Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 76
Bəqərə surəsi, 161-163-cü ayələr
Bəqərə surəsi, 161-163-cü ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ .١٦١
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ .١٦٢
وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ .١٦٣
Ayələrin tərcüməsi
161\. Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər.
162\. Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək.
no 163. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir (ümumi və xüsusi rəhmətə malikdir).
Ayələrin təfsiri.
Kafir olaraq ölənlər.
Bu ayələr haqqın gizlədilməsinin nəticəsinin davamı olaraq ömrünün son anına qədər kafir qalıb o vəziyyətdə ölənlərin barəsindədir. İlk öncə belə deyilir: “Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər".
Bu dəstə də haqqı gizlədənlər kimi Allahın, mələklərin və insanların lənətinə düçar olacaqlar. Bir fərqlə ki, əvvəlki dəstənin tövbə etməyə imkanı olduğu halda, bu dəstə ömrünün son anına qədər kafir qalıb elə həmin vəziyyətdə öldüyü üçün tövbə etmək imkanları da olmur.
Növbəti ayədə deyilir: "Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək”.
Tövhid bütün bu bədbəxtliklərə son qoya biləcək amil olduğu üçün sonuncu ayədə deyilir: "Sizin tanrınız bir olan Allahdır". Sonra bir qədər də təkidlə əlavə edilir: "Ondan başqa tanrı yoxdur”. Və nəhayət, ayənin sonunda belə deyilir: "O, Rəhman və Rəhimdir".
Bir tərəfdən ümumi rəhməti hamıya şamil olan, digər tərəfdən də möminlərə qarşı xüsusilə mərhəmətli olan varlıq, doğrudan da, məbud olmağa layiqdir. Onu qoyub büsbütün ehtiyac içində olan digər tanrılara tapınmaq olmaz.
İncəliklər:
1\. Quran ayələrindən belə məlum olur ki, küfr və haqqa düşmən halında ölən insanların heç bir qurtuluş yolu yoxdur. Bu, elə bu cür də olmalıdır. Çünki axirət dünyasında insanın xoşbəxt, yoxsa bədbəxt olmasının bilavasitə bu dünyadakı əməllərindən asılı olduğunu nəzərə aldıqda, təbii ki, nəticə də ona uyğun olmalıdır. Haqqa düşmən olmaqla öz qol-qanadını yandırmış insan, heç şübhəsiz, axirətdə uçmaq iqtidarında olmayıb birbaşa Cəhənnəmə yuvarlanacaq. Bu, eynilə ona bənzəyir ki, insan bilərəkdən şəhvətpərəstliyi ucbatından gözünün nurunu itirir və ömrünün sonuna kimi kor qalır. Onu da qeyd etmək lazımdır ki, bu acı aqibət yalnız düşüncəli şəkildə küfr yolunu tutub kafir olaraq ölən şəxslərə aiddir.
2\. "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir" ayəsi Allah-taalanın barəsində bütün şirk və azğınlıq məfhumlarını rədd edir. Ara-sıra yalnız özlərinə xas olan cəhət və ya cəhətlərlə fərqlənən varlıqlara təsadüf edirik. Lakin yalnız bir, ya da bir neçə cəhət sırf onlara xas ola bilər, digər cəhətlərdə isə başqa varlıqlarla müştərəkdirlər. Allah-taala isə həm zatında, həm sifətlərində, həm də feillərində yeganədir. Ümumiyyətlə, Onun yega- nəliyi bölünməzdir, onda çoxluq anlayışı təsəvvür edilə bilməz. O, əzəli və əbədi olan yeganə varlıqdır. Hadisələr Onun yeganəliyinə əsla təsir edə bilməz. Onun yeganəliyi həm zehində, həm də zehindən xaricdədir. Bir sözlə, O, Öz yeganəliyində də yeganədir.