Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 67
Bəqərə surəsi, 145-ci ayə
Bəqərə surəsi, 145-ci ayə
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ .١٤٥
Ayənin tərcüməsi
145\. (And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar. Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. (Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər.) Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar. Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan.
Ayənin təfsiri.
Onlar heç bir vəchlə razı olmazlar.
Əvvəlki ayədə qeyd edilmişdi ki, yəhudi və xaçpərəstlər qiblənin Beytül-müqəddəsdən Kəbə istiqamətinə dəyişdirilməsinin İslam Peyğəmbəri (s) üçün nəinki irad deyil, əksinə, onun doğruluğuna dəlalət edən nişanələrdən olduğunu bilirdilər. Çünki öz səmavi kitablarında yeni gələcək peyğəmbərin iki qibləyə namaz qılacağını oxumuşdular. Lakin təəssübkeşlik və inadkarlıqları onlara haqqı qəbul etməyə imkan vermir.
İnsan hər hansı bir məsələ haqqında əvvəlcədən qəti qərara gəlməyincə hər şeyi anlayışla qarşılayır. Yəni onunla məntiq əsasında danışmaq, möcüzə və nişanələr göstərməklə etiqadında dəyişiklik edib haqqı sübuta yetirmək mümkündür. Lakin hər hansı məsələ haqqında qabaqcadan öz mövqeyini bildirdikdə isə onu heç bir yolla öz fikrindən döndərmək olmaz, ya da çox nadir halda buna nail olmaq olar. Buna görə də Quran bu ayədə tam qətiyyətlə bildirir: “(And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar”.
Buna görə də ey Peyğəmbər (s), özünü çox yorma. Onlar heç bir vəchlə haqqa boyun əyməyəcəklər. Çünki onlarda həqiqət axtarışında olmaq ruhu artıq ölmüşdür.
Təəssüflər olsun ki, Allah-taalanın göndərdiyi bütün peyğəmbərlər bu cür inadkar insanlarla qarşı-qarşıya gəlmişlər. Onlar adətən ya nüfuz sahibi olan sərvətlilər, ya dünyapərəst və azğın alimlər, ya da sıravi inadkar insanlar olmuşlar.
Ayənin davamında deyilir: "Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan”.
Yəni əgər bu qədər söz-söhbətdən sonra müsəlmanların qibləsinin yenidən dəyişəcəyini təsəvvür edirlərsə, səhv düşünürlər. Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər. Çünki müsəlmanların bu qibləsi həmişəlikdir.
Bu ifadə, əslində, söz-söhbətlərə son qoymağın bir yoludur. Müsəl- manların düşmənlərinə tam qətiyyətlə bildirilir ki, qiblənin bir daha dəyişəcəyindən ümidinizi üzün.
Daha sonra isə heç onların özlərinin də bir-birinin qibləsinə tabe olmayacağı bildirilir: "Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar”.
Nə yəhudilər xaçpərəstlərin qibləsinə, nə də xaçpərəstlər yəhudilərin qibləsinə tabe olmayacaq.
Nəhayət, ayənin sonunda bir daha Həzrət Peyğəmbərə (s) xəbər- darlıq edilərək deyilir: "Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan".
Quranın bir çox ayəsində şərt budaq cümləsi şəklində Peyğəmbərə (s) yönəlmiş bu cür xəbərdarlıqlarda üç məqsəd güdülür:
1) Hamı bilməlidir ki, Allah-taalanın qanunlarında heç bir ayrı-seçkilik ola bilməz. Hətta peyğəmbərlər də bu qanunlara tabe olmalıdırlar. Buna görə də (nǝuzu billah) fərz etsək ki, hər hansı bir peyğəmbər haqdan kənara çıxmışdır, Allah-taala onu da cəzalandırar. Lakin peyğəmbərlərin sahib olduğu elm, iman və təqva ilə belə bir iş tutmaları mümkünsüzdür.
2) Peyğəmbərə bu cür xəbərdarlıq edilirsə, gör, onda adi insanlar hansı vəziyyətdə olar! Buna görə də insanlar öz əməllərinə diqqət yetirməli, heç vaxt haqdan üz döndərməməlidirlər.
3) Bu və digər qanunun dəyişdirilməsində hətta Peyğəmbərin (s) də heç bir səlahiyyəti yoxdur. Kimsə elə təsəvvür etməsin ki, Peyğəmbəri (s) hər hansı bir məsələ ilə bağlı dilə tutub razı salmaq olar. Əsla belə deyil. Çünki onun özü də Allahın əmrlərinə tabe olan bir şəxsdir.