Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 73
Bəqərə surəsi, 155-157-ci ayələr
Bəqərə surəsi, 155-157-ci ayələr
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ .١٥٥
الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ .١٥٦
أُولَئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَأُولَئِكَ هُمُ الْمُهْتَدُونَ .١٥٧
Ayələrin tərcüməsi
155\. Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik. Səbir edənlərə müjdə ver.
156\. O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq" - deyirlər.
157\. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar məhz onlardır.
Ayələrin təfsiri.
Dünya ilahi sınaq meydanıdır.
Allah yolunda şəhadət və şəhidlərin əbədi həyatı, habelə hər biri ilahi sınağın bir növü sayılan səbir və şükür məsələlərinin ardından bu ayədə mütləq şəkildə sınaq məsələsinə toxunulur və onun müxtəlif növləri göstərilərək deyilir: "Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik”.
Belə sınaqlardan yalnız səbir sayəsində başıuca çıxmaq mümkün olduğu üçün ayənin sonunda bildirilir: "Səbir edənlərə müjdə ver".
Yalnız səbir edənlər bu çətin sınaqlardan başıuca, üzüağ çıxırlar. Qələbə müjdəsi də məhz onlara aiddir. Səbir edə bilməyənlər isə bu sınaqlarda üzüqara olub, məğlubiyyətlə üzləşirlər.
Növbəti ayə səbir edənləri tanıtdıraraq bildirir: "O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq - deyirlər”.
Hamımızın Allahın tərəfindən olmağımız bizə öyrədir ki, ixtiyarımızdakı nemətlərin əlimizdən çıxmasına görə kədərlənməyək. Çünki nemətlərin hamısı, hətta biz özümüz də Allaha məxsusuq. Bir gün məsləhət bilib onları bizə vermişdi, indi isə məsləhət bilib geri almışdır. Şübhəsiz ki, Allaha tərəf qayıtmalı olduğumuz bizə başa salır ki, bu dünya əbədi deyil. Bu və digər nemətin əldən çıxması, azalıb-çoxalması müvəqqəti xarakter daşıyır. Bütün bunlar təkamül yolunu qət etmək üçün bir vasitədir. Bu iki cəhəti nəzərdə saxlamaq insanda səbir ruhiyyəsinin yaranmasında böyük rola malikdir.
Məlum məsələdir ki “إِنَّالِله وَإِنَّاإِلَيْهِ رَاجِعونَ” (Biz Allahınıq və Ona tərəf qayıdacağıq) cümləsini təkcə dildə demək kifayət deyil. Əsasən onun batinindəki tövhid və iman məfhumuna diqqət yetirmək lazımdır.
Son ayədə səbir edərək çətin sınaqlardan alnıaçıq çıxmış insanların Allah-taalanın lütf və mərhəmətinə nail olacağı bildirilmişdir:
Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var.
5) Allahın lütf və mərhəməti bu cür çətin və qorxulu yollarda azğınlığa düçar olmamaları üçün onlara güc verir. Buna görə də ayənin sonunda belə deyilir: “Doğru yolda olanlar məhz onlardır".
Beləliklə də, bu üç ayədə böyük sınaqlar, son məqsəd, müxtəlif simalar, müvəffəqiyyətin sirri və onun nəticələri barədə qısa məlumat verilir.
İncəliklər:
1\. Allah nə üçün insanları sınağa çəkir?
İlahi sınaq mövzusu haqqında çox danışmaq olar. Burada qarşıya çıxan ilk sual bundan ibarətdir ki, sınamaq insanların və ya əşyanın məlum olmayan tərəflərini üzə çıxartmaqdan ötrü həyata keçirilirsə, Allah-taalanın elmi hər şeyi əhatə etdiyi, O, bütün varlıqların həm zahiri, həm də batini sirlərindən xəbərdar olduğu, yerin-göyün sirrini bildiyi halda, daha sınamağa nə ehtiyac var? Məgər hər hansı bir şey Ona gizli qalıb ki, sınamaqla aydınlıq gətirir?
