Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 57
Ali-İmran surəsi, 104-cü ayə
Ali-İmran surəsi, 104-cü ayə
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ .١٠٤
Ayənin tərcüməsi
104\. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir.
Ayənin təfsiri.
Haqqa dəvət və fəsadla mübarizə.
Öncəki ayədə vəhdət, qardaşlıq və ictimai birliyin faydalarından danışıldı. Bu ayə isə əvvəlki mövzunun davamı olaraq vəhdətin qorunub saxlanmasında fövqəladə təsirə malik olan "insanların yaxşı işlərə dəvət olunması" və "pisliklərdən çəkindirilməsi" mövzusundan danışır. Əgər cəmiyyət arasında "yaxşı işlərə dəvət" və "pisliklərdən çəkindirmək” qanunu icra olunmasa, düşmən hazırkı formalaşmış vəhdətə nüfuz edəcək, həşərat kimi onu daxildən yeyəcək, onun ictimai bağlarını qıracaq, tədricən və ya birdən dağıdaraq məhv edəcəkdir. Odur ki, istənilən bir cəmiyyətdə onu qoruyacaq faydalı qanunların olması vacibdir. Yuxarıdakı ayədə ümmətin arasında bu iki böyük vəzifəni yerinə yetirəcək şəxslərin zəruriliyinə diqqət çəkilir: “Aranızda yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun!”
"Ümmət” sözü "üm” sözündən götürülmüş və “ona hər bir əşyanın əlavə olunması mümkün olan” mənasındadır. Buna görə də aralarında vəhdət olan hər bir topluma "ümmət” deyilir. Nəzərdə olan topluumun, hansı ki ona ümmət deyilir, zaman, məkan, ideologiya baxımından heç bir fərqləri yoxdur. İstənilən bir mövzuda birləşə biliblərsə, artıq ümmət sayılırlar. Nəticə olaraq deyə bilərik ki, pərakəndə və təklənmiş şəkildə iş görənlərə ümmət deyilmir. Həmçinin ayənin sonunda zəfər və sevincin məhz bu yolla əldə olunmasına diqqəti yönəldərək Allah-taala buyurur: Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir.
İncəliklər:
Hazırkı mövzumuz müqəddəs kitabımız Qurani-Kərimin nöqteyi- nəzərindən müzakirə olunduğu üçün bir neçə mətləbə toxunmağı mövzumuz üçün zəruri hesab edirik:
1\. Ayədəki “ümmətin içərisindən” sözünün hamıya şamil olmaması.
Ayədəki “ümmətin içərisindən” sözünün hamıya şamil olmamasından belə başa düşülür ki, hamının ictimai təlim və tərbiyə ilə məşğul olması bütövlükdə ümumi vəzifə olmasına baxmayaraq, “insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi ümumi deyil, əksinə xüsusi bir öhdəlikdir.
Hərçənd digər oxşar ayələrin məzmunundan “insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi şəriətdə “vacibi- kifayi” hökmlərdən deyil, "vacibi-eyni” hökmlərdən olduğu anlaşılsa da, bu iki vəzifə "vacibi kifayi" hökmləri sırasına daxildir. Nəticə etibarı ilə deyə bilərik ki, cəmiyyətdə "insanları yaxşı işlərə dəvət etmək” və "pisliklərdən çəkindirmək” vəzifəsi xüsusi insanların öhdəsindədir. "İnsanları yaxşı işlərə dəvət etmək" və "pisliklərdən çəkindirmək” vəzifəsini "vacibi-kifayi" hökmləri sırasına daxil edən bir neçə ayǝyǝ diqqət edək. Allah-taala “Ali-İmran” surəsinin 110-cu ayəsində buyurur:
“Siz insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız". Və ya Əsr surəsinin son iki ayəsində deyir: "Şübhəsiz, insan, ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa”. Əgər diqqətlə baxsaq ayələrdə bu iki mühüm vəzifəni xüsusi deyil, bütün insanların həyatına şamil olunmasının şahidi olarıq. Buna aydınlıq gətirmək üçün deyirik: Ayələrin ümumi toplusuna diqqət yetirdikdə mövzu tamamilə aydınlaşır. Ayələrə əsasən, insanları "yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi üçün iki mərhələ mövcuddur.
