Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 65
Bəqərə surəsi, 143-cü ayə
Bəqərə surəsi, 143-cü ayə
وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ .١٤٣
Ayənin tərcüməsi
143\. (Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik ki, insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi. (Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir.
Ayənin təfsiri.
Orta (mötədil) ümmət.
Bu ayədə qiblənin dəyişdirilməsinin bir sıra sirlərinə işarə edilir. İlk olaraq belə deyilir: "(Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik”.
Mötədil ümmət olmaq hər bir sahədə orta yolu tutmaq deməkdir. Yəni nə ifrata varılmasın, nə də əksinə olmasın. Hər bir sahədə örnək və nümunə olsun.
Müsəlmanların qibləsinin nəyə görə orta qiblə olmasına gəlincə, bu, onunla əlaqədar olmuşdur ki, xaçpərəstlər şərq istiqamətinə doğru dayanırdılar. Çünki xaçpərəstlərin böyük əksəriyyəti ərəb ölkələrində yaşayırdılar və onlar üzünü İsa (ə) peyğəmbərin doğulduğu Beytül- müqəddəsə tərəf tutmaq üçün, mütləq, şərq istiqamətində dayanmalı idilər. Bu baxımdan şərq istiqaməti onların qibləsi sayılırdı. Yəhudilər isə əsasən Mesopotamiya və Babil ərazisində yaşadığına görə Beytül- müqəddəs onların təxminən qərb istiqamətində yerləşirdi. Buna görə də onların qibləsi qərb istiqaməti sayılırdı. Kəbəyə gəlincə, ora o vaxt Mədinə müsəlmanları üçün cənub istiqamətində, şərqlə qərbin arasında yerləşdiyinə görə orta hədd sayılırdı.
(sizin qibləniz orta qiblə olduğu kimi) ifadəsi haqqında təfsirçilər müxtəlif fikirlər bildirsələr də, Quran bununla, sanki onu demək istəmişdir ki, siz müsəlmanların qibləsi orta qiblə olduğu kimi, bütün ayin və proqramlarınızda da bu xüsusiyyət vardır.
Daha sonra isə müsəlmanların nə üçün mötədil (orta) bir ümmət olduğunun səbəbi açıqlanır: "...insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun”.
İslam ümmətinin insanlara, Həzrət Peyğəmbərin (s) isə müsəlmanlara şahid olması örnək və nümunə olması kimi nəzərdə tutula bilər. Çünki şahidlər adətən nümunəvi insanların arasından seçilir. Bunun mənası o deməkdir ki, Həzrət Peyğəmbər (s) sizə örnək olduğu kimi, siz müsəlmanlar da bu etiqad və proqramlarınızla digər ümmətlər üçün örnək və nümunəsiniz. Siz öz əməllərinizlə şahidlik (sübut) edirsiniz ki, insan həm din, həm də dünya adamı ola bilər. İctimai bir varlıq olduğu halda, öz mənəvi cəhətlərini də qoruyub-saxlaya bilər. Siz bu etiqad və proqramlarınızla şahidlik (sübut) edirsiniz ki, dinlə elm, dünya ilə axirət nəinki bir-birinə zidd deyil, əksinə, bir-birinə xidmət edirlər.
Ayənin davamında qiblənin dəyişdirilməsinin daha bir fəlsəfəsinə toxunularaq deyilir: "Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik”.
Bu cümlədə diqqət yetiriləsi məqam ondan ibarətdir ki, burada "yalnız sənə tabe olanlarla" deyilmir, "yalnız Peyğəmbərə tabe olanlarla” ifadəsi verilmişdir. Bu da onu çatdırır ki, sən adi bir insan deyilsən, Allahın göndərdiyi rəhbərsən. Buna görə də insanlar hər bir işdə sənə tabe olmalıdırlar. Qiblə hələ bunlardan biridir. Hətta ondan daha mühüm məsələ olsa da, yenə sənə tabe olmalıdırlar. Əgər boyun qaçırsalar, deməli, hələ də bütpərəstliyin təsiri onlarda qalmışdır.
