Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 74
Bəqərə surəsi, 158-ci ayə
Bəqərə surəsi, 158-ci ayə
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ .١٥٨
Ayənin tərcüməsi
158\. Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). (Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur. (Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə xələl gətirmir.) Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır.
Ayələrin nazilolma səbəbi.
İslam dini meydana gəlməzdən qabaq müşriklər həcc ayinini icra etmək məqsədilə Məkkəyə gəlirdilər. Əsası İbrahim (ə) peyğəmbər tərəfindən qoyulan bu Ərəfatda dayanma, qurbanlıq, təvaf, Səfa və Mərvə dağları arasında səy etmək kimi ayinləri xurafat və şirkə bulaşıq əməllərlə qarışdırıb həyata keçirirdilər. İslam dini gəldikdən sonra şirkə bulaşmış əməlləri təmizləmək şərtilə həcc ayinini qüvvədə saxladı. Həcc mövsümündə icra edilən əməllərdən biri də Səfa və Mərvə dağları arasında səy etmək (yeddi dəfə o tǝrǝf-bu tərəfə gedib-gəlmək) olmuşdur.
Həm şiə, həm də sünni mənbələrində nəql edilmiş bir Çox hədisdə belə deyilir: "Cahiliyyət dövründə müşriklər Səfa dağına Əsaf, Mərvə dağına isə Nailə adlı büt qoymuşdular. Səy əməlini icra edərkən hansı dağa tərəf gedirdilərsə, həmin dağın başında qoyduqları bütə təbərrük məqsədilə əl sürtürdülər".
Cahiliyyət dövrünün müşriklərinin bu hərəkətinə görə müsəlmanlarda Səfa və Mərvə dağları arasında səy əməlinə qarşı ikrah hissi yaranmışdı. Buna görə də belə bir şəraitdə səy əməlini doğru hesab etmirdilər. Haqqında danışacağımız ayə nazil olaraq Səfa ilə Mərvənin Allahın nişanələrindən olduğunu müsəlmanlara çatdırır. Müşriklərin bu nişanələri öz yanlış əməlləri ilə "çirkləndirməsi" müsəlmanların bu ayindən əl çəkməsinə səbəb olmamalıdır.
Yeri gəlmişkən, bu ayənin nə zaman və hansı şəraitdə nazil olması ilə bağlı təfsirçilər müxtəlif fikirlər bildirmişlər. Bəzilər belə hesab etmişlər ki, bu ayə qəza ümrəsi (hicrətin yeddinci ilində) zamanı nazil olmuşdur. Həmin vaxt Peyğəmbər (s) müşriklərə belə bir şərt irəli sürmüşdü ki, Səfa və Mərvə dağlarındakı iki bütü götürsünlər. Onlar da şərtin tələbinə uyğun olaraq həmin bütləri oradan götürmüş, lakin sonra yenidən onları əvvəlki yerinə qaytarmışdılar. Buna görə də bəzi müsəlmanlar Səfa ilə Mərvə arasında səy əməlini yerinə yetirməkdən imtina etmək istədikdə bu ayə nazil olub onları öz fikrindən daşındırmışdı.
Digər bir qrup təfsirçinin fikrincə, bu ayə vida həccində (hicrətin onuncu ilində) nazil olmuşdur. Əgər bu ehtimalı qəbul etsək, onda müsəlmanların narahatçılığının daha əvvəlki illərlə, yəni Əsaf və Nailə bütlərinin Səfa ilə Mərvə dağlarına qoyulduğu vaxtla bağlı olduğunu deməliyik. Çünki hicrətin onuncu ilində nəinki Səfa və Mərvə dağlarında, hətta bütün Məkkədə belə bircə dənə də olsun, büt qalmamışdı.
Ayənin təfsiri.
Nadanların əməlləri yaxşı işlərə mane olmamalıdır.
Az öncə qeyd etdiyimiz kimi, bu ayənin nazil olduğu dövrdəki xüsusi psixoloji durumu nəzərə alaraq burada ilk növbədə müsəlmanlara Səfa və Mərvənin Allahın nişanələri olduğu bildirilir: "Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir)". Bundan belə nəticə əldə edilir: "(Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur”.
Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə əsla xələl gətirmir. Ayənin sonunda isə bildirilir: "Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır".
Yəni Allah bəndələrin yaxşı əməllərini mükafatlandırmaqla qədirbilənliyini göstərir. Eyni zamanda O, hamının niyyətindən də xəbərdardır. Kimin bütlərə meyilli olduğunu, kimin isə onlara nifrət etdiyini çox yaxşı bilir.
İncəliklər:
1\. Səfa və Mərvə.