Bu sualın cavabında ilk olaraq onu qeyd etmək lazımdır ki, Allah-taalanın barəsində sınaq məfhumu insanların barəsindəki sınaq məfhumundan tamamilə fərqlənir. Bizim sınaqlarımız yuxarıda deyilən məqsədləri güdür. Yəni hər hansı bir şeyin barəsində daha ətraflı məlumat toplamaq və yaxud bilmədiyimizi öyrənməkdən ötrü sınaq keçiririk. Allah-taalanın sınağı isə, əslində, mənəvi təmizlik və yetiş- dirmə məqsədi güdür. Quranda iyirmidən artıq yerdə Allah-taalanın insanları sınağa çəkməsindən danışılmışdır. Bu, Allah-taalanın dəyişməz bir qanunudur ki, məxluqatdakı gizli potensialı üzə çıxarmaqdan ötrü onları sınağa çəkir. Polad daha möhkəm olsun deyə, dəmir kürədə döyəcləndiyi kimi, Allah da insanı çətin hadisələrin burulğanına atır ki, möhkəmlənsin. Allahın sınağı, sanki yerə toxum səpən peşəkar bağbanın işinə bənzəyir. Yerə səpilən toxumlar təbii nemətlərdən faydalanaraq inkişaf edir. Tədricən çətinliklərə güclü küləyə, sərt şaxtaya, qızmar istiyə qarşı mübarizə aparır ki, öz həyatını davam etdirə bilmək üçün gül qönçəsinə, yaxud bəhrəli bir ağaca çevrilsin.
Əsgərlər ağır döyüşlərə hazır olsunlar deyə, onlara təlimlər keçirilir, poliqonlara aparılıb silahdan istifadə qaydaları öyrədilir, keçilməz maneələr, aclıq, susuzluq, isti, soyuq kimi çətinliklərlə qarşılaşdırırlar ki, təcrübə qazansınlar.
Quran insanların sınanması məsələsinə digər ayələrdə də toxunmuş- dur. "Ali-İmran" surəsinin 154-cü ayəsində açıq şəkildə buyurulmuşdur:
“Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Allah ürəklərinizdə olanlardan xəbərdardır".
Əmirəlmöminin Əli ibn Əbutalib (ə) kəlamlarından birində ilahi sınaqları çox gözəl şəkildə açıqlamışdır:
"Allah-taala bəndələri özlərindən daha yaxşı tanısa da, onları sınağa çəkir ki, savab və günahın meyarı olan yaxşı və pis işləri üzə çıxsın".
Bunun mənası o deməkdir ki, insanın daxili xüsusiyyətləri savab və ya günah yazılması üçün kifayət etmir. Savab və ya günah yalnız bu və digər əməl baş verdikdə yazılır. Allah-taala da bəndələri sınağa çəkir ki, batinlərindəkini üzə çıxarsınlar. Potensialı reallığa çevirməklə mükafat və ya cəzaya layiq olsunlar. İlahi sınaqlar olmasaydı, insanların potensialı üzə çıxmazdı. İslam məntiqində ilahi sınağın fəlsəfəsi də məhz budur.
2\. Allahın sınağı hamıya aiddir.
Dünya təkamül sistemi üzərində qurulduğu üçün bütün məxluqat öz təkamül yolunda hərəkət edir. Hətta ağaclar da bar verməklə öz potensialını üzə çıxarır. Onun da təkamülü bar verməkdədir. Bu baxımdan bütün insanlar, hətta peyğəmbərlər də bu ümumi qanundan istisna deyil. İlahi sınaqlar və təbii olaraq onların nəticəsi asan və ya çətin olması baxımından fərqlənsə də, hər halda sınaq hamı üçün sınaqdır. Quran insanların ümumi sınağa çəkilməsinə işarə edərək buyurmuşdur:
"İnsanlar elə güman edirlər ki, təkcə "İman gətirdik!" deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?"
Quranda peyğəmbərlərin də məruz qaldığı sınaqlara toxunulmuşdur. Məsələn, Həzrət İbrahimin (ə) barəsində belə buyurulmuşdur:
"(Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman...
Başqa bir ayədə deyilmişdir:
"(Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək, şükür edəcəyəm, yoxsa nankor olacağam”.
3\. Sınaq vasitələri.