Birinci mərhələdə bu ağır vəzifə hər bir kəsin fərdi həyatının bir hissəsi olduğu qeyd edilir. Yəni hər kəs ictimai asayişin qorunması üçün fərdi olaraq əlindən gələni əsirgəməməlidir. İkinci mərhələdə isə bu vəzifə ümmətin içindən bir dəstə elmli və digərlərinə söz demək səlahiyyəti olan şəxslər olmalıdır ki, onların səyi nəticəsində ictimai asayiş və quruculuq daha da inkişaf etsin. Bu şəxslərin ümdə vəzifələri həm də ictimai nizam-intizamın qorunması üçün öncədən tədbir və müəyyən layihələrinin olmasıdır. Yəni bu şəxslərin işi insanlar arasında olmaq, onları yaxşı işlərə dəvət etmək və pisliklərdən çəkindirmək olmalıdır. Başqa ifadə ilə desək, birinci mərhələdə bütün insanlara məhdud və hüquq çərçivəsində ictimai nizamın qorunması vacibdir.
Amma ikinci mərhələdə isə vacibi-kifayi vəzifəsi artıq onların öhdəsində olduğu üçün daha geniş, hüquq çərçivəsində və nizamlı şəkildə "insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsini icra etməlidirlər. Həmçinin onların təminat və himayəsinin İslam hakimiyyətinin öhdəsində olması qaçılmazdır.
Paralel icra olunan hər iki mərhələ müqəddəs İslam dininin ən ali qanunlarından biri hesab olunur. Hər iki mərhələdə fitnə-fəsadla mübarizə aparılaraq insanlar haqq olan dinə və Allaha tərəf sövq olunurlar. İkinci mərhələyə aid olan fəaliyyətin hüquq çərçivələri, ictimai işlərdə hansı şəkildə müdaxilə etmələri İslam hakimiyyətinin nizam-intizam qaydalarına uyğun şəkildə tətbiq və icra olunmalıdır. Əlbəttə, bununla məşğul olan hökumət qurumlarının olması da istisna deyildir.
Buna rəğmən bəzi İslam ölkələrində (bu gün bəzi İslam ölkələrində, o cümlədən Küveytdə icra olunur) yuxarıdakı ayədən ilham alaraq zülm və fəsadla mübarizə aparan xüsusi təyinatlı hökumət təşkilatları mövcuddur. Onların bəzilərinin təşkilatlarının adları “pisliklərdən çəkindirən” və “yaxşılığa dəvət”dir. Təşkilatın şəxsi heyəti qanun çərçivəsində bütün ictimai məsuliyyətləri öz üzərinə götürərək məmur yoldaşlarının köməkliyi ilə cəmiyyətdə baş verən hər bir zorakılığa, qanun pozuntusuna, hökumətə xələl gətirəcək hər növ ziyanlı addımlara müdaxilə edir və ictimai asayişi qoruyaraq eyni zamanda insanları yaxşı işlərə dəvət edirlər.
Bütün bunlara rəğmən deyə bilərik ki, qüdrətli bir cəmiyyətin olması üçün vəzifə bölgüsündə birinci və ikinci mərhələnin arasında elə bir ciddi fərq müşahidə olunmur. Hər iki mərhələdə cəmiyyət ictimai nizam-intizamı qorumağa məsuldur. Amma birinci mərhələdə vəzifələr fərdi, ikinci mərhələdə isə tam məsuliyyət və qanun çərçivəsində təşkilatlanmış yaxşılığa dəvət edən və pisliklərdən çəkindirən məmurlardadır.