((ondan üz çevirib) geriyə dönənləri) ifadəsi, əslində, "ayağın geriyə çevrilməsi" mənasını bildirsə də, burada “üz çevirib geri dönmək" mənasında nəzərdə tutulmuşdur.
Ayənin davamında deyilir: "Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi”.
Bəli, Allah tərəfindən hidayət olmayınca Onun əmrlərinə qeyd- şərtsiz tabe olmaq mümkün olmaz. Önəmli olan odur ki, insan ən çətin əmrlər qarşısında da təslim olmalı və bu, onda qətiyyən narahatlıq doğurmamalıdır. Allahın göstərişi olduğu üçün ən çətin və ağır əmr də insana şirin gəlməlidir.
Müsəlmanları vəsvəsə edən düşmənlər və yaxud da nadan dostlar elə bilirdilər ki, bu vaxta qədər edilən ibadətlər batil olur. Bu yanlış təsəvvürü aradan qaldırmaq məqsədilə ayənin sonunda belə deyilir: "(Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir”.
Allahın göstərişləri həkimin yazdığı nüsxələrə bənzəyir. Bu gün insanın sağalmasına yardım edəcək bir nüsxə sabah başqası ilə dəyişir. Hər birinin öz yeri var və insanın səadətini təmin edir. Buna görə də qiblənin dəyişdirilməsi siz müsəlmanlarda qətiyyən narahatlıq yaratmamalıdır. Keçmiş ibadətlərinizə görə də fikir çəkməyin, Allah onları puç etməz, hamısı doğru sayılır.
İncəliklər:
1\. Qiblənin dəyişdirilməsinin sirləri.
Qiblənin Beytül-müqəddəsdən Kəbə istiqamətinə dəyişdirilməsi hamıda sual doğururdu. Hər bir hökmün dəyişməz olduğunu güman edənlər deyirdilər ki, nə üçün ilk gündən Kəbə müsəlmanların qibləsi təyin edilməmişdi? Əgər Beytül-müqəddəs əvvəlki peyğəmbərlərin qibləsi olaraq daha üstün idisə, onda nə üçün indi qiblə dəyişdirildi? İslamın düşmənləri isə bunu öz qərəzli fikirlərini yaymaq üçün əlverişli fürsət hesab edərək deyirdilər ki, Muhəmməd (s) əvvəlcə özündən qabaqkı peyğəmbərlərin qibləsinə tərəf namaz qılırdı. Lakin mövqeyini bir qədər möhkəmlətdikdən sonra irqçilik prinsipi ona da qalib gəldi. Buna görə də o, öz qövmünün qibləsinə tərəf üz tutdu. Yaxud deyirdilər ki, o, yəhudi və xaçpərəstləri özünə cəlb etməkdən ötrü əvvəlcə Beytül-müqəddəsi qiblə olaraq qəbul etmişdi. Lakin bunun nəticəsiz olduğunu gördükdə qibləsini Kəbə istiqamətinə doğru dəyişdirmişdi. Düşmənin bu cür vəsvəsələrinin elm və imanın hələ möhkəmlənmədiyi, bütpərəstliyin qalıqlarının hələ də mövcud olduğu bir mühitdə necə narahatlıq doğuracağı məlum məsələ idi. Buna görə də sözügedən ayədə bunun möminlərlə müşrikləri bir-birindən ayırd etmək üçün böyük bir sınaq olduğu bildirilmişdir.