Səfa və Mərvə Məkkədə iki təpənin adıdır. Hazırda Məscidül- hǝramın ərazisi genişləndirildiyi üçün bu təpələr məscidin şərqində, Kəbənin Qara daşla İbrahim (ə) məqamının olduğu divarının paralelində yerləşir. Bu iki təpə bir-birindən təxminən 420 metr aralıda yerləşir. Hazırda bu məsafə böyük bir salon halına gətirilərək üstü örtülmüşdür. Hacılar orada səy əməlini yerinə yetirirlər. Səfa dağının (təpəsinin) hündürlüyü 15, Mərvəninki isə 8 metrdir. Səfa və Mərvə bu iki təpə üçün xüsusi isim kimi qəbul edilsə də, Səfanın leksik mənası “üstü qumla örtülmüş hamar və saf sərt daş", Mərvənin leksik mənası isə "cod və sərt daş"dır.
Ayənin ərəbcə mətnində işlədilmiş (şəair) sözü (şəirə) sözünün cəmi olub, "əlamət, nişanə” mənasını bildirir. "şəairəllah" ifadəsi “insana Allahı və müqəddəs xatirələrdən hər hansı birini xatırladan nişanələr”ə deyilir. (i'təmərə) feili (umrə) kökündən olub, "binaya sonradan edilən artırmalar" mənasını verir. Dini terminologiyada isə "hǝcc ayinlərinə əlavə edilən xüsusi əməllər”ə deyilir. (Bəzi hallarda həcc ayinləri olmadan da təkcə ümrə əməlləri yerinə yetirilir.) Ümrənin həcc əməlləri ilə bir çox oxşar cəhətləri olduğu kimi, fərqli cəhətləri də vardır.
2\. Səfa və Mərvə arasında səy etməyin bəzi sirləri.
Dahi insanların həyatını oxumaq və ya dinləmək insanda onların həyat tərzinə maraq yaratsa da, bundan daha düzgün yol da vardır. Bu, Allah yolunun yolçularının mübarizə apardığı, bir sıra hadisələrin baş verdiyi yerləri insanın öz gözləri ilə görməsidir. Bu, canlı tarix sayılır. İnsan həmin anda, sanki özünü tarixi hadisələrin içində hiss edir. Bunun tərbiyəvi təsirini əlaqədar kitabları mütaliə etmək və ya çıxışlara qulaq asmaq nəticəsində yaranan təsirlə müqayisə etmək olmaz. Burada hissiyyat dilə gəlib danışır. Təsəvvür deyil, reallıq göz önündə canlanır.
Digər tərəfdən onu da bilirik ki, böyük peyğəmbərlərin arasında İbrahim (ə) peyğəmbər kimi çox az insan müxtəlif mübarizə səhnələrində olmuş, cürbəcür sınaqlara məruz qalmışdır. Bunlar o həddə olmuşdur ki, Quran onun qarşılaşdığı çətinliklər haqqında belə buyurmuşdur:
"Həqiqətən də, bu, açıq-aşkar imtahandır".
O Həzrət (ə) bu sınaqlar qarşısında o qədər mətinləşdi ki, axırda başına imamət tacı qoyuldu.
Həcc mərasimi, sanki xatirələrdə İbrahim (ə) peyğəmbərin apardığı mübarizələri, tövhid, bəndəlik, fədakarlıq və səmimiyyət anlayışlarını canlandırır. Müsəlmanlar həcc ayinlərini yerinə yetirərkən onların fəlsəfəsindən xəbərdar olub, simvolik cəhətləri barədə düşünsələr, bunun özü allahıtanıma, peyğəmbərtanıma və insantanıma mövzusunda önəmli dərs olar. Bu müqəddimədən sonra İbrahim (ə) peyğəmbər, Səfa və Mərvə dağlarının tarixi cəhətlərinə toxunmaqla mövzumuzu davam etdiririk.
Həzrət İbrahim (ə) qocalıb ahıl yaşlarına çatsa da, övladı yox idi. O, Allahdan övlad istədi. Allah-taala qocalıq yaşlarında kənizi Həcərdən ona bir uşaq bəxş etdi. Uşağın adını İsmail qoydular. O Həzrətin (ə) birinci həyat yoldaşı Sara ərinin ondan başqa qadından uşağı olmasını qəbul edə bilmirdi. Allah-taala İbrahimə (ə) əmr edir ki, uşağı anası ilə birlikdə quraq səhradan ibarət Məkkə ərazisinə aparıb orada məskunlaşdırsın. İbrahim (ə) Allahın əmrini icra edib onları Məkkəyə aparır. O vaxt Məkkə ərazisi quraq səhradan ibarət idi. Hətta orada bircə quş da olsun, qanad çalmırdı. Onları qoyub geri qayıtmaq istədikdə yoldaşı ağlayaraq deyir ki, bu susuz səhrada bir qadınla bir körpə nə etsin? Həcərin və körpə İsmailin bir-birinə qarışmış göz yaşları İbrahimin (ə) ürəyini parçalayır. Əllərini qaldıraraq belə dua edir: "İlahi, mən Sənin əmrini icra edərək yoldaşımla uşağımı bu quraq səhrada qoyub gedirəm ki, Sənin adın ucalıb evin abad olsun!" Bunu deyib son dərəcə kədər içərisində onlardan ayrılır.