2\. "Məruf" və "münkər” nədir?
Lüğət kitablarında "məruf" tanınmışa (ərəfə söz kökündəndir), “münkər" isə tanınmamış (inkar kökündəndir) mənalarındadır. Buna əsasən də yaxşı işlər tanınmış və pis işlər isə tanınmamış kimi tanıt- dırılır. Çünki insan daxilən yaxşı işlərlə tanış, pis işlər barəsində isə məlumatsızdır. Yəni insanın fitrəti yalnız yaxşıları tanıyır və o belə dünyaya gəlir, pislikləri isə tanımır, əksinə onlarla sonradan tanış olur.
3\. Görəsən “insanları yaxşılığa dəvət etmək” əql və məntiqdən doğan bir vəzifədir, yoxsa fitri olaraq ibadi hisslərdən doğur?
Bütün İslam alimlərinin ortaq rəyinə əsasən, insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək hissi sırf fitri və ibadi hisslərdən doğan vəzifədir. Yəni əql ona heç vaxt kimisə pis işdən çəkindirmək üçün əmr vermir. Əgər ictimai bağlılıqlara diqqət yetirsək, məsələnin sırf ǝql və rasional çərçivədə həll olmadığını görürük. Bir nəfərin öz ətrafında yandırdığı alovun genişlənərək daha böyük ərazini yandırması və insanların ona verdikləri reaksiya bu mövzunun əql və məntiq ilə nə qədər əlaqəli olduğunu aydınlaşdırır. Başqa sözlə desək, cəmiyyətdə "fərdi zərər" adlı termin yoxdur. Çünki cəmiyyətdə baş verən hər bir fərdi zərər digərlərinin də ziyan görməsi ilə nəticələnir.
Əlbəttə, bəzi hədislərdə yuxarıdakı fərdi və ictimai zərərlər mövzusuna toxunulmuşdur. Allahın Peyğəmbərindən (s) belə nəql olunur: "Bir cəmiyyətdə günah edən şəxs gəmiyə minərək dəryanın ortasında külünglə oturduğu yeri deşmək istəyən şəxsə bənzəyir. Etiraz edənlərə "mən öz payıma düşən yeri deşirəm" deyə cavab verir”.
Əgər başqaları onun sözünə və etdiyi əmələ etinasız yanaşsalar, çox çəkmədən deşilmiş yerdən su gəmiyə dolar və bu minvalla hamı gəmi ilə birlikdə qərq olmağa məhkum olar. Allahın Rəsulu (s) yuxarıdakı əql və məntiqə söykənən misalı ilə “yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsini tamamilə məntiqi təsəvvür əsasında hər bir şəxsin öhdəsindəki təbii haqq olduğunu qeyd etmişdir. Hər bir fərdin ictimai nəzarəti (hüquq çərçivəsində) taleyüklü vəzifələrdən biridir.
4\. "Yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsinin əhəmiyyəti.
"Yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsinin əhəmiyyəti barəsində Qurani-Kərimin ayələri ilə yanaşı, çoxsaylı hədislər mövcuddur. Əgər bu iki mühüm vəzifə cəmiyyətin fərdləri tərəfindən etinasız qarşılanarsa, nəticədə, çox böyük fəsadların baş verməsi qaçılmazdır. Bu barədə məsumlardan (ə) nəql olunan bir sıra hədisləri aşağıda qeyd edirik:
a) İmam Baqir (ə) buyurmuşdur:
"Allah tərəfindən iki böyük əmrlərdən sayılan “yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsi peyğəmbərlərin amalı və salehlərin yoludur. Hansı ki digər ilahi vəzifələrin icrası bu iki böyük vəzifənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Bu iki vəzifənin icrasından sonra əmin-amanlıq bərpa olar, xalqın ticarət və digər sahələrdəki gəlirləri halal olar, insanların hüquqları təmin olunar, ərazilər abad olar və düşmənlərdən intiqam alınmış olar. Xülasə, bu iki böyük ilahi vəzifənin bərpasından sonra bütün işlər qaydasında ola bilər"
b) Allahın Peyğəmbəri (s) buyurub:
"İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirən şəxs Allahın Peyğəmbəri və Quranın yer üzündə canişinidir".