Qiblənin dəyişdirilməsinin əsas səbəblərindən biri də aşağıdakı amil ola bilər:
O vaxt Kəbə evi müşriklərin bütlərinin saxlanıldığı yer olduğu üçün müvəqqəti olaraq müsəlmanlara Beytül-müqəddəsə tərəf namaz qılmaq əmr edilmişdi ki, möminlərlə kafirlər bir-birindən fərqlənsin. Lakin müsəlmanlar Mədinəyə hicrət edib, öz hökumətlərini qurub müşriklərdən ayrıldıqdan sonra daha Beytül-müqəddəsə tərəf namaz qılmağa lüzum yox idi. Buna görə də ən qədim tövhid mərkəzi olmuş Kəbəyə tərəf namaz qılmaq göstərişi verilmişdir. Təbii ki, həm Kəbə evini özünə mənəvi irqi sərmayə hesab edənlər üçün Beytül-müqəddəsə tərəf namaz qılmaq, həm də Beytül-müqəddəsə tərəf namaz qılmağa adət etdikdən sonra qibləni dəyişib Kəbə istiqamətinə dayanmaq çox çətin məsələ idi. Beləliklə, müsəlmanlar böyük bir sınaq qarşısında qalmışdılar. Nə qədər ki şirkin təsiri onların canında qalmışdı, bu qalıqları aradan aparmaq və Allahın göstərişlərinə qeyd-şərtsiz təslim olmaq ruhiyyəsinin yaranması üçün, mütləq, sınaq meydanında bərkiməli idilər.
Az öncə də qeyd etdiyimiz kimi, Allah-taalanın məkanı yoxdur. Qiblə sadəcə olaraq müsəlmanların dəstəsinin qeyri-müsəlmanlardan fərqlənməsi və tövhid xatirələrini yaşatmaq üçün bir vasitədir. Onun dəyişdirilməsi heç nəyi dəyişmir. Önəmli olan Allahın göstərişləri qarşısında müti olmaq, təəssübkeşlik və eqoistlik hissini aradan qaldırmaqdır.
2\. İslam ümməti mötədil bir ümmətdir.
Sözügedən ayənin ərəbcə mətnində işlədilmiş (vəsǝt) sözünün leksik mənası həm "iki şeyin arasında orta hədd", həm də "gözəl, ali, şərafətli” deməkdir. Çox güman ki, hər iki məna eyni nəticəyə gedib çıxır. Çünki gözəllik və şərafət odur ki, hər hansı bir şey ifrat və əks tərəfində olmasın, yəni mötədil olsun.
Quran bu ayədə İslam ümmətini mötədil bir ümmət adlandırmaqla onların barəsində necə də gözəl ifadə işlətmişdir! Doğrudan da, müsəlmanlar bütün cəhətlərdə mötədil yolu seçirlər. Etiqadda mötədildirlər, nə ifrata varırlar, nə şirk yolunu tuturlar, nə tam azadlıq iddiasında olurlar, nə də məcburiyyət. Nə Allahın sifətlərini nəyəsə bənzədirlər, nə də onları tamamilə inkar edirlər. Mənəvi və maddi dəyərlər baxımından da mötədildirlər. Nə mənəviyatı bütünlüklə unudub tamamilə maddiyyata uyurlar, nə də mənəviyyatda o qədər dərinə gedirlər ki, maddiyyatı tamamilə unutsunlar. Nə yəhudilər kimi yalnız maddiyyatı düşünürlər, nə də xaçpərəst rahibləri kimi tərki- dünya olub, yalnız mənəviyyat ardınca düşürlər. Elm və bilik baxımından da mötədildirlər. Nə yalnız öz elmlərinə arxalanıb başqalarının elmini inkar edirlər, nə də hər elm iddiasında olanın ardınca düşüb özləri elmdən xəbərsiz qalırlar. İctimai əlaqələr baxımından da mötədildirlər. Belə ki nə başqalarının onlarla ünsiyyət qurmalarına mane olurlar, nə də bəzi qərb və ya şərq ölkələri kimi öz müstəqilliyini əldən verirlər ki, digər millətlərin kölgəsində itib batsınlar. Əxlaqi dəyərlər, ibadət, təfəkkür baxımından, bir sözlə, bütün cəhətlərdə mötədildirlər. Əsl müsəlman yalnız bircəhətli insan ola bilməz. O, müxtəlif cəhətləri özündə birləşdirməli, imanlı, ədalətli, mücahid, mübariz, şücaətli, mehriban, fəal, xəbərdar və güzəştə getməyi bacaran mütəfəkkir olmalıdır.