Haqqında danışdığımız ayədə insanların sınağa çəkildiyi müxtəlif vasitələr qorxu, aclıq, maddi zərərlər, ölüm və s. olaraq qeyd edilmişdir. Təbii ki, Allahın sınaqları təkcə bunlarla bitmir. Quranda bir sıra işlər, o cümlədən övladlar, peyğəmbərlər, Allahın göstərişləri də sınaq vasitələri kimi təqdim edilmişdir. Hətta bəzi yuxular da sınaq sayıla bilər. Həmçinin yaxşılıqlar və pisliklərin də sınaq vasitəsi olduğu bildirilmişdir:
"Biz sizi pisliklər və yaxşılıqlarla sınağa çəkirik”.
Məlum olduğu üzrə, insanlar Allah-taalanın sınaqları qarşısında iki dəstəyə bölünürlər. Bir dəstə bu sınaqların öhdəsindən gələ bildiyi halda, digər dəstə onlardan başıuca çıxmağı bacarmır. Məsələn, hər hansı bir məqamda qorxu yarandıqda bəziləri heç bir zərər görməsin deyə, tez özünü kənara çəkir, döyüşdən qaçır, yaxud düşmənlə saziş imzalamaq qərarına gəlir və ya "Bizə bir fəlakət üz verməsindən qorxuruq" deməklə məsuliyyətdən yayınmağa çalışırlar. Həqiqi iman sahibi olanlar isə qorxu ilə qarşılaşdıqda imanları daha da artır, özlərini daha hazır vəziyyətə gətirirlər. Necə ki Quran bu barədə belə buyurmuşdur:
"Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər".
Sınağın sözügedən ayədəki aclıq, maddi və fiziki zərərlər kimi növlərinə gəldikdə isə insanlar bu məsələlərdə də bərabər deyillər. Bəzi ayələrdə bu cür sınaqlardan nümunələrə toxunulmuşdur. Münasib yerlərdə ətraflı məlumat verəcəyik.
4\. Sınaqlardan başıuca çıxmağın sirri.
Burada daha bir sual meydana çıxır. O da budur ki, bütün insanlar Allah tərəfindən sınağa çəkilmək məcburiyyətindədirsə, bəs onda bu sınaqlardan başıuca çıxmağın yolu nədir? Bu suala sözügedən ayənin son hissəsində, eləcə də digər ayələrdə cavab verilmişdir. Bu cavabı bir neçə hissədə təqdim edirik:
1-Sınaqlardan başıuca çıxmağın ilk sirri "Səbir edənlərə müjdə ver" cümləsində gizlənmişdir. Bu cümlə açıq şəkildə bildirir ki, bu yolda qələbənin açarı səbirdədir. Buna görə də yalnız səbir edənlərə qələbə müjdəsi verilmişdir.
2-Bu dünyada baş verənlərin ötəri, çətinliklərin müvəqqəti, ümumiyyətlə, bu dünyanın özünün bir keçid mərhələsi olduğunu anlamaq çətinliklər qarşısında qələbənin ikinci sirridir. Bunu “Biz Allahınıq və Ona tərəf qayıdacağıq" cümləsindən başa düşürük.
Tövhidin ən gözəl dərsi bu cümlədə xülasə edilmişdir. İnsan həmişə və hər bir işdə yalnız Allaha təvəkkül etməyin zəruriliyini, son dönüş nöqtəsinin Ona doğru olacağını başa düşməlidir. İslam öndərlərinin çətinliklərlə qarşılaşdıqda Qurandan ilhamlanaraq bu cümləni təkrar etmələrinin səbəbi o olmuşdur ki, qarşılaşdığı müsibət onları öz təsiri altına almasın, onlara güc gəlməsin. Onlar Allah- taalanın hər şeyin həqiqi sahibi olduğuna və gec-tez bütün məxluqatın Ona doğru qayıdacağına tam bir imanla bu müsibətləri qəbul etmiş, çətinlikləri arxada qoymuşlar. Əmirəlmöminin Əli ibn Əbutalib (ə) bu cümlənin izahında belə buyurmuşdur:
"Biz Allahınıq" deməyimiz Allahın mülkiyyəti olmağımızı, “Ona tərəf qayıdacağıq" deməyimiz isə bu dünyadan gedəcəyimizi etiraf etməkdir".
