Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 70
Bəqərə surəsi, 149-150-ci ayələr
Bəqərə surəsi, 149-150-ci ayələr
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِنْ رَبِّكَ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .١٤٩
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ .١٥٠
Ayələrin tərcüməsi
149\. Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
150\. Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, (inaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. (Çünki keçmiş səmavi kitablarda verilən peyğəmbərin nişanələrindən biri onun iki qibləyə namaz qılmasıdır.) Onlardan qorxmayın, (yalnız) Məndən qorxun. (Qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz.
Ayələrin təfsiri.
Yalnız Allahdan qorxun!
Her Bu ayələrdə də qiblənin dəyişdirilməsi mövzusu davam etdirilir. İlk ayədə Həzrət Peyğəmbərə (s) xitab edilərək təkidlə deyilir: “Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır”.
Ayənin sonunda isə dedi-qodu yaradanlara bir təhdid, möminlərə isə xəbərdarlıq olaraq deyilir: "Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
Növbəti ayədə də davam edən bu ardıcıl təkidlər ondan xəbər verir ki, təzə müsəlman olmuş bəzi insanlar qiblənin dəyişdirilməsi və əvvəlki hökmün nəsx edilməsi ilə barışa bilmirlərmiş. Digər tərəfdən isə bu, düşmənlərin əlində bir bəhanəyə çevrilmişdi. Burada (eləcə də dəyişikliklər edilən hər bir yerdə) söz-söhbətin qarşısını yalnız qətiyyətli çıxışlar və ardıcıl təkidlər ala bilərdi. Bu vəziyyətdə cəmiyyətin rəhbəri dəyişməz və qətiyyətli sözləri ilə öz mövqeyini nümayiş etdirərsə, dostları daha qətiyyətli, düşmənləri isə birdəfəlik məyus edər. Bu məsələ Quranda bir çox ayələrdə gözə dəyir. Üstəlik, bu təkrarlar sadəcə təkrardan ibarət olmamışdır. Onların arasında yeni göstərişlər də verilmişdir. Məsələn, əvəlki ayədə müsəlmanların öz olduqları şəhərdə qiblə ilə bağlı vəzifələri müəyyən edilmişdisə, bu ayədə və eləcə də bundan sonrakı ayədə səfərdə olarkən də qiblə ilə bağlı vəzifələri göstərilmişdir.
Növbəti ayədə namaz qılan şəxsin harada olmasından asılı olmayaraq üzünü Məscidül-hǝrama tərəf tutmalı olduğu bildirilmişdir: "Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-harama tərəf çevir”.
Burada xitab təkcə Həzrət Peyğəmbərə (s) yönəlsə də, əslində, bütün namaz qılanlar nəzərdə tutulmuşdur. Sonrakı cümlədə bu məsələyə bir daha təkid edilərək deyilir: "Harada olsanız, üzünüzü ona tərəf çevirin”.
Bu ayənin davamında üç mühüm məsələyə toxunulur:
1) Müxaliflərin dilinin qısa olması.
\- Ayədə belə deyilir: “(İnaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın".
Qiblə dəyişdirilməsəydi, bir tərəfdən yəhudilərin dili uzun olacaq və deyəcəkdilər ki, biz öz kitabımızda sonuncu peyğəmbərin nişanələrindən biri kimi iki qibləyə namaz qılacağını oxumuşuq. Muhəmməddə (s) isə belə bir nişanə yoxdur. Digər tərəfdən isə müşriklər iddia edirdilər ki, əgər Muhəmməd (s) İbrahimin (ə) dinini dirçəltməkdən ötrü göndərilibsə, bəs nə üçün əsası İbrahim (ə) tərəfindən qoyulmuş Kəbə evini unutmuşdur? Müvəqqəti qiblənin daimi qiblə ilə dəyişdirilməsi hökmü hər iki dəstənin dilini qısa etdi. Lakin onlar hər yerdə bəhanə axtaran və heç bir məntiqə tabe olmayan zalım insanlar olduqlarından bu məsələdə də müəyyən istisna nəzərdə tutularaq deyilmişdir: “(İnaddan əl çəkməyən) zalımlardan başqa". Onlar heç bir məntiqi qəbul etmirlər. Əgər müsəlmanlar üzü Beytül-müqəddəsə tərəf namaz qılsaydılar, deyəcəkdilər ki, o, yəhudilərin qibləsidir və siz başqasının qibləsinə tərəf namaz qılırsınız. Əgər qibləni dəyişib üzü Kəbəyə tərəf dayansalar, onda da deyəcəklər ki, sizdə sabitlik yoxdur. Deməli, dininizin digər məsələlərində də bu cür dəyişiklik olunacaq.
Sözügedən ayədə bəhanə axtarışında olan bu dəstə haqlı olaraq zalım adlandırılmışdır. Çünki onlar həm özlərinə, həm də hidayəǝt olunmalarının qarşısını aldıqları insanlara zülm edirlər.
2) Bu inadkar dəstənin zalım adlandırılması bəzi müsəlmanlarda qorxu hissi yaratmasın deyə, ayənin davamında belə deyilmişdir: "Onlardan qorxmayın, (yalnız) Məndən qorxun".
Ümumiyyətlə, tövhid prinsipinin əsaslarından biri də odur ki, Allahdan başqa heç kimdən və heç nədən qorxmaq lazım deyil. Hər bir müsəlmanın şüarı yalnız Allahdan, daha dəqiq desək, Allahın əmrinə qarşı çıxmaqdan qorxmaq olmalıdır. Əgər bu xüsusiyyət müsəlmanda olarsa, o, heç vaxt məğlub olmaz. Özünü müsəlman kimi göstərib gah şərqdən, gah da qərbdən, gah daxili, gah da xarici düşməndən, bir sözlə, Allahdan başqa hər şeydən qorxan insanlar isə həmişə məğlubiyyətə uğrayıb alçalacaqlar.
3) Qiblənin dəyişdirilməsinin son səbəbi kimi Allahın Öz nemətlərini müsəlmanlara tamamlaması göstərilmişdir: "Sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz”.
Deməli, qiblənin dəyişdirilməsi də İslam qayda-qanunları ilə yaxından tanış olub təəssübkeşlikdən uzaq olsunlar deyə, müsəlmanlar üçün təkamül, bir nemət olmuşdur. Çünki daha öncə də qeyd etdiyimiz kimi, Allah-taala müsəlmanlara ilk olaraq üzü Beytül-müqəddəsə tərəf namaz qılmağı əmr etmişdi ki, müşriklərin bütxanaya çevirərək səcdə etdiyi Kəbəyə üz tutmasınlar və bununla da müşriklərdən ayrılmış olsunlar. Lakin Mədinəyə hicrətdən və ilk müsəlman dövlətinin əsasının qoyulmasından sonra Allah-taala üzü Kəbəyə tərəf dayanmaq göstərişi verir. Beləliklə, ən qədim tövhid mərkəzi olmuş Kəbə müsəlmanların qibləsinə çevrilir. Bununla da müsəlman cəmiyyəti yeni bir təkamül mərhələsini arxada qoyur.