Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 77
Bəqərə surəsi, 164-cü ayə
Bəqərə surəsi, 164-cü ayə
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ .١٦٤
Ayənin tərcüməsi
164\. Şübhəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, dənizdə insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda, göylə yer arasında ram edilmiş küləyin və buludların istiqamətinin dəyişdirilməsində düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır.
Ayənin təfsiri.
Allahın müqəddəs zatının dünyadakı cilvələri.
Sonuncu ayədə tövhid mövzusundan söhbət getdiyi üçün bu ayə, sanki Allahın varlığının və təkliyinin isbatına yönəlmiş bir dəlildir.
İlk öncə qeyd etməliyik ki, harada nizam-intizam varsa, bu, həmin yerdə elmin olmasından xəbər verir. Harada uyğunluq varsa, oradan vəhdətin olmasından xəbər verir. Allahıtanıma mövzusuna dair kitablarda şərhini verdiyimiz bu məsələlərə əsaslanaraq deyə bilərik ki, bir tərəfdən dünyadakı bu nizam-intizamın, digər tərəfdən isə məxluqat arasındakı uyğunluğun olması bizə bir elm mənbəyinin varlığından xəbər verir. O, elə bir elm mənbəyidir ki, hər bir şey də məhz oradan qaynaqlanır. Məsələn, gözün incə quruluşunu da nəzərə alaraq ondakı yeddi qat pərdəni araşdırsaq, görəcəyik ki, şüursuz, kar və kor olan olan təbiətin belə bir varlığı yaratması qeyri-mümkündür. Gözdəki yeddi qat pərdənin bir-biri ilə, daha sonra bütünlüklə gözün insanın digər bədən üzvləri ilə, habelə insanın digər insanlarla, bütün bəşəriyyətin yaradılış aləmi ilə uyğunluğunu araşdırdıqda bunun eyni mənbədən qaynaqlandığı qənaətinə gəlirik.
Çox gözəl bir şeir bizə onu deyən şairin gözəl təbə sahib olmasından xəbər vermirmi? Bir divanda eyni üslubda və bir-birinə uyğun şeir parçalarının olması divanın bütünlüklə eyni müəllifə məxsus olmasına işarə etmirmi?
Bu kiçik müqəddiməni nəzərdə tutaraq sözügedən #### Ayənin təfsirinə başlayırıq. Bu ayədə dünyada hər biri böyük yaradanın olmasından xəbər verən uyğunluğun altı hissəsinə işarə edilmişdir. Bunlar aşağıdakılardır:
“Göylərin və yerin yaradılmasında” “إِنَّفِيخَلْقِالسَّمَاوَاتِوَالأَرْضِ” ifadəsi.
Həqiqətən də, bu əzəmətli göy, o qədər incəliklə bir-birinin ətrafında dayanmış milyonlarla ulduzun sayrışması, həmçinin yerin həyat üçün lazım olan bitki, heyvan və digər vasitələrlə zənginliyi və bir- birinin arasında olan uyğunluq bütün bunlar pak olan Allahın zatından və Onun sonsuz və tükənməz elmindən, qüdrətindən xəbər verir. Qəribə burasıdır ki, bəşəriyyət elmi cəhətdən nə qədər irəli gedirsə, bu dünyanın əzəməti də bir o qədər artır. Bu elmi inkişafın nə qədər davam edəcəyi isə heç kimə məlum deyil.
Alimlər belə hesab edirlər ki, göydə milyonlarla planetlər vardır. Bizim qalaktikamız onlardan sadəcə biridir. Təkcə bizim qalaktikamızda yüz milyonlarla parlaq ulduz vardır. Alimlərin hesablamalarına görə, milyonlarla ulduzun arasında hər birində milyardlarla canlı yaşayan milyonlarla planet vardır. Bu, nə böyük əzəmətdir!
2) "Gecə ilə gündüzün bir-birini əvəz etməsində" ifadəsi.
Bəli, gecə ilə gündüzün, aydınlıqla qaranlığın bir-birini dəyişməsi və bunun nəticəsində ilin dörd fəslinin yaranması, ağacların, bitkilərin və digər canlıların öz təkamül mərhələlərini geridə qoyması
\- bütün bunlar Allah-taalanın varlığına dəlalət edən digər bir sübutdur. Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud bu dəyişiklik intizamsız şəkildə baş versəydi, məsələn, həmişə gecə və ya həmişə gündüz olsaydı, yer kürəsində həyat birdəfəlik sönərdi. Əgər həyat davam etsəydi də, çox sıxıcı keçərdi.
3) "Dənizdə insanların xeyrinə üzən gəmilərdə” ifadəsi.