3-İman qüvvəsindən və Allahın lütfündən yardım diləmək də sınaqlardan üzüağ çıxmağın digər bir yoludur. Elə insanlar var ki, çətinliklərlə qarşılaşdıqda özünü itirir, özünü çıxılmaz vəziyyətə salırlar. Allaha səmimi-qəlbdən imanı olanlar isə belə hallarda qətiyyən narahat olmur, tam arxayınlıqla öz yollarına davam edirlər. Allah-taala da düzgün çıxış yolu tapmaqda onlara daha çox bəsirət verir. Necə ki Quranda deyilmişdir:
"Yolumuzda (ixlasla) cihad edənləri, mütləq, Öz yolumuza yönəldəcəyik".
4-Daha əvvəl yaşamış xalqların tarixini, onların sınaqlar qarşısında tutduğu mövqeyi araşdırmaq da belə sınaqlardan alnıaçıq çıxmaqda böyük təsirə malikdir. Ümumiyyətlə, insan qarşılaşdığı hər hansı bir işdə özünü tənha hiss edərsə, bu, onun dözüm gücünü zəiflədəcək. Lakin tarix boyu başqalarının da həmin çətinliklərlə qarşılaşdığını nəzərə aldıqda bu çətinliklərə sinə gərmək üçün insanın iradəsi daha da möhkəmlənir. Buna görə də Allah-taala Həzrət Peyğəmbərə (s) və möminlərə təskinlik vermək məqsədilə dəfələrlə keçmiş xalqların tarixinə və başlarına gəlmiş müsibətlərə işarə etmişdir. Məsələn, bir çox ayədə belə buyurmuşdur:
"(Ya Peyğəmbər! Narahat olma,) səndən əvvəlki peyğəmbərləri də məsxərəyə qoymuşdular".
Başqa bir ayədə isə belə buyurmuşdur:
"Səndən əvvəl də peyğəmbərləri yalançı hesab etmişdilər. Lakin Bizim köməyimiz yetişənə qədər onlar yalançı hesab edilmələrinə dözdülər, səbir etdilər, əziyyətlər çəkdilər. (Sən də belə ol! Bu, Allahın dəyişməz qanunlarından biridir.)”
5-Hadisələrin hamısının Allahın gözü qarşısında baş verdiyinə, Onun bütün olub-keçənlərdən xəbərdar olduğuna əmin olmaq da bu yolda qələbənin digər amillərindəndir. Çətin bir yarışda iştirak edən şəxs dostlarının kənardan onu izlədiyini nəzərə aldıqda bütün çətinliklər onun üçün asan olur, qələbəyə daha çox can atır. Bir neçə tamaşaçı insana bu qədər təsir edirsə, görün, Allahın çətinliklərə qarşı aparılan mübarizəni izləməsi insanı necə ruhlandırar! Həzrət Nuh (ə) qövmü tərəfindən ən çətin təzyiqlərə məruz qaldığı bir vaxtda Allah- taala ona gəmi hazırlamasını əmr etdikdə belə buyurmuşdur:
"Hüzurumuzda gəmi düzəlt”.
Bu cümlədəki "hüzurumuzda" sözü Nuh (ə) peyğəmbəri o qədər ruhlandırmışdı ki, camaatın istehzasına qətiyyən əhəmiyyət vermirdi. Şəhidlər sərvəri İmam Hüseyn (ə) Kərbəlada başına gələn müsibətlər zamanı, bütün əzizlərinin ən faciəli şəkildə qətlə yetirildiyi bir vaxtda belə buyurmuşdur:
"Bütün bunların Allahın "gözü” qarşısında baş verdiyini bilməyim mənə kifayətdir".
5\. Nemət və bəla vasitəsilə sınanmaq.
Allah-taala insanı həmişə çətinliklərlə sınağa çəkmir. Bəzi vaxtlar bəndələr nemət bolluğu ilə də sınanır. Məsələn, ayələrdən birində deyilir:
"Biz sizi pisliklər və yaxşılıqlarla sınağa çəkirik”.