Yuxarıdakı hədislərə diqqət yetirdikdə bu iki vəzifənin hər şeydən öncə ilahi proqram əsasında tənzimləndiyi bəlli olur. Yəni ilahi peyğəmbərlərin və səmavi kitabların gəlişinin əsas məqsədi insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməkdən ibarətdir.
c) Peyğəmbər (s) minbərdə əyləşən zaman bir kişi o Həzrətdən (s) soruşdu: "İnsanların ən xeyirlisi kimdir?” Peyğəmbər (s) buyurdu:
"İnsanların ən xeyirlisi onları yaxşı işlərə dəvət edən və pisliklərdən çəkindirən, günahlardan ən çox pəhriz edən və daim Allahın razılığını qazanmaq üçün çalışan şəxsdir".
d) Allahın Peyğəmbəri (s) mövzu ilə əlaqədar digər bir hədisdə buyurmuşdur: “Hamılıqla insanları yaxşılığa dəvət edin və pisliklərdən çəkindirin. Əks halda Allah-taala qocalarınıza hörmət və uşaqlarınıza rəhm etməyən zalım şəxsi sizə hakim edər. O zaman sizin yaxşılarınız və salehləriniz Allaha dua edib Ondan yardım istəsələr də duaları qəbul olunmaz. Hətta onların etdikləri tövbə belə qəbul olmaz".
Yuxarıda qeyd olunan hədisdə, öz təbii vəzifəsinə (yaxşılığa dəvət və pisliklərdən çəkindirmə) etinasız yanaşan və onu səbəbsiz olaraq tərk edən cəmiyyətin sonu barəsində xəbər verilmişdir. Çünki istənilən bir cəmiyyətə yaxşıların nəzarəti olmasa sonda həmin cəmiyyətin idarəçiliyi pislərin və zalımların əlinə keçəcəkdir. Zalımların idarəçiliyi zamanında hədisdə buyurulduğu kimi hətta yaxşıların belə tövbəsi qəbul olmayacaq. Çünki tövbədən sonrakı sükutun ardınca zalım yenə də öz zülmünü davam etdirəcəkdir. Bunun baş verməməsi üçün hər bir tövbədən sonra əməllərə yenidən nəzər yetirmək və Allaha doğru getmək lazımdır.
e) Həzrət Əli (ə) buyurub:
"Bütün yaxşı əməllər, hətta Allah yolunda cihad etmək belə insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək vəzifəsinin qarşılığında dərya ilə ağız suyunun müqayisəsi kimidir”.
Hədislərin "insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsi ilə bağlı bu qədər təkid etməsindən belə aydın olur ki, yerdə qalan digər bütün fərdi və ictimai əməllərin icrası bu iki böyük vəzifəyə nə dərəcədə əməl olunmasından asılıdır. Yəni bütün əməllərin yerində və faydalı olmasına sözün əsl mənasında bu iki vəzifə zamindir. Ümumiyyətlə, bu iki vəzifə ilə bütün ictimai əməllərin müqayisəsi ruhla bədənin müqayisəsi kimi olacaqdır. "İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsi tərk olunarsa, cəmiyyətdə bütün etidaqi, əxlaqi və əhkam məsələləri öz dəyərini itirəcəkdir.
5\. "İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsi ümumi ictimai azadlıqla təzad təşkil edirmi?