Çox çəkmir ki, ananın ehtiyat götürdüyü azuqəsi tükənir. Döşlərinin südü quruyur. Südəmər körpənin naləsi və yalvarış dolu baxışları ananı elə narahat edir ki, öz susuzluğunu unudur, balası üçün su axtarışına başlayır. Əvvəlcə Səfa dağına sarı gedir. Ancaq orada sudan xəbər olmur. Mərvə dağı tərəfdən görünən ilğımın su olduğunu güman edib ona doğru gedir. Lakin orada da sudan bir xəbər olmur. Sonra eyni ilğımı Səfa dağı tərəfdə görüb oraya gedir. Lakin yenə də bir nəticə əldə edə bilmir. Bu vəziyyət yeddi dəfə təkrarlanır. Südəmər körpə artıq ömrünün son anlarını yaşayırdı. Birdən onun ayağının yaxınlığından Zəmzəm bulağı qaynayır. Həm ana, həm də bala sudan içib ölümdən qurtarırlar.
Su həyat mənbəyi olduğu üçün ətraf ərazilərdən quşlar uçuşub oraya gəlir. Yaxın ərazilərdən keçən karvanlar quşların uçmasından orada su olduğunu anlayıb yollarını həmin yerdən salırlar. O vaxta qədər neçə gün, yaxud neçə ay keçdiyini və bu müddət ərzində ana ilə balanın başına nələr gəldiyini bircə Allah bilir. Axırda elə də böyük olmayan bir ailənin fədakarlığı nəticəsində ora əzəmətli bir mərkəzə çevrilir.
Hazırda Kəbənin bir kənarında Həcərlə İsmail (ə) üçün bir sığınacaq nəzərdə tutulmuş və oraya Hicri-İsmail adı verilmişdir. Hər il milyonlarla insan dünyanın hər bir bölgəsindən gəlib oranı təvaf edir. Bu iki şəxsin dəfn olunduğu yer Kəbənin bir hissəsinə çevrilmişdir.
Səfa və Mərvə dağları bizə öyrədir ki, Allahın adının uca tutulması və Onun ayinini əzəmətli etməkdən ötrü hətta südəmər körpə də son nəfəsinə qədər mübarizə aparmalıdır.
Səfa və Mərvə dağları arasında soy etmək bizə öyrədir ki, ümidsizlikdə də bir ümid var. İsmailin anası Həcər su olmayan yerdə su axtarışına çıxdı. Allah-taala da ona heç təsəvvür etmədiyi bir yerdən su yetirdi.
Səfa və Mərvə dağları arasında səy etmək bizə səslənərək deyir ki, bir vaxtlar burada bütlər qoyulmuşdu. İndi isə Həzrət Peyğəmbərin (s) zəhməti nəticəsində gecə-gündüz orada "La ilahə illəllah" sədaları eşidilir.
Səfa dağının haqqı var ki, öyünüb desin: "Mən İslam Peyğəmbərinin (s) ilk təbliğat məkanıyam. Məkkə şəhəri şirk zülmətinə qərq olduğu bir vaxtda hidayət günəşi məndən doğdu. Siz bu gün Səfa ilə Mərvə arasında səy edib milyonlarla insanın Həzrət Peyğəmbərin (s) dəvətinə müsbət cavab verdiyinin şahidi olursunuzsa, unutmayın ki, bir vaxt var idi, o Həzrət (s) insanları haqqa səsləyirdi, lakin bircə nəfər də olsun, səsinə səs verən tapılmırdı. Siz də haqq uğrunda bir addım atın. Haqq çağırışınızı kiminsə qəbul edəcəyini ehtimal verirsinizsə, ümidinizi kəsməyin, çağırışınıza davam edin”.
Səfa və Mərvə dağları bizə deyir ki, bu dinin və tövhid mərkəzinin qədrini bilin. Bu tövhid mərkəzini bu günə gətirib çıxarmaqdan ötrü canlarını fəda etmiş insanlar olmuşdur. Buna görə də Allah-taala hər bir zəvvara vacib etmişdir ki, xüsusi geyimdə, bütün imtiyazlardan uzaq durub bu xatirələri yad etmək məqsədilə yeddi dəfə Səfa ilə Mərvə dağları arasında get-gǝl etsin. Təkəbbürlüyü üzündən küçə və piyada keçidlərində sürətlə yol getməyə razı olmayan insanlar məcburdurlar ki, Allah-taalanın əmrini yerinə yetirmək məqsədilə bu iki dağın arasında gah yavaş, gah da iti addımlarla hərəkət etsinlər. Bəzi hədislərdə bildirilmişdir ki, oranın əmrləri təkəbbürlü insanları oyatmaq üçün verilmişdir.