İnsanlar böyük və kiçik gəmilərin vasitəsilə okeanın ortasında öz yoluna davam edir, dünyanın müxtəlif yerlərinə getməklə öz məqsədlərinə nail olurlar. Gəmilərin bu hərəkəti, xüsusilə də küləklə işləyən gəmilərin hərəkəti bir neçə amilin nəticəsində yaranır: ilk növbədə mütəmadi olaraq əsən küləkləri qeyd etməliyik. Bu küləklər şimal və cənub qütbündən ekvator xəttinə, ekvator xəttindən də şimal və cənub qütbünə doğru əsir. Bura bölgədə əsən və gəmilərin hərəkətinə yardımçı olan küləkləri də əlavə etmək lazımdır. Gəmilər bu təbii və müftə qüvvənin köməyi ilə öz məqsədlərinə doğru hərəkət edə bilir. Daha sonra gəmiyə suyun üzərində hərkət etməyə imkan verən taxtanın xasiyyətini, habelə suyun cisimlərə qarşı sıxlıq dərəcəsini də nəzərə almalıyıq. Eləcə də kompasın əqrəblərini hərəkətə gətirən iki dəyişməz maqnit qütbünü - şimal və cənub maqnit qütblərini, habelə insana yol göstərən ulduzların səmadakı düzülüşünü də unutmamalıyıq. Bütün bunlar əl-ələ verməyincə gəmilərdən istifadə etmək mümkün olmayacaq. Deməli, gəmilərin dənizdə üzməsi də Allahın varlığına dəlalət edən nişanələrdən biridir.
Nə qədər təəccüblü görünsə də, bu, bir faktdır ki, müasir dövrdə motorla işləyən texnikaların meydana gəlməsi yuxarıda dediyimiz amillərin əhəmiyyətini nəinki azaltmamış, əksinə, daha da artırmışdır. Belə ki bu çağdaş dövrümüzdə də bəşəriyyətin ən önəmli nəqliyyat vasitələrindən biri məhz gəmidir. Bu gəmilər arasında elələri vardır ki, insana, sanki bir şəhərciyi xatırladır. Onların içərisində meydanları, istirahət və əyləncə mərkəzləri, alış-veriş məntəqələri, hətta təyyarə meydançasına qədər var.
4) "Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda" ifadəsi.
Yağışın həyatverici, təravətli və bərəkətli damcıları təbii olaraq hər yerə tökülür. Töküldüyü hər yerə yeni nəfəs verməklə ardınca ruzi-bərəkət gətirir. Canlıların misilsiz dəqiqliklə hər yerə tökülən bu cansız sudan həyat alması da Allah-taalanın varlığına dəlalət edən nişanələrdəndir.
5) “Göylə yer arasında ram edilmiş küləkdə” ifadəsi.
Külək az öncə yuxarıda qeyd etdiyimiz kimi, təkcə dənizlərdə əsib gəmiləri hərəkətə gətirmir. Eyni zamanda quruda, dağlarda, dərələrdə, düzənliklərdə də əsərək gah erkək bitkilərdəki tozları dişi bitkilərə ötürməklə onların arasında tozlandırma prosesini həyata keçirir və bununla da bizi cürbəcür bitkilər, meyvələrlə təmin edir, gah da çaylarda və dənizlərdə ləpələri dalğalandırmaqla suda yaşayan canlılar üçün əlverişli şərait yaradır. Eyni zamanda soyuq yerlərin havasını isti, isti yerlərin havasını isə soyuq yerlərə aparmaqla yer kürəsinin havasını, habelə oksigenin çatışmadığı bölgələrə meşələrdən əlavə oksigen aparmaqla havanı tənzimləyir. Külək bu qədər faydaları və bərəkəti ilə Allah- taalanın varlığından xəbər verən daha bir nişanədir.
6) "Buludların istiqamətinin dəyişdirilməsində" ifadəsi.
Başımızın üstündə hərəkət edən və cazibə qüvvəsinin əksinə olaraq milyardlarla ton suyu yerlə göyün arasında saxlayan buludların heç bir təhlükə yaratmadan onları bir nöqtədən digər nöqtəyə aparması da Allahın varlığına, əzəmətinə dəlalət edən bir nişanədir. Əgər onların su paylamaq funksiyası olmasaydı, yer üzərində nə içməyə bir damcı su tapılardı, nə də bitkilərin cücərməsi üçün bir bulaq axardı. Yer üzü tamamilə quraq olar, hər tərəfə ölüm sükutu çökərdi. Bu da Allahın elm və qüdrətindən xəbər verən bir nişanədir. Bəli, bütün bunlar ağılsız və düşüncəsiz, gözü kor, qulağı kar olan insanlar üçün deyil, ağıl sahibləri üçün Allahın varlığına dəlalət edən bariz nişanələrdir: “Düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır”.