Bu sualın cavabında deyirik: Bildiyimiz kimi, insanların ictimai fəaliyyəti, onların birlikdə çalışmaları bəşər övladı üçün olduqca faydalı və bərəkətlidir. Hətta belə bir faydanın olması insanı daim cəmiyyətə doğru sövq edir. Amma bununla yanaşı bir sıra məhdudiyyətlər də mövcuddur. Əlbəttə, ictimai fəaliyyətin faydalarına diqqət yetirdikdə ondan doğan məhdudiyyətlər o qədər də ciddi çətinlik yaratmır. Bundan əlavə insan yaranan gündən ictimaiyyətə doğru can atmış və ondan doğan məhdudiyyətləri qəbul etmişdir. Fərdi yaşayışdan fərqli olaraq ictimai həyatda insanların həyat və yaşam tərzləri bir-birləri ilə əlaqədar olur. Təbii ki, fərdlər arasında sıx rabitənin olduğu ictimai həyatda insanların ümumi olaraq nizam-intizama diqqət yetirməsi zəruridir. Çünki ictimai həyat deyərkən bir-birinin üzərində ciddi təsirə malik olan və ya bir-birlərindən təsirlənərək davam edən həyat təsəvvür olunur. Nəticədə, müəyyən məhdudiyyətlərin olması yenə də cəmiyyətin faydasına xidmət edirsə, buradakı məhdudiyyət artıq hər bir cəmiyyətin xüsusiyyəti deməkdir. Bunun əksi barədə əziz İslam Peyğəmbərindən (s) yuxarıda hədis nəql etmişik.
Buna əsasən də müəyyən məhdudiyyətlər doğuracaq əməllərin yerinə yetirilməsi, o cümlədən insanların bir-birləri üzərində nəzarəti sözün əsl mənasında azadlığa qoyulan sərhəd və məhdudiyyət deyil, əksinə, insanların qarşılıqlı vəzifələri, o cümlədən ictimaiyyətin səadətinə səbəb olacaq müqəddəs vəzifədir.
6\. İnsanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək cəmiyyətdə hərc-mərcliyin artmasına səbəb ola bilərmi?
Mövzu kontekstində qarşıya çıxan və zehnlərə gələ biləcək suallardan biri də budur ki, görəsən insanların bir-birlərinin əməllərinə diqqət yetirmələri, sözün əsl mənasında işlərinə müdaxilə etmələri ictimaiyyətdə özbaşınalığa, sabitliyin pozulmasına və hərc-mərcliyə səbəb olmaz? Belə olan halda daim səadəti üçün çalışdığımız cəmiyyətin nizamnaməsinə müxalif olmarıqmı? Yuxarıda qeyd etdiyimiz sualın cavabında deyirik: Keçmiş mövzularımızdan belə məlum oldu ki, insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə proqramı və vəzifəsi iki mərhələ əsasında tətbiq olunur.
Birinci mərhələyə aid olan vəzifələr sırf fərdlərin üzərində kök- lənməklə onları sadəcə pisliklərdən çəkindirmək və pis əməlləri tənqid etməkdən ibarət idi. Sözün əsl mənasında istənilən hər bir oyaq cəmiyyətdə insanların bir-birinə nəzarət etmələri ictimaiyyətin faydası üçün olduqca böyük əhəmiyyət kəsb etdiyi üçün bu vəzifə hər bir şəxsin üzərində əbədi olaraq qalacaqdır.
İkinci mərhələyə aid olanlar isə hökumət tərəfindən seçilmiş hüquqi statusu olan məmurlardır. Belə ki o məmurların cəmiyyətdə baş verəcək hər bir fitnə-fəsada müdaxilə hüquqları vardır. Onlar hökumət tərəfindən böyük dəstəyə və geniş imkana sahib olan insanları yaxşılığa dəvət edən məmurlardır. Onların ictimai fəsad törədən bütün fərdlərə qarşı sərt qarşılıq vermək, onları həbs etmək və hətta şəri məhkəmə tərəfindən verilmiş cəzanı icra etmək haqları vardır.