Haqqında danışdığımız ayədə Səfa və Mərvə dağlarının Allahın iki böyük nişanəsi olduğu bildirildikdən sonra Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə olmadığı da qeyd edilmişdir. Bu cümlənin ərəbcə mətnində (təvaf etsin) feili işlədilsə də, burada səy etmək nəzərdə tutulmuşdur. Bunun "təvaf" sözünün mənası ilə qətiyyən ziddiyyəti yoxdur. Çünki insanın axırda əvvəlki yerinə gəlib çıxan hər bir hərəkəti təvaf sayılır. İstər bu hərəkət dövrə vurmaqla olsun, istərsə də başqa şəkildə.
3\. Bir sualın cavabı.
Burada belə bir sual yaranır ki, İslam fiqhinə görə istər ümrə həccində olsun, istərsə də böyük həcc ziyarətində Səfa və Mərvə arasında sǝy etmək vacibdir. Halbuki sözügedən ayədə bu iki dağın (təpənin) arasında səy edilməsi barədə "Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur" cümləsi işlədilmişdir. Bundan belə başa düşülür ki, səy əməlini yerinə yetirmək vacib deyil.
Ayənin nazilolma səbəbi ilə bağlı nəql edilmiş hədislərdə bu sualın cavabına aydınlıq gətirilmişdir. Müşriklər Əsaf və Nailə adlı bütləri bu iki təpənin başına qoyduğuna və səy əməlini icra edərkən əllərini bu iki bütə sürtdüklərinə görə müsəlmanlar belə hesab edirdilər ki, daha səy əməlini icra etmək yaxşı çıxmaz. Bu ayǝ nazil olaraq müsəlmanlara başa salır ki, Səfa ilə Mərvə arasında səy etməyinizin heç bir maneəsi yoxdur. Çünki bu iki təpə Allahın nişanələrindəndir. Bir qədər də açıq desək, ayədəki "heç bir maneə yoxdur" ifadəsi müsəlmanların bu işi bəyənilməz hesab etməklə bağlı yanlış fikirlərini aradan qaldırır. Quranda bu qəbildən olan ifadə ilə verilmiş bir çox vacib əməl vardır. Məsələn, müsafir namazı barəsində deyilmişdir:
"Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz”.
Halbuki səfərdə olan şəxsin namazı qəsr (dördrükətli namazları iki rükət) qılması vacibdir. Ümumiyyətlə, sözügedən ayədə də işlədilmiş (heç bir maneəsi yoxdur) ifadəsi adətən dinləyicidə mənfi fikir yaradan şeylər haqqında işlədilir. "Mən la yəhzuruhul-fəqih" kitabında İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş bir hədisdə də o Həzrət (ə) məhz bu mənaya işarə etmişdir.
4\. "Yaxşı iş görməkdə Allaha itaət"in mənası.
Ayənin ərəbcə mətnində işlədilmiş “tətəvvəə" feilinin leksik mənası "itaəti qəbul edib əmrə tabe olmaq" deməkdir. Fiqh terminologiyasında bu söz adətən müstəhəb əməllərə şamil olur. Buna görə də təfsirçilərin böyük əksəriyyəti bu sözü müstəhəb həcc və ya müstəhəb ümrə, yaxud da istənilən müstəhəb əməl mənasına izah etmişlər. Yəni kim müstəhəb iş görməklə Allahın itaətində olduğunu nümayiş etdirərsə, Allah-taala onun bu əməlindən xəbərdar olub, onu lazımi şəkildə mükafatlandırar.
Belə bir ehtimal da vardır ki, "Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır" cümləsi əvvəlki cümlələri təkidləndirir. Bu halda onun mənası belə olar: "Kim əziyyətinə baxmayaraq, Səfa və Mərvə arasında sǝy edən və həcc əməllərini cahiliyyət dövrünün ərəblərinin adət- ənənəsinə rəğbətli olmadığı halda başa vurarsa, Allah-taala ona lazımi mükafatı verəcək".
5\. Allah-taalanın qədirbilənliyi.
Allah-taalanın barəsində "şakirun" (qədirbilən) ifadəsinin işlədilməsi bəndələrin yaxşı işlərini yüksək qiymətləndirməsi ilə bağlı olduqca incə bir məqama işarə edir. Əgər Allah bəndələrin yaxşı işlərinə qarşı qədirbiləndirsə, onların yaxşı əməllərini yüksək qiymətləndirirsə, onda gör, bəndələr bir-birinə və ən əsası da Allaha qarşı necə olmalıdırlar!