Başqa bir ayədə Həzrət Süleymanın (ə) dilindən belə deyilmişdir:
"Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək, şükür edəcəyəm, yoxsa nankor olacağam!"
Burada bir neçə məqama diqqət yetirmək lazımdır:
1-Vacib deyil ki, bütün insanlar bütün vasitələrlə sınağa çəkilsinlər. Şəxslərə görə sınaq vasitələri fərqli ola bilər. Çünki burada insanların ruhiyyəsi, şəxsi və ictimai vəziyyəti də şərtdir.
2-Bir nəfər bəzi sınaqlardan başıuca çıxa biləcəyi halda, digər sınaqlar qarşısında məğlub ola bilər.
3-Bir nəfərin sınağa çəkilməsi başqaları üçün də sınaq vasitəsinə çevrilə bilər. Məsələn, Allah-taala kimisə övlad acısı ilə sınağa çəkir. Bu, eyni zamanda başqaları üçün də bir sınaqdır ki, görək, müsibət görmüş atanın dərdinə şərik çıxırlar, ya yox?
4-Qeyd etdiyimiz kimi, Allah-taalanın sınaqları bütün insanlara aiddir. Bu işdə heç peyğəmbərlər də istisna təşkil etmirlər. Hətta onların daşıdığı məsuliyyətə görə üzləşdiyi sınaqlar başqalarının üzləşdiyi sınaqlarla müqayisədə qat-qat çətin olur. Quranın bir çox ayəsində peyğəmbərlərin hər biri öz səviyyəsinə uyğun olaraq sınaqlarla üz-üzə qalmışlar. Hətta bəziləri hələ peyğəmbər seçilməzdən qabaq cəmiyyəti daha yaxşı idarə edə bilsinlər deyə, uzun müddət sınaqlardan keçirilmişlər.
Peyğəmbərlərin ardıcılları arasında da çətinliklərə elə dözüm nümayiş etdirən insanlar olmuşlar ki, onların hər biri cəmiyyət üçün örnək ola biləcək şəxslərdir.
Mətin qadın Ümmi-Əqilin əhvalatı.
Səhra ərəblərindən olan Ümmi-Əqil adlı bir qadın var idi. Günlərin birində iki nəfər ona qonaq gəlir. Qadının oğlu çöldə dəvələri otarırdı. Birdən xəbər gəldi ki, qəzəblənmiş bir dəvə qadının oğlunu quyuya atıb öldürmüşdür. Ümmi-Əqil oğlunun ölüm xəbərini gətirən adamdan xahiş edir ki, evinə gəlmiş qonaqlara qulluq etməkdə ona yardımçı olsun. Ona bir qoyun verib kəsməsini istəyir. Nəhayət, yemək hazır olub süfrəyə qoyuldu. Qonaqlar bu imanlı qadının səbir və mətinliyinə heyran qalmışdılar. Onlardan biri deyir: "Süfrə ortalıqdan yığıldıqdan sonra bu imanlı qadın yanımıza gəlib soruşdu ki, aranızda Qurandan yaxşı məlumatı olanınız varmı? Orada olanlardan biri cavab verdi ki, bəli, mənim məlumatım var. Qadın dedi: "Oğlumun ölümündə mənə təskinlik verəcək ayələrdən oxu". Həmin adam;
"Səbir edənlərə müjdə ver. O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq" - deyirlər. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar məhz onlardır" ayələrini oxudu. Qadın bu ayələri eşitdikdə üzü qibləyə durub bir neçə rükət namaz qıldı. Sonra əllərini qaldırıb dedi:
"İlahi, mən Sənin əmr etdiyini yerinə yetirdim, səbirsizlik etmədim. Sən də vəd verdiyin mərhəmətini mənə əta et!"
Ardal Daha sonra isə əlavə edərək dedi: "Əgər bu dünyada kimsə kimin üçünsə qalmalı olsaydı..." Orada olanlardan biri deyir: "Mən elə fikirləşdim ki, deyəcək oğlum mənim üçün qalardı. Lakin qadın sözünə belə davam etdi: "İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) öz ümməti üçün qalardı".'