Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 58
Bəqərə surəsi, 126-cı ayǝ
Bəqərə surəsi, 126-cı ayǝ
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ .١٢٦
Ayənin tərcüməsi
126\. (Yadınıza salın ki,) İbrahim: "Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!" - deyə dua etdikdə O (Allah): "(Duanı qəbul etdim və möminlərə hər növ bərəkət verdim.) Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!” – deya buyurdu.
Ayənin təfsiri.
İbrahim (ə) peyğəmbərin Allahdan istəkləri.
Bu ayədə Həzrət İbrahim (ə) müqəddəs Məkkə ərazisində yaşayan insanlar üçün Allahdan iki önəmli dua istəyir. Onlardan birinə əvvəlki ayədə işarə edildi. Birinci dua budur: "(Yadınıza salın ki,) İbrahim: Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et“.
Əvvəlki ayədə də qeyd etdiyimiz kimi, İbrahim (ə) peyğəmbərin bu duası qəbul olur. Belə ki Allah-taala o ərazini əmin-amanlıq yurdu etməklə oranı həm zahiri, həm də batini cəhətdən təhlükəsiz yerə çevirir.
İbrahim (ə) peyğəmbərin ikinci duası isə bu idi: "... əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!"
Maraqlıdır ki, o Həzrət (ə) ilk olaraq o ərazinin təhlükəsizliyini, daha sonra isə oranın sakinləri üçün ruzi istəyir. Bu da onu göstərir ki, bir şəhər və ya ölkənin təhlükəsizliyi təmin olmayınca orada doğru- dürüst iqtisadiyyatdan danışmağa dəyməz.
Ayədəki "cürbəcür məhsullar" ifadəsinin nədən ibarət olması da təfsirçilər arasında fikirayrılığına səbəb olmuşdur. Lakin, çox güman ki, bu ifadə yeyinti məhsulları kimi həm maddi, həm də mənəvi nemətləri əhatə edən geniş bir məfhumdur. Bu ifadə ilə əlaqədar olaraq İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Qəlblərin meyvəsi nəzərdə tutulmuşdur". Yəni insanların qəlbinin oranın sakinlərinə qarşı məhəbbəti nəzərdə tutulmuşdur.
Qeyd olunası daha bir önəmli məqam ondan ibarətdir ki, İbrahim (ə) bu duanı yalnız tövhid və məada inanan möminlər üçün etmişdir. Bəlkə də, İbrahim (ə) peyğəmbər daha əvvəlki ayələrdə Allah-taalanın ona buyurduğu "Mənim əhdim zalımlara çatmır" cümləsindən başa düşmüşdü ki, onun gələcək nəsilləri arasından şirk və zülm yolunu tutacaq bir dəstə çıxacaq. Buna görə də o Həzrət (ə) ədəb qaydalarına riayət edərək həmin dəstəni duasında nəzərdə tutmamışdır. Allah-taala da o Həzrətin (ə) cavabında belə buyurmuşdur ki, kafir olanları da bu nemətlərdən məhrum etməyəcəyəm, cüzi də olsa, onlara da bundan pay verəcəyəm, lakin axirətdə onları Cəhənnəm əzabına məruz qoyacağam: "O (Allah): "Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!" - deyə buyurdu".
Bu, Allah-taalanın ümumi rəhmətindən irəli gəlir ki, həm mömin, həm də kafir Onun sonsuz nemətlərindən faydalanır. Xüsusi rəhmət yeri olan axirətdə isə zalımlar üçün heç bir qurtuluş yolu olmayacaq.