Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 63
Bəqərə surəsi, 138-141-ci ayələr
Bəqərə surəsi, 138-141-ci ayələr
صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدُونَ .١٣٨
قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ .١٣٩
أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .١٤٠
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ .١٤١
Ayələrin tərcüməsi
138\. "(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?! Biz ancaq Ona ibadət edirik".
139\. De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona ürəkdən (səmimi- qəlbdən) pərəstiş edirik.
140\. Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? (Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?)" Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
141\. (Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız.
Ayələrin təfsiri.
Hansı rəng ilahi rəngdən daha yaxşıdır?
Əvvəlki ayələrdə bütün dinlərin ardıcıllarının bütün peyğəmbərləri qəbul etməyə çağırılmasının ardınca haqqında danışacağımız ilk ayədə onların hamısına yalnız ilahi rəngə boyanmaq, yəni tövhid dinini qəbul etmək əmr edilmişdir: “(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?!
“Biz ancaq Ona ibadət edirik”.
Bununla da Allah-taala bildirir ki, ilahi rəngdən başqa bütün rəngləri kənara qoymalısınız. Təfsirçilərin qeyd etdiyinə görə, xaçpərəstlər uşaqlarını xaç suyuna çəkərmişlər. Bəzi vaxtlar suya sarı rəngli müxtəlif qatqılar qataraq deyərmişlər ki, bu qüsl uşağımızı Adəmdən irsən keçmiş günahdan təmizləyir.
Quran bu əsassız və məntiqsiz iddianın üzərindən xətt çəkərək bildirir ki, müxtəlif mövhumatçı rənglərdənsə ilahi rəngə boyanın, bununla da canınız və ruhunuz bütün çirkinliklərdən təmizlənsin.
Doğrudan da, necə gözəl ifadədir! Əgər bütün insanlar ilahi rəngi qəbul edib hamı vəhdət təşkil etsə, onda ədalət, bərabərlik, paklıq, qardaşlıq, ixlas, səmimiyyət nəticəsində bütün mübahisələrə son qoyular, cəmiyyətdə müxtəlif təbəqələşmələr olmaz. Əslində, bu, cəmiyyətdəki bütün ayrı-seçkiliklərin aradan qaldırılması deməkdir. Bir çox hədislərdə nəql edilmişdir ki, "ilahi rəng” dedikdə məhz İslam dini nəzərdə tutulur." Bu hədis də yuxarıda dediklərimizə işarə edir.
Yəhudilər və qeyriləri ara-sıra müsəlmanlarla mübahisə edərək bütün peyğəmbərlərin onların arasından çıxdığını, öz dinlərinin və səmavi kitablarının ən qədim din və ən qədim səmavi kitab olduğunu bildirir və deyirdilər ki, əgər Muhəmməd (s) də peyğəmbər olsaydı, gərək bizim aramızdan seçiləydi. Habelə ərəblərin bütpərəst olduğunu əsas gətirərək iman gətirməkdə onlardan daha üstün olduqlarını iddia edir, eyni zamanda özlərini “Allahın övladları" adlandıraraq Cənnətin də yalnız onlara məxsus olduğunu deyirdilər. Quran bu iddiaların hamısının üzərindən xətt çəkərək əvvəlcə Peyğəmbərə (s) belə buyurur: "De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir”.
Yəni Allah-taala hər hansı bir qəbiləyə məxsus deyil. O, bütün aləmlərin Rəbbidir. Onu da bilməlisiniz ki, hərə öz əməlinə görə cavabdehdir: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir”.
Bizimlə sizin fərqiniz ondadır ki, biz Allaha səmimi-qəlbdən ibadət edirik: "Biz Ona ürəkdən (səmimi-qəlbdən) pərəstiş edirik".
Sizin əksəriyyətiniz isə tövhidi şirkə bulaşdırmışdır.
Növbəti ayədə yəhudi və qeyrilərinin belə əsassız iddialarından daha bir neçəsinə cavab verilir: "Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?".
Allah-taala hamıdan yaxşı bilir ki, onlar nə yəhudi olmuşlar, nə də xaçpərəst. Siz özünüz də az-çox bilirsiniz ki, Musa (ə) və İsadan (ə) daha əvvəl də peyğəmbərlər olmuşlar. Əgər bunu bilmirsinizsə, yenə də xəbəriniz olmadan onların yəhudi və yaxud xaçpərəst olduğunu deməyiniz böyük günah və həqiqəti gizlətməkdir: “(Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?) Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.
Çox qəribədir, insan inadkarlıq yolunu tutduqda hətta tarixi həqiqətləri də inkar edir. Məsələn, yəhudilər İbrahim (ə), İsmail (ə) və Yaqub (ə) kimi peyğəmbərlərin Musa (ə) və İsadan (ə) çox-çox yaşadığını bilsələr də, onlar Musa (ə) ilə İsanın (ə) ardıcıllarından olduğunu iddia etməklə həqiqəti gizlədirdilər. Halbuki insanların və onların öz imanının taleyi bu tarixi faktdan asılı idi. Buna görə də Quran onları insanların ən zalımı adlandırmışdır. Çünki kiminsə həqiqəti bildiyi halda, onu gizlədərək insanları çaşqınlığa salmasından daha böyük haqsızlıq ola bilməz.
Sözügedən son ayədə yəhudi və xaçpərəstlərə başqa bir formada cavab verilərək bildirilir ki, bu iddialarınız doğru olsaydı belə, hərə öz əməllərinə görə cavabdehdir: "(Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız”.
Bir sözlə, ayaqda olan bir xalq keçmiş tarixinə deyil, hazırkı əməllərinə arxalanmalıdır. Hər bir insan öz əməllərinə görə məsuliyyət daşıyır. Kiminsə ata-babasının yaxşı insan olması onun özünün də yaxşılığına dəlalət etmir.