Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 68
Bəqərə surəsi, 146-147-ci ayələr
Bəqərə surəsi, 146-147-ci ayələr
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ .١٤٦
الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ .١٤٧
Ayələrin tərcüməsi
146\. Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi həqiqəti bilə-bilə gizlədir.
147\. Bu (qiblənin dəyiməsi hökmü), Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma.
Ayələrin təfsiri.
Onlar Peyğəmbəri (s) çox gözəl tanıyırlar.
Bir qrup kitab əhlinin inadkarlığından bəhs edən ayələrin ardınca buradakı ilk ayədə deyilir ki, onlar Həzrət Peyğəmbəri (s) tanısalar da, bəziləri həqiqəti gizlədirlər: "Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmaya- raq) onların bir qismi həqiqəti bilə-bilə gizlədir".
Düzdür, kitab əhlindən o Həzrətin (s) peyğəmbərliyini qəbul etməklə müsəlman olanlar da olmuşdur. Buna misal olaraq yəhudi alimlərindən Abdullah ibn Səlamı qeyd edə bilərik. O deyərmiş ki, mən Peyğəmbəri (s) oğlumu tanıdığımdan daha yaxşı tanıyıram.
Bu ayə maraqlı bir həqiqəti üzə çıxararaq bildirir ki, əvvəlki səmavi kitablarda Həzrət Peyğəmbərin (s) həm zahiri, həm də batini nişanələri haqqında kifayət qədər məlumat verilmişdir. Bu məlumatlar o qədər aşkar olmuşdur ki, həmin kitablarla tanış olanların zehnində o Həzrətin (s) barəsində tam təsəvvür yaranmışdır. Kimsə ehtimal verǝ bilərmi ki, əvvəlki səmavi kitablarda Peyğəmbər (s) və onun nişanələri haqqında heç bir məlumat olmadığı halda, o Həzrət onların gözünə baxa-baxa belə demişdir: "Mənim bütün nişanələrim sizin kitabda qeyd edilmişdir". Əgər belə olsaydı, yəhudi və xaçpərəst alimləri o Həzrətə (s) qarşı çıxmazdımı? Ona deməzdilərmi ki, bu sən, bu da bizim kitabımız, göstər görək, onun harasında sənin adın və nişanələrin haqqında məlumat verilmişdir? Onların alimlərindən bircə nəfəri də heç İslamı qəbul edərdimi? Deməli, bu qəbildən olan nişanələrin özü də Həzrət Peyğəmbə- rin (s) haqq olduğunu göstərən sübutlardandır.
Növbəti ayədə qiblənin dəyişdirilməsi və yaxud ümumiyyətlə, İslam hökmlərinin təkidi ilə bağlı deyilir: "Bu, Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma”.
Sanki Allah-taala bu cümlə ilə Həzrət Peyğəmbərə (s) təskinlik verir ki, düşmənlərin dedi-qoduları səndə istər qiblənin dəyişdirilməsində, istərsə də digər məsələlərdə zərrə qədər də şəkk-şübhə yaratmasın.
Bu ayə Həzrət Peyğəmbərə (s) xitab edilsə də, daha əvvəlki ayələrdə qeyd etdiyimiz kimi, əslində, bütün müsəlmanlara yönəlmiş bir xitabdır. Məlum məsələdir ki, vəhy mələyini öz gözləri ilə görüb ondan vəhyi qəbul edən peyğəmbər heç vaxt belə məsələlərin haqq olmasında şübhə etməz. Çünki vəhy onun üçün yəqin həddindədir.