Haqqında danışdığımız ayədə "mötədil olmaq" ifadəsi bir tərəfdən İslam ümmətinin şahid olduğunu göstərir. Çünki orta xətdə olan insanlar sağ və sol tərəfdəki yanlış xətləri görüb müşahidə edə bilirlər. Digər tərəfdən də həmin ifadə bu məsələnin dəlilini özündə gizlətmişdir. Demək istəyir ki, siz müsəlmanlar mötədil olduğunuz üçün dünya xalqlarına şahid olacaqsınız.
3\. Bütün cəhətlərdə örnək ola biləcək bir ümmət.
Mötədil ümmət üçün yuxarıda sadaladığımız xüsusiyyətlər hər hansı bir xalqda olarsa, şübhəsiz, o, haqqın təmsilçiləri, həqiqət şahidləri olmağa daha layiqdir. Çünki onların bütün proqramları haqqı batildən ayırd etməyin meyarı sayılacaq. Bununla əlaqədar olaraq məsum imamlardan nəql edilmiş bir çox hədisdə belə deyilmişdir:
"Bizik mötədil ümmət! Allah-taalanın məxluqat üzərindəki şahidi, Onun yer üzündəki höccətləri, insanlar üzərindəki şahidi bizik! Dindən uzaqlaşmışlar bizə doğru dönməli, müqəssirlər səhvlərindən əl çəkib bizə qoşulmalıdırlar".
Təbii ki, bu qəbildən olan hədislər ayənin daha geniş məzmununu heç də daraltmır. Sadəcə burada "mötədil ümmət” məfhumunun bariz nümunələri qeyd edilmişdir.
4\. "Bir-birindən ayırd etmək üçün" ifadəsinin izahı.
Quranda Allah-taalanın barəsində dəfələrlə təkrar edilmiş “bir- birindən ayırd etmək” və bu kimi ifadələrin mənası o demək deyil ki, Allah əvəlcə nəyisə bilməmiş, lakin sonradan öyrənmişdir. Belə ifadələr nəzərdə tutulan işin həyata keçməsini bildirir. Allah-taala əzəldən hər şeydən xəbərdar olmuşdur. Baxmayaraq ki, bu və digər hadisə tədricən baş verir, lakin onlar Allahın biliyinə heç nə əlavə etmir. Sadəcə olaraq Onun əzəldən bildikləri tədrici şəkildə həyata keçir. Bu, ona bənzəyir ki, memar bir binanın layihəsini hazırlayır, bina inşa edilməzdən qabaq onun bütün xırdalıqlarından xəbərdar olur. Daha sonra həmin layihə tədricən icra edilir. Müəyyən işləri həyata keçirərkən deyir ki, nəzərdə tutduğumu görmək üçün icra edirəm. Yəni nəzəri cəhətdən bildiyimi praktiki cəhətdən həyata keçirirəm. (Bu, sadəcə məsələyə aydınlıq gətirmək üçün bir misaldır. Təbii ki, Allah-taalanın sifətləri insanların xüsusiyyətlərindən tamamilə fərqlənir. Sözügedən ayədəki “وَإِن كَانَتْ لَكَبِيرَةٌإِلاعَلَى الَّذِينَ هَدَىاللهُ” cümləsi bu həqiqəti açıqlayır ki, adətin əksinə getmək və yersiz təsir altına düşməmək Allaha səmimi-qəlbdən iman gətirib Onun əmrində müti olanlardan başqaları üçün olduqca çətin məsələdir.