Deməli, əgər biz "yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” proqramının fərqli mərhələlərinə diqqət yetirsək, burada hüquq çərçivəsində səlahiyyətli müdaxilələrlə tanış olacaq və özlüyümüzdə bu ilahi vəzifənin heç bir hərc-mərclik yaratmayacağına əmin olacağıq. Əgər istənilən bir cəmiyyətdə bu iki əsas ilahi vəzifə icra olunsa həmin cameə ölmüş və hərəkətsiz bir vəziyyətdən tam aktiv və oyaq bir cəmiyyətə çevriləcəkdir.
7\. İnsanları yaxşılığa dəvət etmək düşmənçilik deyil!
Mövzumuzun sonunda bu məsələ də diqqətdən yayınmamalıdır ki, bəhs etdiyimiz ilahi vəzifənin icrası zamanı insanları haqqa dəvət və ya fəsadla mübarizə zamanı xoş niyyəti və hədəfin aliliyi unudulmamalıdır. Zərurət irəli gəlmədən qanunun icazə verdiyi sərt reaksiyanı büruzə vermək olmaz. Əks halda bu, zahirdə düşmənçilik kimi özünü büruzə verəcəkdir. Amma təəssüflər olsun ki, bəzi məsul şəxslər məmurlar vəzifələrini icra edən zaman bəzən yersiz zor tətbiq edir və hətta nalayiq sözlərdən də istifadə edirlər. İnsanları bu şəkildə yaxşılığa dəvət və pisliklərdən çəkindirmək öz xeyir bəhrəsini verməməklə yanaşı, həm də əks təsirə də səbəb olacaqdır. Amma Allahın Peyğəmbərinin (s) üslubu və imamların (ə) insanlarla bu iki vəzifəni yerinə yetirərkən rəftarları heç vaxt əsəblə qarışıq olmamışdır. Əksinə onlar çalışdıqları qədər lütf və mehribanlıq nümayiş etdirdikləri üçün ən günahkar və inadkar insan belə onların sözlərinin qarşısında təslim olaraq iman gətirmişlər.
"Əl-Mənar" təfsiri hazırkı #### Ayənin təfsirində yazır: Bir gün bir cavan Peyğəmbərə (s) yaxınlaşaraq soruşdu: Ey Allahın Peyğəmbəri, mənə zina etmək üçün icazə verirsən? - Oğlan bu sözləri bitirən kimi, müxtəlif yerlərdən ona etiraz edildi. Amma Peyğəmbər (s) ona soyuq- qanlıqla: "yaxın gəl" - dedi. Cavan yaxına gəldi və Peyğəmbərin (s) qarşısında əyləşdi. Peyğəmbər (s) çox mehribanlıqla oğlandan soruşdu: Sənin ananla kimsə zina edərsə bu sənin xoşuna gələr?
Oğlan: Xeyr, ey sənə fəda olum!
Peyğəmbər (s): Eləcə də insanlar razı deyillər ki, kimsə onların anası ilə zina etsin. Sən istəyirsən kimsə sənin qızınla zina etsin? Oğlan: Xeyr, ey sənə fəda olum!
Peyğəmbər (s): Eləcə də insanlar razı deyillər ki, kimsə onların qızı ilə zina etsin. - Peyğəmbər (s) yenidən soruşur: Həqiqətən, öz bacın üçün bu əməli bəyənirsən? Ona bunu layiq bilirsən?
Oğlan yenidən: “xeyr” – deməklə yanaşı dediyi sözdən olduqca pis narahat oldu. Peyğəmbər (s) daha sonra əlini onun sinəsinə qoyub dua edərək Allahdan istədi: “İlahi! Onun qəlbini pakla və günahlarını bağışla. Onun ismətini və qeyrətini hər növ zinadan pak etməklə yanaşı həm də pak saxla!".
O gündən sonra bu oğlanın nifrət etdiyi ən pis əməl zina oldu. Amma bunun ümdə səbəbi Peyğəmbərimizin (s) oğlanla mülayim rəftar etməsi idi.