən, Kəbə evi Allahın əmri ilə insanlar üçün əmin- amanlıq yeri kimi nəzərdə tutulmuşdur. O da məlumdur ki, İslam dininin qaydalarına görə orada istənilən mübahisə, dava-dalaş, qan tökmək qəti qadağan edilmişdir. Orada nəinki təkcə insanlar, hətta heyvanlar, həşəratlar da tam əmin-amanlıq şəraitində yaşamalıdır.
Mübahisə və toqquşmaların səngimək bilmədiyi bu dünyada belə bir əmin-amanlıq yerinin olması insanların problemləri aradan qaldırmasında çox böyük təsir gücünə malik ola bilər. Çünki insanlar öz aralarındakı mübahisə və münaqişələrə rəğmən, onun ətrafında toplaşaraq çıxış yolları araya bilərlər. Beləliklə də, münaqişələrə son qoymaq məqsədilə danışıqlar masasına əyləşmək üçün ən əsas problem öz həllini tapar. Bir çox hallarda aralarında münaqişə olan ölkələr problemin həllində maraqlı olurlar. Lakin danışıqlar masasına əyləşmək üçün hər iki tərəfin təhlükəsiz və müqəddəs hesab etdiyi bir yer tapmaqda çətinlik çəkirlər. Ancaq İslam dinində belə bir problem yaranmasın deyə, Məkkə şəhəri əmin-amanlıq yurdu kimi nəzərdə tutulmuşdur. Hazırda böyük qarşıdurmalarla üzləşmiş dünya müsəlmanları Məkkə şəhərinin müqəddəsliyi və toxunulmazlığından istifadə edərək müzakirələr apara və oranın ürəklərdəki mənəvi yerindən istifadə etməklə münaqişələrə son qoya bilərlər.
2\. Niyə məhz Allahın evi?
Haqqında danışdığımız ayədə Allah-taala Kəbə evi barədə (evimi) ifadəsini işlətmişdir. Allahın cisim olmadığını nəzərə alsaq, deməli, buradakı mənsubiyyətin simvolik xarakter daşıdığı məlum olur. Yəni bu ifadə Kəbə evinin əzəmətini artırmaq məqsədi güdür. Ramazan ayının əzəmətini bildirmək üçün “Allahın ayı" ifadəsi işlədildiyi kimi, bu ayədə də Kəbə evinin əzəmətini artırmaq məqsədilə “evimi” ifadəsi işlədilmişdir.